Açıq cəmiyyət
və "dördüncü hakimiyyət"
Kütləvi
informasiya şəbəkəsi hazırda qanunverici və
icraedici hakimiyyət qolları və məhkəmələr
kimi zəruri və mütləqdir, məhz cəmiyyətdə
əvəzolunmaz roluna görə "dördüncü
hakimiyyət" kimi dəyərləndirilir. Lakin KİV
özünün xarakteri və funksiyalarına görə
hakimiyyət qollarından əsaslı şəkildə fərqlənir.
Bəs
bu fərqlər özünü hansı sahədə göstərir?
Hər şeydən əvvəl, KİV gözəgörünməyən
"hakimiyyət"dir. Bu, onun qanunverici, icraedici, hüquqi və
digər sosial orqan və formalarının olmamasıdır.
KİV hüquqi nöqteyi-nəzərdən əmr edə,
tapşıra, cəzalandıra və ya məsuliyyətə
cəlb edə bilməz. Onun yeganə silahı özündə
konkret informasiyanı, məlumatı əks etdirən söz,
süjet, görüntünü oxucu və
tamaşaçıya çatdırmaqdır. Lakin bir şeyi
nəzərə almaq lazımdır ki, mətbuat hökumətin,
ictimai birliklərin, ayrı-ayrı şəxslərin,
qrupların, dövlət qurumlarının, bir sözlə, cəmiyyətin
müxtəlif təbəqələrinin fikirlərini əks
etdirən, onların fəaliyyətini müzakirə,
müdafiə və ya tənqid edən zaman, sanki,
güzgü funksiyası daşıyaraq elə cəmiyyətin
özünə çox böyük xidmət göstərir.
Jurnalistikaya
"dördüncü hakimiyyət"
anlayışını ilk dəfə ingilis filosofu və
publisisti Edmund Berk (1729-1797) gətirmişdir. E. Berk hələ
1776-cı ildə işlətdiyi bu ifadə ilə
jurnalistikanın hakimiyyətə, hakim dairələrin fəaliyyətinə
nəzarət funksiyasını göstərmişdir.
Adından da göründüyü kimi, jurnalistika bu epiteti rəsmi
qaydada deyil, öz funksiyaları baxımından
qazanmışdır. Rusiyanın görkəmli mətbuat nəzəriyyəçisi
Y.Proxorovun qeyd etdiyi kimi, "jurnalistikanın
"dördüncü hakimiyyət" funksiyası elmi
anlayışdan daha çox, obrazlı ifadə kimi qəbul
edilir".
"Dördüncü
hakimiyyət" anlayışı artıq özünə vətəndaşlıq
hüququ qazanmağa başlayaraq, ictimai həyatda da çox
nüfuzlu və sanballı reallığa çevrilməkdədir.
Jurnalistikanın "dördüncü hakimiyyət"
funksiyası təbii olaraq digər hakimiyyət qolları ilə
"mübarizə aparır" və onların opponentinə
çevrilir. Y.V.Troşkin haqlı olaraq göstərir ki,
"demokratik cəmiyyətdə mətbuat həmişə
hakimiyyətin opponentidir".
Qeyd etdiyimz kimi, hakimiyyət strukturlarının hər birinin rəsmi statusu var. Amma mətbuat "dördüncü hakimiyyət" olaraq bu statusdan məhrumdur. Onun əsas vəzifəsi ictimai rəy yarada bilmək və məhz ictimai rəy vasitəsi ilə nüfuz və nəzarət etməkdən ibarətdir. Bəzən cəmiyyətin müəyyən qüvvələri və hətta hakimiyyətin özü mətbuatın bu nüfuzunu nəzarətə almaq və ya səlahiyyətlərini məhdudlaşdırmaq istəyir, onu "sözəbaxan" səviyyəsinə çatdırmaq cəhdindən belə çəkinmirlər. Məhz bu amil çox vaxt "dördüncü hakimiyyət"dən mərdlik və mübarizə tələb edir.
"Dördüncü hakimiyyət"in mövcudluğu və fəaliyyəti ilə sıx bağlı olan açıq cəmiyyət isə təkcə harmonik sosial münasibətlər cəmiyyəti deyil, həm də hakimiyyət eşelonlarında baş verən prosesləri özündə əks etdirməyi bacaran şəffaf bir ictimai - siyasi formasiyadır. Açıq cəmiyyətin həlledici komponenti, onun imkanlarının əsas göstəricisi isə bilik, norma və dəyərlərin daşıyıcısı olan informasiya, həm də kütləvi informasiya proseslərinin polifoniyasıdır. Məhz açıq cəmiyyətin qabiliyyətini reallaşdırmağa malik olan informasiya vasitəsi ilə bu cəmiyyəti qurmaq olar.
Kütləvi informasiya prosesləri dedikdə nə başa düşülür? Fikrimizcə, burada kütlələrin lazım və zəruri olan fəallığı üçün nəzərdə tutulan çox böyük informasiya axını nəzərədə tutulur. Açıq cəmiyyət elə bir informasiyalı cəmiyyətdir ki, sosial təyinatlı informasiya təkcə siyasi elitaya və ya nəhəng korporasiyalara deyil, həm də statuslarından asılı olmayaraq bütün sosial qruplara aid olur. Deməli, kütləvi informasiya prosesləri cəmiyyətin demokratikləşməsi və onun təbii məcrada təkmilləşməsi üçün əsasdır.
Azərbaycan cəmiyyətinin mətbuata münasibətinin, qarşılıqlı əlaqəsinin tarixini bilmədən onun müasir informasiya proseslərinə təsirini, bütövlükdə isə tam mənzərəsini təsəvvür etmək mümkün deyildir. Mental xüsusiyyətləri, sosiumun müxtəlif inkişaf mərhələlərində psixologiyasını öyrənmədən çağdaş duruma qiymət vermək praktiki cəhətdən düzgün olmazdı. Başqa sözlə deyilsə, cəmiyyətlə mətbuatın tam şəkildə qovuşmasının və bir-birinə təsir göstərməsi faktının mərkəzində cəmiyyətin publisistik reallıqları hansı şəkildə qəbul və ya imtina etməsi faktoru dayanır.
Dünya mətbuatı kimi, Azərbaycan mediasının da müstəqillik illərində inkişaf etməsi danılmaz faktdır. Azərbaycan publisistikasının inkişaf tarixi xalqımızın öz milli müstəqilliyi, azadlıq və səadəti uğrunda xarici qəsbkarlara, fanatizmə, despotizmə qarşı mübarizəsi, milli intibahı, sosial-mədəni yüksəlişi uğrunda mübarizəsinin tarixidir. Böyük və unudulmaz şairimiz Səməd Vurğun necə də sərrast demişdir: "Mirzə Fətəli Axundovdan və Həsən bəy Zərdabidən başlayan Azərbaycan publisistikası ictimai düşüncəmizin inkişafı tarixində böyük rol oynamışdır".
Sivil, səfərbəredici mətbuat yaranan gündən demokratik dəyişikliklər, vətəndaş cəmiyyəti, şəffaflıq, plüralizm və açıq cəmiyyət quruculuğu dövrünə gəlib çatmış publisistika hansı özəlliklərə, xüsusiyyətlərə malikdir və bütövlükdə onun bu qədər qüdrətli təsirinin sirri nədədir?
"Publisistika" "publisist" sözündən olub,
latınca "ictimai" mənasını
daşıyır. İnsanların beyninə, ruhuna və
düşüncəsinə hakim kəsilən, onu öz
arxasınca aparan publisistikanın, bütövlükdə mətbuatın
ən özəl və ümdə xüsusiyyətlərindən
biri günün mühüm məsələlərini
özünə mövzu seçməkdir. Sənətkarlıqla, ustalıqla
yazılmış publisistik materiallar bütöv, uzun bir
dövr, zaman üçün öz dəyərini
saxlayır. Azərbaycan mətbuatı, Azərbaycanın
demokratik ruhlu, milli təəssübkeşliklə
yoğrulmuş jurnalistikası hələ XIX əsrin
sonlarında - XX əsrin əvvəllərində cəmiyyətin
inkişaf dinamikasını səhvsiz müəyyənləşdirməsi,
millətin tərəqqi və çiçəklənməsinin
yollarını dəqiq göstərə bilməsi və
demokratik ab-havaya sonsuz meyli və sədaqəti ilə fərqlənirdi.
Ötən əsrin 60-cı illərində Qərb,
ABŞ jurnalistikasında əsas mübahisə mövzusu
obyektivlik idi.
Bu illərdə jurnalistikanın cəmiyyətdə
hansı rol oynaması elmi mübahisələrin mərkəzində
dururdu. Nəticədə media
dünyasında tədricən "Yeni jurnalistika"
anlayışı yarandı. Yeni
jurnalistikanın tərəfdarları ənənəvi
jurnalistikadan imtina edərək belə bir iddia irəli
sürürdülər ki, jurnalistlər rəsmi informasiya
kanalı rolunu oynadıqları üçün söz
azadlığını həyata keçirə bilməzlər.
Müvəkkil
jurnalistika tərəfdarları obyektivliyin, az
qala, əlçatmaz olduğunu söyləyirdilər. CNN-nin
reportyoru Krisitin Amanpur müvəkkil jurnalistikanı belə
izah edirdi: "Obyektivliyin klassik təyinatı neytrallıq deməkdir.
Bir sıra hallarda neytrallıq göstərmək
isə şərə müttəfiqlik etməyə bərabər
tutula bilər".
Müxalif jurnalistika isə siyasi lider və institutlar,
xüsusilə də prezidentliklə daim müxalifətdədir. Müxalif
jurnalistika mətbuatın muxtariyyət məsələsini
gündəmə çıxardığı
üçün Amerika jurnalistikasında özünə xeyli
ardıcıl tapsa da, bir müddətdən sonra o, elə
jurnalistlərin özlərinin tənqidinə məruz qaldı.
Amerika Qəzet Redaktorları Cəmiyyətinin sədri M.O. Nil
hələ 1982-ci ildə bu cərəyana münasibətini
bildirərək yazırdı: "Biz iştirakçı və
əbədi müxalifət deyil, müşahidəçi
olmalıyıq".
Ötən əsrin sonlarında jurnalistikaya
baxışlar yenidən dəyişməyə başladı. Bu dəfə mübahisələrin
mərkəzində bir neçə məsələ dururdu:
jurnalistika sağlam demokratiyanın varlığı
üçün nə dərəcədə önəmlidir?
"İctimai" və "sivil
jurnalistika" adlanan bu ən yeni jurnalistika iki ideya üzərində
qurulub. Bırincisi, cəmiyyətdə
demokratiya lazım olan səviyyədə deyildir. İkincisi, jurnalistika bu məsələlərin həllində
məsuldur və buna görə də o nə isə etməlidir.
İctimai
və ya sivil jurnalistikanı ənənəvi jurnalistikadan fərqləndirən
iki əsas cəhət vardır: sivil jurnalistikaya görə,
ictimai həyat öz sözünü deməlidir. Onun varlığında, yaşayıb işləməsində
jurnalistikanın öz rolu vardır. Ənənəvi
jurnalistika nümayəndələrinin fikrincə isə,
ictimai həyatın mövcudluğu gözəl olsa da, onun
yaşaması üçün jurnalistlərin cəhd
göstərmələrini düşünmək belə təhlükəlidir.
Sivil jurnalistika düşünür ki, cəmiyyətdə
nəsə mühüm bir dəyişiklik baş verməlidir,
çünki jurnalistikanın fəaliyyəti peşəkarlıq
nöqteyi-nəzərindən çox aşağı səviyyədədir.
Ənənəvi jurnalistikanın isə bu barədə
"fikri" tam fərqlidir: jurnalistikanın ənənələri
daha gözəldir. Yalnız praktikanı bir qədər
təkmilləşdirməyə ehtiyac vardır.
Nə qədər
paradoksal olsa da, bəzi hallarda kütləvi informasiya prosesləri
hakimiyyət və ya KİV-lərin özləri tərəfindən
korporativ və eqoistik məqsədlər üçün istifadə
olunur. Biz dəfələrlə onun şahidi oluruq ki, cəmiyyətə
ona daha çox lazım olan informasiya yox, sıyasi və maliyyə
mənafeyinə uyğun informasiya təqdim edilir. Digər tərəfdən,
KİV-də bir sıra hallarda xalqın mənəvi dəyərlərini
zənginləşdirən yox, manipulyativ maraqları
özündə əks etdirən yazılar dərc olunur. Buna
görə də mətbuatın, kütləvi informasiya vasitələrinin
açıq cəmiyyəti necə formalaşdırması məsələsinə
ciddi diqqət yetirmək gərəkdir. Dövlət müstəqilliyimizin
yaratdığı çox böyük azadlıqlardan - nə
qədər paradoksal olsa da, fəsadlardan biri də, qəzet
işini tamamilə biznes və ümumiyyətlə, möhtəkirliyə
çevirənlərin sayının artmasıdır. Belələrini
xalq arasında və publisistik leksikonda "reket-jurnalist",
"reket-qəzet" adlandırırlar. Təcrübə və
müəyyən araşdırmalar onların rüşvət
almağa və verməyə hazır olan insanlar və məmurlar
mövcud olduqca, sıralarımızdan silinib getməyəcəkləri
qorxusu yaradır.
Lakin
ölkəmizdə gedən proseslər gələcəyə
nikbin baxmağa daha çox əsas verir və inanmaq istərdik
ki, qısa zaman kəsiyində çağdaş Azərbaycan
publisistikasında kəmiyyətin keyfiyyətə çevrilməsi
prosesi sürətlənəcək və ölkəmizin
bütün KİV-lərində sivil, obyektiv, azad,
plüralist və sağlam prinsiplər bərqərar
olacaqdır.
Müstəqil
mətbuat və söz azadlığı, ilk növbədə,
müstəqil fəaliyyət prinsiplərinə, müstəqil
maliyyəyə malik olmalıdır. Digər tərəfdən,
mətbuat və söz azadlığının bərqərar
olması, əslində, hər bir ölkənin, xalqın
inkişafı üçün əvəzedilməz stimul rolu
oynayır. Söz azadlığının qüdrətini dəyərləndirərək
bu nəticəyə gəlmək olar ki, o həqiqəti
üzə çıxarmağa kömək edir; tam demokratik
idarəetmənin qaydaya salınmasında cəmiyyətə
kömək edir; hər bir mübahisəli məsələnin
zorakılığa əl atmadan müzakirələr yolu ilə
həllinə kömək edir; hər bir fərdə, adama cəmiyyətin
bir üzvü olaraq özünümüdafiədə kömək
edir. 1991-ci ildən etibarən mətbuatın
inkişafını səciyyələndirən ən əsas
amillərdən biri və ən vacibi artıq bu dövrdə
- XX əsrin sonunda dünyanın informasiyalı cəmiyyətə
keçid dövrünü yaşaması idi. Məhz bu
dövrdə dünya üzrə internetin geniş təşəkkül
tapması bu prosesin əsasını qoymuşdu və olduqca
qısa bir zaman kəsiyində - XXI əsrin lap əvvəllərində
dünyanın bir çox ölkələrində
informasiyalı cəmiyyətin aşkar görüntüləri
hakim idi. İnformasiyanı tez, maneəsiz, günün istənilən
vaxtında Yer kürəsinin istənilən nöqtəsinə
çatdırmağa imkan verən jurnalistika sahəsində əsl
inqilab yaratdı. Dünyada artıq maddi dəyərlərin
son taleyini mənəvi dəyərlər - informasiya müəyyənləşdirməyə
başladı.
XXI əsrin
ilk illərindən dünyada daha aydın şəkildə
bir mütləq həqiqət formalaşmağa
başladı: informasiya kimin əlindədirsə,
dünyanı idarə edən və ya edənlər də məhz
onlardır. İnformasiya bəşəriyyətin ən
bahalı maddi dəyəri, informasiyalı cəmiyyət,
şəffaf cəmiyyət isə dünyanın ən
qabaqcıl sivil cəmiyyəti hesab edilməyə
başladı. Maraqlı burasıdır ki, illərdən bəri
məlumat və maarifçilik mənbəyi hesab edilən mətbuat
məhz bu dövrdən başlayaraq "kütləvi
informasiya vasitələri" kimi tanınmağa
başladı.
Doğrudan
da, ölkəmizin də ictimai-sıyasi durumunu 20 il əvvəllə
müqayisə etsək, çox irəliləyişlər
olduğunu görə bilərik. Demokratikləşmə
sürətlə gedir. Müstəqilliyimizin ilk illərində
azadlıq dalğası sırf diletant və jurnalistikadan kənar
şəxslərin bir çoxunu yeni mətbu nəşr
yaratmağa şirnikləndirsə də, çox qısa
zaman ərzində onların mütləq əksəriyyəti
maliyyə problemləri ucbatından öz fəaliyyətini
dayandırmalı oldu. Bu "ələnmə" prosesi təxminən
2004-cü ilədək davam etdi.
Ölkə
mediası 2001-ci ildə özünün ən radikal
inkişaf mərhələsini yaşamışdır. Bu ildə
ölkə mətbuatı, xüsusən müxalifət mətbuatı
məsuliyyət hissini unudaraq Azərbaycanda baş verən
bütün proseslərə təhlükəli rakursdan,
demokratiya ilə bir araya sığmayacaq, adi demoqogiya səviyyəsində
şərhlər verməyə, ittihamlar yağdırmağa
başlamışdı. Həmin dövrdə müxaliflər
öz dağıdıcı gücü ilə dövlətin
və dövlətçiliyin təməlinə zərbələr
endirməkdə davam edir, hətta cəmiyyəti
parçalamaqdan belə çəkinmirdilər. Vəziyyətin
ciddiliyini görən ölkə rəhbərliyi bu təhlükəli
proseslərə dərhal reaksiya verdi. 2001-ci il avqustun 1-də
kütləvi informasiya vasitələrini demokratiya və
aşkarlığın mühüm vasitəsi hesab edən Azərbaycan
Prezidenti Heydər Əliyev xüsusi bəyanatla
çıxış etdi:
"Azərbaycanda
söz azadlığı, mətbuat azadlığı
demokratiyanın əsas prinsiplərindən biri olaraq tam bərqərar
olunubdur. Ancaq təəssüflər olsun ki, bəzi qəzetlər,
ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər,
yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub
olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın
qanunlarının mətbuat azadlığı, söz
azadlığı haqqında yaratdığı şəraitdən
sui-istifadə edirlər". 2002-ci ildə KİV-lərin
dövlət qeydiyyatını sadələşdirmək
haqqında dövlət direktivindən sonra ölkədə
media sahəsində çox böyük canlanma müşahidə
olundu, yeni-yeni mətbuat orqanları yaradıldı. 2003-cü
ildə rəsmi qeydiyyatdan 3000-dən artıq KİV
keçmiş, burada çalışanların sayı 28 min
nəfərdən artıq olmuşdu.
Göründüyü
kimi, bəzi neqativ meyllərlə müşayiət olunmasna
baxmayaraq, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən
azad və demokratik mətbuatın inkişafı
üçün, mətbuatda aşkarlıq və plüralizm
tendensiyasının bərqərar olması üçün
dövlət, eləcə də cəmiyyətin digər
strukturları, xüsusən, qeyri-hökumət təşkilatları
geniş islahatçılıq və təşkilatçılıq
işi aparmışlar.
Bu
dalğa o qədər güclü və əhatəli
olmuşdur ki, uzun müddət KİV-lərin azad fəaliyyət
prinsipləri demokratiyanın göstəricisi kimi
vurğulanmışdı. Hətta Azərbaycan 2001-ci ildə
Avropa Şurasına qəbul edilərkən ölkəmizdə
media sahəsində demokratik ab-hava olması razılıq
hissi ilə qeyd edilmişdi. Məntiqi olaraq KİV vasitəsi
ilə demokratik prinsiplərin fəal surətdə cəmiyyətin
həyatına daxil edilməsi ölkədə yeni həyat
quruculuğu proseslərinə çox müsbət və
mübariz əhval-ruhiyyə, vətəndaş cəmiyyəti,
açıq cəmiyyət quruculuğu işinə əvəzolunmaz
töhfə vermişdir.
(ardı var)
Tofiq YUSİFOV,
filologiya üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.- 29 iyul.- S. 4.