Xətai rayonu: uğur uğur gətirər
Azərbaycan suverenliyinin
üçüncü onilliyinin
ilk altı ayını da
şərəfli müstəqillik tarixinə uğurlarla
yazmışdır. 2012-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunları ilə əlaqədar Nazirlər
Kabinetinin iyulun 11-də
keçirilmiş iclasında Prezident İlham Əliyev bu müddətdə əldə olunan nailiyyətlərdən danışarkən
qeyd etmişdir ki, "altı ayda ölkə
iqtisadiyyatı uğurla inkişaf
etmiş və qarşıda duran bütün vəzifələr
icra edilmişdir."
Respublika iqtisadiyyatında əldə olunan nəticələri əsas götürən
dövlət başçısı 2012-ci ilin
də bütövlükdə Azərbaycan üçün
çox uğurlu il olacağını bildirmişdir.
Bunu konkret rəqəmlərlə
ifadə edən dövlət başçısı göstərmişdir
ki, bu dövrdə ümumi daxili məhsul 1,5
faiz artmış və keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard dollar dəyərindən
çox məhsul istehsal
edilmişdir.
Aydın görünür ki, ölkənin
qeyri-neft iqtisadiyyatına qoyulan sərmayələr bu sahəni
hərəkətə gətirmiş və az bir zamanda 11,3
faiz artım müşahidə edilmişdir ki, bu da dünya miqyasında
hazırda ən yüksək göstəricidir. Sənayeləşmə
proqramının uğurlu icrası isə qeyri-neft sənayemizin
inkişafını 8,3 faiz səviyyəsinə
çıxarmış, bir çox yeni böyük və
kiçik müəssisələr işə
salınmışdır. Bu dövrdə kənd təsərrüfatında
da rekord göstərici əldə olunmuş və artım
10,4 faiz təşkil etmişdir.
Ölkəmizdə
bütövlükdə makroiqtisadi vəziyyət
müsbət olmuş, inflyasiya
2,2 faiz təşkil etmiş,
əhalinin pul gəlirləri 14,2 faiz artmışdır. Bu
isə real gəlirlərin yüksək
templə artdığının aydın göstəricisidir.
İlin birinci
yarısında ölkəmizdə sosial məsələlərin
həllinə daha çox
diqqət yetirilmişdir. Siyasətin sosial xarakterini və sosial ədalət prinsiplərini daha da gücləndirmək
məqsədilə sovet dövründən
qalmış əmanətlərin kompensasiyası barədə
dövlət başçısı tərəfindən qərar
qəbul edilmiş və ünvanlı sosial yardım proqramının icrası davam etdirilmişdir.
İqtisadi
artım sosial rifah gətirir
Ölkənin davamlı inkişaf
prosesində paytaxtın iri rayonlarından biri olan Xətai
rayonu da bir çox uğurlara imza atmış, ölkənin,
o cümlədən Bakının ümumi sosial-iqtisadi
inkişaf tempində öz mövqeyini qoruyub saxlaya
bilmişdir. 2012-ci ilin birinci
yarısının makroiqtisadi göstəricilərinin
təhlili, bu il də
rayon iqtisadiyyatının inkişaf
etdiyini və sosial məsələlərin
uğurla həllini göstərir.
İlin birinci
yarısında rayonun sənayesində 473
milyon 869 min
manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənaye istehsalının 7,7 faizi məhsul
istehsalının 92,3 faizi isə sənaye
xarakterli xidmətlərin payına düşmüşdür.
İstehsal olunmuş və
həmçinin anbarlarda
saxlanılmış 473 milyon 693 min manatlıq sənaye məhsulu
istehlakçılara göndərilmiş, müəssisələrin
anbarlarında 1 milyon 175 min
manatlıq hazır məhsul qalmış, bundan
başqa anbarlarda sənaye
müəssisələri tərəfindən alınmış
və satış üçün nəzərdə
tutulmuş 231,5 min
manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
İlin əvvəlindən istehlak və xidmət bazarlarında əhaliyə
keçən ilin müvafiq
dövründəkindən 0,8 faiz çox, yəni 588 milyon
631 min manatlıq istehlak
malları satılmış və pullu
xidmət göstərilmiş, keçən ilin
birinci yarısı ilə müqayisədə
pərakəndə əmtəə dövriyyəsi 3,4 faiz, pullu xidmətlərin
həcmi isə 5,6 faiz
artmışdır.
Ticarət şəbəkəsindən
satılmış məhsulların 20,5 faizi
hüquqi şəxs kimi
fəaliyyət göstərən ticarət təşkilatları,
4,4 faizi yarmarkalar, 75,1
faizi isə hüquqi
şəxs yaratmadan fəaliyyət
göstərən fiziki şəxslər
tərəfindən realizə olunmuşdur.
Əmtəə
dövriyyəsinin 99,1 faizi, pullu xidmətlərin 84,4 faizi
özəl bölmə tərəfindən həyata keçirilmişdir. Altı ay
ərzində əhaliyə əvvəlki ilin
müvafiq dövrünə nisbətən
16,2 faiz çox nəqliyyat,
3,1 faiz çox rabitə
xidməti göstərilmişdir.
Dövlət
başçısının ölkədə işsizliyin
tamamilə aradan qaldırılması
istiqamətində qarşıya qoyduğu
vəzifələrə uyğun olaraq, iş yerlərinin
açılması üçün rayon rəhbərliyi mövcud
imkanlardan maksimum
istifadə etməyə çalışır. Bunun nəticəsidir ki,cari
ilin birinci
yarısında rayon üzrə
işçilərin orta sayı əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 2103 nəfər
artaraq 59951 nəfər olmuş,
rayonun iqtisadi və sosial sahələrində muzdla
işləyənlərin orta aylıq nominal əmək haqqı 8,3 faiz
artaraq 533,5 manata
çatmışdır. Sənaye müəssisələrində
çalışanların orta aylıq əmək
haqqı isə 17,1 faiz artaraq
522,8 manat, tikinti
kompleksində 13,5 faiz artaraq
550,3 manat, nəqliyyatda 16,1 faiz artaraq 750 manat, rabitə sahəsində 11,8 faiz artaraq 1027 manat təşkil etmişdir.
İşsizlik statusuna
malik olan 2274 nəfərdən
132 nəfərinə işsizliyə görə müavinət
təyin olunmuşdur.
İşsizliyin aradan
qaldırılması heç şübhəsiz,
rayonda əhalinin maddi-rifah
halının davamlı olaraq yüksəlməsinə,
vətəndaşların etibarlı sosial
müdafiəsinin təşkilinə geniş
imkan yaratmışdır. Ona
görə də əmək ehtiyatlarından səmərəli
istifadəyə diqqət artırılmış, vakant iş yerləri
haqqında məlumatlar toplanılmışdır. 2003-cü ilin oktyabrın 1-dən 2012-ci ilin
iyul ayının 1-dək rayonda
25147-si daimi olmaqla
25353 yeni iş yeri açılmışdır. Bunlardan isə 2097-si bu ilin birinci yarısında
açılmaqla daimi yeni
iş yerləridir.
Son illər Xətai rayonunda
ulu öndər Heydər Əliyevin "Qara şəhəri ağ
şəhərə çevirək" arzusunun
gerçəkləşməsi istiqamətində aparılan
işlər bir an belə
səngiməmişdir. Rayonun tikinti kompleksinə bütün
maliyyə mənbələri hesabına əvvəlki ilin müvafiq
dövründəkindən 2,8 dəfə çox
investisiya yönəldilmişdir. Qeyri-dövlət
mülkiyyətinə məxsus müəssisə və təşkilatlar
əsas kapitala 143 milyon
195 min manat, dövlət
mülkiyyətinə məxsus müəssisə və təşkilatlar
isə 122 milyon 817 min
manat sərmayə yatırmışlar.
"Ağ
şəhər" - arzudan
reallığa
Sürətlə
inkişaf edən Xətai rayonunda
son illərdə həyata keçirilən
yenidənqurma və abadlaşdırma işləri həm də
özünün geniş
miqyası ilə seçilir. Görülən
işlərdən daha çox
diqqətçəkən "Ağ
şəhər layihəsi"dir. Ötən ilin
dekabr ayının sonunda
Prezident İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
iştirakı ilə təməl daşının qoyulduğu "Bakı - Ağ
şəhər" layihəsinin inşası ilin birinci yarısında çox böyük
sürətlə həyata keçirilmişdir.
Hazırda bu ərazinin
yaxınlığındakı Boks
Federasiyasının, Xocalı prospektində və İzzət
Orucov küçəsində İş Mərkəzlərinin, Nəcəfqulu
Rəfiyev küçəsində Belarus
səfirliyinin, Əhmədli qəsəbəsində isə yeni xəstəxana-poliklinika binasının tikintisi aparılır. H.Əliyev prospekti ilə Babək prospektini
birləşdirən yol genişləndirilir.
İlin birinci yarısında
Xocalı 9\16 və Y.Səfərov 18 saylı binaların
arasındakı boş sahədə müasir tələblərə və ərazinin
memarlığına cavab verən şəbəkəli
arkanın tikintisi başa
çatdırılmış, buraya yeni işıqlandırma sistemi
quraşdırılmışdır ki, bu da şəhərimizin
cazibədarlığına xüsusi rəng
qatır. Əfəndiyev adına xəstəxananın üzlük daşla
üzlənməsi başa
çatdırılmış, həmçinin respublika Neyrocərrahiyyə xəstəxanasında
aparılan tikinti, təmir və yenidənqurma
işləri isə başa çatmaq üzrədir.
Abadlaşdırma
layihələri çərçivəsində Nobel prospektində, Fəzael Bayramov
küçəsində bir sıra
yaşayış binalarının fasadları əsaslı təmir
olunaraq ağlay daşla üzlənir, eyvanları yenilənir.
Nobel prospektində yaşayış
binalarının arasındakı boşluq
ərazidə müasir memarlıq üslubunda daha iki yeni arkanın tikintisi aparılır.
Sakinlər qeyd edirlər ki, bu binalar istifadəyə verildiyi vaxtdan indiyədək
dam örtükləri təmir
olunmadığından yararsız vəziyyətə düşmüşdür. Rayon
icra hakimiyyəti tərəfindən
sözügedən məsələ
araşdırıldıqdan sonra
binaların damlarının dəyişdirilməsi qərarına
gəlinmiş və qısa zamanda 3 və
5 saylı binaların dam örtükləri
sökülərək yeni müasir mansard tikintisinə
başlanmışdır.
Son illərdə olduğu
kimi, bu il də Xocalı faciəsinin ildönümü
ilə əlaqədar bu prospektdə
ucaldılmış abidə kompleksində və
bütövlükdə park-xiyabanda bərpa
və yaşıllaşdırma işləri
aparılmış, prospekt boyunca yerləşən yaşayış evlərinin
və inzibati binaların, həmçinin
Naximov yaşayış sahəsindəki hündür mərtəbəli binaların
fasadları əsaslı və cari təmir
olunmuşdur.
Dövlət
Proqramı məsuliyyət və səy tələb edir
Ötən ilin may ayında qəbul olunmuş "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda Xətai rayonunun mövcud problemləri də öz
geniş əksini tapmışdır. Proqramda üç il müddətində rayonda
79 bənddən ibarət tədbirlərin görülməsi
nəzərdə tutulmuşdur. Bu gün nəzərdə
tutulmuş işlərin icrası rayonuun sosial-iqtisadi
inkişafına yeni təkan vermişdir.
Proqram çərçivəsində
2011-ci ildən əsaslı təmir olunan
7 uşaq bağçası və körpələr
evindən birində keçən il,
6-sında isə bu ilin
birinci yarısında işlər başa çatdırılmışdır. Cari ildə 20 məktəbdə və 12 uşaq bağçasında əsaslı təmir
işlərinin görülməsi nəzərdə tutulmuşdur ki, artıq
onların bir qismində təmir işlərinə
başlanılmışdır.
Bu ilin birinci rübündə respublika
Prezidenti şəxsən özü
rayonun Dövlət Proqramı əsasında
təmir olunmuş 251 saylı uşaq bağçasının və
körpələr evinin
açılış mərasimində iştirak
etmişdir. Dövlət
başçısı müvafiq qurumlardan bütün
obyektlərdə keyfiyyət göstəricilərinə xüsusi əhəmiyyət verilməsini ciddi şəkildə
tapşırmışdır. Odur ki, rayon icra
hakimiyyəti tikinti və təmir işlərini
gündəlik nəzarətdə saxlayır, tikinti
təşkilatlarının rastlaşdıqları problemləri
operativ həll edir.
Proqram çərçivəsində əsaslı
təmir olunan səhiyyə müəssisələrində
də işlər qrafik üzrə
aparılmış, 2 və 8 saylı uşaq
poliklinikalarında, 6 saylı şəhər
poliklinikasında təmir işləri bu ilin birinci yarısında başa çatdırılmışdır.
Hazırda 4 saylı uşaq
poliklinikasında işlər başa
çatmaqdadır. 7 saylı şəhər
poliklinikasında təmir aparılır və 2 saylı vərəm
dispanserinin binası sökülərək
yeni binanın tikintisinə
başlanmışdır. Əhmədli qəsəbəsindəki
14 saylı poliklinikanın köhnə binası da tamamilə sökülərək yerində
müasir tələblər səviyyəsində
yeni xəstəxana-poliklinika binası tikilir. Rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Dövlət
Proqramında bu tikintinin
başa çatması gələn ilə
nəzərdə tutulsa da,
işlərin qabaqlayıcı qrafiklə təşkili obyektin yaxın vaxtlarda
istifadəyə verilməsinə imkanlar yaradır.
Hazırda
Dövlət Proqramı çərçivəsində rayonda 3 poçt
binasının, 1 ATS-in tikintisi
aparılır, əhalinin elektrik enerjisi, qaz təchizatı,
su və istilik təminatı
yaxşılaşdırılır. İcra
hakimiyyətinin rəhbərliyi bu vacib sahələrdə
sayğaclaşmanın başa çatdırılmasına
xüsusi əhəmiyyət verir. Hazırda elektrik və
qaz sayğaclarının elektron
sayğacla əvəzlənməsinə
başlanmışdır.
Prezident İlham Əliyevin
22 iyun 2012-ci il tarixli sərəncamı ilə
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"na Əlavə Tədbirlər Planı təsdiq
olunmuş və bu plana rayonda təhsil sahəsi
üzrə 7 bənd, əhalinin təhlükəsizliyi tədbirləri
üzrə 2 əlavə bənd salınmışdır ki, artıq onların icrasına
hazırlıq görülür.
Uşaqlara
qayğı gələcəyə qayğıdır
Dövlət
Proqramına əlavələrdə rayonun
3 saylı Uşaq evinin
də əsaslı təmiri nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, ölkə
başçısının tapşırığı ilə
uşaq bağçalarının, uşaq evlərinin yenidən qurulması və
əsaslı təmiri, uşaqların sağlam
və rifah içində böyüməsi
dövlətin xalqın gələcəyinə olan diqqət və qayğısının təzahürüdür.
Ölkə rəhbəri
İlham Əliyevlə yanaşı, Heydər
Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təhsilin, mədəniyyət və
səhiyyənin inkişafına göstərdiyi diqqət və
qayğı bu gün
qeyd olunan sahələrin
inkişafında xüsusi əhəmiyyət
kəsb edir.Yeri gəlmişkən onu da qeyd
edək ki, məhz Mehriban
xanım Əliyevanın diqqəti sayəsində Heydər Əliyev
Fondu tərəfindən Xətai
rayonundakı 3 saylı uşaq evinin Buzovna qəsəbəsindəki
yay istirahət düşərgəsi dünya standartlarına uyğun,
ən yüksək səviyyədə yenidən tikilmiş və uşaqların istifadəsinə
verilmişdir. 120 yerlik
bu evdə uşaqlar üçün yataq
otaqları, istirahət yerləri, yeməkxana, kompyuter
otağı, kitabxana, idman
zalı, hovuz, açıq havada yaşıl örtüklü
stadion və s.olmaqla hərtərəfli
şərait yaradılmışdır.
Xətai rayonunun yol infrastrukturunun
yeniləşdirilməsi ilə əlaqədar son
illərdə çox böyük
işlər görülmüş, yeni yol qovşaqları,
körpülər, yol
ötürücüləri, yeraltı və yerüstü
keçidlər tikilib istifadəyə verilmişdir. Mərkəzi yollar,
o cümlədən Y.Səfərov
küçəsi, Nobel prospekti
və Zığ yolu küçəsi dünya standartları səviyyəsində
yenidən tikilmişdir. Rayonun
daxili küçə və
yollarının əsaslı şəkildə təmiri və
yenidən qurulması istiqamətində də Dövlət
Proqramına uyğun xeyli
iş görülmüşdür.
Hazırda məhəllədaxili yolların
asfaltlaşdırılması işlərinə başlamaq üçün
hazırlıq görülür.
Qışa hazırlıq bu gündən başlayır
İlin əvvəlində havaların qeyri-sabit keçməsi kommunal
sahədə böyük problemlər yaratsa da, rayon
icra hakimiyyətinin və yerli
strukturların gücləndirilmiş iş
rejimində işləmələri yaranmış problemləri
qısa müddətdə aradan
qaldırmışdır.
İstilik mövsümünə
hazırlıqla bağlı hazırkı vaxtda
"Azəristiliktəchizat" ASC-nin rayon üzrə fəaliyyət göstərən
strukturları tərəfindən binaların istilik
xətlərində əsaslı təmir işləri
aparılır, izolyasiya işləri görülür, qazanxanalarda
və məntəqələrdə avadanlıqlar, nəzarət-
ölçü cihazları təftiş
olunaraq əsaslı və cari
təmir olunur.
Rayon rəhbərliyinin diqqət mərkəzində
saxladığı əsas məsələlərdən biri də əhalinin enerji
daşıyıcıları ilə fasiləsiz təminatıdır.
Xüsusilə qış aylarında qaz təchizatının
gücləndirilməsi məqsədilə cari
ilin 6 ayı ərzində müxtəlif diametrli 8592.85 metr qaz xətti çəkilmiş, ümumilikdə
76222 abonentə xidmət göstərilmiş, 25333 abonentin mexaniki qaz sayğacı Smart-kart tipli sayğacla əvəz
olunmuş, sayğaclaşma
98,8 faiz təmin edilmişdir.
Elektrik enerjisinin təminatı
sahəsində də işlər günün
tələbləri səviyyəsində qurulur.
Xətai Rayon Enerji Təchizatı
və Satışı İdarəsi bu ilin 6 ayında transformator
məntəqələrində kabel və
hava xətlərini əsaslı təmir etmiş, transformatorları
sazlamışdır. Bu günə qədər
6234 ədəd elektron sayğac
dəyişdirilmiş və sayğaclaşma
99 faiz təmin edilmiş,
eyni zamanda, abonentlərə
2600 ədəd SMS tipli yeni
sayğac
quraşdırılmışdır.
Xocalı və Nobel prospektlərinin, Zığ yolunun hərəkət zolağının
işıqlandırma sistemindəki mövcud
texniki qüsurlar yeni elektrik dirəkləri
quraşdırılmaqla aradan
qaldırılmış, buradakı
işıqlandırıcılar müasirləri ilə əvəzlənmişdir.
Bu işlər rayonun
Babək prospektində də başa
çatdırılmışdır. N.Tusi,
R.Məmmədov, Cavanşir, M.Hadi və Naximov
küçələrinin işıqlandırılması tam təmin olunmuşdur.
Digər küçə və meydanların
işıqlandırılması istiqamətində işlər
bu gün də davam etdirilir.
Rayonun su təchizatı
yay mövsümündə mühüm əhəmiyyət
daşıdığından, indi bu sahənin fəaliyyəti daha
çox diqqət mərkəzindədir.
Xətai Sukanal Departamenti
son 6 ayda rayon ərazisində müxtəlif ünvanlarda su xətlərini
dəyişdirmiş və 944 ünvanda su kəməri xətlərində cari təmir işləri aparılaraq su itkisinin
qarşısını almışdır. Babək və Gəncə
prospektlərində, R.Bağırov küçəsi boyunca 2533 metr
yağış kanalizasiya xətti çəkilmiş,
bu ünvanlarda 76 ədəd
barmaqlıq quraşdırılmışdır. Rayonda sayğaclaşma 63
faizə çatdırılmışdır.
Burada daha böyük yaşayış massivləri yerləşdiyi
üçün son
illərə qədər burada lift təsərrüfatının işi o qədər də
ürəkaçan deyildi. Rayon rəhbərliyi bu məsələni
şəxsi nəzarətə götürərək sahəyə
diqqəti artırmışdır. İndi
sakinlər təsərrüfatın əməlli-başlı
hərəkətə gəldiyini etiraf
edirlər.
Bu il Xətai rayonunun həyatı bir
sıra əlamətdar hadisələrlə də zəngin olmuşdur. Türkiyənin Tarsus
şəhəri, Belarusun Minsk
şəhərinin Leninski rayonu
ilə Bakının Xətai rayonu
arasında qardaşlıq münasibətləri
yaranmışdır. Bu ilin
ötən aylarında əlaqələrin genişləndirilməsi
və inkişaf etdirilməsi istiqamətində
işlər davam etdirilmiş,
Tarsus şəhər bələdiyyəsi
sədrinin rəhbərliyi ilə 11 nəfərlik nümayəndə
heyəti rayona səfər etmiş, Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Razim Məmmədov, Milli
Məclisin üzvü Hüseynbala
Mirələmov və rayon icra
hakimiyyətinin məsul əməkdaşları isə Minsk şəhərinə səfər
etmişlər. Hər iki şəhərlə
qardaşlıq münasibətlərinin daha
da genişləndirilməsi üçün xüsusi
proqramlar əsasında işlər davam etdirilir. Çünki bu səfərlər
işgüzar əlaqələrin
qurulmasında və təcrübə mübadiləsində xüsusi əhəmiyyət
daşıyır.
Xətai təkcə
paytaxt rayonları arasında deyil, respublika üzrə
də təhsil sahəsindəki uğurları ilə diqqəti
çəkir. Cari tədris ilinin nəticələrinə görə rayon məktəblərinin beş
məzununun qızıl medala, iki məktəbin "İlin
ən yaxşı məktəbi" və üç
müəllimin "İlin ən
yaxşı müəllimi" adına layiq
görülməsi bunun əyani sübutudur.
Xətai rayonunda ənənə halını
almış işlərdən biri də
kənd təsərrüfatı məhsullarının
satış yarmarkasının təşkil olunmasıdır.
Rayon sakinlərinin kənd təsərrüfatı
məhsullarına olan tələbatının
tam və dolğun
ödənilməsi, qiymətlərin süni
qalxmasının qarşısının alınması üçün təşkil olunan
bu yarmarkalar sakinlərdə
böyük razılıq hissi
doğurur. Yarmarkalarda
rayonun öz ərazisində
kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarların iştirakı da təmin olunur.
Bu yazıda haqqında söhbət
açdığımız və
açmadığımız bir çox məsələlər bu günlərdə keçirilmiş
Xətai Rayon İcra
Hakimiyyətinin 2012-ci ilin birinci
yarımilliyinin sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran məsələlərə həsr olunmuş yığıncağında da geniş müzakirə edildi.
İlqar
RÜSTƏMOV
Xalq qəzeti.-
2012.- 18 iyul.- S. 5.