Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

 

Azərbaycan, Bakı siyasi-iqtisadi sahələrdə dialoqun keçirildiyi, formalaşdığı yerlərdən birinə çevrilibdir. Azərbaycan, Bakı artıq çox mötəbər beynəlxalq forumların keçirilməsi məkanına çevrilmişdir. Məhz buna görə, çox şadıq. Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu, ölkəmizin tarixi irsidir. Ona görə ki, Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olmuşdur. Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririkbunun gücləndirilməsinə çalışırıq.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycanın 20 illik müstəqiliyi dövründə əldə etdiyi nailiyyətlər dünya birliyində çox yüksək səviyyədə qiymətləndirilir. Bu müdət ərzində ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlar əldə etmiş, postsovet respublikaları ilə müqayisədə yüksək nailiyyətlərə imza atmışdır. Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmizdə bütün xalqların nümayəndələri bərabərhüquqlu yaşamış və fəaliyyət göstərmişlər. Bu bərabərlik indi də yüksək səviyyədə özünü göstərir. Azərbaycanda din, vicdan azadlığı tam şəkildə bərqərar olunub. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilərək və ya əsaslı şəkildə təmir edilərək din xadimlərinin ixtiyarına verilmişdir. Milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması beynəlxalq aləm tərəfindən də dəyərləndirilir. Müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu ölkəmizdə tam təhlükəsizlik şəraitində birlikdə yaşamaları Azərbaycan üçün təbii bir hal olub. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan çox böyük tarixə malik olan bir ölkədir.

 

Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ölkəmizin nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində, həmçinin milli dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı ilə yanaşı beynəlxalq aləmə inteqrasiyası da mühüm rol oynayırdı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulmaqla ölkəmizin sosial - iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənmsəində qətiyyətli addımlar atdı. Müstəqil dövlətimiz qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Konfransı Təşkilatı, Türkdilli Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankının üzvü oldu, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər nüfuzlu beynəlxalq və regional qurumlarla sıx əlaqələr yarandı. Müstəqil dövlət quruculuğu prosesində qarşıya çıxan problemlərin həllində bu təşkilatların potensialından istifadə etməklə ölkəmiz tədricən inkişaf etmiş dövlətlər sırasına qoşuldu.

Ümummmilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə böyük önəm verdi. Dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət kursunda əsas istiqamətlərdən birinin məhz mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratması heç də təsadüfi deyidi. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə olduğu kimi çatdırılmasnda, Ermənistanın işğalçı dövlət olması barədə dünya birliyində rəy formalaşdırılması üçün nüfuzlu təşkilatlarla əməkdaşlıq etmək, həmin təşkilatların tədbirlərində fəal iştirak etmək və beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsinə nail olmaq böyük əhəmiyyət kəsb edirdi. Düzgün müəyyənləşdirilmiş strategiya Azərbaycanın dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirdi və əlaqələrini genişləndirdi. Ölkəmizin getdikcə artan iqtisadi qüdrəti bu sahədə böyük rol oynadı. Çünki yalnız iqtisadi cəhətdən güclü, qüvvətli olan dövlət qarşıya qoyduğu məqsədlərə nail ola bilər.

Azərbaycanın sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması ölkəmiz qarşısında geniş perspektivlər açdı. İnkişaf etmiş dövlətlərin Azərbaycanla əməkdaşklıq etməsində maraqlar daha da çoxaldı. Çünki ötən illərdə dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda əhalinin həyat səviyyəsi yüksəldi, yoxsulluğun səviyyəsi aşağı düşdü, yeni müəssisələr yaradıldı, iş yerləri açıldı və ölkəmiz regionda lider dövlətə çevrilidi. Bunu respublikamıza səfərə gələn tanınmış ictimai - siyasi xadimlər, iqtisadçılar, ekspertlər və diplomatlar da təsdiqləyirlər. Məsələn, bir müddət əvvəl Azərbaycanda keçirilmiş 23-cü Krans Montana Forumunda iştirak edən qurumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron demişdir:"Azərbaycan çox qısa bir müddətdə "Cənub-Cənub əməkdaşlığı"nın mərkəzinə çevrilmişdir. Yəni, o, dünyanın gələcəyini təşkil edən ölkələrin sırasına daxil olmuşdur. Cənub-Şimal əməkdaşlığı artıq tükənmişdir. Çünki şimal ölkələri cənub ölkələrindən çox sui-istifadə etmişlər. Bu gün cənub ölkələrinin geniş potensialı vardır. Onlar artıq çox güclüdürlər. Məncə bu gün cənub ölkələri elə bir əməkdaşlıq qura bilərlər ki, bu, onlara layiqincə inkişaf etməyə imkan verər. Burada xüsusilə Azərbaycanın rolunun böyük olduğunu qeyd etmək istərdim.Biz bunun Prezident İlham Əliyevin simasında təsdiqini gördük. Azərbaycan dövlətinin başçısı Forumun açılış mərasimindəki nitqi ilə də bunu tam təsdiq etmişdir. Prezident İlham Əliyev mövcud vəziyyəti bir çox ölkələrin rəhbərlərində olmayan böyük məharətlə izah etmişdir. Azərbaycan Prezidenti çox səriştəli rəhbərdir. Mənim dediklərim kompliment deyil, bu, həqiqətdir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafı naminə gördükləri işlər və bunun sayəsində əldə olunmuş nailiyyətlər yalnız onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda get-gedə daha böyük rol oynayacaqdır".

Artıq Azərbaycanda böyük əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Ölkəmizin getdikcə artan iqtisadi gücü də buna imkan verir. Son illər respublikamızda keçirilən yüksək səviyyəli tədbirlər də təsdiqlədi ki, Azərbaycan ən mötəbər qurumların tədbirlərini keçirməyə qadirdir. Belə tədbirlərin paytaxyımızda keçirilməsində ilk təşəbbus elə bizim tərəfimizdən irəli sürülmüşdür. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib. Ümumiyyətlə, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır. İqtisadi, siyasi və digər sahələrdə ikitərəfli əməkdaşlığın potensialını artırmaqla yanaşı, mədəni mübadilə də əhəmiyyətli komponentdir.

Son illər Bakı əsl dialoq məkanına çevrilmişdir. Yaxın keçmişə nəzər salsaq, bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyinin şahidi olarıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci ilin dekabrında Bakıda keçirilmiş konfrasındakı nitqində müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi" təşəbbüsünü irəli sürmüşdür. Elə həmin il bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir. Bunun ardınca ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilmişdir. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Bundan sonra Azərbaycan paytaxtının bu yöndə ev sahibliyi etdiyi daha bir mötəbər beynəlxalq məclisdə - 2009-cu ilin oktyabrında İslam Konfransı Təşkilatına üzv olan ölkələrin, həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin konfransı çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş "dəyirmi masa"da "Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış" adlı rəsmi sənəd qəbul edilmişdir. Belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi üçün Azərbaycanda həm güclü sosial baza, həm də əlverişli mühit mövcuddur. Elə həmin il TÜRKSOY-un Daimi Şurasının Bakıda keçirilmiş 26-cı toplantısı da öz işini uğurla başa vurmuşdur. Bir il sonra, mayın 20-də Bakıda YUNESKO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya"sının təqdimat mərasimində Azərbaycanda daha bir mötəbər tədbirin keçiriləcəyi barədə məlumat verildi. Bu, "Bakı Prosesi"nin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu idi. Ölkəmiz bu nüfuzlu tədbirin də yüksək səviyyədə keçirilməsinə nail oldu və bir daha təsdiqlədi ki, Azərbaycan hər hansı bir beynəlxalq əhəmiyyətli tədbiri keçirməyə qadirdir. Dünyadə ilk dəfə keçirilən - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində müstəqil dövlətimiz tərəfdən reallaşdırılan təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi əsasda beynəlxalq forumlar təsis etmək olan belə bir mötəbər məclisə Azərbaycanın ev sahibliyi etməsi düşünülmüş şəkildə həyata keçirilən strategiyanın məntiqi nəticəsi idi. Onu da qeyd edək ki, bu mötəbər tədbirdə 20 dövlətin (Avstriya, Çexiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Tailand, Gürcüstan, Bruney, Əfqanıstan, Kuba, Efiopiya, Qırğızıstan, Makedoniya, Qətər, Toqo, Ukrayna, Latviya) mədəniyyət nazirlərinin, bir neçə ölkənin (Peru, Litva, Küveyt) nazir müavinlərinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən YUNESKO-nun baş katibinin, İSESKO-nun baş direktorunun, Avropa Şurasının baş katibinin, eyni zamanda, Avropa Şurası Parlament Assambleyası prezidentinin, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, ümumiyyətlə, 400 nəfərdən çox nüfuzlu nümayəndə iştirak etmişdir. Azərbaycan Prezidentinin ideya müəllifi, təşəbbüsçüsü və təşkilatçısı olduğu bu möhtəşəm tədbir ölkəmizin dünya miqyasındakı reytinqini xeyli artırmış, əlaqələrini daha da genişləndirmişdir. Azərbaycan bu əhəmiyyətli tədbirə ev sahibliyi etməklə beynəlxalq təşkilatlar arasında əməkdaşlığa, Şərqlə Qərbin kəsişməsində yerləşən bir ölkə olaraq mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinə dəyərli töhfələr verdi. Bu tədbir bütövlükdə dünyanın mədəni həyatında mühüm hadisə kimi yaddaşlara əbədi həkk olundu və ölkəmizi müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanıtdı.

Azərbaycanın ev sahibliyi etdiyi daha bir beynəlxalq əhəmiyyətli tədbir "Eurovision-2012" mahnı müsabiqəsi oldu. Ümumavropa müsabiqəsinin sayca 57-ci şousu bütün dünyaya nümunə oldu. Avropa miqyaslı mədəni tədbirin Bakıda yüksək səviyyədə keçirlməsinə şübhə ilə yanaşanlar unudurdular ki, Azərbaycan belə tədbirləri digər ölkələrə nümunə olacaq dərəcədə keçirməyə qadirdir. Mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nın doqquz ay ərzində inşası dünya miqyasında rekord göstərici oldu. Forumun iştirakçıları hələ də bu tədbirin xoş təəssüratlarından ayrıla bilmirlər. Bu barədə çoxlu faktlar sadalamq olar. İştirakçılardan birinin yazdıqlarını xatırlatmaq istərdik. İspaniyanın Esctoday.com saytının əməkdaşı Sergio Jiandaninin müsahibələrinin birində yazıb: "Azərbaycan çox gözəl ölkədir. Zəngin mədəni irsiniz, mədəniyyətiniz, musiqiniz, mətbəxiniz var. Burda olmağımızdan böyük şərəf hissi duyuruq".

Beynəlxalq əhəmiyyətli hadisə olan "Eurovision-2012" möhtəşəm mədəni tədbir yaddaşlarda silinməz izlər buraxdı. Azərbaycan xarici qonaqlara möcüzəli anları yaşatdı. Ölkəmizə gələn çoxsaylı turistlər Azərbaycanın milli - mənəvi dəyərləri, qonaqpərvərliyi, adət-ənənələri ilə yaxından tanış oldular. Azərbaycanın birinci xanımı, Müsabiqənin Təşkilat Komitəsini sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tədbirin loqotipinin - insanları birləşməyə, sülhə və həmrəyliyə çağıran "Öz məşəlini alovlandır!" - devizi və odlu çiçək musiqi bayramının rəmzi oldu. Hər kəs bir daha Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi oldu. "Eurovision - 2012" mahnı müsabiqəsi bütün Avropa ölkələrinə Azərbaycanı gəlib görmək, əsl həqiqətlərin, reallıqların şahidi olmaq və tanımaq imkanı yaratdı.

Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunun Bakıda təşkil olunması heç də təsadüfi deyidi. Bu, Azərbaycanın regionda nüfuzunun sürətlə artmasının nəticəsi idi.Bakıda keçirilən Krans Montana Forumunda Gürcüstanın, keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri iştirak etmişlər.Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi" ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsi idi. Sevindirici haldır ki, sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - "Prix De La Fondation" mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir. Krans Montana Forumunun Bakıda keçirilən 23-cü illik toplantısında iştirak edən qurumun təsisçisi və prezidenti Jan Pol Karteron da bunu xüsusi vurğulayaraq demişdir:"Biz bilirik ki, Azərbaycanda hansı inkişaf prosesləri baş verir və ölkəniz dünyada güclü oyunçuya çevrilir".

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu, birmənalı olaraq özünü təsdiqləyib. Artıq 2014-cü ildə ATƏT Parlament Asambleyasının ilk yay sessiyasının Azərbaycanda keçirilməsi haqqında təşkilatın Daimi Komitəsində qərar qəbul olunub. Bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı çox böyük uğurların növbətisidir. Məlum olduğu kimi, illik sessiyanın təşkil olunması kifayət qədər məsuliyyətli və çətin işdir. Azərbaycanın bu tədbirin də yüksək səviyyədə keçirəcəyinə böyük əminlik var. Artıq qurumun rəsmiləri də bu barədə indidən proqnoz verirlər.Çünki onlar ölkəmizin beynəlxalq tədbirlərə necə yüksək səviyyədə ev sahibliyi etdiyinin dəfələrlə şahidi olublar.

Ölkəmizin sürətli inkişafı, beynəlxalq aləmdə reytinqinin, iqtisadi qüdrətinin və gücünün getdikcə artması deməyə əsas verir ki, Azərbaycan istənilən beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə qadirdir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 24 iyul.- S. 1.