Naxçıvan Muxtar Respublikasında üzümçülük, meyvəçilik və tərəvəzçilik

 

(əvvəli qəzetimizin 28 iyul 2012-ci il tarixli sayında)

 

Hazırda üzümçülüyə fəal və doğma münasibət bərpa olunmasına baxmayaraq, üzüm bağlarının salınmasında da problemlər də az deyil. Əhalinin alıcılıq imkanlarının yaxşılaşması bazarlara daha çox süfrə üzümü və ondan hazırlanan müxtəlif məhsulların çıxarılması ilə müşayiət olunur. Süfrələrimizin bəzəyi, adamların sağlamlığı üçün zəngin biokimyəvi tərkibə malik olan kişmiş və mövüc istehsalına tələbat ildən-ilə artır.

 

Hazırda şərab zavodlarının yenidən təmir edilməsi ölkə və dünya bazarlarına keyfiyyətli məhsul çıxarılması, yeni texnologiyanın tətbiqi, üzümçülük üzrə fermer təsərrüfatlarının yaradılması zərurətini ortaya çıxarmışdır. Lakin muxtar respublikada blokada vəziyyətinin davam etməsi, dəmir yolunun işləməməsi nəticəsində digər regionlarla əlaqələrin çətinləşməsi, emal müəsisələrinin istehsal etdiyi müxtəlif çeşidli spirtsiz və spirtli məhsulların xarici ölkələrə satışa çıxarılması çətinlikləri, üzümçülüyün sənaye miqyasında genişləndirilməsi imkanlarını məhdudlaşdırmışdır. Ona görə də ancaq süfrə üzümü və qurudulmuş kişmiş və mövüc istehsalının artırılmasına daha çox diqqət yetirilir.

Muxtar respublikada üzümçülüyün məqsədyönlü inkişafının təmin edilməsi üçün üzüm genofondunun tədqiqi olduqca əhəmiyyətlidir. Üzümçülüyün yenidən inkişafına gələcəkdə də dövlətin diqqətinin artacağını nəzərə alaraq AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda Naxçıvan MR-də mövcud üzüm genofondunun toplanılaraq qorunması, həmçinin kompleks şəkildə botaniki, genetik və ampeloqrafik tədqiqi aparılmaqla, ərazidə yayılan 120-dən çox aborigen, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyalarından və 30-dan çox seleksiya üsulları ilə alınmış formalardan ibarət "Üzüm genofondu" kolleksiya bağı salınmışdır. Müəyyən edilmişdir ki, yetişmə müddətlərinə görə 7 qrupda yerləşdirilən yüksək keyfiyyətli üzüm sortlarının ardıcıl plantasiyalarının salınması geniş ərazilərdə becərilən bağlardan məhsulun konveyer üsulu ilə toplanılmasını, daxili bazarlara ilin 4-5 ayı ərzində təzə süfrə üzümü çıxarılmasını, emal müəsisələrini isə 3-4 ay müddətində üzüm məhsulları ilə təchiz olunmasını, hətta belə məhsulların xaricə ixracatını təmin etmək olar. Üzümçülüyün yenidən inkişaf etdirilməsi digər tərəfdən, kənd adamlarının məşğulluğunun artırılmasına, onların işlə təmin olunmasına da kömək edəcəkdir.

Bu gün muxtar respublikada aqrar sektorun qarşısında duran əsas məsələ əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan məqsədyönlü istifadə olunmasına, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına nail olmaqdan ibarətdir. Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçilik kənd təsərrüfatının əsas sahələrindəndir. Regionda torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, şaftalı, gavalı, alça, badam, qoz və s. meyvə bağlarının salınması üçün əlverişli ekoloji mühit mövcuddur. Son dövrlər muxtar respublikada həyata keçirilən irimiqyaslı islahatlar, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, reallaşan Dövlət Proqramları kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə məhsullarının istehsalının sənaye miqyasında inkişaf etdirilməsinin təməlini qoymuşdur. Müxtəlif vaxtlarda yetişən ayrı-ayrı tumlu, çəyirdəkli, qoz və giləmeyvələrin aborigen sortlarından ibarət plantasiyaların salınması, ilkin mərhələdə bioloji və fitosanitar baxımdan təmiz, yüksək məhsuldar, keyfiyyətli meyvəçiliyin davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli sortların əldə edilməsi, regionumuzun təbii iqlim şəraitinə uyğun meyvə tinglərinin yetişdirilməsi meyvə-tingçilik təsərrüfatının yaradılması zərurətini ortaya qoymuşdur. İndiki dövrdə muxtar respublikada kənd təsərrüfatı məhsullarının ixracının artırılması, xarici bazarlarda rəqabətə davamlı məhsul satmaq üçün məhsul çeşidləmə, qablaşdırma, saxlama, istehsala və ixraca stimul yaradan digər tədbirlərin həyata keçirilməsi bu gün də davam etdirilir.

Muxtar respublika ərazisində çoxlu sayda müxtəlif çeşidli meyvə sort və formaları yayılmışdır. Almanın Qəndil sinab, Loğazbəyi, Yay alması, Qızıləhmədi, Belflor, Payız alması, Limon alma, Qırmızıyanaq alma, Kükü alması, Şafran, Palmet; armudun Avasbəyi, Qızıl armud, Şəkəri, Sarı rəcəbi, Daş armud; əriyin Abutalibi, Təbərzə, Şalax, Ağ növrəst, Limon ərik, Balyarım, Badamıərik; şaftalının Ordubadi, Zəfərani, Ağ nazlı, Qırmızı nazlı, Sarı nazlı, Sarı şaftalı, Ağ şaftalı, Salamı, Payız hülüsü, Tərəlli, Şərəlli; alçanın Ağ alça, Qırmızı alça, Sarı alça, Naxçıvan göycəsi; gavalının Vəzir alı, Sarı alı, Ordubad almaxarası, Qara alı; badamın Kətanköynək, Qoşaləpə, Daş badam; gilasın Öküzürəyi, Qırmızı növrəst, Ağ gilas, Qırmızı gilas, Sarı gilas, Qara gilas; gilənarın Külüs gilənarı, Ordubad gilənarı, Şampan gilənar, Naxçıvan gilənarı və s. aborigen sortları ulu babalarımızın xalq seleksiyası yolu ilə yaratdıqları maddi sərvətlərimizdir.

Qeyd edək ki, muxtar respublika ərazisində yayılan bir sıra aborigen üzüm və meyvə sortlarımız Ermənistanda becərilməklə yanaşı, həm də adları dəyişdirilərək erməni sortları kimi təqdim edilmişdir. Hazırda ərazisi qədim türk torpaqları olan və Ermənistanda becərilən, 1947-ci ildən isə rəsmi qaydada adları dəyişdirilən aborigen üzüm sortlarımızdan Gülabı - Arağac, Naxçıvan qara şanısı- Armeniya, Pişik üzümü - Voskayet, Naxçıvan qızıl üzümü - Karmir-kaxona, İnəkəmcəyi - Şaumyani, Ağ xəlili - Ağ şateni, Hənəqırna - Aravik, Naxçıvan qırmızı kişmişi - Erevani rozovıy, Əsgəri - Nazeli, Mələyi - Areni-çornıy, Naxçıvan Hüseynisi - Arakseni belıy və s. adları ilə tanıdılmaqdadır. Ərik sortlarından Naxçıvan növrəsti-Deqin Naxiçevanik, Ağ növrəst - Spitak novrast, Qırmızı ərik - Karmir Naxiçevanik, Badam ərik - Nuş çiran, Şalax - Erevani, Xosrovşan - Xosroveni, Təbərzə - Şateni, Sarı təbərzə - Ayestani, Ağ təbərzə - Tabarza spitak, Göy badam - Kanaçeni, Sarı badam - Deqnanuş, Badamı - Nuşi və digərləri qədim Naxçıvan diyarının aborigen sortlarıdır.

Meyvəçiliyin və tərəvəzçiliyin iqtisadi əhəmiyyəti onun yüksək gəlirli təsərrüfat sahəsi olması ilə müəyyənləşdirilir. Bir hektar məhsul verən meyvə bağından götürülən ümumi gəlir bir hektar dənli bitkilər sahəsindən əldə olunan ümumi gəlirdən təqribən 20-25 dəfə artıq olur. Dövlət Proqramına uyğun olaraq muxtar respublikada dağlıq və dağətəyi ərazilərdə, xüsusilə sərhədyanı ərazilərdə meyvə sortlarından ibarət yeni bağların salınmasının planlaşdırılması kəndlərdə əhalinin məşğulluğunun yüksəldilməsinə, işlə təmin olunmasına səbəb olacaqdır. Kəndlərdə istehsal olunan meyvə məhsullarının itkisiz toplanılması, əlverişli qiymətə alınaraq satış bazarlarına çıxarılması, yaxud emal müəssisələrinə göndərilməsi xüsusi dövlət qayğısı tələb edir. Ona görə də çəkilən zəhmətin bəhrəsini görmək hər bir kənd adamının ümdə arzusudur.

Meyvə bağlarının salınması üçün sututarlara yaxın ərazilərin və çay vadilərində istifadə olunmayan torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi günün tələbinə çevrilmişdir. Dövlət Proqramında Kəngərli rayonunda 9200 hektar, Sədərək rayonunda 1000 hektar, Babək rayonunda 2000 hektar, Culfa rayonunda 6000 hektar, Şərur rayonunda 3400 hektar torpaq sahələrinin suvarılması üçün hidromeliorasiya tədbirlərinə lazımi miqdarda maliyə vəsaitlərinin ayrılması nəzərdə tutulmuşdur. Tingçilik təsərrüfatının yaradılması, intensiv texnologiyaya əsaslanmaqla yeni meyvə bağlarının salınması işində fermer təsərrüfatlarını, sahibkarları və fərdi həyətyanı sahiblərini ərazinin torpaq-iqlim şəraitinə uyğun meyvə sortlarının tingləri ilə təmin etmək üçün əlverişli şərait yaradılması kənddə meyvəçiliklə məşğul olan hər bir kənd adamına kömək olardı. Meyvə bağlarına yüksək aqrotexniki qulluq qaydalarına riayət olunması üçün ixtisaslı kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması, düzən, dağətəyi və dağlıq zonalar üçün meyvə sortlarının seçilməsi, düzgün aqrotexniki qulluq qaydalarına əməl olunması, xəstəlik və ziyanvericilərə qarşı effektli mübarizə aparılması üçün istifadə olunan kimyəvi preparatlara olan tələbatın ödənilməsi işində dövlət dəstəyi və s. meyvəçiliklə məşğul olan iş adamlarına böyük kömək olardı. Meyvəçilik təsərrüfatlarının müasir tələblər səviyyəsində yaradılması işində əl əməyinin yüngünləşdirilməsi üçün kənd təsərrüfatının maşın və mexanizmlərlə təchizatının yaxşılaşdırılması, belə sahələrə yerli və xarici kapitalın cəlb olunması, toplanılmış məhsulun satış bazarlarına maneəsiz çatdırılması, bütün mövsümlərdə bazarların təzə meyvə məhsulları ilə təmin edilməsi üçün saxlama və soyuducu anbarların yaradılması meyvəçiliyin müasir tələblər səviyəsində təşkili işində mühüm mərhələni təşkil edir.

Muxtar respublikada ərzaq probleminin həll edilməsi sahəsində mühüm istiqamətlərdən biri də tərəvəzçiliyin inkişaf etdirilməsidir. Bunun üçün müasir sənaye texnologiyasının tələblərinə cavab verən sortların və hibridlərin yaradılması, toxumçuluğun yaxşılaşdırılması, müasir kənd təsərrüfatı maşın və mexanizmlərindən istifadə olunması, suvarılmanın və növbəli əkinin tətbiqi, torpaqların münbitliyinin artırılması, istixana komplekslərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir. Bu gün muxtar respublikada istehlakçıların qış mövsümündə faraş tərəvəzlə təchiz olunmasına imkan verən ümumi sahəsi 30 min kvadratmetr olan 8 istixana kompleksi fəaliyyət göstərir. Ümumi tutumu 9720 ton olan 14 soyuducu anbar qurularaq meyvə-tərəvəz məhsullarının saxlanılmasına xidmət edir. Gələcəkdə mövcud imkanların daha da genişləndirilməsi nəticəsində muxtar respublika əhalisinin tərəvəz məhsullarına olan tələbatının dolğun şəkildə ödənilməsi, hətta xarici ölkələrə ixrac edilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir.

İndiki dövrdə muxtar respublikada əhalinin tərəvəz məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir. Əsasən kustar üsullarla hazırlanan müxtəlif turşular, tomat pastası, mürəbbələr, şirələr, purelər və digər konserv məhsulları əhalinin tələbatının dolğun şəkildə ödənilməsinə kifayət etmir. Ona görə də belə məhsulların bir qismi xaricdən idxal olunur. Mənşəyi məlum olmayan, yüksək dozalı kimyəvi preparatlarla xəstəlik və ziyanvericilərdən qorunan, hətta geni dəyişdirilən müxtəlif meyvə və tərəvəz məhsullarının muxtar respublika bazarlarına daxil olması arzuolunmazdır. Bu baxımdan əhalinin sağlamlığı üçün yerli sortlardan geniş istifadə olunması daha məqsədəuyğundur. Muxtar respublika ərazisində tərəvəz bitkiləri yabanı və mədəni halda geniş yayılmışdır. Böyük təbii ehtiyata malik olan yabanı tərəvəz bitkilərindən baldırqan, cacıq, yemlik, əvəlik, quzuqulağı, pərpərən, quşəppəyi, dağ nanəsi, kəvər, yarpız və digərlərinin ərazidə xalq tərəfindən çox qədimdən istifadə edildiyi məlumdur. Ona görə də yabanı və mədəni tərəvəz bitkilərinin botaniki təhlilinə, bioloji xüsusiyyətlərinin öyrənilməsinə, yayılma zonalarının və əsas qida əhəmiyyətli növlərinin ehtiyatlarının müəyyən edilməsinə, introduksiyasına və genofondunun toplanılmasına böyük ehtiyac vardır.

Mədəni tərəvəz bitkilərindən kartof və pomidorun tez, orta və gec yetişən sortları, badımcan, istiot, tərxun, kərövüz, ağbaş və gül kələm, ağ və qırmızı turp, soğan, sarımsaq, ispanaq və başqa tərəvəz növlərinin muxtar respublikada çoxlu sortları yayılmışdır. Soğan muxtar respublikada gündəlik işlədilən tərəvəzlərdəndir. İnsanlar soğandan hələ keçmiş zamanlardan bəri qida və dərman maddəsi kimi istifadə edirlər. Onların tərkibi fitonsidlərlə çox zəngin olduğundan indi də xalq təbabətində geniş istifadə olunur. İl ərzində hər bir adamın soğan qəbulu norması 8-10 kq-dır. Ərazidə soğanın 35 növü və onlarla sortu yayılmışdır. Ağ rəngli Ordubad-1, bənövşəyi rəngli Ordubad-2 sortları, Qırmızı soğan, Ağ soğan Ordubad, Şərur və Culfa rayonlarındakı düzən ərazilərdəki kəndlərdə geniş becərilir. Dövlət Proqramında kartof, pomidor, soğan, sarımsaq, yerkökü və digər tərəvəzlərin əkin sahələrinin artırılması xüsusi vurğulanır. Tərəvəz bitkiləri toxumla çoxaldığından təsərrüfatların yüksək keyfiyyətli əkin materialları ilə təmin olunmasına xüsusi ehtiyac vardır. Bu iş toxumçuluq təsərrüfatları tərəfindən yerinə yetirilməlidir.

Tərəvəz bitkilərinin genetik imkanları çox genişdir. Respublika əhalisinin tərəvəz məhsulları ilə dolğun təmin olunmasında yerli sortların toplanılması, yayılması, nadir sortların bərpası, seleksiya əsasında heterozis effektinə malik məhsuldar yeni hibridlərin, formaların yaradılması istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsinin mühüm elmi-praktik əhəmiyyəti vardır. Bu işləri isə muxtar respublikada fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri yerinə yetirməlidir.

Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması muxtar respublika rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə aqrar bölmədə səmərəli istehsal mühitinin yaradılması, satış infrastrukturunun təkmilləşdirilməsi, aqrar sektorda qabaqcıl sığorta sistemindən istifadə olunması, elmi yeniliklərin tətbiqi, kadr potensialının daim yeniləşməsi, bu sahəyə maliyyə dəstəyinin genişləndirilməsi və maddi marağın artırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Dövlət Proqramında qarşıya qoyulan vəzifələr muxtar respublikada iqtisadi və sosial inkişafın bu günün tələbatı ilə uzlaşdırılır və icrası istiqamətində həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunvericilikdə müəyyən olunmuş digər mənbələr hesabına təmin olunur.

Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2016-cı ilə qədər 15 min hektardan çox yararsız torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi, meyvə- giləmeyvə və tərəvəz əkini və istehsal sahərinin genişləndirilməsi, tələbatın yerli məhsullar hesabına ödənilməsi, əl əməyinin tədricən azaldılması və müasir texnika ilə təmin olunması, bu sahədə çalışan sahibkarların, iş adamlarının maddi-texniki bazasının yaxşılaşdırılması, yeni meyvə-tərəvəz üzrə ilkin emal müəssisələrinin yaradılması və ixracına nail olunması kimi mühüm problemlərin həlli gözlənilir. Meyvə istehsalı həcminin 45-50 min tona, strateji əhəmiyyətli kartof istehsalının 45 min tona, pomidor istehsalının 125 sentner/hektara, soğan istehsalında məhsuldarlığın 130 sentner/hektara, sarımsaq istehsalının 90 sentner/hektara və yerkökü istehsalının isə 90 sentner/hektara çatdırılması müxtar respublikada əhalinin əkinçilik mədəniyyətinin, maddi rifah halının yüksəldilməsində və yeni iş yerləri ilə təmin olunmasında mühüm rol oynayacaqdır. Nəticədə muxtar respublikada kənd təsərrüfatı və ona müvafiq olaraq iqtisadiyyat daha da inkişaf edəcəkdir.

 

 

Tariyel TALIBOV,

AMEA Naxçıvan Bölməsi

Bioresurslar İnstitutunun

direktoru, AMEA-nın müxbir

üzvü,

 

Varis QULİYEV,

meyvə, tərəvəz və üzümçülük

laboratoriyasının rəhbəri,

dosent

 

Xalq qəzeti.- 2012.- 29 iyul.- S. 6.