"Mahmud və Məryəm" filmi Azərbaycanın və Türkiyənin tanınmış sənət adamlarını bir araya gətirmişdir

 

İyulun 18-də xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılacaq eyniadlı filmin çəkiliş qrupu Nizami Kino Mərkəzində mətbuat konfransı keçirmişdir.

 

Mətbuat konfransında əsərin müəllifi, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və filmdə rol almış Azərbaycanın və Türkiyənin tanınmış sənət adamları iştirak etmişlər.

Tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev Azərbaycan kinosunun keçdiyi şərəfli tarixi inkişaf yolu haqqında ətraflı məlumat vermişdir.

Elçinin bir yazıçı kimi Azərbaycan ədəbiyyatındakı bənzərsiz rolundan söz açan natiq bildirmişdir ki, onun əsərlərində istifadə etdiyi özünəməxsus folklor konstruksiyaları, tarixi fakt və hadisələr məzmun və forma cəhətdən son dərəcə maraqla izlənilir. Elçinin əsərlərində hər hansı hadisənin təsviri öz məna və mahiyyətinə görə fərdi hədlərdən çıxaraq həyatın fəlsəfi cəhətdən dərki xarakterini alır. Onun əsərlərinin personajları psixoloji cəhətdən həm özü-özlüyündə, həm də bir-biri ilə müqayisəediləndir. Bütün bunları nəzərdən keçirdikdə görürük ki, bir tərəfdən folklorçuluq, dastançılıq, nağılçılıq, digər tərəfdən tarixilik Elçin dramaturgiyasında daha aktual problemə çevrilməklə, nəinki ədəbi-tarixi, həm də nəzəri-estetik mahiyyət kəsb edir.

Xalq yazıçısı Elçin tərəfindən dastan materialı, yaxud tarixi hadisə bədii obrazlığın və konfliktin mənbəyi kimi istifadə olunmaqla, mühüm janr-üslub və forma yaradıcı faktor rolunu oynayır. Bu cəhətdən onun "Mahmud və Məryəm" romanı da təqdirəlayiqdir. Yazılmasından uzun illər keçməsinə baxmayaraq, əsər bu gün də öz aktuallığını qoruyub saxlayır.

Belə bir əsərin ekranlaşdırılmasını yüksək qiymətləndirən C.Quliyev demişdir ki, film Azərbaycanın "Salnamə" studiyası və Türkiyənin "24 Kare Film" şirkəti tərəfindən istehsal olunacaqdır.

Tədbirdə çıxış edən filmin prodüseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekin, Mahmud rolunun ifaçısı Aras Bulut, Məryəm rolunu canlandıracaq qazaxıstanlı aktrisa Eva Dedova, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, Azərbaycanın xalq artistləri Fəxrəddin Manafov, Ramiz Məlikov və başqaları belə bir ekran əsərində rol almalarından qürur duyduqlarını söyləmişlər. Bildirmişlər ki, bu ekran əsərinin yüksək səviyyədə tamaşaçılara təqdim olunması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Məlumat verilmişdir ki, "Mahmud və Məryəm" filmində Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, məşhur Amerika və ingilis filmlərində bənzərsiz obrazlar yaratmış Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər, Cemal Hünal da qonaq aktyor kimi iştirak edəcəkdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan və Türkiyə texniki heyətinin müştərək çalışdığı filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film təxminən 10 həftə ərzində çəkiləcəkdir. Ekran əsərində 25 nəfərlik dublyor heyəti və sürpriz qonaq aktyorlar da vardır. Aktyorlar 3 ay ərzində döyüş səhnələri, at minmə və qılıncdan istifadə etmə təlimi keçmişlər. Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyasının qurulduğu, 8 min kvadratmetrlik böyük bir yaylaqda çəkiləcəkdir. Bu ekran əsərindəki kostyumlar üçün 13 min metr parçadan istifadə olunacaqdır.

"Mahmud və Məryəm" Azərbaycan, Türkiyə ilə yanaşı, Avropanın 9 ölkəsinin kinoteatrlarında, daha sonra televiziyada nümayiş olunacaqdır.

Yaradıcı heyətə minnətdarlığını bildirən Elçin bu romanı 30 il bundan əvvəl qələmə aldığını söyləmişdir. O demişdir: "Əgər bu əsər 30 ildən sonra hələ də öz aktuallığını itirməyibsə, sənət adamlarını maraqlandırırsa, bu, müəllif kimi məni sevindirməyə bilməz. İkinci sevindirici hal odur ki, film sevimli ölkəmiz Türkiyə ilə birlikdə çəkilir. Bu layihənin təşəbbüskarı Türkiyənin "24 Kare Film" şirkətidir. Onlar iki il bundan əvvəl mənə müraciət etdilər. Bu roman Türkiyədə 5 dəfə müxtəlif tərcümələrdə nəşr edilmiş, əsər əsasında diplom işləri yazılmış, dissertasiyalar müdafiə olunmuşdur".

Əsərin müəllifi bildirmişdir ki, filmin çəkilişləri ilə bağlı başqa qurumlar tərəfindən bir neçə təklif almasına baxmayaraq, bunlar onu qane etməmişdir.

Filmin bədii rəhbəri olduğunu söyləyən yazıçı vurğulamışdır ki, artıq sabahdan ekran əsərinin çəkilişlərinə başlanılacaqdır.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Xalq qəzeti.- 2012.- 19 iyul.- S. 6.