Media və sosial-iqtisadi
inkişaf
Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
"Yerli icra hakimiyyəti orqanları ilə kütləvi
informasiya vasistələri arasında əməkdaşlıq"
layihəsi əsasında növbəti konfrans Nəsimi Rayon
İcra Hakimiyyətində keçirildi.
Respublikanın
aparıcı media qurumlarının rəhbərləri və
təmsilçilərini salamlayan Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev ölkəmizin
sosial-iqtisadi inkişafının indiki mərhələsində
icra orqanları ilə kütləvi informasiya vasitələrinin
əməkdaşlığının demokratik proseslərin dərinləşməsi
işinə geniş informasiya dəstəyi
yaratdığını vurğuladı. Başçı son
vaxtlarda rayonda aparılmış quruculuq işləri,
sosial-iqtisadi inkişafın ümumi mənzərəsi barədə
jurnalistlərə yığcam məlumat verdi. Natiq daha sonra
bildirdi ki, müsbət işlərin KİV-də obyektiv əksini
tapması, nöqsanların xeyirxahlıqla
işıqlandırılması, aparılan işlər barədə
normal ictimai rəy yaradılması üçün icra
orqanları ilə medianın sıx əməkdaşlığına
bu gün daha böyük ehtiyac var.
KİVDF-in
icraçı direktoru Vüqar Səfərli Azərbaycan milli
jurnalistikasının demokratik və quruculuq ənənələrinin
dövlət müstəqilliyi dövründə dirçəldilməsindən,
KİV-də gedən demokratik proseslərdən, söz azadlığının
təmin edilməsi və medianın problemlərinin həllinə
dövlət dəstəyindən söz açdı. Natiq rəhbərlik
etdiyi qurumun fəaliyyəti və məmur-jurnalist əməkdaşlığını
genişləndirməklə bağlı həyata keçirilən
layihə barədə də məlumat verdi.
Diskussiya şəraitində keçən müzakirələrdə Nəsimi rayonunda aparılan geniş quruculuq-abadlıq işlərindən məmnunluqla danışıldı, xidmət sahəsinin yeniləşdirilməsi, paytaxtın mədəni həyatının zənginləşdirilməsi, icra orqanları ilə səmərəli əlaqələrin yaradılması ilə bağlı təklif və mülahizələr səsləndi. Rayon oxucuları adından çıxış edənlər mətbuatımızın ideya, mövzu, peşəkarlıq məsələləri ətrafında düşüncələrini bölüşdülər, mediamızın cəmiyyətdə daha layiqli yer tutması üçün arzu və rəylərini səsləndirdilər.
Konfransın sonunda "Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda Nəsimi RİH-lə KİV DF-in birgə jurnalist yaradıcılığı müsabiqəsinin şərtləri açıqlandı.
Müzakirələri yekunlaşdıran Nəsimi RİH-in başçısı Nəsib Məhəməliyev bildirdi ki, dialoqlarda səslənən fikirlər bir sıra sahələrdə yeni uğurlar qazanılmasına kömək göstərəcək. Elan olunan müsabiqədə ərsəyə gələcək çoxsaylı jurnalist yazıları isə Nəsimi rayonunun perspektiv inkişafı üçün, şübhəsiz, faydalı olacaq, media - məmur əməkdaşlığına yeni meydan açacaq.
R.TAHİR
Xalq qəzeti.- 2012.- 23 iyun.- S. 10.