Saatlı:
qarşıya qoyulmuş Vəzifələr
uğurla icra olunur
Dövlət
başçısı İlham Əliyev
regionların sosial-iqtisadi
inkişafını prioritet vəzifə kimi önə çəkərək tez - tez bölgələrə
səfərə gedir, görülən
işlərlə yerində tanış olur,
yeni müəssisələrin təməlqoyma
mərasimlərində iştirak edir və dövlət proqramlarında nəzərdə tutulan məsələlərin icrasına
gündəlik nəzarət etməklə, böyük
diqqət və qayğı göstərir. Regionların öz simasını dəyişməsi, şəhər
və rayonlarda geniş
sosial layihələrin həyata
keçirilməsi, əhalinin həyat şəraitinin getdikcə
yaxşılaşması göz
önündədir. Dövlət
başçısının regionlara səfər
etməsi, görülən işlərlə maraqlanması, əhali
ilə görüşlər keçirərək
qaldırılan məsələlərin həlli ilə
bağlı müvafiq tapşırıq
və göstərişlər verməsi bölgələrdə
yaşayan insanların gələcəyə
olan inamını daha
da artırır.
İyulun
11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında da regionların inkişafının bundan
sonra da diqqət mərkəzində saxlanılacağı
xüsusi vurğulandı.
Ölkədə
həyata keçirilən genişmiqyaslı abadlıq, yenidənqurma
işləri Saatlı rayonunda da sürətlə davam
etdirilir. Son illər dinamik inkişaf yoluna
çıxmış rayonun sosial-iqtisadi həyatında əsaslı
dəyişikliklər baş vermişdir. İndi bu rayona gələnlər
özünü böyük bir tikinti meydanında hiss edirlər.
Bir vaxtlar rayonun ən çirkli yeri kimi tanınan bəzi ərazilərini
indi gül-çiçəklər bəzəyir. Parklarda və
binaların fasadlarında aparılan yenidənqurma işləri,
həmçinin müasir arxitektura üslubunda tikilmiş yeni
binalar rayonun simasını xeyli dəyişib. Bir sözlə,
Saatlı sanki 5 il əvvəlki rayon deyil. Bunu rayonda uşaqdan
- böyüyə qədər hamı təsdiqləyir.
Hazırda böyük sürətlə aparılan abadlıq
və yenidənqurma işləri Saatlının bu
gününün abad, sabahının isə daha parlaq
olacağından xəbər verir.
2012-ci
ilin birinci yarısında Saatlı rayonunun sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələr
barədə rayon icra hakimiyyətinin başçısı
Siraqəddin Cabbarovun dedikləri də bu uğurlardan xəbər
verir. Rayonda aparılan abadlıq və quruculuq işləri
barəsində verilən məlumatdan da aydın olur ki,
hazırda tikinti işləri geniş vüsət
almışdır. Azərbaycanın hər bir bölgəsi
kimi, Saatlı rayonunun da inkişafı üçün lazımi
tapşırıq və tövsiyələrini verən, daima
diqqət və qayğı göstərən möhtərəm
Prezidentimiz İlham Əliyev regionlara etdiyi səfərlər
çərçivəsində 3 dəfə rayonumuzda
olmuş, görülən işlərlə
maraqlanmış, əhali ilə görüşlər
keçirərək qaldırılan hər bir məsələnin
həlli ilə bağlı öz
tapşırıqlarını vermiş və bu istiqamətdə
5 sərəncam imzalamışdır. Sözsüz ki,
bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə
və əmək coşqunluğuna stimul vermiş, əmək
kollektivlərini daha mühüm nailiyyətlər qazanmağa
ruhlandırmışdır.
Qeyd
etdiyimiz kimi, son illər Saatlı rayonu, sözün həqiqi
mənasında, tikinti meydanına çevrilmişdir. Bu
gün rayonda görülən iri həcmli işlər
böyük razılıqla qarşılanır. İndi
rayonun əksər yaşayış məntəqələrində
mühüm sosial obyektlərin tikintisi sahəsində gərgin
işlər gedir. "Sabirabad, Saatlı, İmişli,
Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi
inkişafının daha da sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 11 may 2011-ci il tarixli sərəncamı
ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait
hesabına rayonda uzun illər öz həllini tapmayan bir məsələ-Tarix-Diyarşünaslıq
Muzeyi və Rəsm Qalareyası üçün birgə yeni
binanın tikintisi aparılır. Bina yaxın vaxtlarda mədəniyyət
işçilərinin ixtiyarına veriləcək. Bundan əlavə,
Saatlı şəhərinin mərkəzi hissəsini əhatə
edən Heydər Əliyev prospekti boyunca köhnə hasarlar
sökülür, mişar daşından hörülməklə
yeni hasarlarla əvəz olunur və bəzək elementlərindən
istifadə olunmaqla üzlənir. Bu, Saatlıya gələn hər
bir kəsin diqqətini cəlb edir. Ulu öndərin
adını daşıyan park isə tamamilə
abadlaşdırılır. Burada 8000 kvadratmetr sahə dəyişdirilmiş,
əhalinin istirahətinin səmərəli təşkili
üçün 2 ədəd əlavə fəvvarə
kompleksi inşa edilmiş, 60 ədəd yeni müasir oturacaq və
park ərazisində təmizliyin saxlanılması
üçün lazımı avadanlıqlar gətirilmişdir.
Saatlı
şəhər mərkəzində hamının ziyarətgahına
çevrilmiş "Şəhidlər" abidə kompleksi
yeni tərtibatda qurulmuş, "31 Mart Azərbaycanlıların
soyqırımı" abidəsi tikilmiş, Heydər Əliyev
prospektində yeni salınmış parkda abadlıq işləri
ilə yanaşı müasir işıqlandırma sistemi
qurulmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli sərəncamı
ilə Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər
Mərkəzinin tikintisinə başlanılması məqsədi
ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Prezidentinin
Ehtiyat Fondundan ayrılmış vəsait hesabına tikinti
işlərinə başlanılmışdır. Hazırda
Olimpiya İdman Kompleksinin əsas korpusunda bünövrə
işləri aparılır. Gənclər Mərkəzinin
tikintisində isə işlər sürətlə və
keyfiyyətlə aparılır.
S.Cabbarov rayonda təhsil müəssisələrinin əsaslı təmiri və yeni məktəb binalarının tikintisi istiqamətində aparılan işlərdən söhbət açaraq dedi ki, Arif Ağayev adına 80 şagird yerlik Sarıcalar kənd ümumi orta məktəb binasının, Mehman Ağayev adına 180 şagird yerlik Saatlı şəhər 2 saylı ümumi orta məktəb binasının, Əyyub Quliyev adına 120 şagird yerlik Genişkənd ümumi orta məktəb binasının və Şahmat məktəbi binasının tikintisində işlər davam etdirilir. Bundan əlavə, 2012-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsündə Saatlı rayonunda Əliabad kənd 180 şagird yerlik ümumi orta məktəb binasının, Qıraqlı kənd 220 şagird yerlik ümumi orta məktəb binasının, Fətəlikənd uşaq bağçası və körpələr evi binasında bərpa-gücləndirmə işlərinin aparılması üçün vəsait ayrılmışdır.
Əhalinin sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət başçısının 30 mart 2010-cu il tarixli sərancamı ilə ayrılmış vəsait hesabına mərkəzi rayon xəstəxanası əsaslı təmir olunur. 126 çarpayı-yerlik mərkəzi rayon xəstəxanası 1985-ci ildən istifadədədir. 2010-cu ildə sözügedən sərəncama uyğun olaraq MRX-nın təmirinə başlanılmış, 2012-ci ilin birinci yarım ilində xəstəxananın əsaslı təmir işlərinin aparılması davam etdirilmiş və ümumilikdə 3840,0 min manatlıq iş görülmüşdür. Xəstəxana binasının cari ilin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulub. Rayonda iməcilik yolu ilə ağacəkmə kampaniyası artıq adət halını alıb. Saatlı şəhərinin mərkəzində 5,6 hektar sahəsi olan Heydər Əliyev parkında geniş həcmli abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma sahəsində də diqqət çəkən tədbirlər həyata keçirilir, parkda həmişəyaşıl, dekorativ ağaclar, gül kolları əkilir və yaşıllıq zolaqları salınır. Ümumiyyətlə, ötən altı ay ərzində minlərlə rayon sakininin iştirak etdiyi ümumrayon iməciliklərində 30 min ədəddən çox ağac əkilmişdir. Ağacəkmə və yaşıllaşdırma işləri ilin sonuna qədər davam etdiriləcəkdir.
Yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması həlli vacib məsələlərdən biridir. İşsizlik probleminin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunur. Təkcə 2012-ci ilin birinci yarımilində 139 nəfər işlə təmin olunmuşdur. Onların 38 nəfərini qadın, 22 nəfərini isə ilk dəfə iş axtaran vətəndaşlar təşkil edir. İşlə təmin olunanların 9 nəfəri qulluqçu və 130 nəfəri fəhlə peşəsi olanlardır.
2010-cu ildə Kür və Araz çaylarının daşması, Sarısu gölünün bəndinin dağılması nəticəsində rayonun iqtisadiyyatına, əsasən də kənd təsərrüfatının bitkiçilik sahəsinə, rayonun bir neçə yaşayış məntəqəsinin sakinlərinin fərdi təsərrüfatlarına, ev və tikililərinə, əkinlərinə ciddi ziyan vurulmuşdur. Baş vermiş təbii fəlakət nəticəsində rayonun 5 yaşayış məntəqəsi subasmaya məruz qalmış, 545 ev qəzalı vəziyyətə düşmüşdür. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən 421 yaşayış evi tikilib istifadəyə verilmiş, 112 ev hazırda inşa olunmaqla 81 evdə bərpa-gücləndirmə aparılmış, 3 məktəb binası, Nərimankənd qonaq evi, Nərimankənd həkim ambulatoriyası, Dəllər və Musalı kənd məscidləri əsaslı təmir olunmuş və 178 evdən, 132 şagird yerlik məktəb binasından, 50 yerlik uşaq bağçasından və digər zəruri sosial infrastrukturdan ibarət yeni qəsəbə salınmışdır. Cari ilin aprel-iyun aylarında keçirilən əlavə baxış nəticəsində 13 evin tikintisinin həyata keçirilməsi, 28 evdə bərpa-gücləndirmə, 5 evdə isə təmir işlərinin aparılacağı barədə müvafiq qərar qəbul edilmişdir. Təbii fəlakət nəticəsində əmlak və təsərrüfatlarına dəymiş ziyana görə 1191 ailəyə 1 milyon 822,5 min manat, əkin sahələrinə dəymiş ziyana görə isə 1336 təsərrüfat başçısına 750,3 min manat kompensasiya ödənilmişdir.
S.Cabbarov
bildirdi ki, əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlərdəndir.
Bu məqsədlə ünvanlı sosial yardım proqramının qanunamüvafiq olaraq həyata
keçirilməsinə xüsusi diqqət
yetirilir. Bu ilin əvvəlindən 775 ailəyə
ünvanlı sosial yardım təyin olunmuşdur. Şəhid ailələrinə
və əlillərə onların arzusuna
uyğun olaraq sanatoriya və pansionatlarda
istirahət etmək üçün 34 ədəd
yollayış (putyovka) verilmiş,
mərkəzin məişət xidməti sektoru
tərəfindən uçotda olan 108 nəfər tənha və kimsəsiz
vətəndaşa evlərində xidmət göstərilmişdir.
Rayon sakinlərini ən çox narahat edən təbii qazın verilməsi, enerji və içməli su təchizatıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər razılıqla qarşılanır.
"Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində Saatlı şəhərində su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması sahəsində işlərin görülməsi rayonun tarixinə yazılacaq hadisə kimi qeyd olunmalıdır. Saatlı şəhəri və ətraf kəndlərdə əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təminatını yaratmaq məqsədilə su anbarı, nasos stansiyası, içməli su laboratoriyası və əməliyyət mərkəzi, şəhərdaxili paylayıcı su xətləri, 395 ədəd yanğın hidrantı, ikinci dərəcəli su kollektorları və 11 ədəd kanalizasiya nasos stansiyasının tikintisi üçün 2012-ci il mayın 30-da təməlqoyma mərasimi keçirilmişdir. Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağı nəzərdə tutulmuşdur.
Vətəndaşların ərizə və şikayətlərinə baxılması daim diqqət mərkəzində saxlanılan məsələ olduğunu vurğulayan başçı bu məqsədlə son altı ay ərzində şəhər və kənd yaşayış məntəqələrində 23 səyyar qəbul keçirildiyini bildirdi. Bu səyyar görüşlərdə 2500 nəfər rayon sakini iştirak etmişdir. Keçirilən səyyar qəbullarda əhali tərəfindən irəli sürülən 164 təklif və sorğudan 41-i yerində həll olunmuş, 115 təklifdə qaldırılan məsələlər nəzarət qaydasında aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırılmaqla yerinə yetirilməsinə müntəzəm diqqət göstərilmişdir. 8 təklifdə qaldırılan problemlərin həlli barədə isə aidiyyəti üzrə mərkəzi icra orqanlarına və rəhbər təşkilatlara məktub ünvanlanaraq icra vəziyyəti nəzarətdə saxlanılmışdır. Bu ilin birinci yarımilində rayon icra hakimiyyətinə daxil olan vətəndaş müraciətlərinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır. Belə ki, son altı ay ərzində 1944 müraciət daxil olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 191 ədəd azdır. Bu da vətəndaşların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində fəallığın və operativliyin nəticəsidir.
S.Cabbarov diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə tapşırıq və göstərişlərinin icrası hər birimizdən daha yüksək əzm və səylə işləməyi tələb edir. Başlıca istəyimiz və fəaliyyətimizin əsası budur ki, Saatlı daha abad və müasir görkəmi olan bir rayona çevrilsin, insanlarımızın rahat və firavan həyatı təmin edilsin. Görülən işlər Saatlının bu gününün abad, sabahının isə parlaq olacağından xəbər verir.
Əliağa
QURBANOV,
Saatlı Rayon Veteranlar
Şurasının sədri, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Xalq qəzeti.- 2012.- 26 iyul.- S. 5.