Tarixi gedişatın dönüş məqamı

 

Ulu öndər Heydər Əliyevin 1990-cı ilin 22 iyulunda Naxçıvana qayıdışı ilə Azərbaycanın tarixində yeni səhifə açıldı Heydər Əliyev Azərbaycanın xilaskarına çevrildi

 

1969 -cu ilin 14 iyulundan Azərbaycana rəhbərlik etməyə başlayan ümummilli lider Heydər Əliyev keçmiş Sovetlər Birliyində geridə qalan respublikanı qısa müddətdə geniş tərəqqi yoluna çıxarmış, dünyada tanıtdırmışdır. O dövrdə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanılmış, iqtisadi potensial yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, səhiyyə, mədəniyyət güclü inkişaf prosesi keçirmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülmüşdür. Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin əsası xalqımızın böyük oğlu Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur.

 

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı və Siyasi Büronun üzvü olduğu 1982-87-ci illərdə də görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev bütün imkanlarını, gücünü və bacarığını Azərbaycanın tərəqqisinə yönəltmişdir. Aydın siyasi mövqeyə, böyük vətəndaş qeyrətinə malik ulu öndər Heydər Əliyev Bakıda da, Moskvada da zaman-zaman Azərbaycanın bədxahlarının təzyiqləri ilə üzləşmiş, lakin heç bir qüvvə onu tutduğu haqq yoldan, xalqa və yurda fədakar xidmət amalından döndərə bilməmişdir.

1969-cu ilin 14 iyulu kimi, 1990-cı ilin 22 iyul günü də Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır. 1990-cı ildə Azərbaycan ağır dövr yaşayırdı. Xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir dövrdə - 1990-cı ilin iyul ayının 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gələn ümummilli liderimiz Heydər Əliyev xalqın xilaskarına çevrilmişdir.

Ulu öndərimiz burada əhali tərəfindən böyük coşquyla qarşılanmışdır. Həmin dövrdə Naxçıvan da son dərəcə ağır bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq iflic olmuş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı. Digər tərəfdən isə bədnam ermənilərin aramsız hücumları ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyınin Naxçıvana ögey münasibətini də xatırlasaq, muxtar respublikanın çətin durumu göz önünə gələr. Belə bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrilmışdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dediyi kimi, "Tale ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən ulu öndər özünə Naxçıvan boyda abidə ucaltdı".

Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı, burada Azərbaycanın xilası naminə tədbirlər həyata keçirməyə başlaması nəinki naxçıvanlıların, bütün Azərbaycan xalqının inamını özünə qaytarmışdır.

"Şərq qapısı" qəzetinin 1990-cı il 26 iyul tarixli nömrəsində dərc edilən müsahibədə "Mən Azərbaycanın iqtisadi və siyasi suverenliyinin, tam müstəqilliyinin tərəfdarıyam" - deyən ümummilli liderimizin ölkəmizin müstəqilliyi uğrunda əlindən gələni əsirgəməyəcəyi açıq-aydın hiss olunurdu. Jurnalistin "Dünən Nehrəm kəndinin camaatı Sizi Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd irəli sürdü. Mən inanıram ki, Siz deputat seçiləcəksiniz. Belə olan təqdirdə nə kimi platforma irəli sürmək istərdiniz?" - sualına ulu öndərimiz belə cavab vermişdi: "Platformamı yuxarıda dedim. Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq".

Azərbaycanın fəlakətlər girdabına sürükləndiyi bir dövrdə muxtar respublikanın əhalisi böyük uzaqgörənlik nümunəsi göstərərək görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşmiş, ulu öndərimizi Azərbaycan və Naxçıvan Ali Sovetinə deputat seçmişdi.

1990-cı ilin sentyabr ayında Nehrəm kəndində seçicilərlə görüşdə ümummilli liderimiz demişdi: "Respublikanın bu ağır iqtisadi və siyasi böhrandan çıxması üçün var qüvvəmi sərf edəcəyəm. Xalqımız çox çətin dövr keçirir. İttifaqın başqa regionlarına nisbətən Azərbaycan daha ağır vəziyyətdədir. Çünki iqtisadiyyatdan və siyasətdən əlavə, qəsbkarlıq niyyətində olan düşmənlər də bizə mənəvi zərbə vurur. Mən bütün səyimi, bacarığımı və qüvvəmi Azərbaycanda əmin-amanlığın təmin olunmasına sərf edəcəyəm, Azərbaycanın milli ənənələri, milli xüsusiyyətləri ilə inkişaf etməsinə çalışacağam. Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır. İndi hər şeydən əvvəl bütün siyasi qüvvələr birləşməli, Azərbaycanın xoşbəxt gələcəyi naminə mübarizə aparılmalı, xalqın tərəqqisinə kömək etməlidir".

Ulu öndərimizin Azərbaycanın müstəqilliyi naminə həyata keçirdiyi tədbirlər qısa zaman ərzində öz bəhrəsini vermişdir. Həmin dövrdə Naxçıvanda Azərbaycanın müstəqilliyi uğrunda düşünülmüş addımlar atılmışdır.

1990-cı il noyabrın 17-də ulu öndərimizin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında", "Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı haqqında" tarixi qərarlar qəbul edilmişdir.

Həmin qərarlara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Respublikasının adından "Sovet" və "Sosialist" sözləri çıxarılmış, Naxçıvan Muxtar Respublikası Ali Soveti Ali Məclis adlandırılmışdır. Azərbaycan Respublikasının ali qanunvericilik orqanının Azərbaynın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdir.

Azərbaycan siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar muxtar respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdır.

1991-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikada görülən işlər Azərbaycan miqyasında böyük siyasitarixi əhəmiyyətə malik olmuşdur. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması, Naxçıvan üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, aqrar islahatların həyata keçirilməsi Azərbaycanın inkişafı naminə görülmüş əvəzsiz xidmətlər idi. Blokada şəraitində olan Naxçıvana məhz ulu öndər Heydər Əliyev həyat vermiş, onun müdafiə qüdrətini möhkəmləndirməklə yanaşı, dağılmış iqtisadiyyatın bərpasını, mədəni dirçəlişi təmin etmişdir.

O dövrün Naxçıvanını xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: "Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın, tərəqqinin Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla Azərbaycanda böyük nümunə gücünə malik idi. Bütün bunların nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin-amanlıq yaranmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdır. Böyük öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nüminəsi idi". Fəaliyyətinin Naxçıvan dövründə dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin ən nüfuzlu, qüdrətli, mütəşəkkil, kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını yaratmış, qısa müddətdə bu partiya xalqın maraqlarının əsl ifadəçisi və müdafiəçisinə çevrilmişdir.

O illərdə həyata keçirilən islahatlar bugünkü Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təməl daşlarıdır. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində "Ümid" körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük keçid məntəqələri fəaliyyətə başlamışdır. Eyni zamanda, həmin vaxt enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ilk addımlar atılmış, Naxçıvan şəhərinin yaxınlığında İstilik Elektrik Stansiyası tikilmiş, Türkiyə və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkilmişdir. Muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi üçün özəl müəssisələr yaradılmağa başlanılmış, aqrar sahədə islahatlar aparılmış, bir sözlə, Naxçıvan yeni quruculuqinkişaf yoluna qədəm qoymuşdur.

Naxçıvanda Azərbaycanın inkişafı naminə addımların atıldığı bir dövrdə bunun əksinə olaraq, respublikanın o zamankı rəhbərliyi tərəfindən ölkə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji maraqları olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması təhlükəsi gözlənilirdi. Ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinin həyata keçirdiyi bu cür antiazərbaycan siyasəti ilə razılaşmır, öz narahatlığını və etirazını çəkinmədən, cəsarətlə bildirirdi. Bu isə o qədər də asan məsələ deyildi. Dahi şəxsiyyət daim təqiblərə, hədələrə, siyasi mübarizə metodlarına sığmayan təsirlərə məruz qalırdı. Hətta o zaman AXC - Müsavat iqtidarının təhriki ilə bir qrup silahlı şəxs Naxçıvanda ilk dövlət çevrilişi cəhdinə əl atmışdı. Muxtar respublika Daxili İşlər Nazirliyinin və Dövlət Televiziyasının binaları ələ keçirilmişdi. Lakin Heydər Əliyev dühasına inanan, onunla həmrəy olan xalqın qətiyyətli mövqeyi nəticəsində sonrakı çevriliş cəhdləri kimi bu niyyət də tam iflasa uğramışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikanın yaradılmasının 85-ci ildönümünə həsr olunan təntənəli mərasimdəki çıxışında ulu öndərin Naxçıvana qayıdışını muxtar respublikanın xilası günü kimi dəyərləndirərək demişdir: "Sovet İttifaqı dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən - 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev Sovet rəhbərliyini kəskin şəkildə ittiham etdiSovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. ... Heydər Əliyev öz vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu".

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etsə də, istiqlala qovuşmuş xalq ürək dolusu sevinməyə macal tapmamış ağır problemlər məngənəsinə düşmüşdü. O zaman ölkəyə rəhbərlik edən şəxslərin bacarıqsızlığı ağır nəticələrə gətirib çıxarmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Ölkəmizin haqq işini beynəlxalq təşkilatlarda, dünya miqyasında müdafiə etməli olan ağıllı rəhbərliyin, düşünülmüş siyasətin yoxluğu gənc müstəqil dövlətimizin təklənməsinə gətirib çıxarmışdı.

İqtisadi islahatlar aparılmamış, əksər müəssisələr fəaliyyətini dayandırmış, əhalinin maddi durumu böhran vəziyyətinə düşmüşdü. Siyasi arenada hərc-mərclik, başıpozuqluq, nihilizm meylləri baş qaldırmış, demokratik dəyərlərin təşəkkülü istiqamətində heç bir görülməmiş, hakimiyyət korrupsiyalaşmış ünsürlərin əlində oyuncağa çevrilmişdi. Ayrı-ayrı regionlarda separatçı, bölücü qüvvələr öz mənfur niyyətlərini gerçəkləşdirmək üçün hərəkətə keçmişdilər.

Cəmisi il yarımlıq istiqlal yaşamış Azərbaycanın 1993-cü ilin yazında durumu belə idi. Belə bir vaxtda xalq yeganə düzgün, müdrik yolu seçdi - dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. "Olum, ya ölüm" dilemması qarşısında qalan Azərbaycanın xilası məhz Heydər Əliyev dühası sayəsində mümkün idi. 1993-cü ilin 9 iyununda xalqın qətiyyətli tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya qayıtmışdı. İmperiya əsarətindən müstəqilliyə keçid dövrünü yaşayan Azərbaycan üçün Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı hamıya həyat eşqi bəxş etmişdi.

1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi gerçəkləşmişdir. Ümummilli lidrimiz Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə Sədr seçilmişdi. Beləliklə, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdış günü olan 15 iyun əsl Milli Qurtuluş Gününə çevrilmişdir. 1993-cü ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev məramını hamıya çatdırmışdır: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır".

Xalqın bu böyük dahiyə bəslədiyi tükənməz ümidlər tezliklə uğurlu bəhrələrini vermişdir. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz",- deyən müdrik rəhbər qısa müddət ərzində ölkədə vətəndaş həmrəyliyinə, sabitliyə nail olmuşdur.

Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə həyata keçirilməsi ilə səciyyələnir. Ulu öndər haqlı olaraq qeyd edirdi: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir".

Azərbaycanda belə bir missiyanı məhz ümummilli liderimiz Heydər Əliyev həyata keçirmişdi. Ölkədəki hərc-mərclik, anarxiya aradan qaldırılmış, qanunların aliliyinə əsaslanan idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılmışdır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, Qarabağ münaqişəsinin ədalətli həlli, haqq işimizin dünyaya çatdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Bu gün müstəqilliyin yolları ilə inamla addımlayan Azərbaycanda böyük öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlara imza atır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da böyük inkişaf yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu nurlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca müstəqil Azərbaycanın inkişafına xidmət edəcək.

 

 

Tural SƏFƏROV,

"Şərq qapısı" qəzetinin

baş redaktoru, Naxçıvan

 

Xalq qəzeti.- 2012.- 24 iyul.- S. 3.