2012-ci il Azərbaycan üçün
daha bir uğurlu il kimi başa çatacaq
Azərbaycanın
sosial-iqtisadi inkişaf
dinamikası bu ilin birinci yarısında da davam etmişdir. Bütövlükdə isə ölkəmizin iqtisadi inkişafının növbəti uğurlu mərhələsi kimi
qiymətləndirilən son altı ayda ümumi daxili məhsul istehsalı 1,5 faiz,
qeyri-neft iqtisadiyyatımız isə 11,3
artmış, qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə
icra olunmuşdur. Məlum olduğu
kimi, son illər iqtisadi sahədə yüksək inkişafa nail olmuş Azərbaycan Respublikası artıq uğurlu investisiya siyasəti
yeritməyə başlamış, ölkədə
genişmiqyaslı quruculuq işlərinə,
bir sıra sosial layihələrin
icrasına start verilmişdir.
Bütün bunlar isə,
heç şübhəsiz, ölkəmizin
ümumi sosial-iqtisadi
inkişafını bir qədər də
sürətləndirmiş, əhalinin həyat səviyyəsinin
daha da
yaxşılaşmasına səbəb olmuşdur.
Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2012-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət başçısının
səsləndirdiyi fikirlər hər bir vətəndaşda Azərbaycanın
dünyanın sürətlə inkişaf edən bir ölkəsinə
çevrilməsi qənaətini bir qədər də
möhkəmləndirdi. Möhtərəm Prezidentimiz dedi ki,
biz 20 il ərzində həm siyasi, həm də iqtisadi sahədə
köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə
gətirib çıxarmışıq. Azərbaycan artıq
ortagəlirli ölkələr sırasındadır.
Qarşıda duran hədəf isə belədir ki, Azərbaycan
yüksəkgəlirli ölkələr sırasında olsun,
inkişaf etmiş ölkəyə çevrilsin. Bunun
üçün isə bizim hər cür imkanımız var.
Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə son dərəcə
düşünülmüş, gələcəyə
hesablanmış iqtisadi siyasət həyata keçirilir,
xalqımızın firavan həyatının təminatına,
ölkəmizin gələcək inkişafına yönəldilmiş
məqsədli proqramlar reallaşdırılır. Ən
başlıcası isə qarşıya qoyulmuş vəzifələrin
öhdəsindən gəlmək üçün iqtisadi
gücümüz və siyasi iradəmiz vardır.
Nazirlər
Kabinetinin məlum iclasında dövlətimizin
başçısı cari ilin ötən dövründə əldə
olunmuş uğurları sadalamaqla yanaşı, qarşıda
duran həlli vacib məsələlərə də geniş
toxundu. Prezident İlham Əliyev proqram xarakterli yekun nitqində
qeyd etdi ki, ilin sonunadək makroiqtisadi vəziyyəti sabit
saxlamaqla yanaşı, ölkəmizin hərtərəfli
inkişafı üçün son dərəcə vacib olan
infrastruktur layihələrini də başa
çatdırmalıyıq. Məlum olduğu kimi, hər bir
ölkənin ümumi inkişafının təmin
olunmasında yerli istehsalın gücləndirilməsi
mühüm əhəmiyyət kəsb edir. Məhz bu vacib məqama
toxunan Prezidentimiz ölkəmizdə yeni sənaye
parklarının yaradılmasının davam etdiriləcəyini
diqqətə çatdırdı. Dövlət
başçısının ölkədə biznes
mühitinin daha da yaxşılaşdırılması, özəl
sektora dəstəyin gücləndirilməsi ilə
bağlı göstərişləri isə belə bir qənaətə
gəlməyə imkan verir ki, Azərbaycanda yeni iş yerlərinin
yaradılması prosesi bir qədər də intensivləşəcək,
ölkəmizin idxaldan asılılığı minimuma enəcəkdir.
Bu günlərdə Azərbaycanın iqtisadi həyatı
üçün son dərəcə vacib olan yeni sement və
metal konstruksiyalar zavodları dövlət
başçısının xeyir-duası ilə fəaliyyətə
başladı. Bu da daxili bazarın mühüm tikinti
materiallarına olan tələbatının ödənilməsini
təmin etməklə yanaşı, ölkədə məşğulluq
strategiyasının həlli baxımından da xüsusi əhəmiyyət
daşıyır.
Yeri
gəlmişkən, hazırda ölkə əhalisinin
yarısından çoxu bölgələrdə
yaşayır. Bu baxımdan regionlarda əhalinin məşğulluq
imkanlarının təmin olunmasında xüsusi paya malik aqrar
sahənin inkişaf etdirilməsi son dərəcə vacibdir.
Məhz buna görədir ki, son illər kənd təsərrüfatı
ölkə iqtisadiyyatının prioritet sahələrindən
birinə çevrilməkdədir. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev Nazirlər Kabinetinin məlum
iclasında demişdir: " Kənd təsərrüfatının
inkişafı ilə bağlı görülən tədbirlər
öz nəticəsini verir. Kənd təsərrüfatı
10 faizdən çox artmışdır. Əminəm ki, biz
növbəti illərdə çalışıb bu
dinamikanı saxlamalıyıq. Mən dəfələrlə
bu barədə fikirimi bildirmişəm. Kənd təsərrüfatı
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi
üçün əsas sahələrdən biridir və məşğulluğun
təmin edilməsi üçün, demək olar ki, əsas
sahədir. Çünki əhalinin təxminən
yarısı bölgələrdə, yəni kənd yerlərində
yaşayır".
Qeyd
etdiyimiz kimi, son illər ölkəmizin iqtisadi
gücünün artması infrastruktur layihələrinin
icrasını xeyli sürətləndirmişdir. İndi
ölkənin elə bir bölgəsi yoxdur ki, orada yol
infrastrukturunun yaxşılaşdırılması, əhalinin
işıq, qaz, içməli su ilə təminatı ilə
bağlı layihələr həyata keçirilməsin. Hətta
artıq respublikamızın ən ucqar kəndlərinə
belə, qaz xətlərinin çəkilməsinə
başlanılmışdır. Bu isə o deməkdir ki, indi
Azərbaycan dünyada özünün enerji təhlükəsizliyini
tam təmin edən aparıcı ölkələrdən birinə
çevrilmişdir. Bütün bu məsələlərdən
geniş söhbət açan Prezident İlham Əliyev
hazırda Azərbaycanın fəal iştirakı ilə
reallaşdırılan enerji layihələrinin ölkəmizə
əlavə güc verdiyini bir daha bəyan etmişdir.
Hazırda
dünyanın ən dinamik inkişaf edən ölkələrindən
birinə çevrilmiş Azərbaycanın paytaxtı
Bakı şəhəri müasir meqapolisə çevriməkdədir.
Bakının inkişafını xüsusi nəzarətdə
saxlayan dövlətimizin başçısı bir il əvvəl
qəbul etdiyi geniş proqrama bu yaxınlarda bir sıra əlavələr
etdi. Elə Nazirlər Kabinetinin iclasında da bu barədə
geniş söhbət açan ölkə Prezidenti
paytaxtımızın daha da gözəlləşdirilməsi,
burada bütün lazımi infrastrukturun yaradılması,
xüsusən də şəhərin ekoloji mühitinin
yaxşılaşdırılması ilə bağlı
konkret tövsiyə və tapşırıqlar verdi.
Bütün bunlar isə bir daha onu deməyə əsas verir
ki, 2012-ci il Azərbaycanımız üçün daha bir
uğurlu il kimi başa çatacaqdır.
Əlixan BƏDƏLOV,
iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2012.- 13 iyul.- S. 7.