Bayram gününə bayram töhfəsi

 

Xətai Rayon İcra Hakimiyyəti ənənələrinə sadiq qalaraq bu il də Mətbuat Günü və Azərbaycan Milli Mətbuatının 137 illiyi münasibətilə jurnalistlərin iştirakı ilə bayram tədbiri keçirmişdir.

 

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxışına Milli Mətbuat gününün müsəlman dünyasının əlamətdar bayramlarından biri-müqəddəs Ramazan ayı ilə eyni vaxta düşdüyünün xoş bir təsadüf olması fikri ilə başladı. Mətbuatın ictimai-siyasi həyatımızda mühüm yer tutduğunu, cəmiyyətin inkişafında və maariflənməsində misilsiz rol oynadığını bildirən natiq ümummilli lider Heydər Əliyevin hakimiyyətin dördüncü qolu sayılan bu sahəyə xüsusi qayğı və diqqətlə yanaşdığını konkret tarixi faktlarla yada saldı.

R.Məmmədov çıxışında onu da qeyd etdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanda KİV-lərin sayı sürətlə artmağa başladı. Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsinin qeydiyyatdan keçməsinə baxmayaraq, 500-dən artıq qəzet və jurnal müntəzəm şəkildə nəşr olunur. Bu gün ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrinin mətbuatı sırasında irəli çıxmışdır.

Son dövrlər mətbuata göstərilən diqqət və qayğıdan söz açan natiq onu da bildirdi ki, Prezident İlham Əliyev 2008-ci il iyulun 31-də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" sərəncam imzaladı. Daha sonra "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq olundu. 2009-cu ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Dövlət başçısı jurnalistlərin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara dövlət hesabına mənzil tikintisi üçün 5 milyon manat vəsait ayırmışdır.

Bütün bunların Azərbaycan mətbuatının yeni inkişaf dövrü yaşadığını sübut edən faktlar olduğunu bildirən natiq, onu da əlavə etdi ki, Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz gerçək əksini tapır.

Çıxışının sonunda R.Məmmədov tədbirə toplaşan jurnalistlərin və media nümayəndələrinin simasında Azərbaycanın bütün məbuat işçilərini səmimi qəlbdən təbrik etdi və onlara bu çətin və şərəfli peşədə uğurlar arzuladı.

Sonra Xətai rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatını obyektiv, qərəzsiz və operativ işıqlandırdıqlarına görə bir çox media nümayəndələrinə Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları, mükafatlar və xatirə hədiyyələri təqdim olundu. "Xalq qəzeti"nin iki əməkdaşı da mükafat alanlar sırasında idi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 7.