Fazlı KILIÇ: Azərbaycan ilə Türkiyə əbədi dost və müttəfiq ölkələrdir

 

Özünün nəhəngliyi, strateji mövqeyi, gözəlliyi və füsunkarlığı ilə daim diqqət mərkəzində olan, yadların həsədlə, dostların fəxrlə baxdığı İstanbul milyonlarla əhalisi və güclü infrastrukturu ilə dünyanın böyük şəhərləri sırasına daxil olub. Yeddi təpənin üzərində yerləşən İstanbul 39 rayondan ibarətdir. Həmin rayonlardan biri də 500 minədək əhalisi olanİstanbul boğazının iki nəhəng asma körpüsündən - Boğaziçi ilə Fatih Sultan Mehmet körpülərindən gələn yolun üzərində yerləşən Kağıthanədir. Bu gün Kağıthanə tarixinin ən sürətli inkişaf dövrünü yaşayır. İki seçki dövründə ard-arda rayonun bələdiyyə başqanı seçilən Fazlı Kılıçın fəaliyyəti bu inkişafın davamlı xarakter almasını şərtləndirir.

 

Məlumdur ki, Türkiyədə böyük rayonların bələdiyyə başqanı seçilən insanlar tanınmış və nüfuzlu siyasətçilər olurlar. Fazlı bəy də 25 ildir ki, siyasətlə məşğuldur və öz fəaliyyəti ilə böyük nüfuz qazanıb. Bələdiyyə başqanı vəzifəsinə seçilənədək Kağıthanə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyində təmsil olunub. İştirak etdiyi bütün seçkilərdə böyük səs çoxluğu ilə rəqiblərini geridə qoyub. Bu mənada, onun Türkiyə-Azərbaycan münasibətləri barədə fikirləri ümumilikdə minlərlə türk seçicisinin mövqeyi kimi qəbul oluna bilər. Söhbətimizə də iki qardaş ölkə arasında əlaqələrin genişlənməsindən başladıq. Bələdiyyə başqanı dedi:

 

- Öncə sizə xoş gəldiniz deyirəm və uğurlu fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayıram. Mənə məlumdur ki, siz Mərmərə Universiteti jurnalistika fakültəsinin məzunlarındansınız. Sizin fakültənizin məzunlar dərnəyi özünün fəallığı ilə seçilir. Siz də həmin dərnəyin fəallarındansınız, ona görə də bir daha uğurlar diləyirəm. Mən də Mərmərə Universiteti iqtisadiyyatın idarə edilməsi fakültəsinin məzunuyam. Yəni biz eyni universitetin yetirmələriyik. Azərbaycan - Türkiyə əlaqələrinə gəlincə, belə hesab edirəm ki, türk dünyasının böyük oğlu Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı münasibətlərimizi ifadə edən ən gözəl sözlərdir.

Bizim bir millət olmağımız, təbii olaraq xalqlarımızı, cəmiyyətlərimizi biri-birinə daha da yaxınlaşdırır. Ona görə də bu münasibətlərə həmişə qardaşlıq, sevgi duyğuları hakimdir. Bu mənada, əlaqələrimiz də bu istiqamətdə inkişaf edir. Bizim sevincimiz də, kədərimiz də birdir. Buna görə də biz qardaş ölkənin insanları kimi Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə qazandığı uğurları öz uğurlarımız hesab edir, bundan şərəf duyur, fəxr edirik. Eynilə, inanıram ki, Azərbaycanda da Türkiyənin qazandığı möhtəşəm uğurlar sevinclə qarşılanır, alqışlanır. Bizlər türk dünyası ailəsinin tərkib hissəsi olaraq tarixin hər dönəmində biri-birimizə dəstək vermişik, dayaq olmuşuq. Dövlətlərimizin arasındakı münasibətlər də bu meyarlardan bəhrələnir. Ona görə də əlaqələrimiz çox sağlam təməllərə söykənib və gələcəkdə bu möhkəm təməllər üzərində daha da inkişaf edəcək.

- Qeyd etdiyiniz kimi, bu gün Azərbaycan Respublikası böyük uğurlar əldə edir. Təkcə onu qeyd etmək yetər ki, ölkəmiz tarixi nöqteyi-nəzərdən çox qısa olan 20 illik müstəqillik dövrü ərzində 155 dünya dövlətinin dəstəyinin qazanaraq BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma qeyri-daimi üzv seçilib. Bu gün Azərbaycan bütün sahələr üzrə inkişafına görə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ancaq Qərb ölkələrindəki bəzi mətbuat orqanları bu inkişafı ya qısqanclıqla qarşılayır, ya da görməzdən gələrək ölkəmizin ünvanına şər-böhtan yağdırırlar. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzən qardaş ölkə Türkiyə mətbuatında da belə hallara rast gəlinir. Sizcə, bütün bunların səbəbi nədir?

- Mən Azərbaycana getməsəm də, Bakıya səfər edən və ölkənizdə çalışan türkiyəli dostlarımızın qənaətinə əsasən, deyə bilərəm ki, həqiqətən də Azərbaycan sürətlə inkişaf edir, iqtisadi cəhətdən yüksəlir, regionun lider dövlətinə, türk dünyasının parlayan ulduzuna çevrilir. Bu, bizi çox sevindirir. Məlumdur ki, dünyada ikili standartlar vardır və biz də bu ikili standartlardan nəsibimizi alırıq. Ona görə də, bəzi Qərb ölkələrindəki mətbuat orqanlarında istər Azərbaycanın, istərsə də Türkiyənin inkişafına, uğurlarına qısqanclıqla yanaşılmasına təəccüblənməmək lazımdır. Bizlər daha da inkişaf etdikcə, yüksəldikcə, gücləndikcə bu qısqanclıq daha da arta bilər.

Türkiyənin bəzi mətbuat orqanlarında əlaqələrə zərbə vurmaq məqsədi ilə yayılan azsaylı məlumatlara gəlincə, qeyd etmək istərdim ki, bu birbaşa xarici maraqlı dairələrlə yaxın təmasda olan daxilimizdəki anti-Türkiyə və anti-Azərbaycan dairələrinin əməlləridir. Bizim əməkdaşlığımıza qısqanclıqla yanaşan xarici maraqlı qüvvələr hər cür hiylələrə əl atsalar da qardaşlıq, dostluq münasibətlərimizə zərbə vura bilməyiblər.

Belə olan halda daxilimizdəki bəzi dairələrdən istifadə edərək, nəyəsə nail olmağa çalışırlar. Bu cür dairələr təkcə ölkələrimiz arasında deyil, ölkəmizin daxilində də, necə deyərlər, mənbəyi məlum olmayan problemlər ortaya çıxarmağa çalışırlar. Məsələn, Türkiyənin Qərbində yaşayanlarla Şərqindəki vətəndaşlarımız arasında problemlər yaratmağa cəhdlər göstərilir. Məsələyə ailə prizmasından baxdıqda, görürük ki, istənilən ailədaxili münasibətlərdə də müəyyən narazılıqlar ola bilər. Ancaq bunu böyütməmək və yerindəcə həll etmək daha önəmlidir. Qeyd etdiyim kimi, Azərbaycan ilə Türkiyə türk dünyası ailəsinin övladlarıdır. Bizim aramızda həlli mümkün olmayan heç bir problem yoxdur və dövlət rəhbərlərimizin güclü siyasi iradəsi də bizi daha çox həmrəyliyə, birliyə səsləyir.

Əvvəllər Türkiyə - Ermənistan sərhədlərinin açılacağına dair, istər Türkiyə, istər Azərbaycan mətbuatında yayılan xəbərlər də əsassız olmaqla yanaşı, əlaqələrimizə xələl gətirmək məqsədi daşıyırdı. Birmənalı şəkildə demək olar ki, Türkiyə Cümhuriyyəti hər hansı bir məsələdə müəyyən addımlar atmaq istədikdə dost və qardaş ölkələrə təsirini də mütləq diqqətə alıb və alacaqdır. Əgər gələcəkdə belə bir addım atılarsa, əminik ki, onun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə təsiri mütləq nəzərdən keçiriləcəkdir.

Türkiyə dünyadakı dost və qardaş ölkələrin milli mənafelərini daim diqqət mərkəzində saxlayır. Türkiyə problemləri həll etmək niyyətində olan xoşməramlı xarici siyasət həyata keçirir. Türkiyə tarixinin bütün dövrlərində əzilən, təcavüzə məruz qalan xalqların hüquqlarının müdafiəçisi qismində çıxış edib. Bu mənada, ölkəmizin Baş naziri sayın Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri sayın Əhməd Davudoğlu dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən torpaqları azad edilməyənədək sərhədlərin açılması və İrəvanla diplomatik münasibətlərin qurulması mümkün deyil.

Təkrar qeyd edirəm ki, Azərbaycan - Türkiyə əlaqələri tarixinin ən uğurlu inkişaf dövrünü yaşayır. Münasibətlərimizin inkişafı təkcə ölkələrimiz üçün deyil, həm də region üçün mühüm əhəmiyyətə malikdir. İki ölkənin, o cümlədən Gürcüstanın qarşılıqla əməkdaşlığı sayəsində bölgə və dünya üçün çox mühüm əhəmiyyətə malik önəmli layihələr reallaşdırıldı. Bakı - Tbilisi -Ceyhan neft boru kəməri, Bakı - Tbilisi - Ərzurum qaz kəməri reallaşdı. Şanxay ilə Londonu birləşdirəcək Bakı - Tbilisi - Qars dəmir yolu layihəsi həyata keçirilir. Trans-Anadolu qaz layihəsinin gerçəkləşməsi üçün siyasi iradə nümayiş etdirildi və ölkələrimiz arasında tarixi anlaşma imzalandı. Bütün bunlar təkcə bizim üçün deyil, həm də dünya üçün çox mühüm əhəmiyyət daşıyır və demək olar ki, bütün regiondakı və regiondan kənardakı dövlətlər bu layihələrdən yalnız fayda götürə bilər. Yəni Azərbaycan - Türkiyə qardaşlığı, həmrəyliyi bütün dünya üçün faydalı nəticələr doğurur.

- Məlumdur ki, Türkiyədəki mühüm yerli özünüidarəetmə qurumları olan bələdiyyələr böyük uğurlar qazanıblar. Siyasi mübarizədə bələdiyyə seçkilərinin xüsusi yerə malik olması da bir mənada həmin uğurların nəticəsidir. Bu baxımdan, Türkiyənin bələdiyyələr sahəsində qazandığı uğurları digər qardaş ölkələrlə, o cümlədən Azərbaycanla paylaşılması istiqamətində hansı addımlar atılır?

- Türkiyədəki bəzi qeyri-hökumət təşkilatları bu istiqamətdə fəailiyyət göstərirlər. Məsələn, Türk Dünyası Bələdiyyələr Birliyi, Dünya Bələdiyyələri Birliyi, Marmara, Türkiyə Bələdiyyələr birlikləri adlı təşkilatların fəaliyyətinin əsas məqsədi də budur. Bu yaxınlarda Azərbaycandan 25-dək ayrı-ayrı rayonların bələdiyyə sədrləri İstanbula səfər etdilər. Onlar bizim Kağıthanə Bələdiyyəsini də ziyarətdə bulundular. Bələdiyyəmizin fəaliyyəti ilə yaxından tanış oldular, iş üslubuz barədə məlumatlandırıldılar, qarşımıza çıxan problemlər və onların həlli yollarını öyrəndilər. Yəni geniş təcrübə mübadiləsi apardıq. Gələcəkdə bu cür təcrübə mübadiləsini davam etdirmək imkanlarımız vardır və inanıram ki, bu sahədə də əlaqələrimiz istənilən səviyyəyə yüksələcəkdir.

- İstanbul Türkiyənin və bölgənin ən böyük şəhərlərindən biridir. Şəhərin əhalisinin sayının çox olması təbii ki, özü ilə bərabər müəyyən problemlər də ortaya çıxarır. Bu məsələlərin həlli istiqamətində istər İstanbulda, istərsə də Kağıthanədə hansı tədbirlər həyata keçirilir?

- Həqiqətən də İstanbulda əhalinin sayı durmadan artır. Bu artım, həm də Türkiyənin müxtəlif bölgələrindən bura köçüb gələn insanların hesabına baş verir. Şəhərdə əhalinin sürətlə artması, qeyd etdiyiniz kimi, təbii olaraq özü ilə bərabər problemlər də gətirir. Bu məsələylə bağlı qabaqlayıcı tədbirlər görmək çox vacibdir. Əvvəldən var olan problemlərin sürətli həllinə də diqqət yönəltmək lazımdır. İstanbul kimi nəhəng şəhərdə bu məsələlər artıq 20 ilə yaxındır ki, diqqət mərkəzində saxlanılır və böyük ölçüdə əsaslı uğurlar əldə olunub.

Məsələn, 1994-cü ilin İstanbuluna nəzər yetirdikdə görürük ki, o vaxtlar qış aylarında kömür peçlərinin ətrafa yaydığı tüstüdən, necə deyərlər, göz-gözü görmürdü. Bu, isə əhalinin sağlamlığına mənfi təsir göstərirdi. Şəhər nəqliyyatı həmin dövrdə demək olar ki, iflic vəziyyətinə düşmüşdü. İstanbul sakinləri müntəzəm olaraq, su çatışmazlığından əziyyət çəkirdilər.

Sayın Rəcəb Tayyib Ərdoğan 1994-cü ildə İstanbul bələdiyyə başqanı seçildikdən sonra problemlərin həllinə daha çox diqqət yetirildi və nəticə etibarilə bu gün İstanbulda ilin bütün fəsillərində ekoloji vəziyyət qənaətbəxşdir. Bunun səbəbi odur ki, İstanbulun qazlaşdırılması istiqamətində böyük layihələr reallaşdırıldı. Bu gün əhalinin sayı əvvəlki illərə görə xeyli artsa da, tıxaclar əvvəlki illərə nisbətən azalıb. Çünki şəhər nəqliyyatı ilə bağlı geniş liyhələr həyata keçirilib - körpülər salınıb, metro inşa olunub, metrobuslar istifadəyə verilib, boğazda İstanbulun Avropa hissəsi ilə Asya hissəsini birləşdirəcək dənizaltı nəqliyyat tüneli inşa olunur və sair.

Əhalinin su ilə təminatı istiqamətində də kompleks tədbirlər həyata keçirilib və hazırda bu gün İstanbulda su təminatı ilə bağlı heç bir problem yoxdur. Hətta 2040-dək olan dövr ərzində şəhər sakinlərinin bu cür çətinliklərlə qarşılaşmaması üçün çox mühüm layihələr reallaşdırılır. Yəni əhalinin artması problem kimi qəbul edilməməlidir. Əgər böyük şəhərlərin rəhbərləri əsaslı addımlar atsalar hər şeyin öhdəsindən gəlmək mümkün olar.

Türkiyə öz əhalisinin sayının artmasında maraqlıdır. Ancaq bu artım həm şəhərlərdə, həm də regionlarda bərabər səviyyədə davam etməlidir. Ona görə də ölkəmizin bölgələrində yaşayış səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, sərmayələrin cəlb olunması istiqamətində hökumət tərəfindən cazibədar təkliflər irəli sürülüb. Regionlarımızla bağlı təkcə bunu demək kifayətdir ki, vaxt var idi, universitetlər ancaq böyük şəhərlərdə mövcud idi. İndi isə hər vilayətdə bir universitet açılır. Bununla birlikdə, qəsəbələrdə texnikomlar yaradılır. Biraz əvvəl qeyd etdiyim kimi, inkişafdan geri qalmış bəzi vilayətlərə sərmayələrin cəlbi üçün sərmayəçilər təşviq edilir. Məsələn, həmin vilayətlərdən birinə yüz lirə sərmayə qoyulduqda dövlət tərəfindən sərmayəçiyə bir o qədər məbləğdə dəstək verilir. Bu isə Türkiyənin bütün regionlarının tarazlı şəkildə inkişafını stimullaşdırır. Bu də ölkəmizin sürətli inkişafına zəmin yaradır.

- Hər halda bütün bunlar Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətin nəticəsidir. Digər tərəfdən, 2002-ci ildən bəri təkpartiyalı güclü hakimiyyətin olması da müsbət nəticələrə rəvac verib...

- Sizinlə tam razıyam. Türkiyədə uzun müddət hakimiyyətdə koalisiyya hökumətləri oldu. Həmin hökumətlərin ömrü isə çox qısa olurdu. Tez-tez parlament buraxılırdı və növbədənkənar seçkilər keçirilirdi. Təəssüflər olsun ki, minbir ümidlə keçirilən həmin seçkilər də ölkəmizə fayda gətirmirdi. 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının böyük uğur qazanaraq təkbaşına hakimiyyətə gəlməsi və güclü hökumətin qurulması Türkiyənin inkişafına, siyasi sabitliyin bərpa olunmasına, iqtisadi yüksəlişə rəvac verdi. Təsadüfi deyil ki, 2002-ci ildə seçicilərin üçdə birinin dəstəyini alan Ədalət və İnkişaf Partiyası son seçkilərdə seçicilərin yarısının səslərini qazandı. Bu isə o deməkdir ki, xalq hökumətin gördüyü işlərdən razıdır və hökumət də xalqın istədiyi işləri görür. Sabit və güclü idarəçiliyin olması səbəbi ilə bu gün Türkiyə çox sürətlə inkişaf edir. Hesablamalara görə 2011-ci ildə dünya ölkələri arasında Türkiyə iqtisadiyyatı daha sürətlə böyümüşdür. Türkiyə inkişaf etdikcə, ölkəmizdə yaşayan 75 milyonadək insan da bunun faydasını görür. O cümlədən, yerli özünüidaretmə qurumları olan bələdiyyələrə daha çox vəsait ayrılır. Bu da nəticə etibarilə ölkəmizin inkişafına səbəb olur.

- Sayın bələdiyyə başqanı, maraqlı söhbətiniz üçün sizə təşəkkür edirəm. Son olaraq Azərbaycana ürək sözlərinizi eşitmək istərdik.

- Sayın Cumhurbaşkanım İlham Əliyevin liderliyində qazandığı Azərbaycanın uğurları hər dəfə eşidəndə böyük qürur hissi keçirirəm. Bu uğurların axırıncı deyil, axarıncı olmasını diləyirəm. İnanıram ki, Azərbaycan - Türkiyə qardaşlığı daha böyük zirvələr fəth edəcək, Dağlıq Qarabağ kimi qanayan yaramızın sağalmasında, bu problemin həllində Azərbaycan - Türkiyə qardaşlığı öz sözünü deyəcəkdir. Biz qüdrətli Azərbaycan dövlətinin varlığından, dostluğumuzdan, həmrəyliyimizdən şərəf duyuruq. Biz Azərbaycanı sonsuz sevgi ilə sevir, onu öz doğma vətənimiz hesab edirik. Eyni millətin övladları olaraq İstanbuldan qan qardaşlarımıza qucaq dolusu salamlar gönədirərəm.

 

 

Müsahibəni qələmə aldı: Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 25 iyul.- S. 4.