Tərtər - güclənən, abadlaşan, gözəlləşən diyar

 

Təsadüfdənmi, ya işin çoxluğundanmı son vaxtlar Tərtərə yolum düşmürdü. Görünür, təəccübüm, tərəddüdüm də elə bununla bağlı idi. Yol yoldaşım bunu dərhal hiss etdi:

 

-Sizi qınamıram... Bəli, bura Tərtərdir. Bu yollar təzə çəkilib, gördüyünüz bu binalar yenidir, park və fəvvarələr də təzədir - dedi.

Doğrudan da, son aylar Tərtər şəhəri öz coğrafi ərazisinə, necə deyərlər, sığmır. Özübu "addımlama" dörd istiqaməti də əhatə edir. Bərdəyə doğru, Tərtər çayının sahili boyu isə şəhər öz simasını tamamilə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Diqqəti cəlb edən daha bir cəhət isə ondan ibarətdir ki, qurulub başa çatdırılmış tikinti-quruculuq və abadlıq işlərində yüksək zövqmüasirlik, milli arxitektura ənənələri və yenilik dərhal nəzərə çarpır. Bu isə şəhərə xüsusi gözəllik və təravət verir, sakinlərdə, qonaqlarda xoş duyğular yaradır.

Elə buradaca son vaxtlar təkcə Tərtər - Bərdə istiqamətində görülmüş və hazırda davam etdirilən tikinti-quruculuq və abadlıq işləri barədə bir qədər ətraflı məlumat verəmək istəyirik. Ən əvvəl onu deyək ki, Tərtərin sahili boyunca uzanan bu yol binadan gözəldir. Bir vaxtlar coşğun suların nəğmə oxuduğu bu yol Kəlbəcərə, İstisuya, Ceyran bulağına qədər uzanardı. İndi o yerlər dumana bürünüb, hələ də yolu düşmən əlindədir. Yolun hər iki tərəfində gördüklərimiz - səhəngli bulaqlar, müxtəlif formalı fəvvarələr, istirahət mərkəzləri, müasir binalar, əlvan güllər, çiçəklər bayaqkı narahat düşüncələrimizin üstünə elə bil su çilədi. Gözümüz də dincəldi, könlümüz də.

Öyrəndik ki, qısa müddət ərzində inşa edilən Təhsil Şöbəsi və Gənclər Mərkəzinin inzibati binalarında artıq son tamamlama işləri görülür. Burada gənclərin asudə vaxtının mənalı, məzmunlu keçməsi üçün hər cür şərait nəzərdə tutulmuşdur.

Əbəs yerə deməyiblər ki, ilk təəssürat çox vaxt həlledici olur. Tərtərdə isə ilk andan gördüklərimiz, müşahidə etdiklərimiz o qədər gözəl, təsirli oldu ki, yaddaşımıza hopdu. Elə bu isti duyğularla da şəhərin başqa bir giriş qapısına - "Dördyol" adlanan tərəfə gedirik. Burada şəhər Düyərli kənd istiqamətinə 3 kilometr "irəliləmişdi". Daha təqiq desək, yeni səkilər salınmış, yollar genişləndirilmiş, ağacgül kolları əkilmiş, səliqə-səhman yaradılmışdır.

Başqa istiqamətlərdə də şəhərə giriş abadlaşmış və müasirləşmişdir. Ancaq son vaxtlar rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq tədbirləri bununla məhdudlaşmır. Əvvəla, bütün bu işlər sistemli şəkildə, ardıcıl və sürətlə davam etdirilir. Digər tərəfdən, görülən işlər öz müasirliyi və yüksək estetikası ilə dərhal nəzərə çarpır, göz oxşayır.

Yeri gəlmişkən, burada son vaxtlar rayonun iqtisadi, sosial və mədəni inkişafını əks etdirən fakt, rəqəm və göstəriciləri yada salmaq yerinə düşər. Azərbaycan kəndinin inkişafı, insanların və yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində göstərilən dəstək, Respublika Prezidenti İlham Əliyevin rayona göstərdiyi gündəlik diqqət və qayğı insanların quruculuq əhval-ruhiyyəsini xeyli yüksəltmiş, inkişaf və tərəqqi dinamik xarakter almış, bütün sahələri əhatə etmişdir. Belə ki, qısa müddət ərzində şəhərin Bərdə istiqamətindəki girişində Bayraq meydanının tikintisi başa çatdırılmışdır. Bayrağın ətrafında 270 kvadratmetr əraziyə qranit daşları döşənmişdir.

Meydanda mişar daşından istinad divarları, 2 fəvvarə, istirahət guşələri tikilmiş, müasir tipli köşk qoyulmuşdur. Burada yaşıllıq zonaları, səkilər və meydançalar düzəldilmişdir. Yaşıllıq zonalarında yüzlərlə müxtəlif bəzək ağacları əkilmiş, müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Hazırda bura yerli sakinlərin və qonaqların ən çox sevdikləri və istirahət etdikləri yerdir. Şəhərdə gənclər evinin də tikintisinə başlanılmışdır. İşin sürəti göstərir ki, tikinti sentyabr ayınadək başa çatdırılacaqdır. Mərkəzin həyətində yaraşıqlı park, mini futbol meydançası da hazırlanır.

Heydər Əliyev Mərkəzində yenidənqurma işləri görülmüş, buraya ən yüksək kefiyyətli inventar və avadanlıq gətirilmişdir. Heydər Əliyev prospektində, Nizami küçəsində və Heydər Əliyev parkında bərpa işləri aparılmışdır. Tərtər-Bərdə yolunun sağsol tərəfində, Tərtər-Dördyol istiqamətində yaşıllıq zonalarına 6311 müxtəlif ağac əkilmişdir.

Səhiyyə Nazirliyinin vəsaiti hesabına Mərkəzi Rayon Xəstəxanasının binasında əsaslı təmir işləri və yolxucu xəstəliklər şöbəsi üçün yeni korpusun tikintisi davam etidirilir. Təhsil Nazirliyinin vəsaiti hesabına Seydimli kənd uşaq bağçası əsaslı təmir olunmuş, müasir inventar və avadanlıqlarla təchiz edilmişdir. 960 yerlik şəhər 1 saylı, 160 yerlik Seydimli kənd tam orta məktəbinin, 80 yerlik Balakəngərli ümumi orta məktəbinin tikintisi başa çatmışdır. 220 yerlik Kəngərli kənd tam orta məktəbin və 220 yerlik Qapanlı kənd tam orta məktəbin tikintisinə başlanılmışdır. Mədəniyyət Nazirliyinin vəsaiti hesabına rayon mədəniyyət evi əsaslı təmir olunur. 2012-ci ilin ötən ayları yüksək iqtisadi göstəricilərlə müşahidə olunmuşdur. Rayonda "Azərbaycan Respublikası Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla həyata keçirilir.

2011-ci ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 18,8 faiz artaraq 50 milyon 737,4 min manat, sənaye məhsulunun həcmi 2 milyon 196 min manat, əsas kapitala yönəldilən investisiyalar 6 milyon 601,7 min manat, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 22 milyon 448 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 61,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 3 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 12,5 və s. artmışdır.

Əhalinin orta aylıq əmək haqqı 219,3 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. 2012-ci ilin əvvəlindən rayonda 641 yeni yeri açılmışdır. Bunun 261-i daimi, 386-sı isə mövsümidir.

Rayonda aqrar sahənin inkişaf etdirilməsi diqqət mərkəzində olmuşdur. 2012-ci ilin məhsulu üçün 30388 hektar sahədə əkin aparılmış, 17342 hektar taxıl, 311 hektarda qarğıdalı, 1136 hektarda pambıq, 504 hektarda şəkər çuğunduru, 654 hektarda günəbaxan, 489 hektarda kartofs. becərilmişdir. 17309 hektar taxıl sahəsindən 55194 ton taxıl istehsal olunmuş, hər hektarın məhsuldarlığı 31,9 sentnerə çatdırılmışdır. Bu da keçən ildəkindən 2,7 sentner çoxdur. Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində də işlər davam etdirilmişdir.

Hazırda rayonda iri malın sayı 24803 baş, qoyun-keçilərin sayı 69915 başdır. Başqa sözlə, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə iri malın sayı 353 baş, qoyun-keçilərin sayı 1473 baş artmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 1112,5 ton, ət istehsalı 435,5 ton, yun istehsalı 11,6 ton, yumurta istehsalı 756 min ədəd artmışdır.

Tərtər Elektrik Şəbəkəsi 16427 abonentə xidmət etmişdir. Ötən aylar ərzində Tərtər, Dəmirçilər, İsmayılbəyli yarımstansiyalarında yüksək gərginlikli transformator, yağ açarları əsaslı təmir edilmişdir. Dəmirçilər və İsmayılbəyli yarımstansiyalarının hərəsində 4 yeni transformator qoyulmuşdur. Bundan başqa, 12 transformator təmir edilmiş, 28 dayaq dəyişdirilmiş, 200 sayğac quraşdırılmışdır. Əhali qrupu üzrə yığım faizi 100,9 faiz olmuşdur.

Təbii qaz verilməsini yaxşılaşdırmaq məqsədi ilə şəhərin Nizami, Cavanşir, N.Nərimanov, İ.Ağayev, O.Məmmədov, M.Dadaşov küçələrində yeraltı qaz kəmərləri ləğv olunaraq yerüstü xətlər çəkilmişdir. Rayon üzrə 486 abonentə təbii qaz xətti çəkilmişdir. Ümumi ödəniş isə 97,5 faiz olmuşdur.

Göründüyü kimi, Tərtər öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Burada, əlbəttə, rayon icra hakimiyyətinin, onun yerli strukturlarının təşəbbüskar və yaradıcı fəaliyyəti barədə ayrıca danışmaq lazım gəlir. İnsan amili, onun vacib sosial ehtiyaclarının vaxtında yerinə yetirilməsi, kadrların düzgün seçilməsi və yerləşdirilməsi, ardıcıl və sistemli icra intizamı, daha çox elmi münasibət - Tərtər Rayon İcra Hakimiyyətinin , üslub və metodlarında, təşkilat - idarəetmə məsələlərində diqqəti ən çox cəlb edən bax bunlardır.

Bircə misal çəkək. 2012-ci ilin birinci yarısında rayon icra hakimiyyətinin başçısının, hüquq-mühafizə orqanları və müvafiq idarə, müəssisə rəhbərlərinin iştirakı ilə 22 səyyar qəbul və görüş keçirilmişdir. İcra hakimiyyəti başçısı tərəfindən aparatda 767 nəfər qəbul edilmişdir. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması, səyyar qəbulların təşkili vəziyyəti rayon icra hakimiyyəti başçısı yanında Şura iclasında müzakirə edilmişdir. Əlaqədar təşkilat rəhbərlərinə, ərazi icra nümayəndələrinə, bələdiyyə qrumlarına əhalinin müraciətlərinə həssaslıqla baxılması, onların qəbulunun günün tələbləri səviyyəsində qurulması üçün tapşırıq və tövsiyələr verilmişdir. Görülən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin sayı azalmışdır.

Diqqəti cəlb edən bir məsələ isə ondan ibarətdir ki, bilavasitə cəbhə xəttində yerləşən yaşayış məntəqələrinə qayğı daha da artmış, bu bölgədə yaşayan əhalinin sosial qayğıları ön plana çəkilmişdir. Düşmənlə üz-üzə dayanan, ona göz dağı olan Tərtərdə iqtisadi, sosial və mədəni inkişaf dinamik xarakterdədir, ardıcıl və sistemli şəkildə qurulmuşdur. Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı, təşəbbüskar ab-hava mövcuddur. Adamlar sabaha böyük inam və ümidlə baxır, cəbhə xəttində yerləşən bu bölgəyə göstərdiyi gündəlik diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 25 iyul.- S. 6.