Beş illik fəaliyyət müsbət qiymətləndirildi

 

Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqının altıncı konfransı keçirilmişdir. Konfransın gündəliyi təsdiq edildikdən sonra Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Tofiq Quliyev təşkilatın 2007-2012-ci illər ərzində gördüyü işlər barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.

 

Sədr müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas məqamlarına toxanaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasından start götürən ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyası ildən-ilə xalqımızın rifah halının yaxşılaşmasına, respublikanın qeyri neft sektorunun inkişafına, bütövlükdə sənaye infrastrukturunun modernləşməsinə təkan vermiş və Azərbaycanı dünyanın inkişaf etmiş qabaqcıl ölkələri sırasına çıxarmışdır. Ölkə iqtisadiyyatının inkişafı xalqımızın daha yaxşı yaşamasına şərait yaratmaqla yanaşı, təhlükəsizliyimizin etibarlı müdafiəsinə və milli ordumuzun ən müasir silahlarla təmin olunmasına imkan vermişdir.

Natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Ümumhəmkarlar İttifaqı Konfederasiyasının "Fəxri qızıl nişanı"na layiq görüldüyünü xatırladaraq bildirdi ki, dölət başçısının həmkarlar ittifaqlarının işinə verdiyi yüksək dəstək və bu təşkilatın normal fəaliyyəti üçün yaratdığı şərait, müstəqilliyimizin inkişafı sahəsində göstərdiyi xidmətlər bundan da yüksək mükafatlara layiqdir.

T.Quliyev təşkilatın beş illik fəaliyyətindən danışarkən qeyd etdi ki, AHİK-in III Qurultayından sonrakı illərdə Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqının Respulika Komitəsi də ölkədə gedən sosial-iqtisati proseslərdən, tərəqqi və quruculuq işlərindən kənarda qalmamış, respublika həyatının bütün sahələrində üzərinə düşən vəzifələri səylə yerinə yetirmişdir. Respublika Komitəsi özünün təşkilati cəhətdən daha da möhkəmləndirilməsinə xüsusi fikir vermiş və bu müddətdə regional birləşmiş həmkarlar komitəsi təsis edilmişdir.

Komitə sədri ötən dövrdə keçirilən plenum və yığıncaqlardan, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının qorunması, əməyin və sağlamlığın mühafizəsi və digər sahələrdə həyata keçirdiyi tədbirlərdən ətraflı danışaraq bildirdi ki, bu müddətdə əsasən şəhər və rayon həmkarlar təşkilatlarında fəalların hüquqi biliklərinin gücləndirilməsinə, üzv təşkilatlarda hüquq normalarına əməl edilməsinə, yerlərdə sahibkarların hüquqi cəhətdən daha çox maarifləndirilməsi işinə diqqət yönəldilmişdir.

Natiq həmçinin bildirdi ki, hesabat dövründə Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqının şəhər və rayon komitələrində yaradılmış komissiya üzvlərinin sayı 234 nəfərə çatmış, gender siyasəti üzrə 58 komissiya yaradlmışdır. Bütövlükdə komitənin 13600 qadın üzvü var ki, bu da üzvlərin ümumi sayının 32,2 faizinə bərabərdir.

Qeyd olundu ki, üzv həmkarlar təşkilatlarında 1090 kollektiv müqavilə bağlanmışdır. Komitəyə beş ildə 4980 ərizə, müraciət və şikayət daxil olmuşdur. Təhsil haqqının ödənilməsi, işdən azad edilmə, sosial məsələlərlə bağlı ərizə və şikayətlərə baxılarkən qeyri-obyektivliyə və səhlənkarlığa yol vermiş bəzi sahibkarlar, müəssisə rəhbərləri ilə söhbətlər aparılmış və qaldırılan məsələlərin əksəriyyəti müsbət həllini tapmışdır.

Konfransda Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqı təşkilatının təftiş komissiyasının hesabatı da dinlənildi.

Sonra konfransda təşkilatın Nizamnaməsinə əlavə və dəyişiliklər, sahə həmkarlar İttifaqının 2012-2017-ci illər üzrə fəaliyyətinin əsas istiqamətləri barədə çıxışlar dinlənildi və təşkilati məsələlərə baxıldı. Çıxışlarda Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Konfransda Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqının bir qrup fəalı AHİK-in "Həmkarlar İttifaqında xidmətlərinə görə"medalı, Fəxri Fərmanlar və digər mükafatlarla təltif edildilər.

Sonra konfransın işində iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış etdi. Sədr qlobollaşma dövründə həmkarlar ittifaqları qarşısında duran vəzifələrdən, ölkəmizin indiki inkişaf mərhələsində onların rolundan danışdı və tösiyələrini verdi. Sonda kofrans iştirakçıları Tofiq Quliyevi yenidən Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat İşçiləri Həmkarlar İttifaqının sədri seçdilər və ona növbəti fəaliyyət dövründə uğurlar arzuladılar.

 

 

İlqar RÜSTƏMOV,

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 4.