Milli kinomuz yeni inkişaf yolundadır
114 il əvvəl yaranmış Azərbaycan kinosu milli mədəniyyətimizin
ayrılmaz bir hissəsi kimi
formalaşmış, dünya kinosunda da özünəməxsus
bir yer tutmuşdur.
Ümummilli
lider Heydər Əliyevin istər sovet dövründə, istərsə
də dövlət müstəqilliyi illərində milli
kinomuza göstərdiyi böyük diqqət və
qayğı bu sahədə ciddi uğurların
qazanılmasını təmin etmişdir. Ulu öndərin
tövsiyələri ilə hazırlanmış kino
haqqında qanun yeni şəraitdə Azərbaycan
kinematoqrafiyasının inkişafına hüquqi-normativ əsaslar
yaratmışdır. 2000-ci ildən hər il 1 aprel kino
işçiləri günü kimi qeyd olunması isə cəmiyyət
miqyasında incəsənətin bu sahəsinin nüfuzunun
yüksəldilməsinin, onun dövlət himayəsi ilə əhatə
edilməsinin göstəricisidir.
Ulu
öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident
İlham Əliyev 23 fevral 2007-ci ildə Azərbaycan kinosunun
problemlərinin həlli ilə bağlı sərəncamı
imzalamış, 4 avqust 2008-ci ildə isə milli kinomuzun 10
illik müddətdə inkişafını nəzərdə
tutan dövlət proqramını təsdiq etmişdir.
Bütün bunlar milli kinomuzun müstəqillik illərində
çətinliklərdən yaxa qurtarmasına, yeni inkişaf
yoluna çıxmasına etibarlı zəmin
yaratmışdır.
Hazırda
kinematoqrafiyamız uğurlu yoldadır. Milli kinomuzun müxtəlif
nəsilləri təmsil edən yaradıcıları əl- ələ
verib onu dünyada qabaqcıl mövqelərə
çıxarmağa çalışırlar. Bu prosesdə,
şübhəsiz, kino ictimaiyyətinin təşəbbüskarlığı,
mütəşəkkilliyi önəm daşıyır. Lakin
bu sahədə illərdən bəri gözlənilən dəyişiklik
baş vermirdi. Uzun illər kino xadimlərinin əsas təşkilatı
olmuş Kinematoqrafçılar İttifaqı passiv mövqedən
çıxa bilmədi, əksinə, son vaxtlarda lüzumsuz
siyasətə sürükləndi.
Bu ittifaqın rəhbərliyində təmsil olunan ayrı- ayrı kino xadimlərinin cəhdləri maneələrlə üzləşdiyindən həmin adamlar kino ictimaiyyətinin istəyinə və dəstəyinə arxalanaraq yeni, seçilən bir qurum - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaratma təşəbbüsünü bu günlərdə gerçəkləşdirdilər. Məqsəd aydın, məram xoşdur: milli kinomuzun inkişafı üçün yaranmış əlverişli şəraitdən faydalanmaqla kino təbliğatı işini canlandırmaq və uğur qazana bilən dəyərli əsərlər yaratmaq. Şübhəsiz, əvvəllər ittifaq bu missiyanı həyata keçirə bilsəydi, yeni qurum yaratmağa da ehtiyac qalmazdı.
Lakin kino həyatında baş vermiş bu zəruri, qanuni hadisəyə müxtəlif don geyindirmək istəyənlər tapılır. Belələri, əvvəla, iddia edirlər ki, guya, yeni ittifaq yaradılması kinoda parçalanmaya səbəb olur. Əslində bu, belə deyil, dünya təcrübəsindən də məlumdur ki, demokratik cəmiyyətdə digər yaradıcı adamlar kimi, kinematoqrafçılar da məramlarına görə müxtəlif qurumlarda, cəmiyyətlərdə birləşə bilərlər. Misal üçün, qonşu Rusiyada, Polşada, Macarıstanda və başqa ölkələrdə kino işçilərinin 2 və daha çox peşə qurumları fəaliyyət göstərir.
İkincisi, yeni qurumu yaradanları və burada birləşənləri gözdən salmağa, nüfuzsuz qeyri- peşəkar adamlar kimi qələmə verməyə çalışırlar. Bu da belə deyil. Xalq artisti, professor Şəfiqə Məmmədova, xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" kinostudiyasının direktoru, Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, " Nərimanfilm" şirkətinin prezidenti Nəriman Məmmədov, xalq artistləri, məşhur kinorejissorlar Eldar Quliyev və Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, xalq rəssamı Mais Ağabəyov, xalq artisti, Milli Konservatoriyanın rektopru Siyavuş Kərimi kimi mədəniyyət xadimləri barədə nə haqla belə düşünürlər? Milli kinomuzun yüksəlişinin bütöv bir dövrü bu simaların adı ilə bağlıdır.
Kinomuzun yeni yolla irəlilədiyi bir dövrdə xırda hisslərlə yaşayanlar, köhnə şöhrətə aludə olub yerindən tərpənmək istəyənlərə mane olmasınlar, təcrübəsiz cavanları səhv yola çəkməsinlər.
Görülən iş isə çoxdur. Kinematoqrafçılar İttifaqını yaradanların məramı dövlətin qayğı və himayəsindən yararlanmaqla yaradıcılıq səylərini səfərbər etmək, kinomuzun uğurlarını artırmaqdır. İnanırıq ki, yeni ittifaqda birləşən və ona qoşulacaq adamlar bu yolda gərəkli işlər görə biləcək, milli kinomuzun çağdaş mərhələsini yaddaqalan əməllərlə zənginləşdirəcəklər.
Cəmil QULİYEV,
Azərbaycan Respublikası
Kinematoqrafçılar
İttifaqının
icraçı katibi
Xalq qəzeti.- 2012.- 24 iyun.- S. 7.