Açıq cəmiyyət
və "dördüncü hakimiyyət"
(əvvəli qəzetin
29 iyul 2012-ci il tarixli sayında)
Məşhur
"Sivilizasiyaların toqquşması"
konsepsiyasının müəllifi, Harvard Universitetinin
professoru S.P.Hantinqtonun fikrincə, demokratiyanın inkişaf
tarixi nə sakit, nə də fasiləsiz olub. "Journal of Demokrasy"də çap
olunmuş məqaləsində Hantinqton demokratiyanın
inkişafının üç "tarixi" və ya
"davamlı" dalğasını qeyd edir.
Bunlardan
birincisi XIX əsrin sonlarında ABŞ-da ölkənin kişi əhalisinin əksəriyyətinin
seçki hüququ alması ilə başlanıb və
1920-ci ilədək davam edib. Bu dövrdə
dünyada 29 demokratik dövlət yaranıb. 1922-ci ildə İtaliyada B.Mussolininin hakimiyyətə
gəlməsi ilə birinci demokratik dalğanın sönməsi
demokratik ölkələrin sayının 12-yə qədər
azalması ilə müşahidə olunub. İkinci dalğa müttəfiqlərin İkinci
Dünya müharibəsindəki qələbəsi ilə
başlayıb. 1962-ci ilə yaxın
özünün zirvə nöqtəsinə çatıb.
Bu zaman dünyanın 36 ölkəsində
demokratiya qələbə çalıb. 1962-ci
ildən 70-ci illərin ortalarına kimi isə demokratik
dövlətlərin sayı yenidən 30-a qədər
azalıb. Hantinqtonun fikrincə,
üçüncü - indiki demokratiya dalğası
1974-cü ildən Afrika və Latın Amerikasının
müxtəlif rayonlarından, eləcə də Varşava
Müqaviləsinin iştirakçısı olan dövlətlərdən
başlanır. Nəticədə,
dünyadakı demokratik dövlətlərin sayı təxminən
iki dəfə artıb.
Ötən
əsrin 60-cı illərindən məşhurlaşmağa
başlayan mətbuat nəzəriyyəçisi O.Toffler isə
"Üçüncü dalğa" adlı kitabında
aqrar və sənaye cəmiyyətindən sonra yaranan
üçüncü dalğanı "informasiyalı cəmiyyət"
hesab edir. Digər mütəxəssis-kulturoloq,
Kanada tədqiqatçısı Nerbert Marşal-Maklünen isə
orijinal və sensasiyalı fikirləri ilə bu məsələdə
daha da irəli gedərək göstərir ki, XX əsrin
ikinci yarısı elektron cəmiyyəti kimi qiymətləndirilməlidir.
Bu tədqiqatçıların fikirlərinə XX əsrin
60-cı illərinin sonuna yaxın dünyada ilk dəfə
olaraq ABŞ-da internetin yaranmasını da əlavə etsək,
dünyanın həmin tarixdən sonrakı mərhələsində
"KİV inqilabı" sahəsində kardinal dəyişikliklərin
mahiyyəti və səbəblərini başa düşmək
çətin deyildir. Karl Popper hələ
1992-ci ildə keçmiş SSRİ məkanında baş
vermiş və verəcək prosesləri şərh edərkən
çox maraqlı fikirlər irəli sürmüşdü.
O, "Açıq cəmiyyət və onun düşmənləri"
kitabının rusca nəşri münasibəti ilə
oxuculara müraciətində keçmiş SSRİ ölkələri
üçün maraqlı məsləhətlər verirdi. O,
göstərirdi ki, Qərbdə cəmiyyətlərin
hüquqi sistemi sənayenin, azad bazarın və təklif
olunan bütün alternativlərin tərəqqisi ilə bərabər
inkişaf edib. Bədbəxtlikdən Rusiyada bu ənənəni
və azad bazarı kommunizm pozmuşdur. K.Popper
yazırdı: "Düşünmürəm ki, təkcə
rus təcrübəsinə əsaslanaraq onu tezliklə bərpa
etmək mümkün olsun. Mənə
aydındır ki, indiki vəziyyətdə ən qısa (əlbəttə,
heç də mükəmməl olmayan) yol Rusiyanın Qərbdə
yayılmış hüquqi sistemlərdən birini
götürməsidir. Bu yolun prinsipcə
mümkünlüyünü Yaponiya nümayiş etdirib.
Güman edirəm ki, Rusiya üçün iki ən
aşkar imkan alman və fransız qanunvericiliyidir".
Deməli, bu axtarışlar, yeni cəmiyyət
quruculuğu prosesində müşahidə olunan səylər
demokratiyanın, eləcə də istənilən dövlətin
ayrılmaz atributu olan mətbuatın formalaşması və
möhkəmlənməsi işində də öz silinməz
izlərini qoyur. Bu qənaəti təsdiqləmək
üçün Azərbaycan mətbuatının
1991-2004-cü illərdə keçdiyi inkişaf yoluna, onun
axtarış və problemlərinə, nöqsan və
uğurlarına nəzər salmaq kifayətdir.
Demokratiyanın yolu asan və hamar deyildir. Mətbuatın
demokratik inkişaf sahəsindəki səylərində istənilən
kateqoriyalı müsbət və mənfi məqamlara rast gəlmək
mümkündür. Mətbuat ictimai,
iqtisadi və siyasi sistemin ayrılmaz atributudur və çox
vaxt mənsub olduğu cəmiyyətin bütün mütərəqqi
cəhətlərini, eləcə də paradokslarını
özündə çox dəqiqliklə əks etdirir. Başqa sözlə deyilsə, mətbuat fəaliyyət
göstərdiyi ictimai-siyasi formasiyanın müsbət və
mənfi cəhətləri əks olunan nəhəng bir
güzgüdür. Məhz buna görə də, Azərbaycan
mətbuatı nə qədər Qərb dəyərlərinə
can atsa da, o, öz mahiyyəti və mənsubiyyəti
etibarı ilə milli mətbuat ənənələri üzərində
qurulmuş bir sistemdir və onun Rusiya, eləcə
də Qərb mediası ilə oxşar və fərqli cəhətlərinin
olması təbii sayılmalıdır.
Əslinə qalsa, Qərb jurnalistikasının bir etalon
kimi qəbul edilməsi, yumşaq deyilsə, mübahisəli
bir məsələdir. XXI əsrin lap əvvəllərində ABŞ-da
yaradıcılıq ezamiyyətində olmuş G.Tahirli
("Azadlıq" qəzetinin o vaxtkı baş redaktoru)
yazırdı: "Amerika mətbuatının tam bitərəf
olduğunu düşünmək səhvdir. ABŞ
jurnalistikası ilə Azərbaycan jurnalistikasının fərqi
yerlə göy qədərdir". ABŞ-dan olan
müstəqil ekspert Qreqori Peyn də dolayısı yolla bu qənaəti
təsdiqləyir: "ABŞ mətbuatında şou-biznes
ciddi mövzuları sıxışdırır".
Amma o da faktdır ki, Qərbi və Şərqi Avropa
mediasının 1990-cı ildən sonrakı fəaliyyət
dinamikasını nəzərdən keçirdikdə burada kəmiyyət,
həmçinin keyfiyyət dəyişikliklərinin intensivliyinə
heyrət etməmək olmur. Media məhsullarının
təqdim edilməsi prosesində də maraqlı hallar
müşahidə olunur. Məsələn,
ölkəmizin, eləcə də postsovet məkanının
müstəqilliyinin ilk illərində telekörpülər,
həmçinin yerli jurnalistlərin xaricdən reportajları
orada insanların qaniçən kapitalist
olmadığını, xarici müxbirlərin postsovet məkanından
təqdim etdikləri telesüjetlər isə keçmiş
sosializm düşərgəsində heç də
monstrların yaşamadığını təsdiqləyirdi.
1990-cı ildən etibarən Rusiyada, eləcə də
Avropada KİV-lər inanılmaz dərəcədə təbəqələşdi. Amma maraqlı
məqamlardan biri bu idi ki, təbəqələşməyə
baxmayaraq, Azərbaycan mediası yeni cəmiyyət
quruculuğuna və demokratik proseslərə birmənalı
şəkildə sadiq idi. Əvvəllər Şərqi
və Qərbi Avropa media sistemlərində baş verən
proseslər kütləvi informasiya vasitələrınin məsuliyyətinin
onların səhmlərini alan şəxslər
və qurumlar qarşısında necə də sürətlə
artması ilə əlaqədar olmuşdur. Sözügedən
KİV-lər bir və ya bir neçə sosial və ya elit
qruplar qarşısında məsuliyyət daşıyırdı.
Qərbi Avropada bu xüsusiyyət siyasi keyfiyyət
nöqteyi-nəzərindən sanballı və yaddaqalan mətbuatın
yaranması işinə böyük töhfə verirdi.
Media təşkilatları
cəmiyyət qarşısında öz məsuliyyət və
cavabdehlik formalarını yalnız xarici davranış kodekslərini
təkmilləşdirmək, daxili nəzarət mexanizmlərini
inkişaf etdirmək, hər il maliyyə hesabatlarına əlavə
olaraq cəmiyyətdə informasiya və kommunikasiya sistemlərınin
yaxşılaşdırılması işinə xidmət edən
"kommunikativ" hesabatların hazırlanması yolu ilə
ortaya qoya bilərdi.
Kütləvi
informasiya vasitələrinin ümumi məsuliyyət prinsipləri
əksər ölkələrdə bir ictimai-siyasi formasiyadan
digərinə, bir mərhələdən o biri mərhələyə
keçid zamanı çox az dəyişikliyə
məruz qalır. Hələ televiziyanın
yenicə təşəkkül tapdığı ötən əsrin
60-cı illərindən başlayaraq ictimai yayım
strukturları və funksionerləri sosial, mədəni, dini və
ideoloji tələbatı ödəmək üçün mədəni,
maarifçilik və əyləncəli verilişləri
özündə ehtiva edən dəqiq,
balanslaşdırılmış proqram siyasətini yerinə
yetirməyə məcbur və borclu idi. Bu
mütərəqqi siyasətin əsasında isə nisbi də
olsa, doğruçuluq, fikri azad surətdə ifadə etmək
azadlığı, ədalətlilik, mənbələrə
hörmət, onların toxunulmazlığı və müstəqilliyi
dayanırdı. XXI əsrin əvvəllərindən
başlayaraq Qərbi və Şərqi Avropa ölkələrində,
o cümlədən Azərbaycanda isə yeni demokratik prinsiplər,
vətəndaş cəmiyyəti quruculuğu səylərinin
topluma aşılanması mətbuatın ən ümdə vəzifəsi
idi. Şərqi Avropada və
dünyanın digər regionlarında kütləvi informasiya
vasitələrinin məsuliyyətin subyektlərini tədricən
dəyişdiyini görməmək qeyri-mümkündür.
Bu regionlarda KİV-lərin məsuliyyət
subyekti dəyişir, media artıq dövlət
qarşısında deyil, əksinə, daha çox cəmiyyət
və vətəndaş qarşısında məsuliyyət
daşıyır. Bu isə vətəndaş
cəmiyyətinin, açıq cəmiyyətin təməl
prinsiplərindən biri, bəlkə də, ən
başlıcasıdır.
Azərbaycanın müasir media sistemlərində
auditoriyanın artan rolu eyni zamanda cəmiyyətin informasiya və
kommunikasiya sistemlərinin hansı səviyyədə işləməli
olması ilə bağlı bu sistemin fəaliyyətinə
korrektələr edir. Şübhəsiz, bu zaman auditoriya da
açıq cəmiyyətin başlıca şərtlərindən
olan tolerantlığı və plüralizmi, müxtəlifliyi
və marginal məlumatları qəbul etməyə hazır
olmalıdır.
Dünya, Avropa və rus mətbuatının 1991-2004-cü
illər ərzində inkişaf və fəaliyyət
dinamikasına ekskurs, şübhəsiz, o qədər də fərqli
mənzərə yaratmır. Müəyyən
istisnalar, dəyişikliklər və proseslər nəzərə
alınmazsa, bizim Azərbaycan reallıqlarında
rastlaşdığımız yol və proseslərdir. Hətta bir sıra hallarda Azərbaycan mediası
dünya və Avropa KİV-nə nisbətən cəmiyyət
və oxucu auditoriyası ilə daha həmfikir və həmdərd
olmuşdur. 1988-ci ildə ölkədə
Dağlıq Qarabağ dalğasında milli azadlıq hərəkatı
alovlanarkən bu prosesin ön sıralarında gedənlərdən
biri də bütün səhvləri, səmimiliyi və vətənpərvərliyi
ilə birlikdə məhz Azərbaycan mətbuatı idi.
Avropa media strukturlarının XXI əsrin əvvəllərində
yerinə yetirməyə başladığı bəzi
funksiyaları Azərbaycan kütləvi informasiya vasitələri
artıq ötən əsrin 80-ci illərin sonunda həyata
keçirirdi.
Bu dövrdə Azərbaycan mətbuatı istər
rus imperializminə, istərsə də erməni
işğalçılarının separatizm və xəstə
millətçilik meyllərinə qarşı mübarizədə
cəmiyyətin önündə gedən ən qüdrətli
və mütəşəkkil qüvvə idi. Azərbaycan
üçün taleyüklü olan həmin günlərdə
ayrı-ayrı qəzetlər, qeyri-leqal nəşrlər,
çağırışçı vərəqələrin
vahid məqsədi var idi: ölkəni bu fəlakətdən
qurtarmaq, insanlara baş verən proseslərin həqiqi mahiyyətini
anlamaqda kömək etmək. Ötən əsrin
sonları və XXI əsrin əvvəllərində cəmiyyət
həyatının elə sahəsi yox idi ki, Azərbaycan
mediası fəal, yaradıcı və vətəndaş
mövqeyindən oraya nüfuz etməmiş olsun.
Medianın
uğurları ilə yanaşı, problemləri də az deyil. Bu barədə söz açan YAP sədrinin
müavini Əli Əhmədov demişdir: "Bütün
ölkələrdə olduğu kimi, Azərbaycanda da mətbuatın
inkişafı sahəsində müəyyən problemlər
mövcuddur. Azərbaycanda mətbuatın
qarşılaşdığı problemlərin aradan
qaldırılması istiqamətində ölkə rəhbərliyi
tərəfindən çox ciddi addımlar
atılır".
"Qəzetçilər
informasiya mübarizəsini hakimiyyət davasına
çevirirlər" söyləyən Zərdüşt Əlizadənin
fikirlərində də həqiqət var. Amma buraya bir məişət
və "reket jurnalist" problemlərini əlavə edərək,
məsələ üzərində bir qədər dayanmaq,
onun mahiyyətini açıqlamaq, bizcə, yerinə
düşərdi. Adətən, bir sıra
müxalifət KİV- ləri, eləcə də Qərbin
media azadlıqları və insan hüquqları üzrə təşkilatları
dərhal hakimiyyət orqanlarının mətbuata təzyiqindən
və söz azadlığının boğulmasından
söz açırlar. Bir sıra hallarda
münaqişələrin yaranmasında medianın da xeyli
günahı olur. Mətbuat bəzən
bütün etik və hüquqi prinsipləri pozaraq
ayrı-ayrı məmurları və ya siyasi xadimləri tənqid
əvəzinə, kobud şəkildə təhqir edir və
qarşı tərəf isə məcburiyyət
qarşısında qalaraq məhkəmələrə
müraciət etməli olur.
Qərbdə
də siyasi xadimlər, dövlət məmurları daim mətbuatın
təzyiqinə məruz qalır, lakin bu zaman media
qanunçuluqdan bir addım da olsa kənara çıxmır
və məhz buna görə də orada bu tipli məhkəmə
çəkişmələrinə kifayət qədər az təsadüf edilir. Məsələn,
İtaliyanın "La Stampa" qəzetində dərc
olunmuş bir məqalədə məşhur amerikalı maliyyəçi
Corc Soros ölkə vətəndaşlarını
qarşıdan gələn prezident seçkilərində
oğul Corc Buşu "devirməyə"
çağırmışdı: "Hərbi güc
dünyaya öz iradəmizi qəbul etdirmək vasitəsi deyil,
son arqument olmalıdır... Buşun
doktrinası bizə xeyir gətirmir. O, dünyada
açıq və azad cəmiyyətlərin yayılması
işində bizə kömək etmir".
C.Soros açıq şəkildə Buşu "devirməyə"
çağırırdı, lakin bunu kifayət qədər
sivil və arqumentli şəkildə etdiyi üçün o
heç bir məsuliyyətə cəlb edilə bilməzdi, əksinə,
ABŞ-da bu, fəal vətəndaşlıq mövqeyi kimi
qiymətləndirilir. Fikrimizcə, Qərblə bizim medianın
söz azadlığı haqqında fıkirlərinin fərqini
məhz bu məqamlarda axtarmalıyıq və təəssüf
ki, bizdə yanlış yanaşma tərzi bu gün də
qalmaqdadır.
ABŞ-da Azərbaycandan fərqli olaraq rəhbərləri
və yüksək vəzifəli məmurları təhqir
etmirlər, onlar bunu sağlam tənqid şəklində, sərrast
arqumentlərlə reallaşdırırlar. Təəssüf
ki, ölkəmizdə bir sıra hallarda siyasətdən,
jurnalistikadan uzaq olan və adi insani etikanı gözləməyən
şəxslər konkret nöqsanı söyləmək əvəzinə,
kimisə təhqir etməkdən çəkinmirlər.
Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il
dekabrın 21-də jurnalistlərlə görüşdə
demişdir: "Bir neçə gün öncə, - deyəsən,
yenə ANS kanalında idi, hansı partiyanınsa nümayəndəsi
Yeni Azərbaycan Partiyasının nümayəndəsi ilə
dialoq aparırdı. Bilirsiniz, Azərbaycan
Prezidenti haqqında, onun ailəsi haqqında elə çirkin
sözlər danışdı ki, vallah, bu, heç
insanlığa yaraşmayan şeydir. Mən
bunu dinlədim. Amma bu məni heç də
narahat etmədi. İndi əgər onun
şüur dairəsi, yaxud onun tərbiyə, əxlaq səviyyəsi
o dərəcədədirsə, qoy o dərəcədə
danışsın".
Azərbaycanın kütləvi informasiya vasitələrinin
bir hissəsi XXI əsrin əvvəllərində daha
çox siyasi partiyalar və milli burjuaziyanın (əgər
belə demək mümkündürsə) ruporu rolunda
çıxış etməyə başladı. Ədalət naminə qeyd
etmək lazımdır ki, həmin dövrün mediasında
yeni cəmiyyət quruculuğu, demokratik dəyərlərin bərqərar
olması, vətəndaş cəmiyyətinin formalaşması,
şəffaflıq, plüralizm prinsipləri bəzən
deklorativ formada, daha çox maarifçilik mövqeyindən
aşılanırdı və bu cəhdlər cəmiyyət
tərəfindən kifayət qədər soyuq və laqeydliklə
qarşılanırdı. Bəzi hallarda
KİV-lə cəmiyyət arasında ötən əsrdəki
isti münasibətlər, etimad prinsipləri laqeydlik, soyuqluq və
bir-birindən uzaqlaşma tendensiyası ilə müşayiət
olunurdu.
Ölkə KİV-nin böyük əksəriyyəti öz problematikalarında bazar tələblərinə daha çox boyun əyərək bayağı, ucuz məişət xarakterli dedi-qodulara, münaqişələrə, şit əyləncə yönümlü fəaliyyətə daha çox meyl edirdi. Bu tendensiya ən çox elektron KİV-də öz əksini tapırdı və tədricən çap KİV-nə də sirayət etməyə başlayırdı. Hazırda ölkənin media sistemində yeni həyat quruculuğu, açıq cəmiyyət uğrunda, şəffaflıq və plüralizm prinsipləri uğrunda ardıcıl və sanballı mübarizə aparan bir sıra kütləvi informasiya vasitəsi sabit fəaliyyət göstərməkdədir. 30-dək gündəlik, 300-dək həftəlik və aylıq nəşr bütün siyasi və sosial qrupların söz demək, ictimai rəyə təsir göstərmək imkanını təmin edir.
Tofiq YUSİFOV,
filologiya üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.- 31 iyul.- S. 4.