Milli mətbuat milli varlığın və milli özünüdərkin mühüm şərtidir

 

Xalqımız Azərbaycan milli mətbuatının yaradılmasının 137-ci ildönümünü görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyi ilə bir vaxtda qeyd edir. 1875-ci il iyulun 22-də Bakı gimnaziyasının təbiət elmləri müəllimi Həsən bəy Məlikovun vətəndaşlıq rəşadəti nümunəsi olan ilk milli qəzeti - "Əkinçi"ni ərsəyə gətirməsi xalqımızın milli oyanış, tərəqqi və istiqlal savaşı hərəkatının təməlində dayanan misilsiz bir hadisə oldu.

 

Azərbaycan ictimai fikir və sivil düşüncə tarixinin bu işıqlı səhiıfəsi çoxəsrlik milli-mədəni dəyərlər sisteminə yeni ruh, yeni meyarlar gətirdi. Sivil cəmiyyətlərdə fərdlə toplum arasında anlaşma və informativ əlaqə vasitəsi kimi təzahür edən mətbuat kütləviləşməyə başladığı həmin dövrdə ayrı-ayrı dövlətlərin ictimai-siyasi və mədəni həyatının zəruri atributlarından birinə çevrilməkdə idi. Rusiya imperiyasının ucqar əyaləti kimi mərkəzin aqrar əlavəsinə çevrilmiş Azərbaycanda xəlqi mətbuatın yaranması, əslində, milli özünüqoruma və regenerasiya prosesinin zəruri, qarşısıalınmaz bir aktı idi.

Rusiya imperiyasında ilk universitet təhsili almış azərbaycanlı Həsən bəyin milli teatrın əsasını qoyduqdan 2 il sonra milli mətbuat orqanını da yaratması itirilmiş dövlətçiliyin milli-mədəni gerçəklikdə gizlənmiş kodunun şifrəsinin açılması, sıxılmış enerjinin impulsivləşməsi əlamətləri idi. İlkin maarifçilər A.Bakıxanov və M.Ş.Vazehdən böyük ictimai xadim, filosof və ədib M.F.Axundova ötürülmüş milli ideya və özünüifadə məramı H.Zərdabinin xələfliyində cəmiyyətdə geniş intişar tapmağa başladı.

Həsən bəy sələflərindən qəbul etdiyi estafeti kütləyə qovuşdurmaq, hərəkata çevirmək zərurətini zamanın çağırışı, taleyin hökmü kimi dərk etmiş və həyat amalına çevirmişdi. Zərdabi görürdü ki, "qonşularımız elmi təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və biz az vaxtdan sonra onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kişəkeşlik edəcəyik". "Belədə nə etməli?" Zamanın bu amansız sualının cavabında Həsən bəy ölüm-dirim savaşına atıldı: "Axırda gördüm ki, onları haray salıb çağırmaqdan, onlara deməkdən başqa, qeyri-əlac yoxdur. Olmaz ki, sözümü eşidənlərdən heç bir qanan olmasın".

Zərdabi anadilli mətbuatı milli mövcudluğu qoruyub saxlamaq kimi tarixi zərurətin dərk olunmasında tilsimi qırmaqda bir vasitə kimi görür, amansız bir təşnəliklə məqsədinə doğru irəliləyirdi: - "Ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəmir. Belədə qəzet çıxarmaqdan savayı, bir qeyri-əlac yoxdur ki, kağız üstə yazılmış, doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənçiliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".

Həsən bəy Zərdabi min bir əziyyət və cəfa ilə bu məqsədinə çatdı. "Əkinçi" adlı qəzetlə "xalqın milli düşüncə zəmisini" şumladı, ona elm-bilik, oyanış-ayıqlıq toxumları səpdi. O, milli inkişafın qabağını kəsmiş bəndi uçurmaqla durğun suları hərəkətə gətirdi, tutulmuş çeşmələrin gözünü açdı.

Beləliklə, oyanmağa, milli haqlarını anlamağa, milli varlığına sahib çıxmağa məhkum xalq tirajlanmış doğru sözü, həqiqəti hamılıqla anlamaq və ona yön almaq yolunu gördü. Azərbaycan mətbuatının bəxti onda gətirdi ki, onu hakim yuxarıların istəyi ilə yaradıb səhv yola yönəltmək cəhdləri baş tutmadı. Bu mənəvi çıraq xalqın öz içərisindən yandırılıb doğru yolun üstündə asıldı və bu yolu işıqlandırdı. Bu çırağın ziyası bizi istiqlalımıza və istiqbalımıza yönləndirdi: "Əkinçi" 56 nömrədən sonra dayanmağa məcbur olsa da, milli məramın nə olduğunu xalqa göstərdi, anlatdı.

Azərbaycan ictimai fikrində "Əkinçi" elə toxumlar səpib-göyərtdi ki, sonradan onları xalqın düşüncəsində heç nə soldura bilmədi. "Əkinçi" təkcə Azərbaycan, Qafqaz türkləri üçün ilk mətbu söz olmadı, həm də taleyi ilə Rusiyaya buxovlanmış digər türkdilli xalqlar üçün ilk ictimai xitab kimi səsləndi, tribuna rolunu oynadı. "Əkinçi"dən sonra Krımda, Türküstanda, Volqaboyunda türkdilli qəzetlər boy verdilər. Onlar məhz "Əkinçi"nin timsalından yarandılar, onun yolu ilə getdilər, onun kimi xalqa üz tutdular.

Həsən bəy Zərdabi milli qəzet buraxmaq imkanından birdəfəlik uzaqlaşdırılsa da, qələmi yerə qoymadı. Qafqazın və Rusiyanın rusdilli qəzetlərində Azərbaycan gerçəkliyini ifadə edən saysız-hesabsız yazılarla mübarizəsini davam etdirdi. O, yetirmələrinin və davamçılarının ərsəyə gətirdikləri "Kəşkül", "Ziya" "Ziyayi - Qafqaziyyə", "Tərcüman" kimi türkdilli qəzetlərin nəşri ilə kamına çatdı.

Azərbaycan XX əsrə Zərdabinin timsalında milli mətbuatını yaratmış xalq, onun davamçıları olmuş Ünsizadə qardaşları, Ə.Topçubaşov, F.Köçərli, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və digər məfkurə sahiblərinin şəxsində demokratik jurnalistika mədəniyyətinə yiyələnmiş məmləkət kimi daxil oldu.

1905-1907-ci illər Rusiya burjua-demokratik inqilabının verdiyi mətbu söz azadlığı imkanlarından məharətlə yararlanan zərdabiçilər öz böyük müəllimlərinin ustad himayəsi ilə 1905-ci ildə ilk milli burjua qəzetini "Həyat"ı göyərtdilər (1905), "Füyuzat" jurnalını nəşr etdilər (1906). İlk uşaq jurnalı "Dəbistan" (1906-1908), ilk qadın jurnalı "İşıq" (1911-1912) milli bəlaların qəniminə çevrilən ilk satirik jurnal "Molla Nəsrəddin" (1906-1931) tarixi marafona çıxdı. "İrşad" (1905-1907), (1915-1918) "Təzə həyat" (1907-1908), "Həqiqət" (1909-1910), "Açıq söz" (1915-1918) kimi bir-birini əvəzləyən nəşrlər milli ziyalıların tribunası olmaqla yanaşı, milli istiqlal məfkurəsi qaynağı rolunu da oynadılar. Azərbaycan demokratik mətbatının yetişdirdiyi bütöv bir nəsil Rusiya imperiyası süquta uğrayanda milli qurtuluş yoluna işıq saldılar. Tarixi fürsətdən yararlanaraq bu nəsil dövlətçiliyimizi Azərbaycan Xalq Cümhuriyyəti timsalında tarix səhnəsinə qaytardı.

Milli xalq hakimiyyəti digər demokratik azadlıqlar və dəyərlər kimi, söz və mətbuat azadlığını da bərqərar etdi. Müxtəlif yönlü anadilli nəşrlərin peşəkar təcrübəsinə əsaslanan ilk rəsmi qəzet "Azərbaycan"ın (1918-1920) yaranması ilə milli mətbuatımız yeni mərhələyə yüksəldi. Bu dövrdə milli demokratik jurnalistikamız tarixi hədəflərinə qovuşmaqla, istiqlalımızın salnaməsini yaratmağa başladı, "söz azadlığını"nın tarixi nümunəsi oldu. 1920-ci ilin 28 aprel bolşevik işğalı isə zorakı kommunist diktaturasını Azərbaycana gətirməklə demokratik məzmunlu milli mətbuatımızı da tarixə qovuşdurdu.

Hakim siyasi rejimin təbliğat ruporu kimi formalaşdırılan kommunist mətbuatı yabançı dəyərlərin daşıyıcısına çevrilsə də, milli mətbuatımızın peşəkarlıq təcrübəsi ilə hərəkətə gətirilirdi. Sovet rejiminin mövcud olduğu 70 ildə demokratik mətbuat ənənələri yeni-yeni nəsillərin yaradıcılığını açıq-gizli şəkildə qidalandırır, milli varlığımız anadilli jurnalistikada getdikcə daha geniş və ifadəli əksini tapırdı.

Tarixən mütərəqqi xarakter daşımış sənayeləşmə, kollektivləşmə və mədəni inqilab prosesində mətbuatımız quruculuq işlərinə fəal cəlb olunmağı ilə cəmiyyət üçün faydalı olmuşdur. Sovet dövründə jurnalistika bir təsisat kimi daha da inkişaf etdirilmiş, peşəkarlıq cəhətdən qüvvətlənmiş, maddi-texniki bazasını daim yeniləşdirmişdir. Ana dilinin mətbuat üslubunun formalaşması, jurnalistika təhsilinin qurulması, radio və telejurnalistikanın yaradılması da sovet media sisteminin özündən sonrakı dövrə qoyub getdiyi pozitiv mirasdır.

Ötən əsrin 50-ci illərindən baş qaldırmış yeni milli oyanış, yaddaşa qayıdış prosesi Azərbaycan jurnalistikasını xalq həyatına, milli varlığa daha da yaxınlaşdırdı. Ümummilli lider Heydər Əliyevin 70-80-ci illərdə Azərbaycana rəhbərliyi dövründə isə milli jurnalistikamızın dayaqları daha da möhkəmləndi, onun cəmiyyət həyatında rolu yüksəldi. Ulu öndərin "Qoy ədalət zəfər çalsın!" məramı nəinki Azərbaycan, eləcə də SSRİ mediasında geniş əks-səda yaratdı, KİV-də obyektivliyi və aşkarlığı gücləndirdi.

SSRİ-nin süqutu prosesində Azərbaycan jurnalistikası sürətlə öz demokratik ənənələrini dirçəltdi, milli dövlətçiliyimizin bərpasının söz qaranquşuna çevrildi. Sovet rejiminin sonuncu ilində ilk milli qəzetimiz "Əkinçi"nin doğum tarixi - 22 iyul milli jurnalistika günü elan edildi. O vaxtdan həmin gün ölkəmizdə jurnalistlərin peşə bayramı, cəmiyyətin söz azadlığının təntənəsi kimi qeyd olunur.

Milli jurnalistikamız dövlət müstəqilliyinin bərpası dövründə fəal informasiya-məfkurə savaşı aparsa da, suverenliyin ilk illərində söz azadlığının yaratdığı imkanlardan bacarıqla istifadə edə bilmədi. Sovet sisteminin himayəsində yaranmış ələbaxımlıq və sözəbaxımlıq psixologiyası mediamıza yeni demokratik cəmiyyətdə layiqli yerini tutmasına xeyli dərəcədə mane oldu. Qısa müddətdə çoxlu sayda qəzet-jurnal qeydə alınsa da, onların böyük əksəriyyəti davamlı fəaliyyət göstərə bilmədi.

Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin rəhbərliyinə gəlişi həyatın bütün sahələrində əsaslı islahatlar yolu ilə yeni demokratik sistemə transformasiyanı təmin etdiyi kimi, azad mətbuatın prinsiplərinin reallaşmasına, medianın problemlərinin həllinə də böyük kömək etmiş oldu. 1996-cı ildə hərbi senzuranın, 1998-ci ilin avqustunda isə bütövlükdə senzuranın ləğvi söz azadlığını yeni yola çıxardı. Qəzet-jurnalların nəşrinə lisenziyanın aradan qaldırılması, mətbuata dövlət nəzarətinin özünüidarə mexanizmi ilə əvəzlənməsi - Mətbuat Şurasının yaradılması da ulu öndərin jurnalistikamıza tarixi xidmətləri sırasındadır. Prezident Heydər Əliyev KİV-in inkişafının demokratik qanunçuluq bazasını təmin etməklə, onun fəaliyyəti üçün əlverişli şərait yaratmaqla, problemlərin həllinə konkret yardımlar göstərməklə Azərbaycan jurnalistikasının yeni yola çıxmasına tarixi töhfələr verdi.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 9 illik fəaliyyəti də mediamıza dövlət qayğısının gücləndirilməsi tədbirləri ilə zəngindir. KİV-ə dövlət dəstəyi konsepsiyasının qəbul olunması və Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması azad, müstəqil mətbuatın problemlərinin həllinə böyük dövlət qayğısının nümunəsidir. Məqsədli qrantlar, birdəfəlik dövlət yardımları, jurnalistlərin əməyinin dövlət təltifləri ilə qiymətləndirilməsi, azad sözün nüfuzunun yüksəldilməsi jurnalistikamızın çağdaş tarixinin diqqətəlayiq reallıqlarıdır. Hazırda 40 gündəlik, bu qədər də həftəlik, 300-dək ayda bir dəfə çıxan nəşr fəaliyyət göstərir.

Jurnalistikamızın problemləri ardıcıl həllini tapdıqca medianın cəmiyyətdəki rolu da artır. Artıq hamının və hər kəsin maneəsiz söz demək hüququ təmin olunmuş, cəmiyyətdə informasiya axınının ahəngdarlığı formalaşmışdır. Bu gün media hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun informasiya təminatçısı rolunu yetərincə yerinə yetirir. Dövlət - media, media - xalq münasibətlərinin optimallaşdırılması daimi diskussiyaların mövzusudur və problemlər ardıcıl sahmana salınır.

Azərbaycan jurnalistləri öz növbəti peşə bayramlarına demokratik cəmiyyətə, aşkarlığa, vətəndaş həmrəyliyinə xidmət məramından doğan öyünc hissi və söz azadlığı yolunda qazanılmış yeni uğurlarla gəlmişlər.

Bayramınız mübarək, əziz qələm dostlarımız, həmkarlarımız!

 

 

Həsən HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 3.