Zəlimxan müəllim,
haradasınız?
Camaat soruşur ey, Zəlimxan müəllim, harada
olmağınızı. Mən bilirəm haradasınız,
daha doğrusu haralardasınız. Bilirəm
ki, namərd xəstəlik sizi gah Almaniyaya aparır, gah da evinizə gətirir. Zəng edəndə gah sizinlə Almaniyadan danışırıq, gah
da evinizdə.
İyulun 26-da sizə zəng vurdum ki, hal-əhval
tutum. Səsimi eşidən kimi soruşdunuz:
- Xeyrəddin, haradasan?
Bu sualınız da,
bilirəm, mənim xəstələnməyimlə əlaqədar narahatlığınızdan,
qayğınızdan doğur. Çünki bir neçə aydır (deyəsən, siz məndən əvvəl gediş-gəlişə
başlamısınız...) Siz Almaniyaya gedib-gəlirsiniz, mən Türkiyəyə, dəqiq
desəm, İstanbula.
İstanbul demişkən, İstanbulda
mənim baş konsul olarkən yaşadığım evin
qarşısınıda, böyük
sahəni tutan yaşıl ağacların
arasında səhər-səhər
birlikdə gəzintilərimiz
yadınızdamı? Həmişə birlikdə dərdləşmişik,
sənət, ədəbiyyat,
ictimai həyat haqqında bir-birindən maraqlı söhbətlər
etmişik, fikir və düşüncələrimizi
bölüşmüşük. Böyük qardaşım kimi - axı, Siz məndən
8 gün böyüksünüz
- söhbətlərinizə diqqətlə qulaq asır və bu söhbətlərdən
heç zaman doymamışam. Heç indi
də sizin söhbətlərinizdən doymuram,
danışıqlarınız, fikirləriniz, düşüncələriniz
mənim üçün
həmişə maraqlı
olacaq. Necə ki, bütün xalqımız üçün
maraqlıdır...
Neçə vaxtdır sizi məclislərin başında
görmürük, bal
kimi şirin, axıcı, mənalı,
yalnız özünüzə
məxsus danışıqlarınızı
eşitmirik. Hər dəfə sizi dinləyəndə yadıma
çox dəyərli
fikirləriniz düşür:
"Adam danışanda kişi
kimi danışar, mızıldamaz!" Bu fikrin arxasında çox mətləblər
dayanır. Yəni, söhbət
yalnız səlis, gözəl danışmaqdan
getmir, xarakterdən, simadan, şəxsiyyətdən
gedir. Yəni, danışanda doğru-dürüst
danışın, məntiqə
söykənin, ağzınızdan
çıxanı özünüzün
də, başqalarının
da qulaqları yaxşı eşitsin, nitqinizlə insanları yormayın... demək istəyirsiniz...
Zəlimxan müəllim, tam səmimi
deyirəm, bir ildən çoxdurmu, azdırmı bilmirəm, verilişlərin, məclislərin,
yubileylərin dadı-duzu
azalıb. Siz, doğrudan, heyrətamiz
nitqə sahibsiniz.
Sizi sevə-sevə dinləməmək,
hər kəlmənizə
qulaq kəsilməmək
mümkün deyil.
Siz ekranda olanda şəxsən mən qapını arxadan bağlayıram ki, evdə mane olan olmasın. Sizə qulaq asa-asa bu dünyadan ayrılıram, sizin dünyanıza düşürəm.
Hələ sizin yaddaşınız məni lap heyran edir. Başqa şairlərin şeirlərini
sizin qədər əzbərdən bilən
heç bir şair tanımıram.
Yaddaş demişkən,
bu sətirləri yazarkən 2000-ci ildə Rəşid Behbudov adına Mahnı
Teatrında keçirilən
50 illik yubileyimi xatırlayıram. Xahiş etmişdim
ki, yubileyi siz aparasınız. Həmin gün Naxçıvandan oxucularınızla görüşdən
qayıtmışdınız. Deyəsən, heç evə
baş çəkməyə
də vaxtınız qalmamışdı. Yorğunluqdan gözləriniz də qızarmışdı. Amma yubileyi
elə şövqlə
apardınız ki, salonda əyləşən
Azərbaycanın görkəmli
yazıçıları, mədəniyyət,
elm və siyasət xadimləri də vurğunluqlarını bildirdilər.
Ən təəccüblüsü
o idi ki, siz mənim həyatım və yaradıcılığım haqqında
elə müfəssəl
danışdınız ki,
təəccüb etdim,
öz-özümə düşündüm:
Görəsən, Zəlimxan
müəllim uşaqlığımdan
indiyədək həyat
yolumu haradan bilir? Yubileydən sonra həmin
sualı sizə də verdim. Özünüzə məxsus
zarafat və gülümsəməklə cavab
verdiniz: "Xeyrəddin,
mən sənin həyat yolunu sənin özündən
yaxşı bilirəm".
Doğrusu, indiyə kimi
mənim haqqımda səhih məlumatları necə öyrəndiyinizi
bilmirəm. Balalarımın xeyir işlərində iştirakınız, sizin
bir ailə başçısı, ata
kimi mənə verdiyiniz qiymət hamının yanında başımı uca edib. Təqdim etdiyim şəkil
də qızlarımdan
birinin toyunda çəkilib. Mənə
olan hörmət və ehtiramınıza görə minnətdaram! Bilməlisiniz ki, həm də yəqin bilirsiniz, mən sizə böyük hörmət və ehtiram bəsləyirəm.
Həyatda elə günlər
olur ki, heç zaman unudulmur. Belə günlərdə siz həmişə mənim yanımda olmusunuz. Mən də sizin unudulmaz günlərinizdə
iştirak etməyi özümə şərəf
sanmışam. Ümumiyyətlə, sizin kimi şəxsiyyətləri
görəndə qəlbim
qürurla döyünür.
Zarafat deyil, öz istedadınla, öz nitqinlə hamıdan fərqlənəsən!
Əlbəttə, dövlət də,
xalq da sizi
lazımınca fərqləndirir.
Bütün banlara - bu qayğıya, diqqətə baxmayaraq, həmişə fikirləşirəm:
Gərək sizin kimi insanların dünyada heç vaxt, heç bir qayğısı, ehtiyacı olmasın. Gərək belə böyük insanlar ömürlərini
pambığın içərisindəki
kimi yumşaqlıqla keçirsinlər. Özüm də
bilirəm ki, bu mümkün deyil. Nə edim, könül belə istəyir...
Zəlimxan müəllim, yuxarıda
qeyd etdim, siz məndən cəmi səkkiz gün böyüksünüz,
1950-ci il yanvarın 21-də siz dünyaya gəlmisiniz, yanvarın 29-da mən. Ad günlərimizdə əvvəlcə mən sizi təbrik edirəm, səkkiz gündən sonra isə siz. Altmış
üç yaşın
içərisində olsaq
da, nə siz qoca görünürsünüz,
nə də mən. Amma həyat bizə
çox şeyləri
öyrədib. Hər ikimiz
doğulduğumuz kənddən,
obadan gəlib həyatın burulğanlarına
atılmışıq. Böyük çətinliklərdən, məhrumiyyətlərdən
çıxıb bu günə qədər gəlmişik. Sizi bilmirəm, mən düz beş
dəfə əməliyyat
olunmuşam. Xəstəliklərə, ehtiyaclara sinə
gərə-gərə yaşamışıq.
Hər dəfə sizinlə görüşəndə, telefonla
danışanda mən
sizə demişəm
"özünüzə yaxşı
baxın", siz mənə. Amma biz heç
zaman özümüzə
baxa bilməmişik.
Kim bilir, bəlkə
də həyat elə belə olmalıdır. Onun üçün
şirindir. Birdən fikirləşirəm
ki, bu yaşa
çatdıq, nə
gördük ki?!
Lakin sizə də, mənə də dövlət tərəfindən
qayğı, diqqət
göstəriləndə düşünürəm
ki, görünür,
həyatda nə isə etmişik, kimlərinsə hörmətini
qazanmışıq. Bilirəm ki,
siz böyük şair olmaqla yanaşı, dövlətimizə,
xalqımıza çox
bağlısınız. Mən də belə olmağa çalışıram.
Ona görə də dövlət bizə qayğı göstərəndə
mütəəssir oluruq,
qəlbən razılıq
hissləri keçiririk.
Şəxsən böyük
insan Heydər Əliyev mənim ürək əməliyyatıma
maddi və mənəvi kömək göstərməsəydi, 14 il əvvəl həyatda olmamalı idim. Sonra Azərbaycan
Prezidenti İlham Əliyevin şəxsi qayğısını görməsəydim,
sadəcə, yaşamaq
mənim üçün
bir az
da çətin olardı. Belə qayğı və
diqqətin sizə də göstərildiyini bilirəm və qəlbimdə dövlətimizə,
dövlətimizin rəhbərliyinə
dərin minnətdarlıq
hissləri keçirirəm.
Dövlətimiz bizim qürur mənbəyimizdir. Yoxsa
şairin, yazıçının bir qələmdən
başqa nəyi var ki?!
Həmişə
eşidirəm, hiss edirəm, belə minnətdarlıq hisslərini
siz də keçirirsiniz, yeri gələndə dilinizə də
gətirməkdən şərəf duyursunuz. Bəlkə
bizi yaşadan elə bu hisslərdir! Biz
qardaşımızdan, bacımızdan, qohumlarımızdan
görmədiklərimizi dövlətimizdən
görürük. Deməli, yaşamağa dəyər!
Əziz
dostum, qardaşım! Bəlkə də bu yazıda mən
bunları deməməliydim. Amma səmimiyyətim
üstün gəlir. Onlar elədikləri yaxşılıqları
heç zaman demirlər. Görünür, "Bir əl verəni,
o biri əl bilməməlidir" el məsələni
unutmurlar. Amma düşünürəm ki, bizi
yaşadanları biz də unutmamalıyıq. Hərdən
xeyirxahlığı dilə gətirmək lazımdır.
Yoxsa, yaxşı işlər arada-bərədə unudulub gedər...
Zəlimxan müəllim, yəqin yadınızdadır, bir-iki ay əvvəl sizin evinizdə görüşdük. Bir gün sonra siz növbəti dəfə Almaniyaya getdiniz, mən də İstanbula. Mən sizdən nigaran qaldım, Siz də məndən. Görünür, ona görə iki gün əvvəl sizə zəng vuranda "Xeyrəddin, haradasan?" - deyə soruşdunuz. Hələlik evimizdə-eşiyimizdəyik, şair! Sonrası nə olacaq, bilmirəm. Amma ürəyimə damıb ki, hər şey yaxşı olacaq. Siz də sağalacaqsınız, mən də. Daha bir-birimizə "haradasan" sualını verməyəcəyik. Bircə onu bilirəm ki, mən və sizi sevən insanlar - hamımız sizin yeni çıxışlarınızı, dəyərli şeirlərinizi gözləyirik. Mən də "Az-az uydururam yeri gələndə". Nə edək, biz də yazı-pozu yolunu tutmuşuq. Bacardığımız budur. Ona görə də səbr eləyin, hər şey yaxşı olacaq. Mən buna inanıram!
Xeyrəddin QOCA
Xalq qəzeti.- 2012.- 28 iyul.- S. 6.