Astara: birinci yarımilin yekunları uğurludur

 

Azərbaycanın "cənub qapısı" Astaradan ölkəmizə daxil olan əcnəbilərin gözləri önündə dərhal gözəl mənzərələr canlanır. Subtropik iqlim qurşağı, Xəzər dənizinin mavi dalğaları, sıx meşəli dağlar, bol sulu çaylar, göz yaşı qurumayan "kövrək" buludlar, müasir, təmiz əyalət şəhəri hər kəsdə xoş duyğular yaradır.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən yaz Astaraya növbəti səfəri, ictimaiyyət nümayəndələri ilə görüşü, dərin məzmunlu çıxışı astaralıların qəlbində böyük iftixar duyğuları yaradıb. Onlar bu tarixi səfərin hər bir anını fərəhlə xatırlayır, rayona göstərilən qayğıya görə minnətdarlıq edirlər. İlin ilk yarısının yekunlarına həsr olunan şura iclasında bütün bunlar bir daha məmnuniyyətlə xatırlandı, görülən işlərə nəzər salındı və perspektiv vəzifələr müəyyənləşdirildi.

İclası giriş sözü ilə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açdı. Sosial-iqtisadi məsələlər üzrə müavin Xanverdi Şirinovun məruzəsi dinlənildi. Məruzəçi göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında qeyd edilmişdir ki, ilin altı ayında ölkədə bütün iqtisadi və sosial vəzifələr uğurla icra olunmuşdur. Martın 13-də dövlət başçısının Astaraya səfəri zamanı Olimpiya İdman Kompleksinin, əsaslı təmir edilərək yenidən qurulmuş rayon mərkəzi xəstəxanasının, YAP-ın inzibati binasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə yolunun açılışında iştirakı, üç gün sonra rayonun sosial-iqtisadi inkişafı ilə bağlı daha bir sərəncam imzalaması bunun bariz nümunəsidir. Rayonda yeni yolların çəkilməsi, geniş quruculuq işlərinin həyata keçirilməsi ilin uğurlu göstəricilərindəndir. Abadlıq-quruculuq işlərinin davam etdirilməsindən ötrü Prezidentin Ehtiyat Fondundan Astaraya iki milyon manat məbləğində vəsaitin ayrılması əhalini daha da ruhlandırıb.

Ölkə iqtisadiyyatının inkişafında Astara layiqli mövqe tutur. Rayonun yerli gəlirləri 1 milyon 125 min manata qarşı 2 milyon 69 min manat icra olunub. İlin iIk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı artaraq 46 milyon 321 min manata çatıb. Bunun 61,2 faizi istehsal, 38,8 faizi isə xidmət sahəsində olub.

İnşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 987 min manatlıq vəsait yönəldilib. İnvestisiyanın hamısını daxili sərmayələr təşkil edir. İlin əvvəlindən rayonda 23 fərdi yaşayış evi tikilib. Heydər Əliyev parkında YAP rayon təşkilatı üçün müasir memarlıq üslubunda ikimərtəbəli inzibati binanın, H.Əliyev prospektində Astara Vergi Terminalı üçün yeni binanın tikintisi başa çatdırılıb.

Şəhərdə bir sıra binanın fasadı əsaslı təmir edilir, dam örtüyü dəyişdirilir. Zirzəmilərdən çirkab suları təmizlənir, köhnə kanalizasiya və su xətləri yenisi ilə əvəz olunur. Heydər Əliyev Parkının genişləndirilərək yenidən qurulması və orada yeni fəvvarə quraşdırılması davam etdirilir. S.Vurğun küçəsində xeyli tamet döşənib, səki daşları düzülüb, hörgü və suvaq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb. Eyni zamanda, H.Əliyev prospektində hasarların ağlay daşlarla üzləndirilməsinə başlanıb. Yük maşınlarının şəhərdənkənar hərəkəti üçün Gənclər küçəsində bir kilometrədək məsafədə yeni yolun çəkilişi davam etdirilir. Şəhərin 5 min metrə yaxın suötürücü kanalı lildən təmizlənib.

Abadlıq işləri kəndlərdə də sürətlənib. Telman kəndində - rayonun girişində müasir dizaynla yeni kompleksin inşasına başlanıb. Həmin kəndə gedən yolun asfaltlaşdırılması üçün hazırlıq işləri görülüb. Lovayın su anbarının əsaslı təmiri və Pensər çayının Siyakü kəndi ərazisində sahilbərkitmə işləri aparılır. Ərçivan kəndindən keçən Ərçivan çayı qazılaraq genişləndirilib, gələcəkdə sel sularının kəndə dolmasının qarşısı alınıb. Hamoşam və Asxanakəranda keçirilən səyyar qəbul zamanı əhalinin müraciəti nəzərə alınaraq 30 kilometrlik dağlıq ərazidən keçən yolun təmiri məsələsi az müddətdə həllini tapıb. Hazırda həmin yolla dağ kəndlərinə minik maşınlarının rahat hərəkəti təmin edilib.

Dörd kəndin qaz təchizatı bərpa olunub, beş kəndin qazlaşdırılması üçün yeni aparıcı xətlər çəkilib, hazırda iş davam etdirilir. Rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 11 min 101-ə çatıb. Son səkkiz ildə rayonda 5073 iş yeri açılıb ki, onun da 4758-i daimi, 315-i isə mövsümi xarakterlidir. Bu il 182 yeni iş yeri yaradılıb.

Çay plantasiyalarının 120 hektarında aqrotexniki qulluq işləri həyata keçirilib. Bu sahə üçün əlverişli şəraiti olan Şüvi ərazi nümayəndəliyində 108 hektardan çox yeni plantasiya salınıb. İlin birinci yarısında 183 tona yaxın yaşıl çay yarpağı yığılaraq emal müəssisələrinə təhvil verilib. Sitrus və meyvə bağlarında 1350 hektar sahəyə mineral və üzvi gübrələr verilib. 2012-ci ilin məhsulu üçün 6884 hektarda payız və yaz əkini aparılıb ki, bu da ötən illə müqayisədə 300 hektar çoxdur. İyul ayının 1-dək 97 hektar sahədə biçin aparılıb, 179,4 ton taxıl məhsulu yığılıb. Diri çəkidə 1608 ton ət, 11071,6 ton süd, 2 milyon 940 min ədəd yumurta, 18,5 ton yun istehsal olunub.

Sahibkarlığın inkişafı, fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün rayonda hər cür şərait yaradılıb. İstehsalçılara işlətdikləri yanacaq, motor yağı və mineral gübrələrin 50 faizinin dövlət tərəfindən ödənilməsi təmin edilib, 846 nəfərə 85 min 627 manat dəyərində subsidiya hesablanıb.

Təhsil ocaqlarının əsaslı təmiri, tikintisi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə də xeyli iş görülüb. Dövlət Proqramının icrası ilə əlaqədar ucqar dağ ərazisində 180 şagird yerlik Toradi kənd tam orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilib və şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilib. Hazırda 360 yerlik Astara şəhər 7 saylı, 480 yerlik Şuvi, 360 yerlik Vaqo, Siyəku, Hamoşam, 220 yerlik Suparibağ,Telman, Sağlazüzə, Asxanakəran, Motlayataq kənd tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi davam etdirilir.

Respublika Təhsil Nazirliyi və Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən rayonun ümumtəhsil məktəblərində buraxılış sinif şagirdləri üçün 6 imtahan mərkəzində keçirilmiş test imtahanlarına hazırlıq işləri görülüb və nəticədə 80 faiz müvəffəqiyyət qazanılıb. Kijəbə qəsəbə orta məktəbinin müəllimi Azər Kişiyev Azərbaycan Prezidentinin elan etdiyi "Ən yaxşı müəllim" müsabiqəsində qalib olub və 5 min manat mükafat alıb. Rayonun iki şagirdi respublika fənn olimpiadasının və inşa müsabiqəsinin qalibi elan edilib.

Səhiyyə işçiləri üçün ən əlamətdar hadisə möhtərəm Prezidentimizin rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak etməsi və poliklinika şöbəsinin yenidən qurulmasına vəsait ayrılması barədə sərəncam imzalaması olub. Hazırda poliklinikada təmir aparılır. Mədəniyyət müəssisələri kütləvi tədbirlərin hazırlanıb həyata keçirilməsinə diqqəti artırıb. Ümummilli liderin həyat və fəaliyyəti, digər əlamətdar hadisələrlə bağlı rayon mərkəzində tədbirlər keçirilmiş, ölkənin tanınmış incəsənət ustaları 10 minə yaxın astaralı qarşısında çıxış ediblər.

Turizmin inkişafı üçün də müəyyən iş görülüb. Xəzərin sahilində müasir tələblərə cavab verən bir neçə turizm-istirahət mərkəzi istifadəyə verilib.

"İdman ili" ilə bağlı görüləcək işlərin geniş proqramı hazırlanıb. Ən mühüm idman hadisəsi rayonun yetirməsi Cəbrayıl Həsənovun London Olimpiadasına lisenziya qazanması olub. Yeni Olimpiya İdman Kompleksi "İdman ili"nə ən böyük hədiyyədir. Astaranın mini-futbol komandası respublika qalibi adını qazanaraq yüksək liqaya vəsiqə alıb. Rayonda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə dzyu-do üzrə beynəlxalq turnir, həmçinin şahmat üzrə respublika birinciliyi keçirilib.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin yaxşılaşdırılması sahəsində xeyli iş görülüb. Müntəzəm keçirilən səyyar qəbullar ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Məruzə ətrafında müzakirələrdən sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yekun çıxışında bildirdi ki, qazanılan nailiyyətlər çoxdur, görüləsi işlər də az deyil. İdarə, müəssisə və təşkilatlarda işçilər arasında əmək intizamının pozulması müşahidə olunur. Elektrik təsərrüfatında təmir işləri sürətləndirilməli, payız-qış mövsümünə indidən ciddi hazırlıq görülməlidir. Pensiya və müavinətlərin ödənilməsi qaydalarına ciddi riayət olunmalıdır. Təhsil, səhiyyə və mədəniyyət sahələrində işlərin daha da yaxşılaşdırılması üçün əməli həyata keçirilməlidir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 20 iyul.- S. 6.