Qürbətdə
uyuyan Yusif Vəzir
Azərbaycanın
böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin Nijni Novqorod
yaxınlığında Suxobezvodnoye adlanan yerdəki məzarının vətənə
gətirilməsi ədibin ruhuna böyük diqqət və sayğı
nümunəsi olardı
Mən bu yazımda söhbətə
birbaşa repressiyaya məruz qalmış Yusif Vəzir Çəmənzəminlinin
məzarı ilə bağlı əldə olunan faktlardan
başlamaq istəyirdim. Amma istər-istəməz ortaya
çıxan bəzi suallar söhbəti bir az başqa
nöqtədən başlamağa vadar etdi. Məzarla
bağlı söhbətə isə bir qədər sonra qayıdacağam.
Yusif Vəziri repressiyaya aparan yol haradan
başlamışdı? O, sağ qala bilərdimi?
İndi,
uzun bir zaman keçəndən sonra bu suallara cavab vermək bəlkə
də müəyyən qədər "asandır".
Axı konkret vaxt kəsiyi sonsuz əbədiyyət okeanına
qovuşandan sonra keçmişləri bildiyin və istədiyin
kimi "redaktə etməkdən" asan nə ola bilər
ki?..
Yusif
Vəzir Kiyevədki Müqəddəs Vladimir adına
İmperator Universitetinin hüquq fakültəsini bitirəndən
sonra 1915-1919-cu illərdə öz peşə fəaliyyətini
Rusiyanın bir sıra şəhərlərində davam
etdirmişdi. O, bəlkə də öz karyerasını
qurmaq üçün Rusiyada qalsaydı repressiyalar ondan yan
keçərdi.
Yusif
Vəzir Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki
səfiri kimi fəaliyyət göstərərkən gənc
dövlət qırmızı imperiyanın qanlı
caynağına keçdi, səfarətxana öz fəaliyyətini
dayandırmalı oldu. O, bəlkə də Türkiyədə
qalsaydı daha dolğun bir həyat yaşaya bilərdi.
Yusif
Vəzir sovetlərin qələbəsindən sonra Parisə
mühacirət etmişdi, orada "Paris xəbərləri"
qəzetində "Şərq məktubları"
başlığı altında köşə yazıları
ilə çıxış edirdi. O, bəlkə də Parisdə
qalsaydı Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında daha fəal iştirak edərdi.
Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki
Xorəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi
kimi kollektivdə böyük nüfuz qazanmışdı. O,
öz pedaqoji fəaliyyətini davam etdirsəydi sonralar sakit
bir alim ömrü yaşayardı.
Qanlı-qadalı
illərdə Rusiyada, Türkiyədə, Fransada, Özbəkistanda
yaşayıb sağ qalan soydaşlarımız az olmayıb.
Amma... Amma görünür, hər bir kəsin
özünün yazmağa cəhd göstərdiyi bir tərcümeyihalla
yanaşı, qəzavü-qədərin hökmüylə həkk
olunan bir yazı da olur. Bu yazıya alın yazısı da
deyirlər.
30-cu
illər repressiyası Yusif Vəzirin və onun ailəsinin həyatına
böyük faciələr gətirdi. O, öz isti
yuvasından, ev-eşiyindən, el-obasından, göz bəbəyi
kimi sevdiyi Vətənindən didərgin düşdü.
Yusif Vəzirin həyatının son illəri Özbəkistanla bağlı olub. Ədib 1937-ci ildə müxtəlif bəhanələrlə işdən azad edilmişdi. Heç yerdən bir qəpik gəliri olmayan Yusif Vəzir Azərbaycan kommunistlərinin o vaxtkı başçısı Mircəfər Bağırova ərizə ilə müraciət edir, amma heç bir cavab almır.
Yerli hakimiyyətdən bir kömək görməyən yazıçı 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın Baş katibi İ.V.Stalinə ərizə ilə müraciət etməli olur. Onun ərizəsinə Baş katibdən də bir cavab gəlmir. Yusif Vəzir bir aya yaxın Moskvada qalır, "əlaqədar" idarələrin qapısını döyür, Stalinə yazdığı ərizə barədə dəfələrlə Mərkəzi Komitəyə müraciət edir, lakin hər yerdə eyni laqeydliklə qarşılanır. Təzədən Bakıya qayıdan Yusif Vəzir qonşu ölkələrdə iş axtarmaq məcburiyyətində qalır. 1938-ci ildə "Kommunist" qəzetində oxuduğu bir elanın sorağı ilə sənədlərini Özbəkistana göndərir. Müsabiqədən uğurla keçən Yusif Vəzir Urgəncdəki pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. Amma onun pedaqoji fəaliyyəti çox da uzun sürmür, yazıçı 1940-cı il yanvar ayının 25-də Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı il iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir. Vəssalam. Yox, bu son deyil, böyük ədibin fiziki həyatına son nöqtə qoyulsa da, onun ikinci ömrü, mənəvi həyatı davam etməkdədir. Mən Yusif Vəzir Çəmənzəminlinin xüsusi tədqiqatçılarından deyiləm. Lakin hələ uşaqlıqdan onun bədii əsərlərini oxumuş, sonrakı mərhələdə elmi araşdırmaları ilə tanış olmuşam.
İndiki halda mənim söhbətim Yusif Vəzirin ədəbi-elmi fəaliyyətindən daha çox, onun həyatının sonrakı mərhələsi, daha doğrusu, həyatla vidalaşdığı vaxtdan sonrakı dövrü ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Nijni Novqorod vilayətinin Suxobezvodnaya adlanan qəsəbəsindəki həbs düşərgələrinin birində dünyasını dəyişib.
Mən günlərin bir günü böyük ədibin uyuduğu qəbristanlığın yerini müəyyənləşdirmək qərarına gəldim. Təbii ki, Yusif Vəzirin qəbrinin dəqiq yerini iki mənbədən öyrənmək olardı: onun öldüyü həbs düşərgəsindən və dəfn olunduğu qəbristanlıqdan.
...Beləliklə, mən Yusif Vəzirin (Vəzirov Yusif Çəmənzəminlinin) dəfn olunduğu qəbristanlığı, daha dəqiq desəm, onun məzarını axtarmaq qərarına gəldim. Dost-tanışlardan, məlumat kitabçalarından, mətbuatdan xeyli məlumat əldə etdim.
Suxobezvodnoye Qorki (indiki Nijni Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsində yerləşən qəsəbədir. Ərazisi 380 hektardır. 1963-cü ildən şəhər tipli qəsəbə statusu daşıyan bu yer ötən əsrin 30-cu illərində dustaqlar üçün "iş yeri" kimi fəaliyyətə başlamışdır. Buradakı məhbuslar dəhşətli katorqa şəraitində saxlanmaqla yanaşı, ağır fiziki işlərə də cəlb edilirdilər.
Suxobezvodnoye bu gün də öz əzəlki "missiyasını" davam etdirməkdədir: buradakı 21 islah- əmək düşərgəsində 27 min məhbus saxlanılır. Düşərgələrdən 10-u ciddi rejimli, 5-ümumi, 2-si tərbiyəvi rejimli, 2-si SİZO, biri qadın, biri isə xəstələr (vərəm) üçün nəzərdə tutulmuşdur.
Suxobezvodnoye sözünün tərcüməsi "susuz quru yer" mənasını verir, yaxınlıqda su mənbələri yoxdur, yalnız 30 metr dərinliyəcən qazılan quyulardan su əldə etmək olur.
Bəs Yusif Vəzirin vaxtilə cəza çəkdiyi konkret həbs düşərgəsini necə müəyyənləşdirməli? Mən əksər islah-əmək düşərgələrinin rəislərinə məktubla müraciət etdim.
Daha sonra Nijeqorod vilayətinin prokuroru K.M. Kojevnikova və Vilayətin məhkəmə sədri A.V. Bondara aşağıdakı məzmunda məktubla müraciət etdim:
Yazıb Sizə bildiririk ki, görkəmli Azərbaycan yazışısı Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1940-cı ildə Bakıda həbs olunaraq həmin ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilmişdir.
Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnoye stansiyasındakı həbs düşərgəsində vəfat etmişdir. Xahiş edirik, həbs düşərgəsində yazıçıya aid sənədlərlə tanış olmağa, onun dəfn olunduğu qəbrin müəyyənləşdirilməsində və nəşinin öz doğma vətəninə gətirilməsində bizə kömək göstərəsiniz.
Demək olar ki, bütün məktublar eyni "cavabla" üzləşməkdədir: sükut. Bəli, sükut bazarı. Çar imperiyası məmurlarının bir zaman əyalət hesab etdikləri ölkələrə yeni Rusiyanın yeni kadrları da eyni münasibət bəsləməkdədir. Katorqalarda, sürgünlərdə, zindanlarda günahsız yerə məhv edilmiş ziyalılarımızın heç olmasa nəşinin vətənə gətirilməsi bizim vicdan işimiz olmalıdır.
Yusif Vəzir ən ağır məhbəs şəraitində belə son nəfəsinəcən qələmi yerə qoymayıb. O, hər gün yazıb-yaradıb. Çəmənzəminli nikbin insan idi,o, sabaha ümidlə baxır, hesab edirdi ki, bir gün haqq öz yerini tapacaq, onun yazıları öz doğma ölkəsinin vətəndaşlarına çatacaq. Sürgün dostlarının yazdığına görə, böyük ədib son nəfəsində məhbəs nəzarətçisindən xahiş edib ki, onun yazdıqlarını həbsxana çardağının altında əlçatmaz, xəlvəti bir yerdə gizlətsin. Həmin yeri ədibin özü əvvəlcədən müəyyənləşdiribmiş. Nəzarətçi hörmətlə yanaşdığı ziyalı məhbusun xahişini yerinə yetirir. Amma "susuz quru yerin"- Suxobezvodnoyenin yağış və çisəyi həmin yazıları elə o əlyazmaları müəllifinin ömrü, həyatı kimi çürüdüb məhv eləyib.
Böyük Azərbaycan yazıçısının nəşi uzun illərdir ki, gözdən-könüldən uzaq bir yerdə məskunlaşıb. İnanmaq olmaz ki, Yusif Vəzirin ruhu sakitcəsinə uyumaqdadır. Mənə elə gəlir ki, ədibin nəşinin öz vətəninə gətirilməsi onun ruhuna və uğrunda vuruşduğu ideallara ən böyük hörmət olardı.
Və nəhayət. Mən bir xeyli götür-qoy, habelə analizdən sonra belə bir qənaətə gəldim ki, böyük ədib öz ömrünü əsası 30-cu illərdə qoyulmuş ciddi rejimli düşərgədə başa vurmuşdur. Həmin cəza yeri (UZ-62/1) 1953-cü ilə qədər mərkəz və ya birinci düşərgə şöbəsi kimi fəaliyyət göstərmişdir. Əvvəllər VETLAQA adlanan zona sonralar UNJLAQA kimi tanınıb; zamanında düşərgənin 28 məntəqəsi olmuşdur. Düşünürəm ki, ilk romançılarımızdan birinin məzarının Vətənə gətirilməsinə elə bir böyük vəsait, xərc və eləcə də ciddi maneə ola bilməz.
Mən ziyalılarımıza üz tutub deyirəm; gələn il Yusif Vəzirin əbədiyyətə qovuşduğu vaxtdan yetmiş il keçir, gəlin onun məzarının vətənə gətirilməsinə çalışaq və buna nail olaq. Onun doğulduğu yer, bizim gözəl Şuşamız bu gün əsarətdədir, elə böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin qürbətdəki məzarı kimi. Gəlin, böyük vətəndaş və nəhəng yazıçımızın məzarını əsarətdən xilas edək.
Firuz MUSTAFA,
fəlsəfə elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 29 iyul.- S. 7.