Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna çevrilib

 

İqtisadi cəhətdən sürətlə inkişaf edən, beynəlxalq aləmdəki nüfuzu gündən-günə daha da artan, həyata keçirdiyi regionalqlobal layihələrlə dünyanın diqqətini özünə cəlb edən qüdrətli Azərbaycan Respublikası bu gün yüksək döyüş qabiliyyətinə malik mütəşəkkil, nizami və peşəkar silahlı qüvvələrə malikdir. Bu gün qürurla deyə bilərik ki, respublikamız iqtisadisiyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə etmiş, Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna malik güclü dövlətə çevrilmişdir. Ən müasir texnikasilahlarla tam təchiz olunmuş ordumuz artıq qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazır möhtəşəm bir gücə malikdir.

 

Azərbaycanın bu səviyyəyə yüksəlməsi heç də asan olmamışdır. 90-cı illərin əvvəllərində ölkəmizdə xoas, anarxiya, siyasi hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Həmin dövrdə himayədarlarının köməyinə arxalanan ermənilər cəbhə boyu hücuma keçmişdilər. Yaranmış xaotik vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər daha da fəallaşmışdılar. Ermənilər sürətlə irəliləyir, ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları qüvvələrin konyunktur maraqlarına xidmət edirdilər. Vahid komandanlığın olmaması isə vəziyyəti daha da çətinləşdirirdi. Çıxılmaz vəziyyətdə qalan AXC-Müsavat hakimiyyəti xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Böyük siyasi xadim hakimiyyət sükanının arxasına keçdikdən az sonra mövcud olan bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi. Ciddi strukturkadr dəyişiklikləri həyata keçirildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması təmin olundu. Bununla ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. 1993-cü il noyabrın 2-də ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti ölkə ictimaiyyətində gələcəyə olan inamı və hərbi vətənpərvərlik hisslərini ikiqat artırdı. Onun bir çağırışı ilə minlərlə insan könüllü olaraq döyüşən orduya yollandı. Fərarilik etmiş əsgərlər hərbi hissələrə geri döndülər.

Ulu öndərin orduya diqqəti əsgərlərin döyüş əzmini artırdı. 1994-cü il yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən Azərbaycan Ordusu bir gün ərzində 20-dən çox yaşayış məntəqəsini düşməndən azad etdi. Çoxsaylı yaşayış məntəqələri ilə yanaşı, strateji yüksəkliklər də ələ keçirildi. Bu möhtəşəm hücum 1994-cü il mayın 12-də atəşkəsin əldə olunmasında böyük rol oynadı. Düşmən anlamışdı ki, bu dəfə döyüş meydanında yenicə formalaşmış silahlı qüvvələri peşəkar komandan idarə edir. Bunu da anlamışdı ki, atəşkəsə razı olmasaydı, daha böyük məğlubiyyətlər onu gözləyirdi. Atəşkəsin əldə olunması ordu quruculuğunda böyük işlər görülməsinə şərait yaratdı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların silahlı qüvvələrin formalaşmasında iştirakı təmin olundu, döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərlik hisslərinin aşılanması işi genişləndirildi, maddi-texniki təminat xeyli yaxşılaşdırıldı. Ümummilli liderin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və məktəbdə hərb elminin bilicilərinin yetişdirilməsi işinə xüsusi diqqət yetirildi.

Ümummilli liderimiz ordu quruculuğu istiqamətində aparılan islahatları və əldə edilən uğurlu nəticələri belə ifadə edirdi: "Biz 1993-cü ilin payızından başlayaraq Azərbaycanda müstəqil dövlətin bütün atributlarının yüksək səviyyədə qurulması, bərpa edilməsinə başladıq. O cümlədən ordu quruculuğuna böyük önəm verdik, diqqət ayırdıq, bu işə məsuliyyətlə yanaşmağı təmin etdik. Odur ki, bu gün Azərbaycan Ordusu yeni əsrin tələbləri səviyyəsində, yeni standartlara uyğun qurulubdur, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək iqtidarında olan səviyyəyə qaldırılıbdır".

Ulu öndərin ordu quruculuğu sahəsindəki siyasəti bu günuğurla davam etdirilir. Ötən müddət ərzində ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə daha da güclənmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi fəaliyyətinin prioritet məsələsidir. Təsadüfi deyil ki, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdi ki, ölkəmizin iqtisadi potensialı artdıqca silahlı qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılacaqdır. Ötən müddətdə bu sahədə xeyli işlər görülmüşdür.

Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar ayrılmışdısa, 2010-cu ildə bu rəqəm 13 dəfə artaraq 2 milyard 150 milyon dollara çatmış, 2011-ci ildə 3 milyard 413 milyon dollar, 2012-ci ildə isə 3 milyard 474 milyon dollar olmuşdur. Bu gün qürurla deyə bilərik ki, ölkəmizin hərbi xərcləri təcavüzkar Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Ali Baş Komandan İlham Əliyev bu barədə demişdir: "Bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatı ilə müqayisə edilməz səviyyədədir. Biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Hərbi gücə gəldikdə isə bir daha demək istəyirəm ki, Azərbaycan ordusu bölgədə ən qüdrətli ordudur. Biz hərbi gücümüzü artırırıq. Əgər biz 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində belə qüdrətli orduya malik olsaydıq, Azərbaycan torpaqları heç vaxt işğal altına düşməzdi".

Bu gün NATO standartlarına uyğun yenidən qurulan silahlı qüvvələrimiz ən müasir hərbi texnika ilə təmin olunur, ordunun təchizatı yaxşılaşdırılır, zabit və əsgərlərin peşəkarlığı artırılır. Bugünkü Azərbaycan Ordusunu fərqləndirən əsas cəhətlərdən biri də hərbi hissələrdə zabit və əsgərlərin yüksək səviyyəli döyüş hazırlığı, ruh yüksəkliyi və qələbə əzmidir. Bütün bunlar isə şübhəsiz ki, dövlət başçısının orduya göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Ordumuzun silah təminatı da yüksək səviyyəyə çatdırılmışdır. Keçən il bütün dünya bunun şahidi oldu. Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə 2011-ci il iyunun 26-da Bakının "Azadlıq" meydanında keçirilən təntənəli hərbi paradda 400-dək hərbi texnikasilah sistemlərinin sərgilənməsi, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikasının, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silahın, döyüş vertolyotlarının, təyyarələrin, gəmilərin və qayıqların nümayişi dostlarımızı sevindirdi, düşmənlərimizi təşvişə saldı. Hər bir anı yaddaşımıza həkk olunan paradda hərbçilərimizin nizam-intizamla irəliləməsi ilə yanaşı hərbi texnikanın keçidi zamanı Azərbaycanın hərbi sənayesi tərəfindən istehsal edilmişya modernləşdirilmiş yeni silah-sursatların, o cümlədən ən geniş ərazidə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verən "Qaranquş" və "Şahin" pilotsuz uçuş aparatlarının nümayişi böyük heyrətlə və maraqla izlənildi. Həqiqətən də qürur duymağa dəyər. Çünki bəzi mənəm-mənəm deyən dövlətlərdən fərqli olaraq Azərbaycan müstəqilliyinin 20-ci ildönümünədək özünün nəhəng hərbi sənayesini, hərbi potensialını formalaşdırmağı, gücləndirməyi bacarıb. Onu da vurğulamaq istəyirik ki, bir çox ölkələr hələ də "Qaranquş" və "Şahin" kimi pilotsuz uçuş aparatlarını istehsal etməyin arzusu ilə yaşayırlar. Ona görə ki, bu, daha çox inkişaf etmiş ölkələrə xas olan istehsal sahəsidir. Cənubi Qafqaz regionunda özünün iqtisadi inkişafı, nüfuzu, geostrateji əhəmiyyəti və diplomatik çevikliyi ilə xüsusi seçilən ölkə olan Azərbaycan öz imkanları ilə pilotsuz təyyarələri istehsal etməklə bir daha sübut etdi ki, artıq o, dünya gücləri sırasına da yüksəlməyə qadirdir. Bu gün Azərbaycanda müxtəlif hərbi texnika, döyüş sursatlarını istehsal edən çox güclü hərbi sənaye kompleksinin yaradılması, ən əsası isə ölkəmizin hərbi potensialını ilk növbədə daxili imkanlar hesabına gücləndirməsi və hazırda respublikamızda 600 adda məhsul istehsal edilməsi dediklərimizi bir daha təsdiq edir.

Beynəlxalq ekspertlər də bu gün Azərbaycan Ordusunu regionun ən güclü ordusu kimi dəyərləndirirlər. Bu işdə ölkə başçısının həyata keçirdiyi tədbirlər, tez-tez ön cəbhədə zabit və əsgərlərlə görüşməsi, onların hazırlıq səviyyəsi, döyüş bacarıqları, sosial təminat məsələləri ilə maraqlanması, bu sahəyə qayğı və diqqətlə yanaşması öz sözünü deyir. Bu gün silahlı qüvvələrimizin dünyanın müasir ordularının sahib olduğu ən son hərbi texnika ilə təmin edilməsi də Azərbaycan Prezidentinin diqqəti sayəsində mümkün olmuşdur. Ali Baş Komandanın da qeyd etdiyi kimi, Azərbaycanın hərbi gücünün artırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. "Biz əlbəttə ki, bu ilbundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu gün regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir". Qətiyyətlə demək olar ki, yüksək səviyyədə formalaşan Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı hər an işğaldan azad etmək iqtidarındadır. Ölkəmiz Ermənistan tərəfindən zəbt edilmiş ərazilərimizin sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Ancaq dövlət başçısının da dediyi kimi danışıqlar əbədi ola bilməz. Əgər sülh variantı tükənərsə, bizim torpaqlarımızı azad etməyə, düşmənlərimizə layiqli cavab verməyə qadir olan qüdrətli ordumuz var. Bu il iyunun 7-8-də Ermənistan ordusunun təmas xəttində atəşkəsi pozaraq mövqelərimizə hücum etməyə cəhd göstərdiyi zaman aldığı ciddi zərbədən və bu il iyulun 9-da cəbhə bölgəsində ordumuzun keçirdiyi növbəti genişmiqyaslı hərbi təlimlər də belə deməyə əsas verir.

Ermənistan ordusunun məhvə doğru getdiyini, Ermənistanın təhlükəsizlik sisteminin iflasa uğradığını hələ də başa düşməyən rəsmi İrəvan bu gün böyük sülhə nail olmaq məqsədiylə aparılan danışıqlarda yenə qeyri-konstruktiv mövqeyindən çıxış edir. Təbii ki, belə olan halda son sözü Azərbaycan Silahlı Qüvvələri deyəcəkdir. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, əgər Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etmək üçün Silahlı Qüvvələrimizə "İrəli!" əmrini verərsə, ordumuz qısa zamanda ərazi bütövlüyümüzü təmin edəcək, Dağlıq Qarabağda üçrəngli bayrağımızı zirvələrə daşıyacaqdır. Cənubi Qafqazın ən qüdrətli ordusuna da bu yaraşır. Bugünkü Azərbaycan Silahlı Qüvvələri, ancaq qələbəyə layiq ordudur.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 26 iyul.- S. 3.