Müasir Azərbaycanın qurucusu
və xilaskarı
Zaman keçdikcə Heydər Əliyev
şəxsiyyətinin böyüklüyü
və əzəməti, onun
xalqımızın naminə gördüyü
xilaskarlıq və quruculuq işlərinin
möhtəşəmliyi daha aydın görünür. Xalqımız müstəqil
dövlətdə yaşadığına, demokratik
dəyərləri özündə əks etdirən vətəndaş
cəmiyyətində fəaliyyət göstərdiyinə, xoş gələcəyinin sahibi
olduğuna görə ümummilli
liderimiz Heydər Əliyevə borcludur. Azərbaycan tarixinə dahi qurucu və böyük xilaskar kimi daxil olmaqla
ölkə həyatının bütün
sahələrində əldə edilmiş
misilsiz nailiyyətlərin əsasını
qoyan ulu öndər
Heydər Əliyev hər bir vətəndaş
üçün mübarizlik
və xalqa təmənnasız xidmət rəmzinə
çevrilmişdir.
Yaşadığımız
dövrdə Azərbaycan tarixinin önəmli, əlamətdar
bir mərhələsi var: XX əsrin 60-cı illərinin
sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. Bu
tarixi salnamənin taleyüklü səhifələrinin
iştirakçısı, yaradıcısı,
aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini
öz çiyinlərində daşıyan, onu bir dövlət
və millət kimi tarixin sınaqlarından çıxaran məhz
ulu öndər Heydər Əliyevdir.
1969-cu
ilin iyul ayının 14-də ölkə rəhbərliyinə
gələn Heydər Əliyev qısa müddətdə
respublikanı geriləmələrdən xilas etmək,
iqtisadiyyatı inkişaf etdirmək, elmi-texniki tərəqqinin
ən yeni nailiyyətlərini istehsalatda tətbiq etmək,
ümumiyyətlə, respublikanın hərtərəfli
inkişafına nail olmaq üçün məqsədyönlü
konsepsiya hazırlamışdı. Ümummilli liderin Azərbaycanda
ilk dəfə hakimiyyətə gəlişinin ən
qabarıq siyasi təzahürü sovet imperiyasının sərt
ideoloji basqısı şəraitində milli ruhun hədsiz
yüksəlişi, xalqın tarixi kökünə
qayıdışı, dövlətçilik
arzularının və hisslərinin güclənməsi ilə
bağlı olmuşdu.
Ulu
öndərimiz respublikamızın üzləşdiyi problemləri
ilk gündən düzgün müəyyənləşdirməklə
onların həlli üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərmiş, o dövrün
çatışmazlıqlarını açıq deməkdən
çəkinməmişdi. Bu məqsədlə həmin il
avqustun 5-də Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin o dövrkü tariximizdə böyük əhəmiyyətə
malik plenumu keçirilmişdi. Mərkəzi Komitənin 5
avqust plenumu ölkənin qarşısında duran əsas
taleyüklü məsələlərin həlli
yollarını müəyyənləşdirmək məqsədilə
genişmiqyaslı fəaliyyət proqramı işləyib
hazırlamışdı. Tarixi bir hadisə kimi yaddaşlara
yazılan həmin plenumdan sonra respublikada nizam-intizamın bərpa
edilməsi, iqtisadiyyatın dirçəldilməsi, təbii
ehtiyatlardan, iqtisadi, təhsil, elm və mədəniyyət
potensialından yüksək səviyyədə istifadə
edilməsi, bütün bu sərvətlərdən xalqın
bəhrələnməsi üçün əlverişli
şərait yaradılmasına start verilmişdi.
Ulu
öndər 5 avqust plenumundan əvvəlki Azərbaycanı
xarakterizə edərək demişdir: "Qətiyyətlə
söyləmək olar ki, 60-cı illərdə respublika
iqtisadiyyatı bütövlükdə dərin və
uzunmüddətli böhran mərhələsinə qədəm
qoymuşdu. Yaranmış ağır vəziyyətdən
çıxış yolu tapılmalı, iqtisadiyyatın
inkişafı üçün prinsipial cəhətdən
yeni konseptual yanaşma yolları işlənilib
hazırlanmalı, xalq təsərrüfatında köklü
struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq
və iqtisadi həvəsləndirmə işində təzə
metodlar tətbiq edilməli idi". Ulu öndərin qeyd etdiyi
bu vəzifələrin həyata keçirilməsi
üçün ilk addımlar məhz 5 avqust plenumunda
atılmışdı.
Heydər Əliyev hələ sovet rejimi şəraitində bəşəri çağırışlara cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi. Rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan bu dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvətxorluğa və korrupsiyaya qarşı qəti və prinsipial mübarizəyə başladı və qısa müddətdə bunun müsbət nəticələri hər bir insanın həyatında özünü göstərmişdi. Bu baxımdan Heydər Əliyevin "Literaturnaya qazeta"dakı "Qoy ədalət zəfər çalsın" başlıqlı müsahibəsi nəinki respublikamızda və bütün ittifaq məkanında, eləcə də xaricdə böyük əks-səda doğurmuşdu.
Böyük strateq hələ hakimiyyətinin birinci mərhələsində milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən qətiyyətli tədbirlər həyata keçirmişdi. Ulu öndərin dəstəyi ilə Azərbaycan tarixçiləri keçmişimizin araşdırılmasına başlayaraq xalqımızın şanlı tarixinin qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışdılar. Yaranmış əlverişli imkanlardan istifadə edərək tariximizin öyrənilməsi, ədəbiyyatımızın və ana dilimizin inkişafı ilə bağlı köklü araşdırmalar aparan görkəmli alimlərimiz, ədib və şairlərimiz, dilçi alimlərimiz dövlət mükafatlarına layiq görülmüşdülər. Bakı ittifaqda türkologiya elminin mərkəzinə çevrilmişdi. Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə dil amilini ən əhəmiyyətli məsələlərdən biri kimi gündəmə gətirmişdi. Azərbaycan dilinin tətbiqinə və inkişafına xüsusi diqqət və qayğı göstərilmişdi, ana dilimiz Konstitusiyada dövlət dili kimi təsbit olunmuşdu.
Elm və təhsil hər bir xalqın inkişafının əsasıdır. Dünya təcrübəsi gösrərir ki, bu sahələrin tərəqqisinə xüsusi önəm verən xalqlar dünya arenasında layiqli yer tutur, davamlı və sabit inkişaf strategiyasını uğurla müəyyənləşdirirlər. Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində milli-mənəvi irsə qayğısının mühüm tərkib hissəsini də məhz elm və təhsilin inkişafı məsələləri əhatə edirdi. Ümummilli lider Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada fundamental, texniki və humanitar elmlərin tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyəti Heydər Əliyev tərəfindən əsası qoyulan mütərəqqi elm və təhsil ənənələrini uğurla davam etdirdiyini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Ümummilli liderin hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəlməsində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verdiyini təmin etmişdir. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələri şəbəkəsinin yaradılması və onların zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır.
1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul edilərkən keçirdiyimiz qürur və iftixar hissləri hələ də yaddan çıxmayıb. Onu da unutmamışıq ki, ilk vaxtlar müstəqilliyimiz yalnız kağız üzərində mövcud idi. Ölkənin o vaxtkı iqtidarlarının istər daxili, istərsə də xarici siyasət sahəsində uğursuz idarəçilik metodları və tam bacarıqsızlığı daxili siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırmış və separatçı meyillərin güclənməsi üçün zəmin yaratmışdı. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı.
Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət elan edildikdən sonra daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə acı məğlubiyyətlər, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.
Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi.
1993-2011-ci illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşməsi, xüsusən də müstəqillik amilinin praktik şəkildə bərqərar olması baxımından elmi-intellektual yüksəlişi ön sıraya çəkmişdir. Elm və təhsil sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Sivil dünya gerçəklikləri ilə çuğlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişməsi məsələləri ulu öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur.
Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır.
"Təhsil haqqında" Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib.
Prezident İlham
Əliyev hesab edir ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi
yolu ilə formalaşan
yeni təfəkkürlü intellektual elita ölkənin
perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir.
Dövlət başçısı ölkədə İKT-nin inkişafı ilə bağlı mühüm işlər görüldüyünü
önə çəkərək demişdir:
"Bu gün İKT
sahəsində görülən işlər ölkələrin
gələcəyini müəyyən edəcəkdir. Kim ki o
sahədə bilikli və bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi daha da güclü
olacaqdır. Təbii sərvətlər gec-tez
tükənir. Bizim üstünlüyümüz
ondadır ki, bu,
vardır və biz o imkanlardan səmərəli istifadə edirik. Ancaq eyni zamanda, bu
kapitalı "insan kapitalı"na investisiya
kimi qoyuruq".
Ölkə miqyasında tanınmış
ali məktəblərdən
biri olaraq zəngin ənənələri,
kadr potensialı və elmi nailiyyətləri
ilə bir sıra uğurlara imza atmış Azərbaycan Texniki Universiteti də fəaliyyətində dövlət
başçısının dövrün tələblərinə
əsaslanaraq irəli
sürdüyü mütərəqqi
prinsiplərə, qlobal
çağırışlara söykənir. Prezident İlham Əliyevin
elm və təhsil strategiyasını əldə
rəhbər tutan universitet nəinki nüfuzunu və elmi səviyyəsini qoruyub saxlayır, eyni zamanda fəaliyyətini
qloballaşan dünyanın
yeni tələblərinə
uyğun qurur.
Ulu öndərin
müdrik siyasi kursu onun ən
layiqli siyasi varisi, Azərbaycanın və regionumuzun yeni parlaq lideri,
Prezident İlham Əliyev tərəfindən
uğurla davam və inkişaf etdirilir. Bu gün müstəqil Azərbaycan
istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın
qüdrətli dövlətləri
sırasında qəbul
edilir. Heydər Əliyevin müdrik
siyasi kursuna Azərbaycanda alternativ yoxdur və bu kurs ölkəmizi
daha firavan gələcəyə aparır.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru, professor
Xalq qəzeti.- 2012.-
22 iyul.- S. 3.