Abbasqulu Ağa
Bakıxanovun xatirəsi yad edilmişdir
"O , Azərbaycan
tarixçiliyinin təməlini qoymuşdu, Azərbaycan ədəbiyyatının
dəyərli nümunələrini yaratmışdı, 10-dan
çox dil bilməklə ilk poliqlotlarımızdan biri kimi
tarixə düşmüşdü, Xəzərin elmi cəhətdən
öyrənilməsi istiqamətində ilk uğurlu
addımları atmışdı, Rusiya, Osmanlı və
İran dövlətlərində öz diplomatik keyfiyyətləri
ilə xüsusi nüfuz qazanmışdı,Polşada Azərbaycanı
yüksək səviyyədə təmsil etmişdi,
ömrünün başa çatmasını böyük bir
həssaslıqla hiss edərək Məkkə və Mədinə
şəhərlərinin ziyarətinə getmiş və həmin
müqəddəs torpaqlarda dünyasını dəyişərək
haqqa qovuşmuşdur."
Bu fikirlər 19-cu əsr Azərbaycan tarixinin ən görkəmli simalarından olan Abbasqulu Ağa Bakıxanovun vəfatının 165 illiyi münasibətiylə keçirilən geniş xatirə tədbirində səsləndirilmişdir. Böyük mütəfəkkirin adını daşıyan qəsəbədə tanınmış ziyalıların, xarici qonaqların, qəsəbə ictimaiyyətinin və çoxsaylı mətbuat təmsilçilərinin iştirakı ilə təşkil olunan xatirə tədbiri alimin abidəsi önünə əklil və tər çiçək dəstələrinin qoyulması ilə başlanmışdır. Qeyd olunmuşdur ki, hələ ötən ilin yayında tərtib olunub oxuculara çatdırılan "Qüdsi əbədiyyəti" kitabının təşəbbüskarı və elmi redaktoru,TDABEA-ın akademiki, yazıçı- filosof Hacı Fərhad Mirzə kitabın hazırlanması prosesində belə bir təkliflə çıxış etmişdi ki, 2012-ci iln yayında alimin dünyasını dəyişməsinin 165 illiyi münasibətiylə xarici alimlərin də iştirak etdiyi xatirə tədbiri təşkil olunsun. Elə ustadın abidəsi önünə əklili də bakıxanovsevərlərin önündə gedən yazıçı- mütəkəllim Hacı Fərhad Mirzə və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara Bürosunun sədri , professor Xeyrəddin İvgin qoymuşlar.
Tədbirin aparıcısı qeyd etmişdi ki, ötən əsrin 90-cı illərində-Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə yaşanan xaos və anarxiya illərində bəzi nihilist insanlar Abbasqulu Ağa Bakıxanovun elmi- ictimai fəaliyyəti üzərinə kölgə salmağa çalışaraq onu çar üsul-idarəsinə xidmət etməkdə günahlandırırdılar. Nə yaxşı ki, həmişə olduğu kimi, bu məsələdə də ədalətli qərarı zaman verdi və Azərbaycan elmi tarixşünaslığının atası barədə söylənən hərzə və hədyanlar gündəlikdən çıxarılmış oldu. Bu məsələ ətrafında çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi İlham Abbasov təkzibedilməz tarixi faktları, elmi şəkildə əsaslandırılmış arqumentləri ilə tədbir iştirakçılarını məmnun etdi. Natiq xüsusilə vurğuladı ki, 19-cu əsrin ikinci yarısında və bütövlükdə 20-ci əsrdə Azərbaycanda formalaşmış elmi və ictimai-siyasi məfkurə bilavasitə Mirzə Fətəli Axundzadə və Abbasqulu Ağa Bakıxanovun yaradıcılığı üzərində inkişaf etmişdir:" Bakıxanova qədər Azərbaycanda tarix elmi yox idi, salnaməçilik var idi. Bu istiqamətdəki ilk və uğurlu addımlara görə Bakıxanov milli tariximizə , məfkurə tariximizə və elmi tariximizə birdəfəlik düşüb".
Xatirə tədbirində çıxış edən professorlar Elçin İsgəndərzadə, Xeyrəddin İvgin (Türkiyə), Maqsud Hacıyev, Telman Hacıyev, Əsədulla Qurbanov, Azərbaycan Ziyalılar Birliyinin sədri , yazıçı Eldəniz Quliyev , QHT sədri, rəssam Minayə Dəyanət , jurnalist Elmira Ağayeva və başqa natiqlər Abbasqulu Ağa Bakıxanovun milli - mənəvi dünyamızı zənginləşdirən ayrı- ayrı fəaliyyət sahələri barədə xüsusi məqamları yada salmışlar. Maqsud Hacıyev böyük alimin dilçilk sahəsində, Əsədulla Qurbanov fəlsəfədə, Telman Hacıyev estetik görüşlər sahəsində, Elçin İsgəndərzadə bütövlükdə elm aləmində imza atdığı nailiyyətləri yada salmışlar. Professor Xeyrəddin İvgin isə Abbasqulu Ağa Bakıxanovun təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli alimi olduğunu vurğulamış və bu tarixi şəxsiyyətə qardaş Türkiyədə də böyük hörmət, ehtiram bəslənildiyini söyləmişdir.
Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanov çıxış edərək tədbirin təşkilatçılarına və qonaqlara öz nəslinin bütün nümayəndələri adından minnətdarlıq etmişdir. Bəstəklar xatırlatmışdır ki, Hacı Fərhad Mirzə təkcə Abbasqulu Ağa Bakıxanovun deyil, ümumiyyətlə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının hamısını daim yad edir, onların xatirəsinin əziz tutulması istiqamətində çoxsaylı və uğurlu addımlar atır.
Sonra tədbir 165 il əvvəl Məkkə ilə Mədinə arasındakı Vadeyi- Fatimə çölündə dəfn edilmiş görkəmli soydaşımızın ruhuna açılmış ehsan süfrəsi arxasında davam etdirilmişdir.Qeyd olunmuşdur ki, Hacı Fərhad Mirzə üç il öncə A.A. Bakıxanovun dəfn olunduğu qəbristanlığı da ziyarət etmiş, orada bir sıra fotoşəkillər çəkərək Bakıya gətirmişdir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 20 iyul.- S. 6.