Qazax: inkişafın, abadlığın, gözəlliyin

 

Son aylar Qazaxda aparılan abadlıq-quruculuq işlərinin sürəti xeyli artmışdır. Bu isə istər-istəməz rayonun həm ümumi mənzərəsinin dəyişməsinə, həm də adamların əhval-ruhiyyəsinə müsbət təsir göstərmişdir. Rayon icra hakimiyyətində birinci yarımilliyin yekunlarına həsr olunmuş hesabat yığıncağında bu fikirlər dönə-dönə səslənmişdir. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirmişdir ki, 2012-ci ilin birinci yarım ili Qazax rayonu üçün uğurlu olmuşdur.

 

Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin birinci yarısında da uğurla davam etdirilmişdir.

Dörd hektar sahəni əhatə edən "Heydər Əliyev" parkının 2 hektarlıq sahəsi tamamilə yenidən qurulmuşdur. Parkın ərazisində ümumi sahəsi 1.160 kvadratmetr olan "Gənclər Mərkəzi"nin tikintisi başa çatmış, 6.250 kvadratmetr sahəyə tamet plitə,1.025 kvadratmetr mərmər plitə döşənmiş, 554 paqonmetr səki daşı dəyişdirilmiş, 2 ədəd fəvvarə quraşdırılmış, 1.600 kvadratmetrə yaxın çəmən otu əkilmiş, 500 kvadratmetr divar aqlayla üzlənmiş, 380 paqonmetr fiqurlu balyans düzülmüş, 2 ədəd pramida qüllə ucaldılmış, çoxlu sayda dekorativ acağlar və kollar əkilmiş, işıqlanma sistemi yenidən qurulmuşdur.

Yanvar ayında Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi sahəsi 1.060 kvadratmetr olan "Şahmat Məktəbi"nin tikintisinə başlanılmış, binanın ətrafına milli memarlığa uyğun 230 paqonmetr hasar çəkilmiş, 1.115 kvadratmetr sahəyə tamet döşənmiş, 250 paqonmetr səki daşı düzülmüş, 860 kvadratmetr çəmən otu, çoxlu sayda dekorativ ağac və kollar əkilmişdir. Binanın qarşısında fəvvarə tikilmiş və işıqlanma sistemi qurulmuşdur.

7 kilometr uzunluğunda olan Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun və illik gücü 5 min ton olan Qazax Konserv zavodunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

2012-ci ilin aprel ayının 12-də göstərilən obyektlərin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Qazax rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 aprel 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır.

Qazax şəhərində "Şəhidlərin abidə kompleksi" sökülərək yerində tamamilə yeni üslubda abidə ucaldılmışdır. Abidənin ətrafında abadlıq işləri aparılaraq 780 kvadratmetr aqlay üzlük daş, 1.850 kvadratmetr tamet plitə, 1.500 kvadratmetr asfalt örtüyü qoyulmuş, 620 paqonmetr səki daşı yenisi ilə əvəz edilmişdir.

Dəmir yolu vağzalı binasının dam örtüyü tam dəyişdirilmiş, 1.115 kvadratmetr sahəyə tamet plitə döşənmişdir. Vağzala gedən Ə.Qədirov küçəsinin hər iki tərəfində daş hasar inşa edilmiş, suvanaraq rənglənmiş, piyadaların rahat hərəkəti üçün səki salınmış, asfalt örtüyü yenidən qoyulmuş, işıqlanma sistemi quraşdırılmış, küçə boyunca 3 binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsində abadlıq işləri aparılmışdır.

Şəhərin qərbdən giriş hissəsində 1.460 kvadratmetr sahəsi olan Dövlət Bayrağı Meydanı, 51 metrlik qüllə tikilmiş, 6,8 metr hündürlükdə qala divarı və 5,2 metr hündürlükdə bürclər, Ağstafa rayonu ilə sərhəddə 22 metr hündürlüyündə rayonun ünvanını bildirən obeliskin, şəhərin girişində 2 ədəd qala divarı və dairəvi yolda oturacaq sahəsi 6 metr, hündürlüyü 14,3 metr olan qüllə inşa edilmişdir.

Şəhərin bir sıra küçələri və magistral yol kənarları boyunca 9.000 kvadratmetr divar hörülmüş, 6.000 kvadratmetr artıq divar aqlayla üzlənmiş 500 kvadratmetr dekorativ işlər aparılmış, 5.000 kvadratmetr suvaq, 15.000 kvadratmetr rənglənmə işləri görülmüş, 1.200 paqonmetr səki daşları düzülmüş, 1.200 kvadratmetr tamet plitə döşənmiş, 17.700 kvadratmetr asfalt örtüyü qoyulmuşdur.

Magistral avtomobil yolunun kənarında beşmərtəbəli yaşayış binasının fasad hissəsində müasir milli memarlıq üslubunda yenidənqurma işləri aparılmışdır. Hazırda H.Əliyev prospekti boyunca abadlıq-quruculuq işləri davam edir.

23 kilometr uzunluğu olan Yuxarı Salahlı-Kəmərli avtomobil yolunda, illik gücü 1 milyon ton olan "Qazax Sement zavodu"nda, Konserv zavodunun ərazisində məskunlaşmış məcburi köçkünlər və qəza vəziyyətində olan binanın sakinləri üçün 2 ədəd 24 mənzilli binanın tikintisi davam etdirilir.

2011-ci ildə tikintisinə başlanmış şəhər 4 saylı, Canalı, Aslanbəyli, Qazaxbəyli kənd tam orta məktəblərinin tikintisi, Qaratel adına ümumi orta məktəbində bərpa-gücləndirmə işləri və əlavə 80 şagird yerlik tədris korpusunun tikintisi davam etdirilir.

Çaylı kənd 2 saylı, Daş Salahlı kənd 2 saylı, Ürkməzli kənd və Xanlıqlar kənd tam orta məktəblərinin tikintisinə və Kəmərli kəndindəki Xanbağı kənd tam orta məktəbində isə əsaslı təmir işlərinə başlanılacaqdır. Həmin tikintilərin layihə-smeta sənədləri hazırlanıb Fövqəladə Hallar nazirliyinə təqdim edilmişdir.

2012-ci ilin birinci yarısında Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və sonrakı qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 3.415 hektar buğda əkini üçün 136.632 manat yardım hesablanaraq istehsalçılara verilmişdir.

2012-ci il iyunun 1-dək 4.752 nəfər istehsalçıya 13.424 hektar sahə üçün 536.958 manat yardım pulu hesablanaraq sənədlər Respublika Yardım Komissiyasına təqdim edilmişdir.

2012-ci ilin məhsulu üçün payızda əkilmiş 5.988 hektar sahəyə yetişdirilmiş taxıl məhsulunun biçilməsi üçün 29 ədəd kombayn və digər kənd təsərrüfatı texnikası cəlb edilmişdir. Sahələrin 75-80 faizi biçilmişdir. Hər hektardan 25-26 sentner məhsul alınır.

Bu ilin məhsulu üçün 774 hektar yonca, 189 hektar kartof, 682 hektar qarğıdalı, 496 hektar tərəvəz, 136 hektar yazlıq dənlilər, 73 hektar texniki bitkilər və 41 hektar bostan əkilmişdir. Hazırda yazlıq sahələrdən məhsul yığımı davam edir. İndiyədək 1.349 ton tərəvəz və 550 ton meyvə yığılmışdır.

Azərbaycan Respublikası Prezidentinin regionlarda üzümçülüyün inkişafı ilə bağlı verdiyi müvafiq göstərişlərdən sonra rayon ərazisində əlavə 15 hektar yeni üzüm bağı salınaraq üzümlüklərin sahəsi 363 hektara çatdırılmışdır. Gələcəkdə bu sahənin genişləndirilməsi məıqsədilə lazımi tədbirlər görülür.

Mövcud suvarma sularından vaxtında və itkisiz istifadə olunması üçün plana uyğun olaraq Zor, Axmaz, Şıxlı, Xanlıqlar, Aslanbəyli və Nasos arxlarında rayon Suvarma Sistemləri idarəsi və Melioservis idarəsi tərəfindən 326.000 kvadratmetr həcmində lildən təmizləmə aparılmışdır. Lakin aprel-may aylarında hava şəraitinin çox quraq keçməsi nəticəsində göllərdə kifayət qədər su toplanılmadığına görə Rayon Suvarma Sistemləri idarəsi tərəfindən istehlakçıların tələbi tam ödənilməmişdir.

İstehsalçılara texnika cəhətdən kömək göstərilməsi məqsədilə Aqroservisdən və şəxsi vətəndaşlarda olan 28 ədəd şum traktoru, 259 ədəd təkərli traktorlar, 15 ədəd toxum təmizləyən, 25 ədəd taxıl və qarğıdalı səpən, 17 ədəd mala, 12 ədəd gübrəsəpən və 50 ədəd digər kənd təsərrüfatı texnikalarından istifadə olunur.

2012-ci ilin 6 ayı ərzində rayonda ağac əkininə xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 145.800 ədəd ağacın 31.000 ədədi beynəlxalq avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində əkilmişdir.

Yığıncaqda çıxış edənlər göstərdilər ki, Qazaxın daha da inkişaf etdirilməsi, gözəlləşdirilməsi üçün rayonun hər bir sakini əlindən gələni əsirgəməməlidir. Nizam-intizam gücləndirilməli, məsuliyyət hissi artırılmalıdır. Rayonun sərhəd bölgəsi olması bu məsuliyyəti ikiqat artırır.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 6.