Ağsu: göstəricilər ölkənin ümumi inkişaf tempinə uyğundur

 

2012-ci ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri barədə hesabat verən rayon rəhbərlikləri yeni bir tendensiya formalaşdırıblar. Belə ki, əvvəlki illərdə hesabat hazırlayan istənilən rayon və şəhər rəhbəri mütəxəssislərə tapşırıq verirdi ki, əldə olan göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfi və ya müsbət olduğu dəqiqləşdirilsin. İndi isə həmin müqayisəyə o qədər də ehtiyac olmur. Çünki hamı artımın, inkişafın göz qabağında olduğunu görür. İndi söhbət əsasən ölkənin ümumi inkişaf tempinə cavab verib, verməməkdən gedir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin 6 ayın yekunları barədə hesabatı da bu məzmunda idi.

 

Hesabatda qeyd olundu ki, ölkəmizin hər yerində olduğu kimi Ağsuda da Dövlət Proqramının ilk üç ili uğurlu nəticələrlə başa vurulub, sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, sahibkarlığın inkişaf etdirilməsi, abadlıq-quruculuq, tikinti-bərpa işlərinin aparılması, yeni iş yerlərinin açılması və nəticədə əhalinin rifah halının yüksəldilməsi sahəsində böyük nailiyyətlər əldə olunub.

Bu möhtəşəm nailiyyətlərin davamı olaraq 2012-ci ilin I yarısında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə icra olunub.

Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsi davam etdirilib. Dəqiq uçot məlumatlarına əsasən 2012-ci ilin məhsulu üçün 36212 hektar sahədə taxıl əkilib. Pambıqçılığın inkişafı diqqət mərkəzində saxlanılıb, rayonun təsərrüfatlarında əkilmiş 86 hektar pambıq sahəsində aqrotexniki qulluq işləri aparılır.

Mal - qaranın sayı və heyvandarlıq məhsulları istehsalı artıb. İlin birinci yarısında iri malın baş sayı 40432, qoyun-keçilərin baş sayı 155889 olub. Bu da nəticə etibarı ilə heyvandarlıq məhsullarının artımına müsbət təsir göstərib, 2249 ton ət (diri çəkidə), 12644 ton süd, 3451 min ədəd yumurta, 290 ton yun istehsal edilib.

Cari ilin 6 ayında rayonda fəaliyyət göstərən emal sənayesi müəssisələri xammal tədarükü, emal və satışla məşğul olub, istehsalı, eləcə də istehsal olunan məhsulların çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni emal xətlərinin quraşdırılması, yeni sexlərin tikintisi və müasir texnologiyanın tətbiqi istiqamətində fəaliyyətini davam etdiriblər. "Şaban-Quşçuluq" MMC-də sənaye üsulu ilə 9,6 min baş quş yetişdirilib və satılıb.

Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrasına başlanılıb. Magistral su kəmərinin tikintisi üçün 10466 metr xəndək qazılıb, diametri 355 millimetrlik olan polietilen borularla 10466 metr magistral, 110-250 millimetrlik borularla 4676 metr paylayıcı su kəmərləri çəkilib. Bundan başqa həcmi 1500 kubmetr olan su anbarının qazma işləri sona çatdırılaraq drenaj sistemi qurulub və hazırlıq beton qatı verilib. Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrası davam etdirilir.

2012-ci ilin I yarısında sahibkarlığın inkişafı dəstəklənib, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib.

Şəhərin Natəvan, S.Vurğun küçələrinin və Heydər Əliyev küçəsinin cənub hissəsinin tamamilə yenidən qurulması istiqamətində işlər davam etdirilir. Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan Qum-çınqıl karxanasının, Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducu anbarın, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binanın, "Aqrolizinq" ASC -nin Ağsu rayon "Aqroservis" filialı üçün istehsalat bazasının, onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, Ağsu şəhərində 17 ədəd dövlət fondu yaşayış binasının dam örtüyünün əsaslı təmiri, rayonun 5 dağ kəndi ilə əlaqəni təmin edən Ağsuçayın üzərində salınmış körpünün bərpa olunması, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası istiqamətində əsaslı işlər davam etdirilir.

Ümumiyyətlə, 2012-ci ilin I yarısında fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 394 nəfər işlə təmin olunub ki, onlardan 244 nəfəri daimi işlə təmin olunanlardır.

İşsizlik probleminin həllinə köməklik göstərilməsi istiqamətində Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən müəyyən işlər görülüb. Hesabat dövründə 131 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Onların 33 nəfərini qadınlar təşkil edib. Bu müddətdə 79 nəfər Mərkəzin göndərişi ilə işlə təmin olunub.

Natiq çıxışında qeyd etdi ki, 2012-ci ilin I yarımilində də Ağsu şəhərinin yaşayış massivlərinin qaz təchizatının yaxşılaşdırılması və rayonun kənd yaşayış məntəqələrinin qaz təminatının bərpası və yenidən qurulması işləri davam etdirilib.

Qaz infrastrukturunun yenidən qurulması tədbirləri çərçivəsində rayon üzrə 18,9 min metr orta təzyiqli yeraltı polietilen, 77 min metr aşağı təzyiqli yerüstü metal qaz kəməri çəkilərək istifadəyə verilib. 130 abonenti əhatə edən Bəyimli və Qaravəlli kəndlərinin təbii qaz təsərrüfatının yenidən qurulması işləri başa çatdırılaraq kəndlərə təbii qazın verilməsi təmin edilib. Rayon əhalisinə elektrik enerjisinin verilməsi və enerji haqqının yığılması istiqamətində kifayət qədər tədbirlər həyata keçirilib.

2012-ci ilin I yarısında 180 şagird yerlik Ləngəbiz, 180 şagird yerlik Qəşəd kənd tam orta, 80 şagird yerlik Nəmirli kənd ümumi orta məktəb binalarının tikintisində işlər davam etdirilib 180 şagird yerlik Rəhimli kənd tam orta məktəb binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, layihələndirmə işləri aparılır.

Çaparlı kənd tam orta və Sanqalan kənd ümumi orta məktəb binalarında 16,1 min manat dəyərində cari təmir işləri aparılıb. Rayonun ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 177,3 min manat dəyərində inventar, 78,4 min manat dəyərində avadanlıq alınıb.

Əhalinin enerji daşıyıcıları ilə dayanıqlı təminatı və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir. İstehsal, xidmət və sosial-mədəni obyektlərin inşasına diqqət artırılacaqdır.

Yeni istehsal sahələrinin yaradılması və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Bütün bunlarla yanaşı, xüsusilə vurğulanan əsas məsələ ondan ibarət idi ki, bu gün Ağsu rayonunun göstəriciləri respublikamızın ümumi inkişaf tempinin tələbləri səviyyəsindədir.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 25 iyul.- S. 6.