Azərbaycanda
kosmik sənayenin yaradılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir
Azərbaycanda
informasiya və kommunikasiya texnologiyaları sahəsinin
yaxın gələcəkdə neft sənayesindən sonra
iqtisadiyyatın ən inkişaf etmiş sektoruna çevriləcəyi
gözlənilir. İnformasiya və kommunikasiya
texnologiyalarının geniş tətbiqi ölkəmizin hərtərəfli
inkişafına xidmət göstərməklə
yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin
təmin olunması baxımından da xüsusi əhəmiyyətə
malikdir. Bu baxımdan ölkə Prezidentinin 17 avqust 2009-cu il
tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı"
mühüm önəm daşıyır.
Adı
çəkilən proqramda qarşıya qoyulmuş strateji məqsədlərə
nail olmaq üçün müvafiq idarəetmə strukturunun
təşkili, kosmik sənayenin yaradılması və
inkişafı, telekommunikasiya peykinin hazırlanaraq orbitə
çıxarılması, kosmik sənaye və informasiya
texnologiyalarının nanotexnologiyalardan geniş istifadə etməklə
hüquqi bazasının təkmilləşdirilməsi, yeni
normativ hüquqi aktların qəbulu və s. məsələlər
öz ifadəsini tapmışdır.
Yeri
gəlmişkən, respublikada kosmik sənayenin
yaradılması ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Belə ki, kosmik informasiyanın qəbulu və
emalı işlərinə hələ dahi rəhbərin
respublikamıza rəhbərliyinin birinci dövrünün ilk
illərində 1974-cü ildə Bakıda təbii
ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin
təşkili ilə başlanılmışdır. Həmin
vaxtdan etibarən Azərbaycan EA-nın nəzdində
yaradılan "Kosmik cihazqayırma məxsusi konstruktor
bürosu"nda kosmik tədqiqatlar aparılmışdır.
Hazırda isə ölkəmizdə kosmik texnika və
texnologiyaların hazırlanması və aerokosmik məlumatlardan
yararlanmaqla müxtəlif tətbiqi məsələlərin həllilə
bilavasitə məşğul olan dövlət qurumu-Müdafiə
Sənayesi Nazirliyinin tabeliyində Milli Aerokosmik Agentliyi fəaliyyət
göstərir. Ötən müddətdə həmin agentlikdə
kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin
yaradılması istiqamətində mühüm uğurlar əldə
edilmiş, Müdafiə Nazirliyi və Azərbaycan MEA-nın
qurumları ilə əlaqələr gücləndirilmiş,
müxtəlif təyinatlı layihələr
reallaşdırılmışdır. Bakıda kosmik
cihazqayırma təcrübi zavodunda hazırlanan, rentgen və
qamma şüalanmalarının lokal mənbələrini
aşkarlamağa imkan verən "PulsarX-1" spektrometri 15 ilə
yaxın müddətdə "Salyut-7" və "Mir"
orbital komplekslərində fəaliyyət göstərərək,
öz funksional imkanlarını uğurla nümayiş
etdirmişdir.
Yuxarıda
adı çəkilən Dövlət Proqramının əsas
məqsədi respublikada kosmik sənayenin yaradılması və
tərəqqisi, dövlət strukturlarının peyk rabitəsinə
olan tələbatının ödənilməsi, regionlarda əhalinin
teleradio yayımına artan tələbatının təmin
edilməsi, ölkənin beynəlxalq rabitə
kanallarının artırılması, kosmik fəzadan səmərəli
istifadə olunmaqla iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik
və s. sahələrin dinamik inkişafıdır. Kosmik sənaye
sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsi, respublikanın kosmik sənaye
potensialının möhkəmləndirilməsi, kosmik sənaye
texnikasının inkişafı, yeni rabitə xidmətlərinin
təşkili, teleradio yayımı, Yerin məsafədən
zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə
hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və
xilasetmə üzrə proqramlar və s. bu sahənin güclənməsinə
geniş perspektivlər yaradacaqdır.
Peyk
rabitəsi xidmətlərinin respublikada daha geniş və
keyfiyyətli təşkili məqsədilə Azərbaycana məxsus
peykin geostasionar orbitə çıxarılması xüsusi əhəmiyyət
kəsb edir. Bunun üçün hazırda bir telekommunikasiya
peykinin orbitə çıxarılması
planlaşdırılır. Azərbaycan telekommunikasiya peykinin
"C" və "Ku" tezlik diapazonunda fəaliyyət
göstərməsi Avropanın tam, Asiyanın isə
böyük bir hissəsini əhatə edəcəyi
planlaşdırılır. Həmin peyk vasitəsilə
telefon rabitəsi, televiziya və radio yayımları, yüksəksürətli
internet, multimedia xidmətləri göstəriləcək və
korporativ "VSAT" şəbəkələri
yaradılacaqdır.
İlk milli telekommunikasiya peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması istiqamətində indiyədək bir sıra tədbirlər reallaşdırılmışdır. Bunlardan bir qisminə diqqət yetirək. İlk öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) yaradılmış işçi qrup tərəfindən dünyada peyk sahəsində tanınmış şirkət və peyk operatorlarının nümayəndələri ilə peykin orbitə çıxarılması istiqamətində müzakirələr aparılmışdır. Görüşlərdə Azərbaycanın maraqları üçün daha əlverişli və konstruktiv təklif Malayziyanın "MEASAT" şirkəti tərəfindən bildirilmişdir. Xatırladaq ki, 2008-ci ildən etibarən RİTN ilə "MEASAT" şirkəti arasında danışıqlara başlanılmış, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Malayziyaya ayrılmış 46Ş.U orbital mövqedən birgə istifadə ilə bağlı müqavilə imzalanmışdır. Eyni zamanda, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin satınalınması üçün "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2009-cu ilin yanvar ayında elan edilmiş tenderə dünyanın tanınmış peyk istehsalçıları qatılmışlar. Tenderin qalibi isə "Orbital Sciences Corporation" şirkəti olmuşdur.
BTİ ilə aparılan işlərin nəticəsində planlı zolaqda respublikamızı və qonşu ölkələri əhatə etmək şərtilə 23.2 Ş.U və 95.9 Ş.U orbital mövqelər Azərbaycana ayrılmışdır. Bununla belə, telekommunikasiya peykinin Avropa və Asiyanı da əhatə etməsi üçün plandankənar zolaqda 43.2 Ş.U, 58.5 Ş.U və 95.9 Ş.U orbital mövqelərinin ayrılması ilə bağlı BTİ-yə müraciət edilmiş və bu istiqamətdə mövcud prosedur qaydalara uyğun olaraq sözügedən qurum tərəfindən müəyyənləşdirilmiş ölkələrlə koordinasiya tədbirləri reallaşdırılmışdır.
Telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Eyni zamanda, peykin istehsalı və orbitə çıxarılması üçün müvafiq olaraq ABŞ-ın "Orbital Sciences Corporation" və Fransanın "Arianespace" şirkətləri ilə müqavilələr imzalanmışdır. "Azerspace" telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulmuşdur.
Kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin qurulması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədilə məqsədyönlü işlər yerinə yetirilmişdir və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space - COPUOS) üzvlüyü təsdiq edilmişdir.
Xatırladaq ki, 1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan COPUOS kosmik fəzanın sülh məqsədlərilə istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın miqyasının təhlilini aparır, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım göstərir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir. Onu da deyək ki, bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədlərilə istifadəsi tədqiqatı ilə əlaqədar meydana çıxan hüquqi problemlərin müzakirəsi üçün vacib beynəlxalq mexanizm hesab edilir. Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü var.
Qeyd edək ki, "Azerspace" ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən ən son texnoloji yeniliklərə əsaslanan "Star-2 Bus" platforması üzərində yığılır. Bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Həmçinin peyk geostasionar orbitə Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5" raket daşıyıcısı ilə çıxarılacaqdır.
Hazırda Azərbaycanda peykin idarə edilməsini həyata keçirmək üçün yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat yerüstü peyk idarəetmə mərkəzləri inşa edilir. "Azerspace" peyki Malayziya hökumətinə məxsus və bu ölkənin "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılacaqdır. Peykdə "C" və "Ku" tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcəkdir.
Mütəxəssislərin fikrincə, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcəkdir. Bura qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, respublika ərazisində yaşayan əhalinin yüksək keyfiyyətli peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, ölkəmizdə ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması, dənizdə və quruda neft dağılmalarının miqyasının müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Yeni iş yerlərinin yaranması və sahə üçün mütəxəssislərin hazırlanması məsələlərini də siyahıya əlavə etsək, onda süni peykin orbitə buraxılmasının həm əhali, həm də ölkəmiz üçün yeni töhfələr verəcəyini qeyd etmək lazımdır. Bədxah qonşularımız Azərbaycanın bu nailiyyətini də böyük ürək ağrısı ilə izləyir, imkan daxilində bu planları pozmağa cəhd göstərirlər.
ABŞ-dakı Erməni Milli Komitəsi İctimai Birliyi Azərbaycanın süni peyki ilə bağlı ABŞ Konqresinə etiraz məktubu göndərib. Onlar narahatlıqlarını ifadə edərək müraciətlərində bildiriblər ki, Azərbaycan süni peyki hərbi məqsədlər üçün istifadə edəcək və bu da Ermənistana birbaşa təhlükədir. Onlar müəyyən qədər bəzi konqresmenlərə təzyiq də göstəriblər. Ancaq Azərbaycan bundan yalnız sülh məqsədləri üçün istifadə etmək niyyətindədir. Bunu Azərbaycanın rəsmi dairələri də dəfələrlə vurğulamışlar.
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ardıcıl olaraq icra edilir. Kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədilə məqsədyönlü işlər yerinə yetirilib və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space - COPUOS) üzvlüyü təsdiq edilib. Bu barədə mincom.gov.az saytı məlumat yayıb. 1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan COPUOS kosmik fəzanın sülh məqsədlərilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyasını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir və bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədlərilə istifadəsi tədqiqatı ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir.
Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü var. Azərbaycanın COPUOS-un üzvü təsdiq olunması üçün RİTN respublika rəhbərliyinin və aidiyyəti qurumların bilavasitə dəstəyi ilə 2009-cu ildə komitənin Bakıda seminarını təşkil edib və son illərdə keçirilmiş iclaslarda RİTN-in nümayəndələri müşahidəçi kimi aktiv iştirak ediblər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 24 iyul.- S. 4.