İnformasiya cəmiyyəti zamanın tələbidir

 

Azərbaycanda informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi məsələsi dövlət başçısının xüsusi diqqət mərkəzindədir

 

Müasir şəraitdə cəmiyyətin əsas inkişaf istiqamətlərindən biri də cəmiyyət həyatının bütün sahələrinin kompyuterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Bu gün bəşəriyyət artıq informasiyanın strateji resurs kimi qəbul olunduğu yeni sivilizasiya mərhələsinə qədəm qoymuşdur. "İnformasiya cəmiyyəti" adlanan bu yeni mərhələdə insanların öz həyati ehtiyaclarını ödəmələri üçün tələb edilən şərtlər də əhəmiyyətli dərəcədə dəyişir. Bu yeni cəmiyyətdə insanların özlərinə layiqli yer tuta bilməsi üçün tələb edilən ən vacib şərtlərdən biri onların yüksək informasiya mədəniyyətinə malik olmalarıdır.

 

Təsadüfi deyildir ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi üçüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində də göstərilir ki, hər kəs üçün informasiya - kommunikasiya texnologiyalarından (İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin iqtisadi və siyasi inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial, iqtisadi və siyasi həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımi informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT-nin inkişafı ölkəmizdə "biliklər iqtisadiyyatının", başqa sözlə neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən biri hesab olunur.

İnformasiyalaşdırma - informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə istifadəçilərin informasiya tələbatlarının ödənilməsi üçün optimal şəraitin yaradılması prosesidir. İnformasiyalaşdırma prosesində, ilkin olaraq, informasiyanın toplanması, emalı, onun saxlanması və analizi üçün böyük işlərin görülməsi zəruridir. İstənilən sahədə rasional həll yollarının tapılması böyük həcmdə informasiyanın emalına əsaslanır, bu isə xüsusi texniki vasitələr cəlb olunmadan praktiki olaraq qeyri-mümkündür.

Cəmiyyətin informasiyalaşdırılması və yaxud da informasiya cəmiyyətinin yaradılması-informasiya resurslarının formalaşdırılması və istifadəsi əsasında vətəndaşların, dövlət və yerli idarəetmə orqanlarının, təşkilatların, ictimai qurumların informasiya tələbatlarının ödənilməsi və informasiya hüquqlarının reallaşdırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi və elmi-texniki prosesdir. Bildiyimiz kimi, bu gün Azərbaycan Respublikasında dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi və insan amilinin inkişafının təmin edilməsi istiqamətlərində çoxşaxəli fəaliyyət həyata keçirilir. Görülən işlər, eyni zamanda Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir, habelə ölkənin müdafiə qabiliyyətinin artırılmasına, ərazi bütövlüyünün bərpa edilməsinə və qorunub saxlanılmasına, davamlı inkşafının təmin edilməsinə yönəlmişdir.

Qeyd olunan məsələlərin həllində informasiya və kommunikasiya texnologiyalarının xüsusi yeri vardır və bu sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən əsas amillərdəndir. Müxtəlif dövlətlərdə, xüsusən də inkişaf etmiş dövlətlərdə bu məqsədlə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasına səy göstərilir və bu fəaliyyət BMT-nin Minilliyin Sammitində müəyyən edilmiş inkişaf məqsədləri ilə tam uzlaşır.

Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti sayəsində 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma yaratmışdır. Neft sektoruna və iqtisadiyyatın digər sahələrinə milyardlarla investisiya yatıran Qərb şirkətləri ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması prosesində yaxından iştirak etməyə başlamış, bu məqsədlə Azərbaycana ən yeni və zəngin resurslara malik texnologiyalar gətirilmişdir.

Bu mərhələdən etibarən ulu öndər Heydər Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının genişlənməsi, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosialintellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlər daxildir. Həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda internet dinamik inkişaf etməyə başlamış, rəqəmsal sistemin tətbiqi böyük vüsət almış, yeni texnologiyaların geniş yayılması üçün böyük investisiya sərf olunmuşdur.

Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik və təkmil idarəetməni təmin edəcək "elektron hökumət"in yaradılması da sənəddə vacib məsələlərdən biri kimi önə çəkilmişdir.

Son 9 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiyakommunikasiya texnologiyaları olmalıdır. "Qara qızılın insan kapitalına" çevrilməsinin vaxtının çatdığını bəyan edən Azərbaycan Prezidenti çıxışlarında informasiya texnologiyalarının inkişafını, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu transformasiyanın əsasında isə Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. "...Bizim gənc nəslimiz bilikli olmalıdır, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir.

Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir" - deyən cənab İlham Əliyev bu qənaətdədir ki, bu gün bəşəriyyətdə demokratik idealların daha da möhkəmlənməsi, elmi-texniki tərəqqinin geniş vüsət alması insan amilinin inkişafında vacib məsələlərdən biri kimi önə çıxır.

Ondan sonra növbəti addım olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2005-ci ildə "Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" təsdiqləndi, siyasət planı işlənib hazırlandı və bir qrup qanunlar qəbul olundu. Bu gün İKT-nin Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet rolunu təmin etmək üçün bir çox yeni təkliflər hazırlanıb. Bu təkliflər İKT-nin sosial-iqtisadi və həmçinin də siyasi inkişafdakı rolunu, ona təsirini, həmçinin xüsusi iqtisadi zonaların, texnoparkların, elektron avadanlıqlar bazarının və digər yüksək elm tutumlu iqtisadi sahələrin inkişafını sürətləndirmək üçündür.

Azərbaycanda son illərdə İKT və e-hökumətlə bağlı görülən işlər və İKT-nin inkişafı təqdirəlayiqdir. BMT-nin elektron hökumətin (E-hökumət) dünyada yayılması səviyyəsi ilə bağlı 2008-ci il hesabatında 2005-ci illə müqayisədə öz mövqeyini xeyli yaxşılaşdıran Azərbaycan regional qonşularını - Gürcüstanı, Ermənistanı, İranı geridə qoyaraq regionda birinci yerə çıxıb.

Bu gün dünya qlobal informasiya cəmiyyəti dövrünü yaşayır. Bütün sahələrdə informasiyaya əsaslanan iqtisadiyyat aparıcı qüvvə olduğuna görə sürətli inkişaf etmək üçün texnologiya əsas vasitəyə çevrilib. Məhz buna görə, Azərbaycan öz iqtisadiyyatının yenilikçi (innovative) sahələrini uğurla inkişaf etdirərək yeni qloballaşan dünyada öz yerini möhkəmlətməlidir. Müasir informasiya texnologiyalarının inkişafının yüksək səviyyəsi öz növbəsində bir sıra problemlərlə də müşayiət olunur. Bu problemlərdən ən əsası informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsidir. Bu problemin aradan qaldırılması üçün Rabitə və İnformasiya Texnologiyaları NazirliyiMilli Təhlükəsizlik Nazirliyi nəzdində informasiya təhlükəsizliyi ilə əlaqədar şöbələr fəaliyyət göstərir. Fikrimizcə, dinamik inkişaf edən Azərbaycan Respublikasında informasiya təhlükəsizliyini təmin edən xüsusi olaraq ixtisaslaşdırılmış dövlət qurumunun yaradılması zərurəti mövcuddur.

Bundan başqa Azərbaycan Respublikasında istər dövlət orqanlarında, istərsə də digər strukturlarda istifadə olunan proqram təminatının tamamilə idxal məhsullardan ibarət olması öz növbəsində həm bu proqramlara nəzarəti çətinləşdirir, həm də xarici müdaxilələrə, kiber hücumlara zəmin yaradır. Bu baxımdan yerli proqram təminatının yaradılması, həm ixtisaslaşma, həm də yuxarıda sadalanan problemlərin aradan qaldırılması baxımından labüddür. Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda dövlət sirri sayılan məlumatların yerləşdirildiyi kompyuterlərin kiber hücumlardan qorunması üçün "kiber ordu"nun (informasiya bu "ordu" üzvlərinin yeganə silahıdır və bu silahla da ölkə daxilində informasiya təhlükəsizliyini təmin edirlər) yaradılması zərurəti meydana gəlmişdir. Bu gün Azərbaycanda və eləcə də dünyada bir çox kompyuter təhlükə altındadır. İnternetin sürətlə yayılması və elektron dövlətə keçidlə əlaqədar olaraq bu təhlükə gündən-günə artmaqdadır. Dövlət orqanlarında fəaliyyət göstərən kompyuterlər bir çox təşkilatların ya da başqa ölkələrin mənafeyinə xidmət edən xakerlərin hücumlarına məruz qalmaqdadır. Fikrimizcə, informasiya təhlükəsizliyini təmin edən xüsusi olaraq ixtisaslaşdırılmış dövlət qurumunun yaradılması və onun tərkibində ixtisaslaşmış kadrlardan ibarət "kiber ordu" nun formalaşdırılması ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.

 

 

Murtəza HƏSƏNOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının Geostrateji

Araşdırmalar Mərkəzinin baş

elmi işçisi, siyasi elmlər üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 17 iyul.- S. 5.