Nərimanov rayonunda cari ilin birinci
yarısının yekunları müzakirə olunmuşdur
Dünən Nərimanov
Rayon İcra Hakimiyyəti
başçısı yanında şuranın növbəti
iclası keçirildi. Yığıncaqda
ölkə Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2012-ci ilin ilk
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında irəli sürülmüş
vəzifələrlə bağlı rayonun
sosial-iqtisadi inkişafının cari ilin altı
ayının yekunları və qarşıda duran
vəzifələr müzakirə olundu.
Tədbir
iştirakçıları öncə ulu öndər Heydər
Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki
büstü önünə gül dəstələri qoyaraq
onun əziz xatirəsini ehtiramla yad etdilər. İdarə,
müəssisə və təşkilatların, eləcə də
hüquq-mühafizə orqanları rəhbərlərinin və
rayon fəallarının iştirak etdikləri tədbiri
giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev açaraq
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin cari ilin altı ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasından irəli gələn vəzifələrin ölkənin
bütün şəhər və rayonlarında geniş
müzakirə edildiyini diqqətə çatdırdı.
Hesabat məruzəsi ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov iyulun 11-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə edilmiş nailiyyətlərlə bağlı söylənilən fikirlərin bəzi məqamlarına toxundu. Hökumətin iclasında müzakirə edilən hər bir məsələnin Bakı şəhərinin aparıcı rayonlarından biri olan Nərimanov rayonunun sosial-iqtisadi həyatı üçün də müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi inkişafı istiqamətində cari ilin altı ayı ərzində görülmüş işlərə yönəltdi.
Qeyd olundu ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün mühüm işlər görülmüşdür. 2012-ci ilin altı ayının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 879,4 milyon manatlıq məhsul istehsal olunmuş və ötən ilin müvafiq dövrünə nisbətən 100,1 faiz artım sürəti qeydə alınmışdır. Bu dövrdə istehlakçılara 890,3 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. Sənaye müəssisələrində işləyən 9164 nəfərin orta nominal əmək haqları 10,8 faiz artaraq 394,9 manata çatmışdır. Ötən müddətdə rayon üzrə 1368 daimi iş yeri yaradılmışdır. Hesabat dövründə bütün mənbələr hesabına əsas kapitala ümumi investisiya qoyuluşu 106,5 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 2,1 dəfə çoxdur. Rayonun inşaat sektorunda da yüksək göstəricilər əldə edildiyini bildirən rayon icra hakimiyyəti başçısının müavini bildirdi ki, cari ilin altı ayında tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 356,6 milyon manat təşkil etmiş, bu sahədə 2,2 faiz artım müşahidə olunmuşdur.
İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də bu müddət ərzində 6,3 faiz artaraq 131,1 milyon manat təşkil etmişdir. İlin ötən dövrü ərzində rayonda ticarət sahəsində də əhəmiyyətli inkişafın baş verdiyini diqqətə çatdıran natiq bildirdi ki, son altı ayda ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 467,4 milyon manat olmaqla 21,1 faiz artmışdır. Hesabat dövründə əhaliyə 29,7 milyon manatlıq ictimai iaşə xidməti göstərilmiş, bu sahədə 41,2 faizlik artım qeydə alınmışdır.
Son zamanlar ölkəmizdə mühüm sosial və digər infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdıran natiq bildirdi ki, ölkə Prezidentinin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramların, imzaladığı sərəncamların, verdiyi tövsiyə və tapşırıqların Nərimanov rayonunun da hərtərəfli inkişaf etməsinə, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni sosial-mədəni obyektlərin yaradılmasına və sakinlərin həyat səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur. Qeyd olundu ki, cari ilin ötən altı ayı ərzində 8 dəfə Nərimanov rayonuna gələn dövlət başçısı burada müxtəlif açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, inşası davam edən obyektlərdə işlərin gedişi ilə yaxından tanış olmuşdur ki, bu da rayonun geniş quruculuq məkanına çevrilməsini xeyli sürətləndirmişdir. Hazırda rayonda dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti altında iri infrastruktur layihələrinin icrasının uğurla davam etdirildiyini diqqətə çatdıran məruzəçi Azərbaycanın simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin açılışını ölkəmizin, o cümlədən paytaxtın Nərimanov rayonunun həyatında son dərəcə əlamətdar hadisə kimi dəyərləndirdi. Bildirdi ki, artıq ulu öndərin adını daşıyan bu mərkəz bir sıra yerli və mötəbər beynəlxalq tədbirlərin keçirildiyi möhtəşəm məkana çevrilmişdir.
Rayon ərazisində aparılan digər abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə bağlı ətraflı məlumat verən Ş. İbadov metronun "Gənclik" stansiyası ərazisində yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacaqlarının, Vaqif prospektinin genişləndirilməsinin, Ziya Bünyadov prospektinin yenidən qurulmasının, "Dədə Qorqud" parkının əsaslı təmirinin və s. işlərin sürətlə davam etdirildiyin diqqətə çatdırdı. Bundan əlavə, o, rayonda həyata keçirilən iri infrastruktur layihələri nəticəsində köçürülməyə məruz qalmış sakinlərin yeni inşa olunmuş binalarda komfort şəraitli mənzillərlə təmin olunduğunu bildirdi.
Ş.İbadov son altı ay ərzində Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən bir sıra uğurlu layihələrin icra olunduğunu qeyd etdi və bu məsələdə qarşılıqlı səfərlərin müstəsna rolunu vurğuladı. Məruzəçi, həmçinin rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2012-ci ilin altı ayı ərzində görülmüş işləri konkret faktlarla əsaslandıraraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri diqqətə çatdırdı.
Natiq rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən söhbət açdı, əldə olunmuş uğurlardan bəhs etdi. Bununla yanaşı, o, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirləri də diqqətə çatdırdı. "2011- 2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Nərimanov rayonunda yerləşən bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparıldığını bildirən Ş. İbadov səhiyyə sahəsində həyata keçirilmiş işlərdən də ətraflı bəhs etdi.
Məruzə ətrafında çıxış edən digər natiqlər də cari ilin altı ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində uğurlu göstəricələrin əldə olunmasını son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirdilər. Ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirdilər.
Şura iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin daha rahat və firavan yaşamaları, çalışmaları və istirahətlərinin təşkili üçün qarşıda çox mühüm və ciddi vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonuunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək. Şura iclasında qarşıda duran vəzifələrdən söhbət açıldı, onların həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Tədbirdə Milli Məclisin deputatı Rasim Musabəyov iştirak edirdi.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 18 iyul.- S. 4.