Tarixi qədirbilənlik nümunəsi

 

Azərbaycan demokratik mətbuatının ənənələri və zəngin təcrübəsi milli jurnalistikamızın 137 illik tarixi dövründə yeni yazarlar nəsli üçün ən yaxşı örnək olmuşdur. İlk anadilli qəzetimiz "Əkinçi"nin məramı, açdığı yol sonrakı milli nəşrlərin də xəlqi yönünə ciddi təsir göstərmiş, XX əsrin əvvəllərində bir çox qəzet-jurnallar Həsən bəy Zərdabi məktəbindən qaynaqlanaraq ərsəyə gəlmişdi. Milli demokratik mətbuatımıza kommunist təbliğatı inhisarçılığı ilə son qoyulduğu 70 ildə belə tarixi ənənə unudulmamış, milli varlığa bağlı qələm sahiblərinin yaradıcılığında davam etdirilmişdi.

 

Dövlət müstəqilliyi illərində isə milli mətbuatımızın axarı öz tarixi məcrasına qaytarıldı. Yeni şəraitdə demokratik mətbuatımızın tarixi təcrübəsi, örnəkləri və zəngin publisistik irsi daha böyük önəm qazandı. Söz azadlığının yaratdığı imkanlardan qədərincə yararlanmaq üçün istiqlal məfkurəsini formalaşdırmaqda və milli dövlətçiliyin dirçəldilməsində əsaslı rol oynamış demokratik mətbuatımızın ideya-sənətkarlıq məsələlərinin öyrənilməsi və yayılması zəruri tələbata çevrilmşidir.

Söz Azadlığını Müdafiə Fondu bu mənəvi ehtiyacı cavablandırmaq, çağdaş jurnalistikamızın peşəkarlıq səviyyəsinin yüksəlməsində tarixi örnəklərdən yararlanmaq məqsədilə bu vaxtadək silsilə nəşrlər hazırlayıb yaymışdır. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin bioqrafiyası, tarixi xidmətləri, "Əkinçi" qəzetinin, böyük demokrat Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi "Molla Nəsrəddin" jurnalının tarixi ilə bağlı populyar nəşrlər bu kitablar içərisində seçilir və oxucuların böyük marağına səbəb olmuşdur.

Həsən bəy Zərdabinin 170 illik yubileyi münasibətilə jurnalistlərə və mətbuatımızın dostlarına təqdim olunan növbəti orijinal nəşr 104 il əvvəl işıq üzü görmüş ilk anadilli uşaq jurnalımız "Dəbistan"ın öz hamisi, yazarı və əvəzolunmaz məsləhətçisi Həsən bəy Zərdabinin əbədiyyətə qovuşmasına həsr olunmuş ayrıca nömrənin tarixi və latın qrafikalı əlifba ilə hazırlanmış variantlarıdır.

Həsən bəyin xatirəsinə "Dəbistan" jurnalının məxsusi ehtiramı səbəbsiz deyildi. Xalqın öz milli haqlarını anlamasında, elm və qabaqcıl təcrübəyə yiyələnib irəli getməsində Zərdabi məktəbinin və tərbiyənin roluna ciddi önəm verirdi. Mətbuata isə Həsən bəy geniş mənada maarifləndirici vasitə kimi baxırdı. Bu baxımdan uşaqlar üçün nəzərdə tutulmuş jurnal həm özü bir məktəb olmalı, həm də geniş pedaqoji fəaliyyətə kömək etməli idi. Rus inqilabının təsiri ilə milli azlıqlara ana dilində qəzet-jurnallar açmağa icazə veriləndə Zərdabi "Həyat", "İrşad" , "Tazə həyat" qəzetləri, "Füyuzat" jurnalı kimi dövri nəşrlərlə yanaşı, "Dəbistan" (məktəb) adlı ilk uşaq dərgisinin də yaradılmasına və fəaliyyətinə bacardığı qədər kömək etmişdi.

Bu dövri nəşrlərin aparıcı qüvvəsi Zərdabi - "Əkinçi" məfkurə məktəbinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Haşım bəy Vəzirov, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Fərhad Ağazadə, Məmmədhəsən Əfəndizadə, Əliskəndər Cəfərzadə, Aşurbəyovlar, Mahmudbəyovlar kimi yetirmə-davamçılar idilər. İlk milli qəzeti buraxmış, ilk xeyriyyə cəmiyyətini yaratmış, ilk teatr tamaşalarını ərsəyə gətirmiş, yeni dövlət və xalq məktəblərinin, ilk qız məktəbinin yaranmasına nail olmuş, "Əkinçi"dən sonra ana dilində yeni qəzet açmağa icazə ala bilməsə də Qafqazın və Rusiyanın rusdilli nəşrlərində publisistik fəaliyyəti ilə Azərbaycanın ağrılarından söz açmış, Bakıda çıxan rusdilli "Kaspi"ni "müsəlman qəzeti"nə çevirmiş Həsən bəy Zərdabinin 1905 - 1907-ci illərdə işıq üzü görən milli qəzet-jurnallara mənəvi hamilik etməsi jurnalistikamızın tarixində yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynamışdı.

O dövrdə Həsən bəy ağır xəstə olmasına baxmayaraq, yorulmaq bilmədən çalışır, yetirmələrinə yön və mövzu verir, onları xalq naminə qələm çalmağa həvəsləndirir, özü də yeni bir şövqlə vaxtı çatmış, zəruri bildiyi məsələlər barədə silsilə materiallar yazırdı. Zərdabi uzun illər arzuladığı və nəhayət, işıq üzü görmüş "Dəbistan" jurnalına daha çox diqqət yetiriridi. Məmmədhəsən Əfəndizadə, sonra isə Əlisgəndər Cəfərzadənin naşir və mühərrifliyi ilə çıxan, 1906-cı il aprelin 16-da nəşrə başlayan "Dəbistan"ın 3 il müddətində buraxılan 26 nömrəsinin 25-i Həsən bəyin sağlığında işıq üzü görmüş, 9 aylıq fasilədən sonra isə sonuncu nömrəsi bütövlükdə Zərdabinin xatirəsinə və xidmətlərinə həsr olunmuşdu.

Həsən bəy Zərdabinin "Dəbistan"da uşaqlar üçün yazdığı 7 məqalə, onun təşviqi, məsləhət və tövsiyələri jurnalın uğur qazanmasına çox kömək etmişdi. Firudin bəy Köçərli, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Sultan Məcid Qənizadə, Rəşid bəy Əfəndizadə, Abdulla bəy Divanbəyoğlu, başqa maarif adamları və ədiblər Zərdabinin çağırışına hay verərək, onun nümunəsindən faydalanaraq "Dəbistan"la fəal əməkdaşlıq etmişdilər.

Böyük müəllimlərinin ölümü bütün millətsevər ziyalılar kimi "Dəbistan"ın yaradıcı heyəti və oxucuları üçün də ölçüyəgəlməz bir itki olmuş, onları hədsiz kədərləndirmişdi. Elə bu ağrı ilə də dəbistançılar Həsən bəyin ölümündən sonrakı 3 ayda onun yoxluğundan doğan hüznlə yaşamış, neçə aydan bəri nəşri dayanmış "Dəbistan"ın matəm-xatirə nömrəsini çıxarmaqla təsəlli tapmışdılar. Bu, "Dəbistan"ın sonuncu nömrəsi olsa da, Zərdabi davamçıları sonrakı illərdə yeni uşaq nəşrləri buraxmaqda davam etmişdilər.

"Dəbistan"ın Zərdabiyə həsr olunmuş bu nömrəsi Həsən bəyin geniş bioqrafiyasının yaradılmasında və xidmətlərinin zamanında qiymətlənədirilməsində ilk təşəbbüslər kimi dəyərli bir mənbədir. Həmin nömrədə naşir-mühərrir Əlisgəndər bəy Cəfərzadənin imzası ilə "Təracümi-əhval" başlığı ilə geniş nekroloq, "C" imzası ilə (yəqin ki, Süleyman bəy Əbdürrəhmanbəyzadə) "Mərhum Həsən bəy Məlikovun təşiyi-cənazəsi" adlı vida və dəfn mərasimini əks etdirən reportaj verilmişdir.

Zərdabiyə maarif quruculuğu işində yaxından kömək etmiş pedaqoq-publisist Fərhad Ağazadənin yazdığı "Həsən bəyin türk millətinə etdiyi xidmətləri" adlı geniş yazıda mərhumun böyük müəllim, teatr, xeyriyyə cəmiyyəti və ilk qəzet banisi kimi xidmətləri ayrı-ayrılıqda nəzərdən keçirilmişdir. Müəllif bildirir ki, gərək biz də avropalılar kimi: "Cəmaət üçün çalışan şəxslərin işlərini nəzərdən keçirib onlara diqqət yetirək. Qafqaz müsəlmanlarının arasında böylə şəxslərin əvvəlincisi Mirzə Fətəli Axundov hesab olunsa, ikincisi Həsən bəy Zərdabi hesab olunacaqdır". Sonuncu, "Dil millətin həyatına bir vasitədir" başlıqlı yazının müəllifi Süleyman bəy Əbdürrəhmanbəyzadə isə ana dilimizin qorunması və işləkliyi baxımından Zərdabinin gördüyü işlərdən söz açmışdır.

Bütövlükdə, bu materiallar mətbuat tariximizin Həsən bəy Zərdabinin adı ilə bağlı yaranmainkişaf mərəhələləri barədə tarixi əhəmiyyətli mənbə kimi bu gün bizlərə zəngin məlumat verir. Söz Azadlığını Müdafiə Fondu milli mətbuatımızın banisinin həyat və fəaliyyət salnaməsinin yaradılması işini davam etdirərək, "Dəbistan"ın ayrıca nömrəsini nəşr etməklə, Həsən bəy Zərədabinin 170 illik yubileyi ilində zərdabisevərlərə daha bir qiymətli mənbə ilə ətraflı tanış olmaq imkanı yaradır.

Xatırladaq ki, Zərdabinin ölümü və dəfni ilə bağlı o dövrün mətbuatında çap olunmuş bir neçə material professor Şirməmməd Hüseynovun hazırladığı mətndə "Zərdabi və "Əkinçi" toplusuna daxil edilmişdi. "Dəbistan"ın xüsusi nömrəsini isə mətbuat tariximizlə bağlı bir neçə qiymətli mənbənin də tərtibçisi olmuş filologiya üzrə fələsəfə doktoru Elmira Qasımova nəşrə hazırlamışdır. Söz Azadlığını Müdafiə Fondu belə nəşrləri çap etdirməklə tədqiqatçıların və jurnalistlərin dərin razılığını qazanmışdır.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 5.