Xüsusi iqtisadi zonaların yaradılması ilə yerlərdə yeni infrastrukturun formalaşması prosesinə başlanacaq

 

Xüsusi iqtisadi zonaların yaradılması ölkəmizdə qeyri-neft sektorunda dayanıqlı inkişafın möhkəmləndirilməsi ilə bağlı aparılan prirotet fəaliyyətlərdən hesab edilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması" haqqında imzaladığı fərmanın şərtlərinə uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində belə zonaların formalaşdırılması məsələsi gündəmə gəlmişdir. Azərbaycan Prezidentinin imzaladığı sənəddə ölkə iqtisadiyyatının və ayrı-ayrı regionların inkişafının daha sürətləndirilməsi, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərin yaradılması, xarici investisiyaların qeyri-neft sektoruna yönəldilməsinin dəstəklənməsi, rəqabət qabiliyətinin artırılması kimi vacib məsələlərə toxunulmuşdur.

 

Qeyd edək ki, xüsusi iqtisadi zonalar (XİZ) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi ərazi hesab olunur. XİZ-in yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkilindən ibarətdir. Ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması ideyası təqdirəlayiqdir. Burada söhbət hökuməti prioritet sahə kimi qəbul etdiyi qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqdan gedir.

Təbii ki, belə zonaların yaradılmasının müsbət təsirləri yalnız bununla məhdudlaşmır. Xüsusi iqtisadi zonalar ölkənin səciyyəvi iqtisadi qanunlarından daha liberal qanunlara malik olan coğrafi ərazidir. Adətən belə zonaların yaradılmasında məqsəd daha çox xarici investisiya cəlb etməkdir. İlk belə zona ötən əsrin 80-ci illərinin əvvəllərində Çində Şenzen ərazisində yaradılmışdır. Bu zonanın yaradılması nəticəsində Şenzen 20 il ərzində kiçik kənddən 10 milyon əhalisi olan şəhərə çevrilmişdir. Çindən başqa belə zonalara Hindistanda, Polşada, Qazaxıstanda, Rusiyada, Filippində və başqa ölkələrdə rast gəlinir. ABŞ-da belə zonalar "Şəhər sahibkarlıq zonaları" kimi adlandırılır. Dünya Bankının məlumatlarına görə, 2012-ci ilin əvvəlinə dünyanın 120 ölkəsində 3500-dən artıq belə zonalar yaradılmışdır. Yalnız Hindistanda belə zonaların sayı 240-dır və onların yaxın iki ildə 500-ə çatdırılması nəzərdə tutulur. Xüsusi iqtisadi zonalar xüsusi vergi güzəştlərinə, xarici ticarət əməliyyatlarında daha böyük müstəqilliyə malik olmaqla ixraca yönəlik istehsal sahələrin yaradılmasına xidmət edir. Azərbaycanda belə zonaların yaradılması bir sıra iqtisadi və sosial üstünlüklərə malikdir. Əvvəla, xüsusi zonanın yaradılması həmin əraziyə xarici investisiya axının sürətləndirəcək və bu təbii ki, yeni sənaye müəssisələrin yaradılmasına gətirib çıxaracaq. Bu isə yeni iş yerlərinin yaradılması və məşğulluq problemin həllinə yardım deməkdir. İkincisi, belə zonaların yaradılması regional inkişaf probleminin həllinə təkan verəcək. Dövlət büdcəsi vergilərinin toplanmasında Bakının payının çox olduğunu nəzərə aldıqda, biznesin paytaxtda çəkisinin çox olduğu aydınlaşır. Xüsusi iqtisadi zonaların yaradılması həmin ərazilərdə yeni infrastrukturun formalaşmasına gətirib çıxaracaq. Bu baxımdan xarici investisiyanın regionlara axması və orada yeni iş yerlərinin yaradılması rayonların sosial inkişafına təkan verə bilər. Belə zonaların yaradılmasının başqa üstünlüyü idxala deyil, ixraca yönümlü iqtisadiyyatın formalaşmasıdır.

Nazirlər Kabinetinin ötən ilki fəaliyyətinə həsr edilən müşavirədə ölkə Prezidenti bildirimişdir ki, Azərbaycanda iş görmək üçün yaxşı şərait, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur. Prezident İlham Əliyev eyni zamanda iş adamlarını Azərbaycan iqtisadiyyatı üçün prioritet olan qeyri-neft sektoruna sərmayələr yönəltməyə dəvət etmişdir. Praktik olaraq, Azərbaycanda qeyri-neft sektoruna xarici investisiyalar cəlb edilməsi istiqamətində mövcud siyasi iradə xüsusi iqtisadi zonaların formalaşması və inkişafı üçün yeni imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə yerli istehsalın möhkəmlənməsi, qeyri-neft və özəl sektorun daha da inkişaf etdirilməsini əsas prioritet məsələlər kimi bəyan etmişdir. Ölkə Prezident bildirmişdir ki, Azərbaycanda istehlak olunan ərzaq məhsuallarının tamamilə ölkəmizdə istehsal edilməsinə nail olmalıyıq. Azərbaycan Prezidenti əlavə etmişdir ki, eyni zamanda biz öz məhsullarımızı xarici bazarlara da çıxarmalıyıq. Azərbaycanda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi, müstəqilliyin qazanıldığı 1991-ci illə müqayisədə 18,5 dəfədən çox olub. Əgər 1991-ci ildə nominal ÜDM cəmi 2,7 milyard manat və ya indiki məzənnə ilə təqribən 3,4 milyard ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu göstərici 50.1 milyard manat və ya təqribən 63,4 milyard ABŞ dolları təşkil edib. Həmin dövrdə ölkədə adambaşına düşən ÜDM-un həcmi isə 39 dəfə artaraq və 7003,4 ABŞ dollarına çatıb. Makroiqtisadi sabitliyin təmin edildiyi və müstəqillikdən bəri ilk dəfə iqtisadi artıma nail olunan 1996-cı ildən 2011-ci ilə kimi olan dövrdə ölkədə ortalama iqtisadi artım tempi 11,8 faiz olub.1992-ci illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 dəfədən çox artıb. Qeyd oluna dövrdə büdcə gəlirlərinin ÜDM-a nisbəti 30 faizdən 38 faizə yüksəlib.

Ölkəmizdə prioritet elan edilən istiqamətlərdən biri də məhz azad iqtisadi zonaların yaradılması yolu ilə yerli və xarici investisiya imkanlarının genişləndirilməsidir. Bəzi əlverişli sərhədboyu ərazilərdə yerləşən rayonlarda azad iqtisadi zonaların yaradılması həm həmin rayonların, həm də ətraf bölgələrin inkişafına təkan verə bilər. Məsələn, Naxçıvan MR-in Türkiyə və İranla həmsərhəd olması ona azad ticarət baxımından böyük üstünlüklər qazandırır. Bundan başqa, Azərbaycanın Cənub və Şimal regionlarında da bu tipli və ya buna bənzər iqtisadi zonalar yaratmaq mümkündür. Qeyd edək ki, qardaş Türkiyədə tətbiq ediən Yeni Təşvik Planı çərçivəsində Türkiyə ərazisi dərəcələrə bölünmüş və hər bir regiona onun inkişaf səviyyəsindən asılı olaraq vergi dərəcələri tətbiq edilməyə başlanmışdır. Məsələn, Türkiyənin ən az inkişaf etmiş regionu sayılan Cənub-Şərq hissəsi 6-cı bölgə adlandırılmış və bu bölgəyə investisiya qoyan investorlar bütün vergi yükündən azad edilmişdir. Həmçinin dövlət həmin regionda şirkətlərdə çalışan işçilərin bəzi sosial ehtiyaclarını da öz üzərinə götürmüşdür. Belə ki, orada iş quran şirkətlər yalnız minimum əmək haqqını ödəyir, qalan hissə isə dövlət tərəfindən vətəndaşlara ödənilir. Fikrimizcə, bu təcrübənin öyrənilməsi və Azərbaycan reallığına uyğun olaraq tətbiq edilməsi müsbət nəticələr verə bilər. Azad iqtisadi zonaların və ya diferensial vergi sisteminin tətbiqi ölkəyə investisiya cəlb etmək, həmçinin, yeni texnologiyanın gəlməsi baxımından həyati önəmə sahibdir. Yeni texnologiyanın gəlməsi gələcəkdə Azərbaycanda bu sahədə mütəxəssislərin yetişməsi və ölkənin sərbəst şəkildə beynəlxalq standartlara cavab verən məhsul istehsalı ilə məşğul ola bilməsi baxımından çox vacibdir.

Digər tərəfdən, xüsusi iqtisadi zonalar formalaşdırılan zaman regionların iqtisadi inkişafı məqsədilə hər bir regionun üstünlüyə malik olduğu sahələrin üzə çıxarılması və onun inkişafına dövlət dəstəyinin verilməsi vacibdir. Bəzi hallarda regionlarda bir-birini təkrarlayan istehsal sahələri açılır ki, bunlar da sonda uğursuzluğa düçar olur. Hər bir regionun malik olduğu keçmiş istehsal ənənələri və hər hansı bir məhsulun istehsalı üzrə malik olduğu təbii və iqtisadi resurslar nəzərə alınmaqla layihələr həyata keçirilməlidir. Məslən, üzüm istehsalında lider olmuş regionda taxıl istehsalı ilə məşğul olmaq həmin regionun iqtisadi potensialının aşağı düşməsinə səbəb ola bilər. Buna görə də, regionlara maliyyə və texniki dəstək həyata keçirilən zaman onların istehsal üzrə ənənəsi nəzərə alınmalıdır.

Xüsusi iqtisadi zonalar yaradılan zaman hansı regionların seçilməsi olduqca vacibdir. Bu həmin zonaların müvəffəqiyyətinə ciddi təsir göstərir. Bu baxımdan region seçilən zaman yalnız iqtisadi faktorlar deyil, həmçinin siyasi amillər də nəzərə alınmalıdır. Başqa tərəfdən, xüsusi iqtisadi zonalara ticarət zonaları kimi baxmaq düzgün deyil. Bu zonalardan danışılanda Dubay modeli daha çox xatırlanır. Əlbəttə, Dubay şəhərinin inkişafı uğurlu modellərdən biridir. Amma bu model daha çox xüsusi ticarət zonası mexanizmi üzərində qurulub. Ölkəmizdə isə daha çox xarici investisiyanı cəlb etmək məqsədilə belə zonalar yaradılması planlaşdırılır. Başqa tərəfdən, Azərbaycanı Birləşmiş Ərəb Əmirliyi ilə müqayisə etmək də düzgün deyildir. Buna görə də, belə zonalar seçilən zaman xarici investisiya cəlb etmək imkanları araşdırılmalıdır. Hal-hazırda Naxçıvan MR, Lənkəranda belə zonaların yaradılması məsələsi müzakirə edilir. Cənub bölgəsi, o cümlədən Lənkəran İranla sərhəddə yerləşir və kifayət qədər geopolitik məsələdir. Regionda baş verən proseslər göstərir ki, İranla Qərb ölkələri, xüsusən də ABŞ arasında gərginlik artır və problemin yaxın illərdə həll edilməsi ilə bağlı nikbin proqnozlar da yoxdur. Xarici investorlar isə potensial gərginlik ocağına yaxın əraziyə böyük həcmdə kapital qoymayacaqlar. Bunu İraqda son illər baş verənlər də təsdiq edir. Xarici investorlar siyasi risklərdən sığortalanmış ərazilərə kapital qoymaqda maraqlıdırlar. Buna görə də, cənub bölgəsində xüsusi zonanın yaradılmasına cəhd hələlik xarici investisiyanı cəlb etmək baxımından arzuolunan deyildir.

Buna görə də, xüsusi iqtisadi rayonların yaradılması üçün indiki şəraitdə Naxçıvan MR və Azərbaycanın mərkəzi rayonları daha çox müqayisəli üstünlüyə malikdir. Eyni zamanda, ixtisaslı kadrlara olan tələbatın qarşılanması baxımından zonanın iri şəhərə yaxın formalaşdırılması da vacibdir.

Doğrudur, xüsusi zonaların əsas özəlliyi liberal qaydaların və eləcə də vergi güzəştlərinin tətbiq edilməsidir. Amma burada dövlətin itkilərindən danışmaq doğru deyildir. Əvvəla, həmin zonalarda fəaliyyət göstərən müəssisələr bir sıra vergilər, o cümlədən fiziki şəxslərin gəlir vergisini ödəyirlər və faktiki olaraq, dövlət heç də bütün vergi mənbələrindən mərhum olmur. Ən əsası isə odur ki, dövlət bu zonaları yaratmaqla məşğulluq, regional inkişaf kimi əsas məsələlərin həllinə ciddi yardım etmiş olur. Bu isə belə layihələrin əhəmiyyətini göstərən vacib faktorlardandır.

 

 

Vüqar BAYRAMOV,

İqtisadi və Sosial İnkişaf

Mərkəzinin sədri

 

Xalq qəzeti.- 2012.- 26 iyul.- S. 1.