Teleradio
yayımı: uğurlar, problemlər, perspektivlər
Azərbaycan son illər
bütün sahələrdə coşqun, dinamik və hərtərəfli
inkişaf yolu keçib. Dövlət müstəqilliyimizin 20
illiyini bayram edərkən, təbiidir ki, hər birimiz
qeyri-ixtiyari olsa da dönüb geriyə, keçilən yola,
görülən işlərə, əldə olunan
uğurlara, fəth olunan zirvələrə nəzər
salmalı olduq. Bu, əslində, hər kəs
üçün, hər şeydən öncə, öz
vicdanı qarşısında bir hesabat məqamı idi. Tam səmimi
olaraq, həm də vətəndaş qüruru ilə deməliyəm
ki, 20 il ərzində qazanılan uğurların, dəyişiklik
və yeniliklərin miqyası o qədər genişdir ki, sadəcə
olaraq, onların hamısını bir dəfəyə
sadalamaq qeyri-mümkündür.
Özü
də bütün bu uğurlar ölkəmiz
üçün, sözün əsl mənasında, ekstremal
olan bir şəraitdə - bədnam qonşumuzla müharibə
vəziyyətində olduğumuz, bir milyondan çox
qaçqın və köçkünün acınacaqlı
taleyi ilə üz-üzə qaldığımız bir şəraitdə
qazanılıb. Beləliklə, şəhər, qəsəbə
və kəndlərimizin daha abad olması,
xalqımızın daha firavan yaşaması naminə xərclənməli
olan milyadlarla manat dövlət vəsaitini öz istəyimizdən
asılı olmayaraq, ordu quruculuğuna, ölkənin hərbi
qüdrətinin artırılmasına, yeni nəsil silah və
hərbi texnika alınmasına, qaçqın və
köçkünlər üçün qəsəbələr
salınmasına yönəltməli olmuşuq.
Şükürlər
olsun ki, müharibə şəraitinin və beynəlxalq
güc mərkəzlərinin Qarabağ problemi ətrafında
sərgilədiyi diplomatik oyunların və siyasi
riyakarlıqların yaratdığı çoxsaylı
çətinliklərə baxmayaraq, Azərbaycan xalqın iradəsi
ilə seçilmiş olan hüquqi demokratik dövlət
quruculuğu yolu ilə inamla irəliləməkdədir. Bu
yol ulu öndər Heydər Əliyevin müəyyən etdiyi
yoldur. Xalqımız əmindir ki, bu gün ölkə
Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən
düşünülmüş,
balanslaşdırılmış və həm də qətiyyətli
daxili və xarici siyasət xətti Azərbaycanı daha
böyük uğurlara, daha uca zirvələrə doğru
aparacaqdır.
Müstəqillik
illərində digər sahələrdə olduğu kimi,
televiziya və radio yayımı sahəsində də Azərbaycanda
çox ciddi uğurlar qazanılıbdır. Təsəvvür
edin, 1990-cı ilədək Azərbaycanda cəmi bir
televiziya-Azərbaycan Dövlət Televiziyası və iki
radio-Azərbaycan Radiosu və "Araz" radiosu fəaliyyət
göstərirdi. Bu gün isə Azərbaycan Televiziyası ilə
yanaşı, ümumrespublika yayımçısı olan daha
8 televiziya, 14 regional televiziya və 11 radio rəngarəng
proqram və verilişlərlə efirdədir. Bundan əlavə,
kabel televiziya şəbəkəsi quran 11 şirkət də
hər gün onlarca xarici ölkə kanallarının
verlişlərinin retransliyasiyası ilə məşğuldur.
Müvafiq qanunvericilik bazasının yaradılması müstəqillik illərində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu teleradio siyasətinin ən mühüm nəticələrindən biri kimi dəyərləndirilməlidir. "Televiziya və radio yayımı haqqında" və "İctimai Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu, televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurasının yaradılması və onun əsasnaməsinin ölkə Prezidenti tərəfindən təsdiqi ilə dövlətin uzun bir perspektiv üçün müəyyən etdiyi teleradio siyasətinin formalaşdırılması üçün zəruri hüquqi baza yaradılmış oldu.
Tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ilin yanvar ayından etibarən fəaliyyətə başladı. Qısa zaman kəsiyi ərzində Şura tərəfindən teleradio yayımının tənzimlənməsinə dair müvafiq dünya təcrübəsi öyrənildi. Fəaliyyətdə olan telekanalların və radioların dövlət reyestri aparıldı, onlara qanuni əsaslarla lisenziya verildi, bir-birinin ardınca yeni radio və televiziyalar açıldı. Milli Televiziya və Radio Şurası haqqında əsasnaməyə uyğun olaraq "teleradio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək"(maddə 6) məqsədilə daimi və sistemli monitorinqlər aparıldı. Yaxşı nümunələr təqdir olundu, nöqsanlar və qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görüldü.
Doğrudur, ilk vaxtlar bəzi telekanallar Şura tərəfindən olan tövsiyə və iradları az qala top-tüfənglə qarşıladı. Şuranın qərarlarına sayğısızlıq cəhdləri də oldu. Amma tədricən bu sahədə də sular duruldu, qarşılıqlı münasibətlər işgüzar və normal məcrada davam etdi və bu gün də davam etməkdədir.
Bu il Milli Televiziya və Radio Şurasının
yaradılmasının on ili tamam olur. Ötən on il ərzində ölkədə teleradio siyasətini
tənzimləyici qurum olaraq Şura bir sıra çox
mühüm qərarlara imza atdı. Görülən
mühüm işlərdən biri kimi xarici ölkə
yayımçılarının qanunvericiliyin tələblərinə
və beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanın
milli tezliklərindən çıxarılmasını
xüsusi olaraq qeyd etmək istərdim. Bu,
həmçinin Azərbaycan telekanallarının
maraqlarının qorunmasından irəli gələn zəruri
bir addım idi. Doğrudur, ilk vaxtlar
Teleradio Şurasının bu qərarına qarşı həm
daxildən, həm də xaricdən çoxsaylı
hücumlar oldu. Bu cür cəhdlər, əlbəttə
ki, həm qanunlara, həm də beynəlxalq praktikaya
etinasızlıq demək idi. Nə
yaxşı ki, müəyyən zaman keçəndən
sonra həm daxildən, həm də xaricdən olan opponentlərimiz
də Şuranın məlum qərarı ilə
hesablaşmalı oldular. Yayımın ilk
vaxtlar tədricən, 2010-cu ildən etibarən isə tam həcmdə
dövlət dilində aparılması, əcnəbi filimlərin
dublyaj edilərək nümayiş etdirilməsi, habelə
reklam fəaliyyətinin tənzimlənməsi ilə
bağlı Şura tərəfindən verilən qərar və
tövsiyələr də ölkəmizdə ardıcıl və
məqsədyönlü teleradio siyasəti həyata
keçirildiyindən xəbər verir.
Bu gün
Azərbaycan tamaşaçısı və dinləyicisinin
kifayət qədər geniş seçim imkanları var. Yəni,
mavi ekran qarşısında əyləşən, yaxud da
radio dinləyicisi olan hər kəs öz maraq dairəsindən
çıxış edərək ixtiyarında olan
çoxsaylı kanallardan birini və əlbəttə, həmin
anda onun üçün daha gərəkli və daha
maraqlı ola biləcək kanalı seçmək imkanına
sahibdir. Əgər kimlərsə istəyirlərsə
ki, bütün günü ekran qarşısında əyləşib
ancaq intellektual proqramlara baxsın, buyursunlar baxsınlar. Belə kanallar istənilən qədərdir. İdman proqramları, əyləncə
proqramları, maarifçiliklə bağlı proqramlar da onun
kimi. Bir sözlə, kimin nədən
xoşu gəlir, ona da baxa bilər.
Bu gün Azərbaycanda fəaliyyət göstərən
televiziya və radio yayımçıları kənardan
heç kəsin müdaxiləsi və ya təsiri olmadan nəyə
imkanları çatırsa, nəyi vacib və gərəkli
hesab edirlərsə, məhz onu da çəkib efirə
çıxarırlar. "Televiziya və radio yayımı
haqqında" Azərbaycan Respublikası Qanununa görə,
"Yayımçıların yaradıcılıq və
redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında
həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş
hallarda məhdudlaşdırıla bilər. Dövlət və yerli özünüidarə
orqanlarının, siyası partiyaların, ictimai birliklərin,
həmkarlar ittifaqı təşkilatlarının, fiziki və
hüquqi şəxslərin yayımçıların
yaradıcılıq və redaksiya fəaliyyətinə
müdaxiləsi qadağandır"(maddə 2.5).
Teleradio
Şurasının fəaliyyətdə olduğu illər ərzində
qəbul etmiş olduğu prinsipial əhəmiyyətli qərarlar
sırasında rəqəmsal yayıma keçidlə
bağlı 22 dekabr 2011-ci il tarixli qərarın
əhəmiyyətini də ayrıca qeyd etmək istərdim. Məlumat üçün bildirim ki, Avropada rəqəmsal
yayıma hamıdan əvvəl Almaniyanın Berlin şəhəri
keçib. Avropa ölkələri içərisində
isə ilkin olaraq 2007-ci ildə Finlandiyada rəqəmsal
yayım tətbiq olunub. İftixar hissi ilə
deməliyəm ki, məhz Azərbaycan MDB ölkələri
içərisində birinci olaraq rəqəmsal yayıma
keçid barədə qərar qəbul edib. Bu gün ölkə yayımçıları
artıq tam həcmdə rəqəmsal yayım şəraitində
işləyirlər. Regional kanalların da
əksəriyyətinin bu sahədə heç bir problemi
yoxdur. Yalnız bəzi kanallarda müəyyən
texniki problemlər vardır ki, onlar da uğurla aradan
qaldırılmaqdadır.
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
2009-cu ilin oktyabrında mətbuatda dərc olunan və
respublika ictimaiyyəti tərəfindən böyük
marağa səbəb olan "Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr" adlı məqaləsində
qeyd olunduğu kimi, Azərbaycan telekanallarının proqram
siyasəti artıq xeyli vaxtdır ki, cəmiyyətimizdə ən
çox müzakirə predmeti olan məsələlərdən
birinə çevrilib. Fikrimizcə, bəzi
teleradio yayımçılarının fəaliyyəti ilə
bağlı cəmiyyət üzvləri arasındakı
narahatlıq həm obyektiv, həm də subyektiv məqamlardan
qidalanır. Obyektiv məqam odur ki, məşhur
el məsəlində deyildiyi kimi, "aşıq
gördüyünü çağırar". Yəni insanlar evdə və ya işdə
olmalarından asılı olmayaraq vaxtlarının xeyli hissəsini
ekran qarşısında keçirirlər. Bu da təbiidir ki, bir çoxları
gördüyünü və yaxud eşitdiyini kimlərləsə
müzakirə etməyə meyillidir. Bu mənada
televiziya və radio verilişlərinin geniş ictimai rezonans
doğurması, əlbəttə, başadüşüləndir.
Televiziya və radio proqramlarının yeknəsəkliyi
və bəsitliyi, bir sıra hallarda isə hətta zərərli
təsirə malik fəsadları ilə bağlı
çoxsaylı insanların narahatlığı da
başadüşüləndir. Bu, o deməkdir ki,
tamaşaçıların hər biri öz ürəyindən
keçəni mavi ekranda görmək istəyir. Yaxud, bir çoxu mənən ehtiyacı
olmadığı və ya rəğbət bəsləmədiyi
nəyisə və yaxud kimisə ekranda görürsə, dərhal
ona etiraz edir. Təbiidir ki, bütün
bunlar da uzun-uzadı müzakirələr üçün
növbəti material olur. Əslində, bu
halların hər biri normal insani emosiyalardan qidalanır. Yəni, hər kəs istəyir ki, məmləkətimizdə
ən azı televiziya ekranında hər şey yerli-yerində
olsun.
Əlbəttə, təqdir olunası istəkdir. Amma... Amması da odur ki,
birdən-birə hər şey yaxşı ola
bilməz. Məgər cəmiyyətin özündə
hər şey yerli-yerindədir?! Təbii ki, yox! Elə isə cəmiyyətin güzgüsü hesab
olunan televiziyalardan niyə belə çox umuruq? Əslində, bu da əsassız deyil. Çünki, televiziyanın imkanı var ki, müsbəti,
mütərrəqini, insanlar üçün daha faydalı
olanı təbliğ etsin. Təəssüf doğuran
odur ki, bəzi yayımçılar millətə, cəmiyyətə,
məişət və mədəniyyətimizə, minilliklərin
sınağından keçib gələn adət və ənənələrimizə
yad olan təsadüfi yaramazlıqları bir an
tez efirə çıxarmaq üçün sanki
yarışa giriblər. İctimai məzmun kəsb
etməyən, bir sıra hallarda hətta faktlara söykənməyən
hər hansı bir əxlaqsızlıq və ya eybəcərlikləri
tələm-tələsik efirə çıxararaq ictimailəşdirmək
vacibdirmi?
Təbiidir ki, istedadlı və peşəkar televiziya
kadrları olmadan keyfiyyətli və baxımlı proqramlar
hazırlamaq qeyri-mümkündür. Sirr deyildir ki, bu və
ya digər yayımçıya yüksək reytinq gətirən
onun uğurlu layihələridir. Bu layihələri ərsəyə
yetirən isə, əlbəttə ki, peşəkarlardır:
peşəkar təşkilatçılar, peşəkar
aparıcılar, istedadlı telejurnalistlər, təcrübəli
rejissor, operator və montajçılar. Özü
də belələrinin sayı barmaqla sayılacaq qədər
azdır. Mirşahin Ağayev, Qulu Məhərrəmli,
İbrahim Məmmədov, Etibar Babayev, Rüstəm Əliyev,
Qorxmaz Şıxəliyev, Elman Gədikli, Anar Yusifoğlu, Cəsarət
Valehov, Vəsilə Vahidqızı, Vahid Abbas, Emin Musəvi,
Xoşqədəm Hidayətqızı... İnanın,
siyahını davam etdirməkdə çətinlik çəkirəm.
Doğrudur, efiri hazırlayan peşəkarların
bir çoxu işin spesifikası ilə əlaqədar həmişə
kadr arxasında qaldığından tamaşaçı
onları tanımır. Amma bizim
tanıyıb, tanımamağımızdan asılı
olmayaraq, teleradio mətbəxində çalışan, efirin
keyfiyyəti üçün məsuliyyət daşıyan
peşəkarların sayı həqiqətən azdır.
Özü də BDU-nun jurnalistika fakültəsinin hər il 10-15 telejurnalist hazırlaması ilə bu sahədəki
boşluğu ən azı yaxın illər ərzində
doldurmaq real görünmür.
Göründüyü kimi, Azərbaycan efirini
tamaşaçıların arzu etdiyi standartlar səviyyəsinə
qaldırmaq üçün ilk növbədə kadr
hazırlığı istiqamətində ciddi addımlar
atılmalıdır. Nəzərə alaq ki, təkcə ümumrespublika
yayımçısı olan telekanallar orta hesabla hər
gün tamaşaçı ilə təqribən 200 saat, həftə
ərzində 1400 saat, ay ərzində 6 min saat təmasda
olurlar. Heç onu demirəm ki, ən peşəkar
telejurnalist belə yaxşı bir verilişi ərsəyə
gətirmək üçün bəzən həftələrlə
işləməli olur. Televiziya
iştahası daim saz olan nəhəng bir konveyyerdir. O,
sabahı gözləmir, hər gün, həm də
bütün sutka ərzində nəsə göstərməlidir.
Bunu çatdırmaq və idarə etmək,
üstəlik də, geniş tamaşaçı rəğbətini
qazanmaq olduqca çətin bir işdir. Bu
mənada yaxşı televiziya yaratmağın və
tamaşaçı rəğbəti qazanmağın
hansı çətinliklər hesabına başa gəldiyini
televiziya mətbəxinin içində olan insanlar daha
yaxşı bilirlər. Ədalət naminə, həm də
elə cəmiyyətdə formalaşan ictimai rəydən
çıxış edərək onu da etiraf etməliyəm
ki, bu gün Azərbaycanda kifayət qədər geniş
tamaşaçı auditoriyasının rəğbətini
qazanmış olan yaxşı televiziya da, nümunəvi
teleproqramlar da var. Hamımızın sevə-sevə
baxdığımız şou-proqramlar da, intellektual proqramlar
da, tədris proqramları da var. Bunlardan yüksək reytinq
yığanı da var, yığmayanı da. Məsələn,
ATV-nin "Səni axtarıram" verilişi indiki halda ən
çox reytinq yığan verilişlərdəndir. İTV-nin "Açıq dərs" layihəsi
isə deyilənlərə görə hələlik arzu
olunan reytinq toplaya bilməyib.
Lakin bu, o
demək deyildir ki, "Açıq dərs" digər
reytinq qazanan verilişlərdən az əhəmiyyətli
və ya az maraqlıdır. Bəli, ola
bilsin ki, verilişi izləyənlərin sayı nisbətən
azdır. Amma onu da demək lazımdır ki, Azərbaycan
elminin və təhsilinin ən aktual problemlərini gündəmə
çıxaran, ən tanınmış alimlərin,
ziyalıların və gələcəyimiz olan istedadlı tələbə-gənclərin
belə müzakirələrdə iştirakını təmin
edən bu verilişin əhəmiyyətli və gərəkli
olduğu birmənalı şəkildə hər kəs tərəfindən
təsdiq və təqdir olunmaqdadır. "ANS",
"Lider", "Space" və "Xəzər"
telekanallarının da kifayət qədər geniş
tamaşaçı rəğbəti qazanmış neçə-neçə
verilişlərinin adını çəkmək olar.
Telekanalların
yaradıcılıq imkanlarından bəhs edərkən mən
status etibarilə bir-birinə yaxın olan iki telekanalın -
AzTV və İTV -nin həm məzmun, həm
də forma baxımından bir-birinə çox bənzəyən
iki layihəsi üzərində xüsusi olaraq dayanmaq istərdim.
Söhbət hər bazar günü AzTV-də
efirə gedən "Ovqat" və İTV-nin "Səhər
sovqatı" proqramları barədədir. Bir tamaşaçı olaraq bu verlişlərin nə
qədər reytinq yığmasının şəxsən mənim
üçün heç bir əhəmiyyəti yoxdur. Əsas olan odur ki, hər iki proqram uğurlu və
maraqlı proqramdır. Mən bilirəm
ki, çoxsaylı insanlar görkəmli elm və sənət
adamlarının, tanınmış ədəbiyyat və incəsənət
xadimlərinin dəvət olunduğu bu proqramları sevə-sevə
izləyirlər.
Şəxsən,
mən harada olmağımdan və hansı işlə məşğul
olmağımdan asılı olmayaraq çalışıram
ki, nə "Ovqat"ın, nə də "Səhər
sovqatı"nın heç bir
buraxılışını ötürməyim. Hər dəfə
bu verilişləri seyr etdikdən sonra adam
qeyri-ixtiyari olaraq özünü xoş bir ovqatın təsiri
altında hiss edir. Məsələn, bu yaxınlarda,
özü də eyni vaxtda "Səhər
sovqatı"nın növbəti
buraxılışının qonağı olan Azərbaycanın
çox görkəmli filosofu, AMEA-nın müxbir
üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin
Xəlilovun və "Ovqat"ın qonağı - Milli
Olimpiya Komitəsinin I vitse-prezidenti, filologiya elmləri doktoru,
professor Çingiz Hüseynzadənin
çıxışları, aparıcıların onlara
ünvanladığı suallara verdikləri ətraflı cavablar
da bir tamaşaçı olaraq məni həqiqətən
xeyli dərəcədə maarifləndirdi. İki
saata yaxın vaxt ərzində çay içə-içə,
dincələ-dincələ özüm üçün
çox əhəmiyyətli olan xeyli informasiya əldə
etdim. İnanın, hər iki kanalın
verilişi o dərəcədə maraqlı idi ki, sanki bir
gözümlə AzTV-yə, o biri gözümlə İTV-yə
baxırdım, bir qulağımla professor S.Xəlilovu, o biri
qulağımla professor Ç.Hüseynzadəni dinləyirdim.
Necə ki, neçə veriliş öncə tarixçi-alim
Yaqub Mahmudovu, akademik Akif Əlizadəni, loğman-həkim Əlfəddin
Abdullayevi, şair Zəlimxan Yaqubu, ədəbiyyatşünas
alimlərdən Nizami Cəfərov, Nizaməddin Şəmsizadə
və Xalid Əlimirzəyevi dinləmişdim. Bəli, Azərbaycan
tamaşaçısının, xüsusən də gəncliyin
bu cür sayılıb-seçilən insanların və
tanınmış şəxsiyyətlərin
sözünü-söhbətini dinləməyə,
onların nəsillər üçün örnək ola biləcək ömür yolundan və əməli
fəaliyyətindən nümunə götürməyə
ehtiyacı var.
Təbiidir ki, geniş tamaşaçı və dinləyici
auditoriyasının rəğbətini qazanmaq arzusunda olan hər
bir yayımçı insanları düşündürən,
rahat və ya narahat edə biləcək incə və həssas
məqamları nəzərə almaya bilməz. Əslində,
"Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanununda yaradıcılıq məsələlərində
yayımçılara sərbəstlik və azadlıq verilməklə
yanaşı, bu məqamlar da nəzərə alınıb.
Qanunun 32-ci maddəsində teleradio
proqramlarına verilən tələblərdən bəhs edilərək
qeyd olunur ki, "proqramlar yayım üçün
hazırlanarkən... maarifçilik və mədəniyyət
məsələlərinə üstünlük verilməli,
proqramların tarazlaşdırılması yolu ilə efirin
kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə
yüklənməsinin qarşısı
alınmalıdır" (maddə 32.1).
Əfsuslar olsun ki, daha çox kommersiya maraqları
ardınca gedərək, şou-proqramlara üstünlük
verən bəzi teleradio yayımçıları hələ
ki, sabit və balanslaşdırılmış proqram siyasəti
həyata keçirə bilmirlər. Bunun nəticəsi
olaraq efirin tarazlığının pozulması və milli-mənəvi
dəyərlərin qorunmasına dair qanunvericiliyin tələblərinin
unudulması kimi xoşagəlməz hallar baş verir. Bu yerdə əksər respublika yayımçılarının
bölgələrin qayğı və problemlərini yetərincə
işıqlandırmadığını da diqqətə
çatdırmaq istərdim. Təsəvvür
edin, elə rayonlarımız var ki, bəzən aylarla oraya aid
bir sujet belə getmir. Halbuki, həmin
rayonların uğurları, problemləri və
qayğıları, habelə, təbiəti, tarixi və
ictimai-mədəni həyatından bəhs edən çox
maraqlı verilişlər hazırlamaq olar. Özü də respublika yayımçıları
bunu etməyə borcludurlar. Bütün
bunlar isə son nəticədə tamaşaçıların
haqlı narazılığına gətirib
çıxarır ki, bu da istənilən yayımçı
üçün arzuolunmaz itkidir.
"Televiziya və radio yayımı haqqında"
Qanunda göstərildiyi kimi, Azərbaycan Respublikasında
teleradio fəaliyyəti azaddır. Teleradio
yayımının azadlığı vətəndaşların
informasiyanı qanuni yolla axtarmaq, əldə etmək,
hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət
tərəfindən təminat verilməsinə əsaslanır
(maddə 2.1). Bununla belə, onu da qeyd etməliyəm
ki, ölkəmizdə televiziya və radio yayımı
lisenziyalaşdırılan fəaliyyət sahəsidir. Lisenziyalar isə artıq oxuculara da bəlli olduğu
kimi, Teleradio Şurası tərəfindən keçirilən
müsabiqələr yolu ilə verilir. Son illər fəaliyyətə
başlayan "Xəzər", "İdman Azərbaycan",
"Mədəniyyət", "RTV", "Kanal-S",
"El TV", "Cənub TV" kanalları, habelə
"Xəzər FM", "Media FM", "Araz FM"
radioları məhz Şura tərəfindən elan olunmuş
müsabiqələrdə qalib çıxaraq yayım
üçün lisenziya almışlar.
Göründüyü kimi, Azərbaycan müstəqillik
illərində digər sahələrdə olduğu kimi,
teleradio fəaliyyəti sahəsində də çox
böyük uğurlara imza atıb. Bu gün Bakı ilə
yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki,
Yevlax, Zaqatala, Tovuz, Mingəçevir, Quba və Xaçmazda
da özəl televiziya kanalları fəaliyyət göstərməkdədir.
Müsbət haldır ki, yeni fəaliyyətə
başlayan televiziya və radiolar qısa vaxt ərzində
yayımın müasir standartlar səviyyəsində həyata
keçirilməsinə imkan verən müvafiq maddi-texniki baza
yaratmaqla bərabər, həm də kifayət qədər
işgüzar və peşəkar kadr korpusu formalaşdıra
biliblər.
Teleradio fəaliyyəti mahiyyəti etibari ilə kifayət
qədər ağır, mürəkkəb, həm də son dərəcə
məsuliyyətli bir sahədir. Bu sahədə
uğurlar əldə etmək üçün hətta səmərəli
və sistemli şəkildə təşkil olunan
yaradıcılıq fəaliyyəti belə kifayət etmir.
Çətini, həm də vacibi odur ki,
tamaşaçı və dinləyici daim yeniliklər istəyir.
Hər gün, hər saat yenilik tapmaq və onu lazımi səviyyədə
tamaşaçı və ya dinləyiciyə təqdim etmək
isə elə də asan iş deyil. Amma Azərbaycan
telekanalları və radioları bu işin öhdəsindən
gəlir. Mən demirəm ki, hər
şey istənilən səviyyədədir. Əlbəttə, problemlər də, nöqsanlar da
var. Əsası odur ki, teleradio yayımçıları
özlərinin məsuliyyətini və vəzifə
borclarını bilir və bu missiyanı daha uğurla və
daha keyfiyyətlə həyata keçirmək istiqamətində
səylə çalışırlar.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikası
Milli Televiziya və Radio
Şurasının üzvü,
tarix elmləri
doktoru
Xalq qəzeti.- 2012.- 23 iyun.- S. 9.