Şamaxıdakı
"Gülüstan" qalasında XI-XII əsrlərə aid
müxtəlif tikililər və maddi-mədəniyyət
nümunələri aşkar edilib
Şirvanşahlar
dövlətinin əsas iqamətgahı olan Şamaxı
rayonundakı "Gülüstan" qalasında aparılan
arxeoloji qazıntı işləri zamanı müxtəlif təyinatlı
tikililərin qalıqları və çoxsaylı maddi-mədəniyyət
nümunələri aşkar edilib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev APA-nın yerli bürosuna bildirib ki, el arasında "Qız qalası" adlandırılan və 1000 ildən artıq tarixi olan Şirvanşahlar dövlətinin əsas iqamətgahı sayılan "Gülüstan" qalasında aparılan arxeoloji tədqiqat işləri zamanı XI-XII əsrlərə aid sənətkarlıq emalatxanaları, təndirlər, dulusçu sobaları, 3 qəbir, bir ev və onun zirzəmisindən yeraltı gizli yol, müxtəlif ox ucluqları, gümüş və mis sikkələr, muncuqlar, şüşə bilərziklər, daşdan hazırlanmış top mərmiləri, epiqrafik yazı nümunələri, daş kitabələr, üzərində yazı olan kaşı, müxtəlif sənətkarlıq alətləri və silahlar aşkar edilib.
Həmçinin, arxeoloqlar qazıntı işləri zamanı IV əsrə aid olan və Bizans imperatoru I Konstantinin adına zərb edilmiş miss sikkələr, eləcə də Pirdirəyi və Gülüstan dağlarının arasından keçən Zoğalavay çayının sahilindən "Gülüstan" qalasına çəkilmiş gizli yeraltı yol aşkar edilib. Həmin yeraltı gizli yolda arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, bu günədək
"Gülüstan" qalasının 600 kvadratmetlik ərazisində
arxeoloji tədqiqat işləri aparılıb və avqustun
sonunadək daha 300 kvadratmetr ərazidə arxeoloji
qazıntının aparılması nəzərdə tutulur.
Şamaxının indiki Böyük Xınıslı kəndinin
ərazisində yerləşən və dəfələrlə
düşmən hücümlarına və zəlzələlərə
məruz qalan "Gülüstan" qalasının
dövrümüzədək cəmi 3 bürcü gəlib
çatıb.
Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 5.