Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə
göndərilən tələbələr və onların taleyi barədə qeydlər
1918-1920-ci illərdə
mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyəti (AXC) 23 aylıq
qısa ömrü ərzində bir çox tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Bildiyimiz
kimi, hazırkı müstəqil Azərbaycan
Respublikası həmin AXC-nin siyasi-hüquqi varisidir.
Hazırda istifadə etdiyimiz bir çox dövlətçilik
atributlarımız cümhuriyyətimizdən bizə miras qalmışdır. Müasir
müstəqil Azərbaycan öz sələfinin
1920-ci il bolşevik
işğalı nəticəsində yarımçıq
qalmış bir sıra planlarını həyata
keçirmiş və hazırda da bu proses
davam etməkdədir. O dövrdə
yarımçıq qalmış strateji hədəflərdən
biri də xaricdə təhsil siyasəti və
potensial kadrların xalqın və
dövlətin inkişafı üçün
istiqamətləndirilməsi olmuşdur.
Sözsüz
ki, yenicə yaranmış cümhuriyyətin təhsil
strukturları tam formalaşmamış, ölkədə
mövcud olan savadsızlıq, kadr
çatışmazlığı əsas problemlərdən
birinə çevrilmişdi. Xüsusilə ölkənin
inkişafı və idarə edilməsi üçün
xaricdə təhsil alan kadrlara ciddi ehtiyac yaranmışdı.
Əsas məqsəd xarici təhsil ocaqlarına, xüsusilə
də Avropa universitetlərinə tələbə göndərmək,
oxutmaq sonra da onları Vətəndə ixtisaslarına
uyğun işlərlə təmin etmək idi. Bütün
bunları nəzərə alaraq, cümhuriyyət hökuməti
və parlamenti vaxt itirmədən, bu sahədə milli kadrlar
hazırlanmasının sürətləndirilməsinə
başladı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət
Universitetinin yaradılması haqqında verilən tarixi sərəncamla
yanaşı, parlament hökumətin təklifi ilə 100 nəfər
azərbaycanlı tələbənin xaricə göndərilməsi
barədə qanun da qəbul etdi. Bu işə nəzarət
etmək üçün dövlət komissiyası
yaradıldı. Beş nəfərlik komisiyaya M.Ə. Rəsulzadə
rəhbərlik edirdi. Çox keçmədi ki, komissiya 45 nəfərin
Fransada, 23 nəfərin İtaliyada,10 nəfərin İngiltərədə,
9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil
almaq üçün göndərilmələri barədə
qərar qəbul etdi.
"Azərbaycan"
qəzetinin 1919-cu il 23 iyul tarixli nömrəsində "Tələbələr
haqqında" sərlövhəli məqalədə
yazılırdı: "Maarif nəzarəti 100 nəfər tələbəni
xaricə göndərəcək. Hər tələbəyə
36.000 manat xərcləmək və 5.000 manat yol pulu
hesablanıb. Cəmi 4.100.000 manat edir".
Araşdırmalar onu göstərir ki, xaricə göndərilən tələbələrin maddi təminatını böyük mesenant, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. H.Z. Tağıyevin bütün ticarət nöqtələri Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi bazasına çevrilmiş, hətta evi belə xarici qonaqların qarşılanması üçün ayrılmışdı. Sözsüz ki, bu xeyirxahlıq missiyasını və məsuliyyətini üzərinə götürən H.Z.Tağıyevin də öz şərtləri var idi:
1.Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2.Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3.Tələbə qeyri-türklə və ya qeyri - müsəlmanla evlənməyəcəkdir.
4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir.
Doğrudur, komissiya Hacı Zeynalabdinin şərtlərini redaktə edərkən üçüncü bəndi ixtisara salır. Bəlkə də bu ixtisar o zamanın demokratik quruluşlu respublikamızın hüquqi dövlət ideyaları ilə uzlaşmadığına görə icra edilmişdir. Nəzərə almaq lazımdır ki, o zaman parlamentimizdə qeyri-müsəlman xalqların nümayəndələri olan erməni, rus və yəhudi deputatlar da kifayət qədər idi. Bu baxımdan izdivac məsələsinin üzərindən sükutla keçilmişdir. Əsas məqsəd təhsilə və kadrların yerləşdirilməsinə yönəldilmişdi. Onu da qeyd etmək lazımdır ki, bir çox mötəbər insanlarımız təhsilini H.Z.Tağıyevin maliyyə dəstəyi ilə almışdı. Bundan əlavə, görkəmli dövlət xadimi Əziz Əliyev Petroqradda Ali Hərbi-Tibb Akademiyasında "el atası" Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına oxumuşdur. Böyük siyasi xadim hələ Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyərkən öz tərcümeyi-halında H.Z.Tağıyevin dəstəyi barədə bunları yazırdı: "1917-ci ildə bütün fənlərdən "5" qiymət almaqla gimnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitim olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyonçusu Tağıyevə müraciət etdim. O, mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqə yolu ilə Hərbi Tibb Akademiyasına daxil oldum".
Bütün bu və digər faktlar Azərbaycan Cümhuriyyətinin təşkilatçılığı, uğurlu siyasəti, H.Z. Tağıyevin isə maaliyyə dəstəyinin bir-birini tamamlamasının əyani sübutudur. Hər ikisinin amalı eyni idi: azərbaycanlı övladların təhsilə yiyələnmələri, öz xalqı üçün xidmət etmələri və dövlətin gələcək inkişafında əsaslı dayağa çevrilmələri.
Ümumilikdə, 1919-1920-ci il tədris ili üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu məqsəd üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon manat ayrılmışdı. Avropa məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmışdı. Nəticədə isə komissiyanın yekun rəyinə əsasən Xalq Maarif Nazirliyi tərəfindən 49 nəfərin Almaniyaya, 27 nəfərin Fransaya, 4 nəfərin İtaliyaya, 1 nəfərin İngiltərəyə, 6 nəfərin Türkiyəyə, 13 nəfərin isə Rusiyaya göndərilməsi barədə sənəd verildi. Rusiyada yaranmış vətəndaş müharibəsinə görə tələbələrin ora getməsi mümkün olmadı.
Beləliklə, yenicə yaranmış cümhuriyyət başının üstünü almış rus-sovet işğalı təhlükəsinə, erməni quldur dəstələrinin törətdiyi təxribatlara, daxildə partiyalararası mübarizələrə baxmayaraq, xaricdə təhsil siyasətini qurur və azərbaycanlı gənclərin ali təhsil almaq üçün dünyanın məşhur universitetlərinə göndərilməsi kimi olduqca şərəfli işin öhdəsindən gəlir.
1920-ci il yanvarın 14-də o zamankı cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələr təntənə ilə yola salındılar. Tələbələr dəmir yolu ilə əvvəlcə Batuma, oradan isə Parisə yola düşdülər. Fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən xüsusi diqqətlə qarşılandı. Əlimərdan bəy tələbələr qarşısında geniş nitq söyləyərək onları təbrik etdi. Bundan sonra onlar təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yola düşdülər.
Təəssüflər olsun ki, Şərqdə ilk demokratik respublikanın min bir əziyyətlə xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi 1920-ci il aprel işğalından sonra acınacaqlı oldu. Ölkədə hakimiyyətə gələn bolşeviklər tələbələrə pul göndərmədi. Hərçənd, Nəriman Nərimanovun təqdirəlayiq inadkarlığı ilə həmin tələbələrin maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapsa da, çox keçmədi ki, vəziyyət yenə kəskin şəkildə dəyişdi. Nərimanov Moskvaya rəhbər vəzifəyə aparıldıqdan sonra Azərbaycanda xaricdə təhsil alan tələbələr barədə fikirlər pisləşməyə doğru getdi. Onların çoxu "etibarsız" adlandırılaraq, ümumiyyətlə qəbul edilmədi. Nəticədə, tələbələrin çoxu təhsil haqqını ödəyə bilməmək problemi bir tərəfə, yaşamaq üçün ən ağır sahələrdə işləmək məcburiyyətində qaldı. Hətta elə tələbələr də oldu ki, həbsxanalara atıldılar. Ən acınacaqlısı isə bu idi ki, böhranlı vəziyyətdən çıxış yolu tapa bilməyib intihar edənlər də oldu. Çox çətinliklə, məhrumiyyətlərlə təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis kimi Vətənə dönən tələbələrin əksəriyyəti isə ya uzaq Sibirə sürgün edildi, ya da bolşevik terrorunun qurbanı oldu.
Əslində, nə qədər acı sonluqla nəticələnsə də cəmi 23 ay yaşamış bir dövlətin problemlərin məngənəsində sıxılarkən belə azərbaycanlı övladların təhsilinə biganə qalmaması yalnız təqdirəlayiqdir. Bu təşəbbüs, bu şərəfli irs bu gün də müstəqil Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. Hər il dövlətimizin dəstəyi ilə dünyanın aparıcı təhsil ocaqlarına yüzlərlə azərbaycanlı gənc oxumağa göndərilir. Şübhəsiz, burada həmin gənclərlə yanaşı, qazanan xalqımız və dövlətimiz olur.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil almaq üçün xaricə göndərilən tələbələrin siyahısını və onlar haqqında məlumatları təqdim edirik:
1.Xələfbəyov Məmməd Xələf bəy oğlu (20.6.1898, Şamaxı-?) fizika-riyaziyyat sahəsində təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Vətənə dönən Xələfbəyov 1930 -cu illərin repressiyasına məruz qalaraq Sibirə (Rusiya, Maqadan) sürgün edilmişdir.
2.Xiromanov Zəkəriyyə Əbdülhəmid oğlu (22.11.1899, Dağıstan-?). Elektrotexnika sahəsində təhsil almaq üçün Ştutqarta (Almaniya) göndərilmişdir.Sonrakı taleyi barədə məlumat aşkar olunmayıb. Xaricdə təhsil alan tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün araşdırmalarında onun təhsilinin bitməsinə il yarım qalması haqqında son məlumatlar qeyd edilir.
3.Xudaverdiyev Əlibala Murtuza oğlu (1901, Navahı kəndi-?). Təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Bonn Universitetinə göndərilmiş, lakin sonrakı taleyi haqqında məlumat yoxdur.
4.İsgəndərov Ağalar Məşədi Abbasqulu oğlu (sentyabr,1899, Şamaxı-?).Kimya üzrə təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.
5.Kazımov Cəfər Ələsgər oğlu (4.1.1897, Bakı-14.8.1968, Bakı).Təhsilini davam etdirmək üçün Almaniyanın Frayburq Dağ-Mədən Akademiyasına göndərilmişdir. Vətənə qayıtdıqdan sonra 1930-cu illərin represiyasına məruz qalmış, 1955-ci ildə bəraət almışdır. Ömrünün son 20 ilini iflic vəziyyətində yaşamışdır.
6.Kərimov Əli Xasbulat oğlu (fevral, 1902, Balaxanı-?). Tarix-filologiya ixtisası üzrə xaricə göndərilmişdir. Haqqında məlumat tapılmayıb.
7.Qaracəmirli Məcid bəy Qasım oğlu (?, Gədəbəy-?). Xarkov Universitetində 3 il təhsil almışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.
8.Qədimov Lətif Şirin oğlu (20.3.1895, Şuşa-?). Nəqliyyat sahəsində təhsilini davam etdirmək üçün Berlin Parloffen İnstitutuna göndərilmişdir. Taleyi barədə məlumat yoxdur.
9.Quliyev Mirzə Hüseyn Hənifə oğlu (1.1.1900, Bakı, Bülbülə kəndi-?).Kimya sahəsində təhsilini davam etdirmək üçün Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.
10.Məmmədov Ağabala Ələsgər oğlu (1892, Tiflis-?). Xarkov Texnologiya İnsitutunda 3 il təhsil alsa da maddi çətinlik səbəbilə geri dönmüş, lakin parlamentin qərarı ilə yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.
11.Məmmədov Həmid Məmməd oğlu (20.1.1900, Qars-?). Tibb sahəsində təhsil almaq üçün Ştutqarda (Almaniya) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.
12.Məmmədov Hüseynbala Cəfərqulu oğlu (22.10.1899, Dərbənd-?). Bonn Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.
13.Məmmədov Qəhrəman İsrafil
oğlu (1897, Tiflis-?).
Berlin Universitetinə
göndərilmişdir. Sonrakı taleyi
haqqında məlumata
rast gəlinməmişdir.
14.Məmmədov Nəbi
(?-?). Kiyev Dövlət Universitetində
təhsilini maddi çətinlik səbəbilə
davam etdirə bilməmiş, dövlət
tərəfindən yenidən
Kiyev Universitetinə göndərilsə də,
sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.
15.Məmmədov Zal Məmmədcavad oğlu
(1898, Şuşa-?). Dağ mühəndisliyi
təhsili almaq üçün Drezden Universitetinə göndərilmişdir.
Sonrakı taleyi haqqında
məlumat yoxdur.
16.Məmmədyarov Əbdülsəməd
Bağır oğlu
(27.9.1889, Bakı-?) Xarkov Universitetində
təhsil almışdır.
Sonrakı taleyi barədə
məlumat yoxdur.
17.Mirqasımov Zeynəlabidin
Mirələsgər oğlu(1887,
Bakı-?). Fransanın Nansi Universitetinə
göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.
18.Mirzə bəy Göygöl (?-?) Berlin Universitetində təhsilini
başa vursa da, sovet işğalı
səbəbilə Azərbaycana
geri dönə bilməmişdir.
19.Muxarski Süleyman Bikir oğlu(20.7.1900, Vilno,Ostrino-?). Milliyyətcə tatar olan Süleyman hüquq sahəsində təhsil almaq üçün Liona (Fransa) göndərilmişdir. Sonrakı taleyi
haqqında məlumat aşkarlanmamışdır.
20.Muradov Abbas Həmid
oğlu (?, Şuşa-?).
Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi
haqqında məlumat aşkarlanmamışdır.
21.Muradov Məhəmməd bəy Fəxrəddin oğlu (1.1.1900, Şuşa-?).
Paris universitetinə göndərilmişdir. Sonraki taleyi
haqqında məlumat aşkarlanmamışdır.
22.Musayev Cəmil İbrahim oğlu
(14.3.1897, Şuşa-29.1.Şuşa). Berlin Universitetində memarlıq
təhsili aldıqdan sonra 1925-ci ildə Bakıya qayıtmışdır.
23.Mustafayev Ağahəsən
Manaf oğlu (1900, Bakı-?). Gəmiqayırma üzrə təhsil
almaq üçün
Berlinə göndərilmişdir.
Sonrakı taleyi haqqında
məlumat aşkarlanmamışdır.
24.Mustafayev Ağasəfər
Hüseynqulu oğlu
(9.1.1894, Tiflis-?). Məlumat yoxdur.
25.Mustafayev Mustafa Rəhim oğlu (17.10.1895, Qazax-?). Fransada ailə qurub,geri dönməyib.
26.Münşüzadə Hilal
Hüseyn oğlu
(12.4.1899, Şuşa-?). Berlində ailə
qurub, geri dönməyib.
27.Nağıyev Hüseyn
Musa oğlu (1897, Gəncə-?).
Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi
haqqında məlumat aşkarlanmayıb.
28.Nəbiyev Mahmud (3.4.1893,Nuxa-?). Kiyevə göndərilmiş,
lakin əlavə məlumat yoxdur.
29.Nərimanbəyov Yaqub Fərman Əmir oğlu (14.6.1898, Şuşa-?).
Paris Universitetinə göndərilmişdir. Vətənə
döndükdən sonra
1937-ci il dekabrın 31-də Sibirə
sürgün edilmişdir.
30.Pirverdiyev Hənifə Murad oğlu (1893,
Tiflis-).1917 ildə Bakı
orta inşaat məktəbini bitirmiş,
qərara əsasən
Berlinə göndərilmişdir.
Sonrakı taleyi haqqında
məlumat yoxdur.
31.Rəcəbli Əhməd
Cabbar oğlu
(14.2.1898, İrəvan-15.12.1963.Bakı). İrəvan
kişi gimnaziyasını
bitirmiş (1916),həmin
il Moskvada Petrovski-Razumovski Akademiyasının
tibb şöbəsinə
qəbul edilmişdi.Lakin
maddi çətinliklə
əlqədar təhsilini
yarımçıq buraxmağa
məcbur olmuşdu.1919-cu il
1 sentyabr tarixli qərara əsasən, təhsilini davam etdirmək üçün
İtaliyaya göndərilmiş,
1923-cü ildə Peruca
şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunu genetika-seleksiya ixtisası üzrə bitirmişdir.
O, qırxdan artıq elmi əsərin, o cümlədən "Azərbaycanın
meyvə bitkiləri"
monoqrafiyasının müəllifidir.
1935-ci ildə ona professor elmi adı verilmişdir.1937-ci ildə
repressiyaya məruz qalaraq, Rusiyanın Maqadan vilayətinə sürgün edilmişdir.1955-ci ildə bəraət
almışdır.1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının
akademiki və Rəyasət Heyətinin üzvü seçilmişdir.
32.Rəhimli Məmmədəli
Paşasadiq oğlu
(10.4.1899, Tiflis-?) 1918 ildə Tiflis gimnaziyasını bitirmiş,
qərara əsasən
Darmştat (Almaniya) İnstitutuna göndərilmişdir.
Sonrakı taleyi haqqında
məlumat yoxdur.
33.Rəhimov Cəbrayil Məmmədrza oğlu
(1892, Bakı-?). Parisə göndərilmişdir.
Əlavə məlumat yoxdur.
34.Rəhimzadə Abdulla Məhəmməd
oğlu (1898, Gəncə-?)
Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.
35.Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran-?). Berlinə göndərilmişdir.
Başqa
məlumat yoxdur.
36.Rzayev Tağı Əsgər oğlu (1895, İrəvan-?). Parisə göndərilmişdir.Əlavə
məlumat yoxdur.
37.Rzazadə İsgəndərxan
Cabbar oğlu
(5.11.1897, Tehran-1938. Bakı). Berlindən Vətənə qayıtmasına
baxmayaraq, 1937-ci il repressiyasının
qurbanlarından biri olmuşdur.
38.Sadıqov Mirsadıq Səid Kamil oğlu (1896, Bakı-?). Berlinə göndərilmişdir. Əlavə məlumat
yoxdur.
39.Salahov Yusif Hüseyn oğlu (6.9.1897, Şuşa -? ) 1918-ci ildə
Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən Münxen Universitetinə göndərilmişdir.
Təhsilini bitirdikdən sonra Azərbaycana
geri qayıtmış, həkimlik etmiş, diaqnostika sahəsində
tanınmışdır. 1941-ci ildə könüllü
olaraq cəbhəyə yollanmış, Kiyev ətrafında döyüşlərdə
əsir düşmüş, Vətənə
geri dönə bilməmişdir.
Türkiyəyə gedərək ömrünün
sonunadək orada yaşamışdır.
(ardı var)
Anar TURAN
Xalq qəzeti.- 2012.- 25 iyul.- S. 7.