Mirzə Ələkbər Sabirin dünya şöhrəti
illər keçdikcə artır
M.Ə.SABİR-150
Bütün
zamanların şairi, dahi
M.Ə. Sabirin anadan
olmasının 150 illiyi ilə əlaqədar
Prezident İlham Əliyevin
sərəncamı böyük şairin həyat və
yaradıcılığının çağdaş
nəsillərə çatdırılması işinə yeni təkan vermişdir.
Yubilyarın irsinin indiyədək məlum
olmayan məqamları ilə bağlı
Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi, Maarif Teymurla əlaqə saxladıq. Azərbaycan mədəniyyətinin
görkəmli şəxsiyyətlərinin şəxsi arxivlərinə,
bütövlükdə mədəni irsimizə həmişə
həssaslıqla yanaşan Maarif müəllim dedi:
- Təxminən 50 il bundan əvvəl
M.Ə.Sabirin ardıcıl və yorulmaz tədqiqatçısı,
professor Abbas Zamanov özünəməxsus şəkildə
demişdi: "Faktlar göstərir ki, böyük Sabirin
dünya şöhrəti illər keçdikcə artır,
daha da parlayır". Hələ 100 il bundan əvvəl:
"Mən gedərəmsə, məramım yenə
dünyada durar" - deyən dahi şairimizin haqlı
sözü bir daha öz təsdiqini tapmış oldu. Dövlət
başçısının 1 iyun 2010-cu ildə M.Ə.Sabirin
150 illik yubileyi ilə əlaqədar verdiyi sərəncamda
deyilir ki, "Molla Nəsrəddin" jurnalının ətrafında
formalaşmış ədəbi cərəyanın
aparıcı simalarından biri olan mütəfəkkir
şairin yüksək istedadla yaratdığı əsərlərin
başlıca mövzusunu mənəvi saflığa, mədəni
yüksəlişə və maariflənməyə
çağırış təşkil etmişdir".
Dünyanın bir çox ölkələrində
M.Ə.Sabirin həyat və yaradıcılığı diqqətlə
öyrənilir, əsərləri müxtəlif dillərə
tərcümə olunur. Böyük şairin dünya
şöhrətinin hüdudlarını unudulmaz sabirşünas
A.Zamanov ardıcıl öyrənmiş, tədqiqat və təbliğat
işini məharətlə yerinə yetirmişdir. Konkret
olaraq, Türkiyədə və İranda M.Ə.Sabirin əsərlərinin
keçən əsrdə nəşri barədə Abbas
müəllim məqalələrinin birində
yazmışdır: "Bəzi ölkələrdə
"Hophopnamə"yə olan maraq get-gedə artır, Sabir
istedadının pərəstişkarları onu özləri
çap etməli olurlar. 1941-ci ildə kitabşünas Hilal
Nasiri "Hophopnamə"nin 1914-cü il nəşrini Təbrizdə
böyük tirajla çap etmiş, kitab bir həftənin
içərisində satılıb
qurtarmışdır". Bu ənənəni davam etdirən
1975-ci ildə "Hophopnamə"ni türkcədə nəşr
etdirən tibb elmləri doktoru, professor Əbdül Məcid
Doğru olmuşdur.
M.Ə.Sabirin fədakar, yorulmaz
araşdırıcısı A.Zamanovun mənəvi
xəzinəmizdə olan zəngin şəxsi
arxiv fondunda diqqətlə
mühafizə olan yüzlərlə məktub,
məqalə günümüz üçün maraq doğurur. Hələ keçən əsrin
60-cı illərindən Sabirin həyatı
və yaradıcılığı barədə silsilə məqalələr
yazan Abbas müəllim
həm də şairin əsərlərini
dünyaya çatdırmaq işində xüsusi rol oynamış
və sabirşünaslarla ardıcıl olaraq məktublaşmışdır. Onlardan biri də Əbdül
Məcid Doğrudur. O, 1975-ci ildə Ankarada Sabirin "Hophopnamə"sini
latın qrafikası ilə nəşr etdirmişdir.
Ə.M.Doğru "Hophopnamə"nin
1960-cı ildə Azərnəşr tərəfindən
buraxılmış nüsxəsini əsas götürmüş,
bəyənmiş və nəşr etdirmişdir.
Bu nəşr barədə Abbas müəllim yazmışdı: "Professor Doğru kitaba yazdığı kiçik
müqəddimədə Sabir
satirasından heyranlıqla danışır: "Doğma ana dilindən və
kökündən uzaqlaşan türk şairləri öz
xalqının sadə danışıq dilini
poeziyaya gətirib onun
zənginliklərindən məharətlə istifadə edən
Sabirdən nümunə götürməlidirlər". Sonra professor Doğru Sabir
satirasının müasir Türkiyə üçün əhəmiyyətli olduğunu təsdiq edib deyir: Sabirin boşboğaz ziyalıları tənqid və
ifşa edən satiraları bugünkü Türkiyə üçün
olduqca ibrətlidir.
"Hophopnamə"nin
Türkiyədə özünə yol
tapıb olduğu kimi
nəşr edilməsi, şübhəsiz ki,
təqdirəlayiq təşəbbüsdür və Sabir irsinin yaşamaq
qüdrətini göstərən fərəhli bir hadisədir".
- Maarif müəllim, bu iki sabirsevər alim
görüşə bilmişdilərmi? Axı, o vaxtlar Türkiyəyə
gediş-gəliş o qədər də asan deyildi...
- Doğrudur, o zaman belə görüşlər çox çətin idi.
Nəhayət, Sabir satirasının vurğunu, professor Ə.
M. Doğru 1976-cı ildə
respublikamıza qonaq kimi
gələ bilmişdi. O, professor
A.Zamanovla birlikdə Şamaxıya gedərək,
Sabirin doğulduğu
Şamaxı şəhərini, onun ev muzeyini və qəbrini
ziyarət etmişdi. Bu
günlərdə isə vətəndaş alimimiz
A.Zamanovun şəxsi fondunda
onun Əbdül Məcidlə 1976-cı
ildən bəri yazışmaları diqqətimizi cəlb etdi və bizi hədsiz sevindirdi. Yeri gəlmişkən,
onu da deyim
ki, A.Zamanovun şəxsi
fondundakı sənədlərin ümumi elmi xülasəsini hazırlamağı və
görkəmli şəxsiyyətlərlə
yazışmalarını ayrıca
qruplaşdırmağı nəzərdə tutmuşuq.
Hələlik isə Sabirlə bağlı bir
neçə məktuba nəzər salaq.
Böyük Sabirə məhəbbət iki alimi illər boyu səmimi dosta çevirmişdi. A.Zamanovla
Məcid Doğrunun həmin məktublarının
maraq doğuracağını nəzərə
alıb oxuculara təqdim edirik.
A.Zamanovun məktubu
Çox hörmətli professor
doktor Ə.Məcid Doğru
bəy əfəndilər!
Mən Azərbaycan
Dövlət Universitetinin çağdaş
Azərbaycan ədəbiyyatı kursunun
müdiriyəm və Ankaradakı Türk
Dil Qurumunun xəbərləşmə
üzvüyəm. Sizin adresinizi
mənə 1972-ci ildə Ankarada qurumun qurultayında sizinlə tanış olan professor Fərhad Zeynalov verdi.
1975-ci ildə Ankarada tərəfinizdən nəşr edilmiş "Hophopnamə"dən bir nüsxə əlimə
çatmış, kitabı oxuyub çox sevinmişəm. "Hophopnamə"ni
olduğu kimi
Türkiyədə nəşr etməklə siz
çox faydalı iş
görmüsünüz. Mən Sabirlə
yaxından maraqlanan, onun
tədqiqi ilə məşğul olanlardan
biriyəm. Odur ki,
"Hophopnamə" əlimə çatan
kimi, onu dərhal oxuyub başa vurdum. Təkrar edirəm: gözəl təşəbbüsdür!
Türkiyədə nəşri çox
gözəl təşəbbüsdür. Onun
barəsində mətbuatımızda mütləq
çıxış edəcək və məqaləni sizə
göndərəcəyəm. Əgər lütf
edib "Hophopnamə"dən bir neçə nüsxə göndərsəniz,
sizə minnətdar olaram. Mən bu nüsxələri mərkəzi
kitabxanalarımıza və ədəbiyyat muzeylərinə
vermək fikrindəyəm. M.Ə.Sabirlə
maraqlandığınız üçün
bu gün Sizə
aşağıdakı kitabları göndərdim: 1.
"Hophopnamə" ərəb əlifbası ilə
1960-cı il nəşri; 2. Müasirləri
Sabir haqqında; 3. Sabir
və müasirləri.
"Hophopnamə"ni
nəşr edərkən sizə yardım edən Ülkər
xanıma, Nədimə xanıma və Bilgəham bəyə salam göndərirəm.
Salamlarımla, prof. Abbas Zamanov.
7.IV.1976.
Ə.Məcid Doğrunun məktubu
Abbas bəy!
"Hophopnamə" üçün
göstərdiyiniz ilgidən
(maraqlanmadan) dolayı
çox təşəkkür
edirəm, var olun, sağ olun. Bu işdə mənim yeganə mənfəətim mənəvi
mənfəət olmuşdur.
Sabir, təəssüf
ki, Türkiyədə
çox tanınmır.
Halbuki, qədərincə
qüvvətli, gerçəkçi
sahəsində orjinal
və şeirdə sosial yönümü olan başqa bir şair tapmaq
gərək. Sabir ədəbiyyatımızın şahı, "Hophopnamə"
isə şah əsərimizdir. Kitabı
öz qeyrətlərimlə
basdırdım. Para məsələsi
söz qonusu olduğu üçün
ucuz yolları seçdim. Dolayısı
isə ucuz bir mətbəə tapdım və ucuz kağız təmin etdim. İndi bunun üçün nəşr
Sabirə layiq bir nəşr deyildir və təəssüf, çox
üzdən davranmama rəğmən, bir çox nəşr xətaları vardır.
Bu durum məni üzdü.
Yəni maliyyə səbəblərindən dolayı
transkripsion hərflərini
etmədik. Sabirə xidmət borcumuzu ödəmək üçün
indiki bu əskiklikləri sinəyə
çəkərək kitabı
nəşr etdik. Qayəmiz öncə Sabiri Türkiyədə tanıtmaq və sonra mükəmməl ikinci bir nəşr
yapmaqdır.
Əsərin Türkiyədə
ilgi (diqqət) çəkməsi və kültür çevrələrini
həyəcanlandırması məni çox məmnun etdi. Hər kəs bilməlidir ki, mədəniyyətin və
kültürün beşiyi
Kafkasiyadır.
Bu gün məmnuniyyətlə 10 ədəd
"Hophopnamə"ni poçtla
göndərdim. Göndərdiyiniz
kitab üçün
çox təşəkkür
edirəm...
27 aprel 1976. Prof. Dr. Ə.Məcid Doğru
A.Zamanovun məktubu
Hörmətli Məcid bəy! Məktubunuzu aldım. Siz haqlısınız,
"Hophopnamə"nin təkrar
nəşrinə ehtiyac
vardır. Çünki
kitabda çoxlu xətalar getmişdir. Bunların bəziləri kitabın sonunda göstərilmiş, bəziləri
isə nəzərdən
yayınmışdır. Mən
bir nüsxənin üzərində bütün
xətaları islah edib Sizə göndərə bilərəm.
Bu gün Sizə bağlama göndərdim.
Bunların içərisində
irili-xırdalı 50 nüsxə
kitab və albom vardır. Göndərilən kitabların
içərisində Ş.Cəmşidovun
"Dədə Qorqudu"
vərəqlərkən" monoqrafiyası və mərhum professor Ə.Sultanlının
məqalələr məcmuəsi
vardır. Bu məcmuənin
11-100-cü səhifələri "Dədə Qorqud"un tədqiqinə həsr olunmuşdur. Aşıq Şənlik Azərbaycanda
məşhurdur. Folklor
kitablarında onun adı çəkilsə
də haqqında ayrıca kitab nəşr olunmamışdır.
Bundan sonra
mən məktubu sizə bizim əlifba ilə makina yazısında göndərəcəyəm. Oxuya
bilərsinizmi? Azərbaycandan
hər hansı bir kitab lazım
olsa, çəkinmədən
yazın, göndərməyə
hazıram. Kitab mübadiləsi, mədəni
rabitə xalqları bir-birinə yaxınlaşdırıb
dost edən ən gözəl vasitələrdən
biridir.
Xoş diləklərlə,
A.Zamanov. 22.V.1976
Ə.Məcid Doğrunun məktubu
Abbas bəy!
Göndərdiyiniz kitabları
və iki məktubu da aldım. Çox təşəkkür edirəm.
Dərəcəsiz məmnun
oldum. "Dədə
Qorqud"dakı yer adları qonuşunda verdiyiniz bilgilər məni məmnun etdi. Qazılıq dağı xaric, digərləri bizim tərəfimizə uyğundur.
"Hophopnamə"dən 10 ədəd daha göndərdim, inşallah,
ikinci nəşrə
gəlincə, əksiklər
gətirilmək üzrə
yardımınızı rica
edirəm. Zənn edirəm, irəlidə ikinci nəşr Milli Egitim və
ya Kültür Bakanlığı vasitəsi
ilə nəşr ediləcəkdir. O zaman yardımlarınızla ideal bir
kitab alarıq. Əsl məsləgim tibb olduğundan zaman tapa bilmirəm,
çox məşğulam.
Bir "hobi" (borc) olaraq tarix
və ədəbiyyatla.
Diqqətlə kiril əlifbası ilə yazarsınız rahatlıqla oxuyaram. Çünki bunu çox yaxşı bilirəm. Fəqət əlyazısını (kiril)
oxuya bilmirəm.
Dr. Ə.Məcid Doğru.
25.07.1976
Gördüyünüz kimi, sabirşünaslıqda
hələ nə qədər açılmamış
məqamlar var. Çox
istərdik ki, gələcək tədqiqatçılar
Abbas Zamanov kimi təəssübkeş,
vətəndaş qeyrətli,
cəfakeş bir alimin elmi fəaliyyətindən
nümunə götürüb
arxivlərə üz
tutsunlar. Bu gün arxivlərdə milli-mənəvi
dəyərlərimizə xidmət
edəcək saysız-hesabsız
mövzular yatır.
Etibar ETİBARLI,
yazıçı-jurnalist
Xalq qəzeti.-
2012.- 18 iyul.- S. 7.