Ağdamın hərtərəfli yüksəlişi düşməni sarsıdır, qələbəni yaxınlaşdırır

 

Qarabağın bolluq-bərəkət yuvası Ağdamın itirilməsindən 19 il ötdü. 19 ildir ki, zaman-zaman torpaqlarımıza göz dikmiş yağının niyyətini gözündə qoymuş bu torpağın övladları didərgin həyatı yaşayır. Bu 19 il həm də Ağdamın işğalına səbəb olmuş səhvlərin aşkar edilməsi, xəyanətkarların lənətlənməsi ilə əlamətdar olmuşdur. Bu 19 ilin ən əsas yönü isə o olmuşdur ki, ağdamlılar da bütün xalqımız kimi, işğalın faciəli nəticələrinin aradan qaldırılması yolunda əziyyətlərə sinə gərmiş, torpaqlarımızı geri qaytarmağa, daxili təminat yaradan sabitliyə və hərbi-iqtisadi gücün artırılmasına çalışmışlar.

 

Ağdamın işğalının 19-cu ildönümünə həsr olunmuş ümumrayon toplantısı da elə bu məqamın üstündə köklənmişdi. Tədbirdə bildirildi ki, 1993-cü ilin böhranlı yayında gözəl, abad əyalət şəhəri Ağdam və rayonun 125 kəndindən 81-i işğal altına düşəndə 150 min əhalinin 120 mini doğma ev-eşiyindən didərgin düşmüşdü. Qarabağın müdafiəsində isə 6 minədək sakin şəhid olmuşdu. O vaxt ölkə rəhbərliyinə yenicə dəvət olunmuş ümummilli lider Heydər Əliyevin müstəsna səyləri ilə yerdə qalan ərazilərin etibarlı müdafiəsi yaradılmış, didərginlərin nicatı üçün lazımi tədbirlər həyata keçirilmişdi. Sonrakı illərdə gerçəkləşdirilən proqramlar və əlavə tədbirlər nəticəsində rayonda 40 minədək yerli sakinin və 30 mindən çox kənar bölgələrdən olan köçkünün məskunlaşması və məşğulluğu təmin olunmuşdur.

Ötən 19 ildə ağdamlıların sayı 30 min nəfər artaraq 180 minə çatmışdır. Həyatın bütün istiqamətlərində islahatlar uğurla həyata keçirilmiş, rayon tərəqqi yoluna çıxarılmışdır. Ağdamlılar inarırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət tezliklə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək, ağrı-acılarımız tarixdə və xatirələrdə qalacaq.

Toplantıdan sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla müsahib olduq, son vaxtlar görülən işlərlə, uğurlarla tanış olduq. Başçının verdiyi məlumatdan öyrəndik ki, son vaxtlar rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli iş görülmüşdür.180 şagird yerlik Səfərli kənd tam orta məktəbinin binası, Birinci Dördyol qəsəbəsində "İctimai xeyir-şər evi", "Aqroservis" kompleksi istifadəyə verilmişdir. Birinci Yüzbaşılı uşaq bağçası, YAP rayon təşkilatının inzibati binası, Qarabağ müharibəsi əlillərinin binası əsaslı təmir olunmuşdur.

Quzanlı qəsəbəsində də tikinti, abadlıq işləri davam etdirilmişdir. Abadlaşdırılmış və yenidən qurulmuş Məşədi Abbas, Xudu Məmmədov, Füzuli, Mirzə Fətəli Axundov, Süleyman Sani Axundov ... küçələrinə asfalt örtüyü salınmışdır. Olimpiya İdman Kompleksinin zalı təmir olunmuşdur. Quzanlıda daş evlər olan köçkün qəsəbəsində 1800 metr yol çınqıl və qırmadaşla təmir olunmuşdur.

Xındırıstan kəndində piyadaların hərəkəti üçün 1100 metr uzunluğunda səki salınmışdır. Heydər Əliyev parkında yenidənqurma işləri aparılmış, şəlalə-bulaq kompleksi istifadəyə verilmişdir. Birinci Dördyol qəsəbəsindəki Güllücə musiqi məktəbinin və Musiqi kollecinin binasına istilik sistemi çəkilmişdir. Yayın isti günlərinə baxmayaraq, tikinti, abadlıq işləri davam etdirilir.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağdam rayonu üzrə nəzərdə tutulmuş 11 tədbirin 3-ü icra edilmiş, 7-si icra olunur. İlin əvvəlindən ümumi məhsul istehsalının həcmi artaraq 35 milyon 976 min manat olmuş, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 92 min manatya 6,2 faiz artmışdır. Sənaye məhsulunun ümumi həcmi 2 milyon 677 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 23 milyon 928 min manat, ticarət dövriyyəsi 4 milyon 362 min manat olmuşdur. Əsas kapitala yönəldilən vəsaitlər 4 milyon 437 min manata çatmışdır. Bu il rayonda 830 yeni yeri açılmış, ondan 559 daimi, 271 isə mövsümüdür.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və həmin sənədə əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 31 tədbirin icrası nəzərdə tutulmuşdur. Bu vaxtadək 17 tədbir başa çatmış, 4 tədbir isə icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. Bu il 535 nəfər fiziki, 6 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət , ticarət və emal sahəsi ilə məşğul olurlar. Əhalinin rifahının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi cəkisi 80,4 faiz təşkil edir. "Qafqaz kredit" təşkilatı 597 nəfərə 504,6 min manat, "Kaspian-İnvest" 212 nəfərə 162,8 min manat və "Azərkredit" 620 nəfərə 603,4 min manat mikro kredit vermişdir.

Rayon icra hakimiyyətinin daxili imkanlar hesabına 134 məcburi köçkün ailəsinin evi təmir olunmuş, qoşunların təmas xəttindən 3 kilometr məsafədə olan kəndlərin sosial şəraitinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Ağdam Elektrik Şəbəkəsi bir sıra tədbirlər həyata keçirmişdir.

Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün su-kanal idarəsi qəsəbələrdə 2650 metr yeni su xətti çəkmiş, 52 nasos təmir olunmuş, 2350 metr su boruları, 20 transfarmator təmir olunmuşdur. Birinci Dördyol qəsəbəsində 1 subartezian quyusunun qazılmasına başlanılmışdır. Rayonun suvarma suyu üçün lazım olan mənbələr işğal altında olduğundan əhali əsasən subartezian quyularından istifadə edir. 28249 hektar əkin sahəsinin suvarılması, əhalinin içməli suya olan tələbatının təmin edilməsi üçün 740 subartezian quyusundan və 3 nasos stansiyasından istifadə olunur.

Öyrəndik ki, təhsil şöbəsi cari dərs ilini 142 ümumtəhsil, 5 məktəbdənkənar müəssisə və 33 məktəbəqədər müəssisə ilə başlamışdır. 2012-ci ilin mart ayında uzun müddət yararsız binada fəaliyyət göstərən Səfərli kənd tam orta məktəbi üçün 180 şagird yerlik, zəruri avadanlıqlarla təmin edilmiş yeni məktəb binası, həmçinin Birinci Yüzbaşılı kənd uşaq baxçasında əsaslı təmir işləri yüksək səviyyədə başa çatdırılaraq istifadəyə verilmişdir. Alıbəyli, Hacıturalı, Qaradağlı və Çəmənli kənd tam orta məktəblərində əsaslı təmir işlərinə başlanılmışdır. Hazırda Alıbəyli kənd tam orta məktəbində təmir işləri qurtarmış, digər 3 məktəbdə isə sürətlə davam etdirilir.

Uzun illər unudulmuş Ağdam "Şur" ansamblı yenidən bərpa olunaraq maraqlı konsert proqramları vermişdir. Ağdam Dövlət Dram Teatrı müharibədən sonra öz fəaliyyətini, demək olar ki, dayandırmışdı. Hazırda Ağdam Dövlət Dram Teatrı yeni və zəruri avadanlıqlarla təmin olunmuş binada fəaliyyət göstərir. Bu günlərdə teatr kollektivi böyük dramaturq M.F.Axundovun "Sərgüzəşti-Vəziri xani Lənkaran" tamaşasını ictimayyətə təqdim etmişdir. Dramaturq Əli Əmirlinin "Qabırğa" komediyasına isə ictimai baxış keçirilmişdir.

Səhiyyə sahəsində son illərdə xeyli yeniliklər olmuşdur. Mərkəzi rayon xəstəxanası, demək olar ki, tam gücü ilə işləyir, zəruri avadanlıqlarla təmin olunmuşdur. 2012-ci ilin yanvar ayında Prezident İlham Əliyevin ayırdığı vəsait hesabına tikintisi başa çatdırılmış rayon doğum evi ,uşaq xəstəxanası, rayonun daxili imkanları hesabına müasir üslubda tikilmiş təcili yardım stansiyası da əhalinin istifadəsinə verilmişdir. Mərkəzi rayon xəstəxanasında stasionar xəstələrin isti yeməklə təmin olunması təşkil olunmuşdur.

"İdman ili" çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Respublika əhəmiyyətli yarışlarda iştirak edən idmançıların 7-si birinci yeri, 2-si ikinci yeri, 13-ü isə üçüncü yeri tutmuşdur.

Cari ilin birinci yarısında idman sahəsində qazanılan ən mühüm qələbələrdən biri həmyerlimiz, peşəkar boks üzrə ikiqat dünya çempionu Fariz Məmmədovun Almaniyada erməni boksçusuna 4-cü raundda nokautla qalib gəlməsi olmuşdur. Fariz Məmmədov bu qələbəsindən sonra rayona gəlmiş, onunla Olimpiya İdman Kompileksinin zalında möhtəşəm görüş keçirilmişdir.

Başçı aqrar sahədəki uğurlardan da söz açdı:

- Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 13 kəndli fermer təsərrüfatı, 200 nəfərə yaxın hüquqifiziki şəxs və 8900 ailə təsərrüfatına Subartezian Quyularının İstismarı İdarəsi, Suvarma Sistemləri İdarəsi və "Aqroservis" müəssisəsi xidmət göstərir. Aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Taxılçılığa xüsusi fikir verilir. Dövlət proqramı (2009-2013-cü illər) qəbul edildikdən sonra bu sahə ön plana çəkilmişdir. 2012-ci ilin məhsulu üçün 11415 hektar taxıl sahəsi biçilərək 38500 ton taxıl əldə edilmiş, hər hektardan məhsuldarlıq 33,7 sentner olmuşdur. Tərəvəz istehsalı daim artır. 2012-ci ildə 2197 hektar sahədə tərəvəz və 440 hektar sahədə kartof, 105 hektar sahədə yem çuğunduru əkilmişdir. Rayon üzrə iri mal 34780 baş, qoyun və keçilər 101463 başdır, ət istehsalı 1871 ton, süd 13726 ton, yumurta 4043 min ədəd, yun 153 ton olmuşdur. Heyvandarlığın inkişafı üçün əlverişli şəraitin olması bu sahənin daimi inkişafını sürətləndirir.

Rayonun ərazisində kənd təsərrüfatı sahəsində aparılan işlərin təhlili göstərir ki, koperasiyaların, iri fermer təsərrüfatlarının, torpağın analizi labaratoriyasının, ət kombinatının, quşçuluq fabrikinin, taxıl terminalının, soyuducu anbarın yaradılması vaxtı çatmışdır.

Başçı söhbətini belə yekunlaşdırdı:

- Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün "Dördyol" adlanan ərazidə yeraltı qazmalarda, qamış və çiy kərpicdən tikilmiş daxmalarda ağır vəziyyətdə yaşayan 932 ailə üçün yeni qəsəbənin, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Quzanlı qəsəbəsində 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə başlanmasına nail olmalıyıq. Kəndarası yolların təmirinə diqqəti artırmalı, Quzanlı qəsəbəsində yeni küçələrin salınmasına, Quzanlı-Üçoğlan-Səfərli, Quzanlı İmamqulubəyli-Ayaq Qərvənd yollarının tikintisinin plana salınmasına çalışmalıyıq. Rayonda əhali arasında yüksək əhval-ruhiyyəni təmin etmək, sağlam mühit formalaşdırmaq, problemlərin həllinə qayğı ilə yanaşmaq bizim ən vacib vəzifələrimizdəndır. Bu sahədə son iki ildə görülən işləri davam etdirməliyik.

Sonda bildirmək istəyirəm ki, Qarabağ müharibəsində nəyə qadir olduqlarını göstərmiş ağdamlılar möhtərəm Prezidentimiz İlham Əliyevə öz iqtisadisiyasi kursunun həyata keçirilməsində daim dəstək olmuşlar. Dövlətin fəal yardımı, insanların gecəli-gündüzlü zəhməti ilə Ağdam düşmənin gözü qarşısında hərtərəfli inkişaf edir. Ölkəmizin və rayonumuzun belə tərəqqisi dağılmaqda olan Ermənistanı təşvişə salır, artan qüdrətimiz ədaləti və qələbəni yaxınlaşdırır.

 

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV,

AğdamQuzanlı

 

Xalq qəzeti.- 2012.- 24 iyul.- S. 6.