Vətənlə
döyünən ürək
Oleq Krapivin 29 sentyabr 1960-cı ildə Azərbaycanın qədim
şəhəri Şamaxının Şəhriyar qəsəbəsində
anadan olmuşdur.O, kiçik yaşlarından tərbiyəsi və
davranışı ilə həmyaşıdlarına nümunə
olmuşdur. Dərsdən kənar vaxtlarda o idman
klubuna gələr, saatlarla
idmançıların məşqlərinə tamaşa edərdi. Bir
müddətdən sonra Oleqgilin
ailəsi Bakının Sabunçu, sonralar isə Bakıxanov qəsəbəsinə
köçür. Oleq
idmana bütün
varlığı ilə bağlandığı üçün təhsilini davam
etdirməklə yanaşı sərbəst güləşlə
də məşğul olur. O,
tanınmış idmançı, Azərbaycan güləşinin
inkişafında əvəzsiz rol
oynamış SSRİ idman ustası Oqtay Hüseynovun qrupunda məşq edir. Gənclər
arasında respublika yarışlarında Oleq Azərbaycan çempionu
adına layiq görülür.
Ancaq
təəssüf ki, peşəkar idmanda fəaliyyət
dövrü qısa olur. Oleq böyük idmanı tərk
etdikdən sonra da sevimli idman növündən ayrıla
bilmir. 2007-ci il Oleqin həyatında ən əlamətdar il
olur. O, Türkiyənin İstanbul şəhərində
veteranlar arasında kecirilən yarışda sərbəst
güləş üzrə dünya çempionu adını
qazanır. Bu yüksək göstəricilərinə görə
o, respublika rəhbərliyinin mükafatına layiq
görülür. Zaman keçdikcə həyat da öz
hökmünü verir. Hər kəsin bir tale yazısı
olduğu kimi, qürbət ellərdə yaşamaq da Oleqin
tale yazısı imiş. O, doğma vətəni Azərbaycandan
ayrılmaq istəməsə də mürəkkəb həyat
yolları onu Ukraynaya aparır. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olaraq iş adamı və xeyriyyəçi
kimi bütün Ukraynada və Avropanın bir sıra ölkələrində
yaxşı tanınan Oleq bu gün də həyatının
mənası olan idmanla məşğul olur. O, Azərbaycan
Güləş Federasiyasının vitse-prezidentidir. Oleq
yaşadığı ölkənin paytaxtı Kiyev şəhərində
azərbaycanlı uşaqlar üçün "Bazar
günü məktəbi" təşkil etmiş, eyni
zamanda uşaqların fiziki cəhətdən sağlam
böyüməsi üçün idman kompleksi
tikdirmişdir. "Vətən" adlı Azərbaycan milli
vokal-rəqs ansamblı yaratmaq isə onun ən böyük
arzularından biri idi. Nəhayət, bu ansanbl da yaranır,
milli geyimdə rəqs edən uşaqlar dəfələrlə
müxtəlif şəhərlərdə Azərbaycanın
milli musiqi mədəniyyətini layiqincə təmsil
etmişlər. Oleq doğma ana yurdu Şamaxını da yaddan
çıxarmayıb, şəhərin mərkəzində gənclərin
idmanla məşğul olması üçün
"Şirvan" idman klubu tikdirib.Hal-hazırda
"Şirvan" idman klubunda sərbəst güləşin
sirlərini öyrənən idmançılar içərisində
respublika yarışlarında çox yüksək nailiyyətlər
əldə edən idmançılar da var. Klubun müəllimləri
Qüdrət Məmmədyarov, Ağamusa Quliyev, Elşən
Eminov öz tələbələrinə Oleq müəllimin
keçdiyi şərəfli həyat yolunu həmişə
nümunə göstərirlər.
Bütün bu xeyirxah əməllərlə yanaşı, Oleq Krapivin siyasi arenada da Azərbaycanı layiqincə təmsil edir. Məlumdur ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızla əlaqə, onların problemləri ulu öndərimiz Heydər Əliyevi həmişə düşündürmüşdür.Hələ 1991-ci ilin dekabırında Naxçıvan MR-in Milli Məclisinin sədri olarkən hər il həmin ayın son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmiş, bu barədə qərar vermişdı.
Krapivin yorulmadan çalışmış və Azərbaycan həqiqətlərini Ukrayna xalqına, bu respublikada fəaliyyət göstərən müxtəlif diaspor və icma təşkilatlarına çatdırır. Bütün bunlarla bərabər Oleq həm də Ukraynada azərbaycanlılarla digər millətlərin nümayəndələri arasında baş verən münaqişələrin sülh yolu ilə həll olunmasında əvəzsiz rol oynayır. Xeyirxah və vətənpərvər şəxsiyyət kimi hamı onu sevir.
Oleq Krapivinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilir. Azərbaycan Prezidentinin Ukraynaya səfəri zamanı diaspor nümayəndələri sırasında görüşdə iştirak etmiş Oleq Krapivin hazırda Ukrayna Respublikasında fəaliyyət göstərən Azərbaycan Milli Konqresinin Kiyev bölgəsi üzrə şurasının sədridir.
O, ulu öndər Heydər Əliyevin xatirəsinə 2010-2011 -ci illərdə Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst güləş üzrə beynəlxalq yarışın keçirilməsini təşkil etmişdir.
Mətləb BARATOĞLU
Kiyev – Şamaxı
Xalq qəzeti.- 2012.- 22 iyul.- S. 4.