"Azərbaycan
folkloru mədəni sərvətimizdir"
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin "2010-2014-cü illər üçün xalq
yaradıcılığı paytaxtları" proqramına əsasən
2012-ci ildə Masallı şəhəri "Azərbaycanın
Folklor paytaxtı" elan
edilmişdir. Bununla əlaqədar
rayonda artıq bir
sıra maraqlı tədbirlər keçirilmişdir.
Masallı Rayon İcra
Hakimiyyəti başçısı aparatının akt zalında "Azərbaycan folkloru
mədəni sərvətimizdir" mövzusunda
elmi-praktiki konfrans da bu qəbildəndir.
Konfransı
giriş sözü ilə rayon icra hakimiyyəti
başçısının müavini Nəsir Muxtarlı
açmışdır. Proqram üzrə görülən tədbirlərdən
danışan natiq aprelin 30-dan mayın 4-nə kimi rayonda
keçirilən ümumrespublika Muğam festivalından,
"Halay" folklor ansamblına həsr olunmuş film çəkilişindən
bəhs etmiş və demişdir ki, hazırda
Masallının folkloru barədə kitablar üzərində
iş gedir. Bundan başqa, "Onlar Masallıdandır"
adlı sayt da yaradılacaq. Folklor ili cərcivəsində nəzərdə
tutulan tədbirlərin ən genişi isə sentyabr ayında
keçiriləcək Beynəlxalq Folklor Festivalı olacaq.
Pedaqoji
elmlər doktoru, professor Fərahim Sadıqov "Masallı
folklorunun pedaqoji əsaslarına dair", filologiya elmləri
doktorları Füzuli Bayat, Asif Rüstəmli və Aslan
Salmanlı isə müvafiq olaraq "Regional folklor kontekstində
Masallı folkloru", "İstiqlal fədaisi Ələsgər
Ələkbərovun tədqiqatlarında cənub folkloru",
"Masallı folklorunda fərdilik" mövzularında məruzələr
etmişlər.
Məruzəçilər
Masallını ən qədim insan yaşayış məskənlərindən
biri kimi dəyərləndirmiş, onun zəngin folklora malik
olduğunu bildirmişlər. Onlar vurğulamışlar ki,
xalqımızın mənəvi dəyərləri bu
bölgədə daha yaxşı qorunur. Kənd və qəsəbələrin
qədimliyi bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Masallı folklor nümunələri Azərbaycan
folklorunun önəmli tərkib hissəsidir.
Mədəniyyətşünaslıq
üzrə Elmi Metodik Mərkəzin direktor müavini Polad
Zeynalov çıxışında Masallı mədəniyyət
və incəsənət ustalarının fəaliyyətini dəyərləndirmiş,
incəsənət ustalarına və kollektivlərinə
nazirliyin Fəxri fərman və qiymətli hədiyyələrini
təqdim etmişdir.
Masallı
ziyalılarından Camal Lələoğlu, Xanəli
Tolış, Musarza Mirzəyev, Nazilə Məmmədova və
başqaları bölgə folkloru ilə bağlı fikirlərini
söylədilər, bu barədə kitabların, tədqiqat əsərlərin
yaranmasında alimlərə dəstək olacaqlarını
bildirdilər. Rayonda "Göyqurşağı" ədəbi
birliyinin yaradılmasından və 80 nəfərdən
çox üzvü olan yaradıcı ziyalılar məclisinin
fəaliyyətindən danışılmışdır.
Xalq qəzeti.- 2012.- 20 iyul.- S. 7.