Gərək elə yazasan ki...

 

Qızıla qiyməti zərgər, mətbuata isə oxucular verir. Altmış il bundan əvvəl fəaliyyətə başlayan "Kirpi" jurnalı da zaman keçdikcə qiymətini öz oxucularından alıb. Çünki yaxşını-pisi, düzü-əyrini oxucular yazıb, o da araşdırıb, dərc eləyib, tədbir gördürüb. Beləliklə, əl-ələ, çiyin-çiyinə işbirliyi haqqın bərqərar olunmasına, mövcud nöqsanların aradan qaldırılmasına, kiminsə pozulmuş hüququnun bərpasına xidmət edib. Jurnalın maraqlı və məzmunlu çıxması, gülməsi və güldürməsi, düşünüb-düşündürməsi onların göndərdikləri məktublardan, qaldırdıqları məsələlərin dəyərindən, sanbalından, faydasından asılı olub.

 

1952-ci ildə fəaliyyətə başlayarkən elə ilk gündən jurnal öz qayəsini, məqsəd və məramını hamıya bildirmişdi: "Molla Nəsrəddin" ənənələrinə sadiq qalmaq, böyük Mirzə Cəlilin, dahi Üzeyir bəyin yolunu davam etdirmək!

Düz altmış ildir ki, "Kirpi" bu yolu əzmlə gedir, qarşıya çıxan maneələri sözün gücü, yumorun sərrast atəşi ilə, sevimli, sədaqətli oxucularının, xeyriyyəçi insanların köməyi ilə dəf edir. Hətta bazar iqtisadiyyatının gətirdiyi çətinliklərin tüğyan elədiyi bu günlərdə belə onlarla mütəmadi görüşür. Düzə, doğruya zaval yoxdur, deyiblər. Ucuz ətdən şorba olmadığı kimi, qərəzli tənqid də havayı atılan güllə kimidir. Bu illər ərzində "Kirpi" çox çətinliklərlə, hərzə-hədyanlarla üzləşib. Lakin haqq nazilsə də, üzülməyib.

Jurnalın ilk redaktoru, öz kəskin felyetonları ilə tanınan görkəmli yazıçı-publisist Əvəz Sadıq dövrün, zamanın hadisələrinə ayna tutaraq öz yazılarında neqativ hallara qarşı mübarizə aparıb. Onun konkret faktlara söykənən felyetonları geniş əks-səda doğurmaqla bərabər, nöqsanların aradan qaldırılmasında da təsirli rol oynayıb. El malını talayanlar, rüşvətxorlar, bürokratlar, əliəyri və dələduzlar tənqidin sərrast atəşi ilə susdurulub, el içində rüsvay edilib. Qarayaxmadan, şər-böhtandan, çəkişmədən, kimlərinsə mənafeyini güdən yazılardan uzaq olan mətbuat mənalı ömür yaşayır, ötən günlərinə baxanda iftixar hissi keçirir. Bu gün "Kirpi" də bax, belə qüruriftixar içindədir. 60 yaşını Azərbaycan milli mətbuatının 137-ci ildönümü ilə bir vaxtda qarşılayan jurnal müstəqil ölkəmizdə söz azadlığından güc alıb kəsərini artırır.

"Kirpi"nin başı üzərində müstəqil Azərbaycanın bayrağı dalğalanır, əlində isə "Molla Nəsrəddin", Mirzə Cəlil, Üzeyir bəy, Sabir və Əzim Əzimzadə qələmi vardır. Bu qələm kommunist ideologiyasının beyinlərə işlədiyi dövrlərdə də, indi də dövlətçiliyə, haqq-ədalətin bərqərar olmasına, pozulmuş hüquqların bərpasına, tariximizə, mədəniyyətimizə biganələrin ifşasına xidmət edir. Bu qələmi Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Xurşud, Eyvaz Borçalı, Rüfət Əhmədzadə, Nəcəfqulu, Adil Elçin, Hafiz Nəsiroğlu kimi söz sərrafları, kamil fırça ustaları daim əziz tutmuş, onun qüdrəti ilə satira-yumor meydanında yüksək peşəkarlıq nümayiş etdirmiş, oxucuların qəlbindən xəbər verən dəyərli əsərlər yaratmışlar. Təsadüfi deyildir ki, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Əli Vəliyev, İsmayıl Şıxlı, Əliağa Vahid, Hüseyn Arifbaşqa sair və yazıçılar jurnalla yaxından əməkdaşlıq etmiş, öz satirik əsərləri ilə oxucuların onun səhifələrində görüşünə getmişlər.

Bazar iqtisadiyyatının gətirdiyi çətinliklər özünü göstərsə də, jurnalın bütün nüsxələri satılır və vaxtında abunəçilərə göndərilir. Sağ olsun xeyriyyəçi insanlar. Onların dəstəyi ilə jurnal ardıcıl çıxır. Demokratiyasöz azadlığı yazmaq imkanlarımızı daha da artırıb. Lakin bu sərbəstliyi anarxiyaya çevirmək, bu azadlıqdan sui-istifadə etmək olmaz. Bir para qəzetlərin üzdəniraq vərdişləri var: "adının çəkilməsini istəməyən mənbənin məlumatına görə..." Bu yerdə sual meydana çıxır: əgər bu fakt doğrudursa, həmin mənbə adının çəkilməsini niyə istəmir? Yaxud da bu gün qatığa "qara", sabahsa "" deyib təkzib vermək, məhkəməyə düşmək kimə və nəyə lazımdır?

Tənqidi yazı hazırlamaq olduqca çətin və məsuliyyətli bir məsələdir. Kiminsə şərəf və ləyaqətini təhqir etmək, ünvanına şər-böhtan söyləmək bağışlanılmaz haldır və bu ancaq naşıların və jurnalistikadan xəbərsizlərin işidir. Düzə-doğruya isə zaval yoxdur. Buna görə də gərək elə yazasan ki, peşimançılığını çəkib, məhkəmələr qarşısında boyun bükməyəsən. Bu məsələlərə ümumilli liderimiz Heydər Əliyev vaxtında qiymət verərək deyib: "Mətbuatımız azaddır, mənəviyyat isə daha ucadır".

 

 

Polad QASIMOV,

"Kirpi" jurnalının baş

redaktoru, əməkdar

mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 6.