Dəfinələr
sorağında
Mətbuatdan məlum
olduğu kimi, bu yaxınlarda Orta əsr Ağsu şəhər
yerində tədqiqatlar davam etdirilərkən arxeoloqlar
qızıl sikkələrdən ibarət dəfinə
tapıblar. Oxucu marağını nəzərə
alaraq, mütəxəssislərin nadir hadisə kimi dəyərləndirdikləri
bu tapıntı ilə bağlı təfərrüatları
öyrənmək məqsədilə AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi,
tarix elmləri doktoru Qafar Cəbiyevlə
görüşüb söhbət etməyi qərara
aldıq.
-Qafar
müəllim, əvvəlcə istərdik ki, Ağsu arxeoloji
ekspedisiyası və onun fəaliyyəti barədə
yığcam məlumat verəsiniz.
-Bu ekspedisiya 2010-cu ildə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil olunub. Ekspedisiyanın bütün maliyyə xərcləri "Miras" İctimai Birliyi tərəfindən ödənilir. Ötən müddət ərzində Orta əsr Ağsu şəhər yerində artıq 15000 kvadratmetrə yaxın sahədə tədqiqat aparılıb. Şəhərin bir sıra mühüm ictimai binaları, küçə və meydanları, cümə məscidi, sənətkar emalatxanaları, su təchizatı və kanalizasiya xətləri, nəhəng su və ərzaq anbarları aşkar edilərək tədqiq olunmuşdur. Axtarışlar nəticəsində üzə çıxan zəngin maddi- mədəniyyət nümunələri içərisində, təbiidir ki, yerli istehsal nümunələri çoxluq təşkil edir. Amma Avropa, Rusiya, İran və Çin mallarından ibarət tapıntılar da az deyildir. Tapıntılar arasında müxtəlif vaxtlarda Ağsuda, Azərbaycanın digər şəhərlərində, habelə xarici ölkələrdə zərb olunmuş çoxsaylı pullar da vardır.
-Bəs qızıl pullardan ibarət dəfinə necə tapıldı?
-Müşahidələrimə əsasən deyə bilərəm ki, arxeoloqlarla təmasda olan insanları hər şeydən çox məhz qızıl maraqlandırır. Biləndə ki, arxeoloqsan, qazıntı aparırsan, ilk sual da elə bu olur: - Heç qızıl tapmısınız? İnanın, tələbə də, müəllim də, alim də, nazir də, deputat da ilk olaraq qızılla maraqlanır. Doğrusu, bu qəbildən olan suallar bir mütəxəssis kimi məni çox qıcıqlandırır. Amma nə etməli, görünür mentalitetimiz belədir. O ki, qaldı Ağsuda tapılan qızıllara, hə, bu barədə həqiqətən danışmağa dəyər. Əhvalat nağıllarda deyildiyi kimi, belə vaqe oldu: Həmişə olduğu kimi, iyunun 22-də də səhər saat 7-də elmi heyət sahəyə yollandı, mən isə Milan konfransı üçün məruzə hazırlamaq niyyəti ilə bazada qaldım. Saat 9-un yarısında elmi işçi Elmira xanım Abbasova mənə telefon açaraq qızıl tapıldığını bildirdi. Dərhal sahəyə getdim. Dəfinəni qazıntıda iştirak edən fəhlələrin və elmi işçilərin iştirakı ilə sənədləşdirdik, fotolarını çəkdik.
İyunun 23-ü və 24-ü iş günü olmadığından akademiyaya getməyə dəyməzdi. Odur ki, vaxt itirmədən iki gün ərzində zəruri elmi araşdırmalar aparıldı. Qızıl sikkələrin buraxılma tarixi, zərb olunduğu yer, çəkisi, ölçüsü, əyarı, kommersiya dəyəri barədə məlumatlar toplandı. Dəvətimiz əsasında AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Dinara xanım Abbasova müasir texnoloji standartlara cavab verən cihazların köməyi ilə sikkələrdən bir neçəsinin dəqiq əyarını müəyyən etdi. Bu işlərlə paralel olaraq, gələcəkdə xüsusi kataloq nəşr etdirmək məqsədilə peşəkar fotoqraf tərəfindən sikkələrin rəngli, nəfis fotoları çəkildi.
İyunun 25-də Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə xanım Rəhimova ilə görüşərək tapıntı barədə ona məlumat verdim və xahiş etdim ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı ilə danışsın. Onların telefon danışığından dərhal sonra mən Tarix Muzeyinə getdim və dəfinəni Qızıl və Əntik Əşyalar Fonduna təhvil verdim. Yalnız bundan sonra tapıntı ilə bağlı KİV-lərə ilkin informasiya ötürdük.
Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan 37 ədəd sikkənin hamısı Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunmuşdur.
Sikkələrin aversində (üzündə)
latın dilində yazısı olan ornamentli kvadrat lövhə
vardır. Üzərində qısaldılmış halda
"MO.ORD.PROVİN.FOEDER.BELG.AD.LEG.IMP."
yazılmışdır. Yazının latın dilində
açılışı belədir: "Moneta ORDinum
PROVİNciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii". Tərcüməsi
belədir: "İmperiya qanununa uyğun olaraq Belçika Əyalət
Federasiyası hökumətinin sikkəsidir".
Sikkələrin reversində (digər üzündə)
mərkəzdə zirehli cəngavər təsvir olunmuşdur. Cəngavərin sağ əlində
çiyninə qaldırdığı qılınc, sol əlində
ox dəstəsi vardır. Cəngavərin sağ tərəfində
dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində
isə son iki rəqəmi zərb olunmuşdur. Üzərində
latın dilində
qısaldılmış şəkildə
"CONCORDİA.RES.PAR.CRES.HOL." yazılmışdır.
Yazının latın dilində tam
açılışı belədir: "CONCORDİA RES
PARvae CREScunt HOLIandiae." Yazı belə tərcümə
olunur: "Uzlaşmış kiçik əşyaların
çoxalması ilə - Hollandiya". Əslində,
bu, "Güc birlikdədir" mənasını verir.
Analoji sikkə nümunələri XVIII əsrdə
dünyanın müxtəlif ölkələrində
geniş yayılmışdır. Mütəxəssislərin
fikrincə, o dönəmdə holland qızıl dukatları
öz əhəmiyyəti etibarilə bugünkü ABŞ
dolları qədər geniş yayılmış və
populyar pul vahidi hesab olunurdu. Başqa
sözlə, holland qızıl dukatları yüksək əyarı
ilə seçildiyindən faktiki olaraq bütün Avropa məkanının
universal valyutası idi. Bu sikkələr o
dərəcədə məşhur və dəyərli idi ki,
hətta bəzi ölkələrdə dövriyyəyə
saxta holland dukatları da buraxılmışdı. Məsələn, 1768-1867-ci illərdə
Sankt-Peterburq zərbxanalarında külli miqdarda, həm də
kifayət qədər yüksək əyarlı saxta
qızıl holland dukatları zərb olunub. Özü də bu saxtakarlıq dövlət səviyyəsində
həyata keçirilib.
Maraqlıdır ki, o zaman Rusiyanın rəsmi dairələrində
"məlum sikkə" adı ilə tanınan bu saxta
dukatlar ancaq xarici hərbi ekspedisiyalara ezam olunan şəxslərə
verilirdi. Sonralar Rusiya hökuməti tərəfindən xarici
ölkələrin iştirakı ilə həyata keçirilən
çoxsaylı digər leqal və ya qeyri-leqal maliyyə əməliyyatlarında
da həmin saxta dukatlardan geniş istifadə olunmağa başlanıb.
Bəzi məlumatlara görə, təkcə 1806-1867-ci illərdə
Sankt-Peterburqda 24,5 milyon ədəddən
çox saxta qızıl dukat zərb olunub. Bu
da qızıl dukatın əsl vətəni olan
Hollandiyanın özündə olduğundan 2 dəfə
çoxdur. Əlbəttə, dövriyyəyə
bu qədər saxta dukat buraxılması diqqəti cəlb etməyə
bilməzdi. Təbiidir ki, Hollandiya hökuməti
bir qədər gec olsa da, bunu hiss etdi. Görünür,
bu məsələdə Rusiya hökumətinin içərisindən
sızan informasiyaların da rolu az
olmayıb. Bütün bunların nəticəsi
olaraq 1868-ci ildə Hollandiya hökuməti Rusiya tərəfindən
rəsmi izahat tələb etdi. Bununla da
Rusiyada saxta holland dukatlarının zərbinə son
qoyulmuş oldu.
- Qeyd
etdiniz ki, Rusiyada zərb olunan saxta holland dukatları da kifayət
qədər yüksək əyarlı qızıldan
hazırlanırdı. Saxta dukatı əslindən
fərqləndirmək yəni, o qədər çətin
idi?
- Mütəxəssislərin
rəyincə, ilk baxışda holland və rus
dukatlarını bir-birindən fərqləndirmək bir o qədər
də asan deyil. Baxmayaraq ki, məhz həmin
mütəxəssislərin özlərinin bildirdiyi kimi, diqqətlə
nəzər yetirdikdə bu sikkələr arasında xırda
fərq və uyğunsuzluqlar tapmaq mümkündür. Dəyərinə gəldikdə isə, çox qəribədir
ki, auksionlarda rus dukatları saxta olmasına baxmayaraq holland
dukatlarından 3-4 qat baha qiymətə satılır. Məsələn, bu yaxınlarda keçirilmiş
auksionların birində 1828-ci ilə aid rus dukatı 17000
rubla, iyunda keçirilən başqa bir auksionda isə 1837-ci
ilə aid rus dukatı 31000 rubla satılıb.
Ağsuda tapılan qızıl dukatların holland, yaxud
rus dukatları olduğunu müəyyən etmək, əlbəttə
ki, mütəxəssislərin işidir. Amma hansı
ölkədə zərb olunmasından asılı olmayaraq
Ağsu dəfinəsinə daxil olan dukatların kommersiya,
xüsusən də elmi dəyəri kifayət qədər
yüksəkdir.
Ağsu dəfinəsi tariximiz üçün senssasiya əhəmiyyətli
bir tapıntıdır. Təbiidir ki, bu tip tapıntılar orta əsrlər
dövründə Azərbaycan şəhərlərinin Avropa
və dünya ticarətində iştirakı ilə
bağlı bir sıra məsələləri elmi cəhətdən
daha müfəssəl öyrənməyə imkan
yaradacaqdır. Ekspedisiya tərəfindən
dəfinə ilə bağlı tədqiqatlar davam etdirilməkdədir.
- Belə
demək olarmı ki, Ağsu ekspedisiyası dəfinə
axtarışlarını davam etdirəcək?
-
Qızıl, daş-qaş, dəfinə tapmaq, əlbəttə,
hər bir arxeoloq üçün xoş olsa da, əsas hədəf
deyil. Arxeoloqlar daha çox tariximizin yer
altında yatan qaranlıq səhifələrini öyrənməkdə
maraqlıdır. Xalqın tarixi
keçmişinə bələdçilik edən hər
hansı bir maddi-mədəniyyət nümunəsi - istər
daş alət olsun, istərsə də adi saxsı
qırığı - arxeoloq üçün qızıldan
qiymətlidir. Azərbaycanın ən qədim
insan məskənlərindən biri olduğunu sübuta yetirən
Azıx mağarasından tapılmış azıxantropun -
ibtidai insanın çənə sümüyünün elmi dəyəri
indiyədək aşkara çıxarılmış
hansı dəfinədən azdır? İnanın,
Ağsu qazıntıları zamanı tapdığımız
XII əsrə aid bir neçə kiçik şirli kasa
parçası mənim üçün, elə elmimiz üçün
də neçə-neçə qızıl dəfinəsindən
dəyərlidir.
- Amma
qızıl həmişə qızıldır, bütün
dövrlərdə ona maraq böyük olub. Bu gün də
azalmayıb, əksinə artıb...
- Təbiidir,
Ağsu dəfinəsinin tapılması, sanki, yatanları da
oyatdı. Olayla bağlı mətbuat və
sosial şəbəkələrdə müşahidə olunan
canlanma, reaksiya da bunu deyir. Mən əminəm
ki, əgər bu günlər gənclər arasında peşə
seçimi ilə bağlı sorğu keçirilərsə,
arxeoloq olmaq istəyənlərin sayının 3-5 ay əvvəl
olduğu ilə müqayisədə xeyli
artdığını görərik.
Məlumat üçün bildirim ki, XIX əsrin
sonlarından etibarən Azərbaycan ərazisində dəfinə
və antik əşyalar axtarışı xüsusilə
geniş vüsət alıb. O illərdə Qarabağda,
Naxçıvanda, Daşkəsəndə, Gədəbəydə
və Lənkəran bölgələrində qızıl
axtaranların, xüsusən də xarici ölkələrdən
olan şəxslərin tarixi abidələrə bir növ
total hücumu müşahidə olunub. Beləliklə,
qalalar, kurqanlar, daş heykəllər və daş qutu qəbirlər
dağıdılıb, tapılan materiallar isə talan edilərək
gizli yollarla ABŞ, Almanya, Fransa, İsveç, Hollandiya və
sair ölkələrə daşınıb. XIX əsrin sonu-XX əsrin əvvəllərində
qızılaxtaranların Şirvan bölgəsində,
xüsusən də Şamaxı ətrafında intensiv
axtarışları olub. O zaman başlıca hədəf
Makedoniyalı İsgəndərin xəzinəsini tapmaq arzusu
idi. Qəribədir, İskəndərin və
onun adamlarının heç zaman olmadığı yerdə
onun nə vaxtsa gizlətmiş olduğu xəzinəni
axtarırdılar. Maraqlıdır ki, bu
axtarışlar barədə məlumatlar hətta həmin
dövrün nəşrlərində də özünün
geniş əksini tapıb. Amma İskəndərin
dəfinəsini tapan olmayıb.
Növbəti qızıl dəfinəsi axtarışı
XX əsrin 80-ci illərində Qəbələdə olub. Əvvəllər polis
orqanlarında çalışan və sağlamlıq
durumunda yaranan problemlə bağlı təqaüdə
çıxan Vəndam kənd sakini Sabir Əhmədovun təşəbbüsü
və rəhbərliyi ilə Girvə ərazisində Teymurləngin
"basdırmış" olduğu 25 dəvə
yükü qızılın axtarışına
başlayıblar. O zaman Sabirin maliyyələşdirdiyi və
rəhbərlik etdiyi bu axtarışlar əsasən gecələr,
həm də gizli aparılsa da, hətta Elmlər
Akademiyasında da bundan xəbərdar idilər. Amma Sabirin axtarışları nəticəsiz
qaldı.
1992-ci ildə, AXC-nin hakimiyyəti dövründə
Sabirin məlumatları əsasında Girvədə dövlət
səviyyəsində daha irimiqyaslı axtarışlara
başlanıldı. Dəfinə tapmaq hərisliyi ilə əraziyə
çoxlu texnika və əsgəri qüvvə gətirdilər.
Axtarışların lap qızğın çağında
xidməti işimlə bağlı Qəbələyə
getmişdim. İcra başçısı və
hüquq-mühafizə orqanlarından birinin rəhbəri mənə
təklif etdi ki, Girvəyə gedək. Mən
etiraz etdim. Dedim ki, 80-ci illərdə orada olmuşam və
fikrimi də elə o zaman mətbuatda çap etdirmişəm.
Mənim düşüncəmə görə,
Girvədə Teymurləngin xəzinəsini axtarmaq Şeyx Nəsrullahın
"ölü diriltməsi"nə bənzəyir.
Təbiidir ki, mənim bu sözlərim rayon rəsmilərinin
xoşuna gəlmədi. Dedilər ki, əşi, sən nə
danışırsan, nazir müavini özü bir neçə
dəfə orada olub. Moskvadan xüsusi olaraq
qızılaxtaran cihaz gətiriblər. Hansı
ki, həmin cihaz orada xəzinə olduğunu göstərir.
Bir sözlə, gördüm ki, kişilər
möhkəm inad edirlər, mən də inadımdan dönmədim.
Dedim ki, 10-12-il öncə mətbuatda yazdıqlarımı
bir daha təkrar edirəm: Girvədə, yerin dərin
qatlarında, bəlkə də, qızıl yataqları ola bilər. Bunu müəyyən
etmək geoloqların işidir. Amma qəti şəkildə
bildirirəm ki, orada Teymurləngə aid heç bir dəfinə
və ya xəzinə ola bilməz. Onu axtarmaq da mənasız bir işdir.
Beləliklə, Girvədə təqribən bir ay davam
edən növbəti "axtarışlar"ın da sonu nəticəsiz
oldu. Yeganə müsbət nəticə o oldu ki, 16-17 metr
dərinlikdə gözəl bir bulaq üzə
çıxdı ki, bu da ətraf ərazidə yaşayan
sakinlər üçün, həqiqətən, çox qiymətli
tapıntı oldu.
Təəccüblüdür ki, Girvədə xəzinə
axtarışı bununla da bitmədi. Sonralar Sabir Əhmədov
və digərləri aidiyyatı orqanlara təkrar-təkrar
müraciət etməklə öz "ideyalarını"
yenidən cücərtməyə çalışdılar.
Yenidən nəzərlər Girvəyə
yönəldi. Amma növbəti dəfə
də xəzinə axtarışı uğursuzluqla nəticələndi.
Son olaraq onu demək istərdim ki, leqal və ya
qeyri-leqal, qanuni və ya qeyri-qanuni yolla və üsullarla dəfinə,
qızıl axtarışları hər zaman olub. Qızıl və
dəfinə axtaranlar bu gün də var və onlar heç də
bekar dayanmırlar. Ayrı-ayrı abidələrdə
qeyri-müəyyən vaxtlarda və qeyri-müəyyən
şəxslər tərəfindən aparılmış olan
qanunsuz qazıntı və axtarışlar buna sübutdur.
Görünür, bazarda əntik əşyaların
dövriyyəsinə nəzarəti gücləndirməyə
də ehtiyac var. Gəlin, aydınlaşdıraq görək,
satışa çıxarılan çoxsaylı nadir, həm
də qədim sənət nümunələri, o cümlədən
qızıl məmulatı haradan əldə olunur?! Tam məsuliyyətlə deyə bilərəm ki,
onların əksəriyyəti tarixi-arxeoloji abidələrdən
tapılmış əşyalardır.
Söhbəti apardı: Qüdrət
PİRİYEV
Xalq qəzeti.- 2012.- 25 iyul.- S. 5.