Ahıl jurnalistlər mükafatlandırıldı

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar kütləvi informasiya vasitələri nümayəndələri və ahıl jurnalistlərlə görüş keçirildi.

 

Görüşdə jurnalistləri səmimi salamlayan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin iyulun 22-də "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, azərbaycançılıq qayəsinə sadiq qaldığını, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğunu bildirdi. Natiq qeyd etdi ki, respublikamızda KİV-in inkişafına geniş şərait yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkədə mətbuat üzərində senzuranın ləğv edilməsinə dair 1998-ci il avqustun 16-da fərman imzalayıb, həmçinin KİV-in maddi-texniki bazasının gücləndirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov dedi ki, daim inkişaf edən ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların mühüm tərkib hissəsi məhz söz və fikir azadlığının təminatı, mətbuatın inkişafının dövlət tərəfindən davamlı olaraq dəstəklənməsidir. Bunun daha bir əməli ifadəsi kimi, dövlət başçısının 2009-cu ilin martında imzaladığı sərəncamla Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Həmçinin ölkə rəhbərinin müvafiq sərəncamına əsasən, 2010-cu ildə milli mətbuatın 135 illiyi genişmiqyaslı tədbirlərlə qeyd olunub. Prezidentin daha bir sərəncamına əsasən, jurnalistlər üçün yaşayış binasının tikintisi üçün 5 milyon manat vəsait ayrılıb. Bütün bunlar mətbuata göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də həmişə öz fəaliyyəti, həyata keçirilən sosial müdafiə tədbirləri barədə cəmiyyətin geniş məlumatlandırılması, eyni zamanda, bu tədbirlərdə ictimai nəzarətin artırılması məqsədilə KİV-lə mütəmadi əməkdaşlığa xüsusi önəm verir. Bununla yanaşı, sosial mövzular üzrə jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün nazirlik tərəfindən bir neçə dəfə treninqlər təşkil olunub.

Görüşdə KİV nümayəndələri ürək sözlərini ifadə edərək, həqiqətən də ölkədə azad jurnalistikanın fəaliyyəti üçün geniş imkanlar yaradılmasından, onların dövlət tərəfindən dəstəklənməsindən, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuatla sıx əməkdaşlığından razılıqlarını ifadə etdilər. Görüşün sonunda KİV nümayəndələrinə və ahıl jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olundu. "Xalq qəzeti"nin böyük təcrübəyə malik olan əməkdaşı Telman Heydərov da mükafatlandırılanlar arasında idi. Həmkarımızı təbrik edir, ona uğurlar arzulayırıq.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 7.