Nadir və nəsli kəsilmək təhlükəsində olan faunaflora növlərinin mühafizəsi

 

"Bioloji müxtəliflik haqqında" Beynəlxalq Konvensiyanın tələbləri ölkəmizdə uğurla reallaşdırılır

 

Bioloji müxtəlifliyin tükənməsinin ən başlıca səbəbi təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühit amillərinin çirklənməsi və qlobal iqlim dəyişkənlikləri ilə əlaqədardır. Mütəxəssislərin fikrincə, 2020-ci ilə qədər flora və fauna növlərinin 20 faizdən çoxunun kökünün kəsilməsi təhlükəsi gözlənilir. Bunu nəzərə alaraq, 1992-ci ildə Rio-de-Janeyroda keçirilən zirvə toplantısında "Bioloji müxtəliflik haqqında" Beynəlxalq Konvensiya imzalanmış və planetimizdə mövcud olan çox zəngin və qiymətli bioloji müxtəlifliyin xilas edilməsinin yeganə yolunun yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində mümkünlüyü vurğulanmışdır.

Xatırladaq ki, adı çəkilən konvensiya dünyanın 175 ölkəsi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə adı çəkilən konvensiyanın 6-cı maddəsinə uyğun olaraq, ölkəmizdə bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilmişdir. Milli Strategiya və Fəaliyyət Planında bildirilir ki, təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə, habelə digər su ekosistemləri və ekoloji komplekslərində canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox fauna və flora növləri, cinslər məhv olmuş və ya onların sayı kəskin surətdə azalmağa başlamışdır. Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir.

Biomüxtəlifliyin qorunması ilə bağlı Konvensiyanı Azərbaycan Respublikası imzaladıqdan sonra bu konvensiyanın tələblərini həyata keçirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 1995-ci ildən ölkəmiz "Pan-Avropa bioloji landşaft müxtəlifliyinin qorunması" strategiyasının daimi iştirakçısı olmuşdur. Respublikada bu strategiyanın ayrı-ayrı bölmələrinə dair, o cümlədən xüsusi mühafizə olunan ərazilərin inkişafı, nadir və nəsli kəsilmək üzrə olan florafauna növlərinin qorunması, su-bataqlıq ərazilərinin bərpası, dağ ekosistemlərinin inkişafı istiqamətində fəaliyyət proqramları hazırlanmışdır. Azərbaycan Respublikası BMT-nin "Biomüxtəlifliyin qorunması" Konvensiyasını 2000-ci ildə ratifikasiya etmişdir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün respublika Prezidentinin sərəncamı ilə 2001-ci ildə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə dövlət komissiyası yaradılmışdır. Hazırlanmış milli proqram və layihələr 2001-ci ildə Qlobal Ekoloji Fond və BMT İnkişaf Proqramının dəstəyi ilə "Biomüxtəlifliyin qorunması" üzrə milli məruzə və fəaliyyət planında göstərilərək Azərbaycan hökuməti tərəfindən qəbul olunub təsdiq edilmişdir. Hazırda "Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı", "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram" və digər dövlət proqramları uğurla həyata keçirilir.

Respublikamız 2001-ci ildə Avropa Şurasına qəbul olunan ərəfədə təbii mühitin qorunması istiqamətində fəaliyyətini daha da gücləndirmiş, bir neçə beynəlxalq konvensiyalara qoşulmuşdur. Bunlar sərhədlərarası çayların, su hövzələrinin, beynəlxalq göllərin, Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması, habelə əsasən su quşlarının yaşadığı beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerləri haqqında, eləcə də mədəni və təbii irsi abidələrin mühafizəsi üzrə konvensiyalardan ibarətdir. Burada xatırlatmaq yerinə düşər ki, iki su-bataqlıq ərazisi-Ağgöl və Qızılağac gölləri Ramsar Konvensiyası çərçivəsində siyahıya salınmışdır.

 

Erməni vandalları işğal etdikləri ərazilərdə qiymətli fauna növlərinin - heyvanların və quşların da kökünü kəsmişlər

 

Respublikamızda bir çox bitkiheyvan növləri endemikdir və dünyanın heç bir yerində mövcud deyil. Hazırda bu zəngin bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır. Belə vəziyyət tərtib olunmuş "Qırmızı Kitab"da da öz ifadəsini tapmışdır. Buna görə Azərbaycanda biomüxtəlifliyin qorunması həm milliregional, həm də qlobal əhəmiyyətə malikdir.

Nadir və nəsli kəsilmək təhlükəsində olan faunaflora növlərin mühafizəsindən danışarkən öncə bir məqama toxunmaq istərdik. Belə ki, hazırda Xəzərin Azərbaycan sektorunda təxminən 120 növ, o cümlədən nərəkimilər fəsiləsindən 7 növ balıq yaşayır. Mövcud sahədə qarşıda duran vəzifə nərəkimilərin qorunub saxlanılması və artırılması yollarını müəyyən etməkdən ibarətdir. Buna görə də mütəxəssislərin fikrincə, balıq resurslarının qorunub saxlanılmasını və balıq ekosistemlərinin yaxşılaşdırılmasını stimullaşdırmaq üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə balıq növləri üçün yeni bitki aləminin yaradılması daim diqqət mərkəzində saxlanılmalıdır.

Nadir və nəsli kəsilmək təhlükəsində olan faunaflora növlərin mühafizəsi ilə əlaqədar bir məsələ də ciddi narahatlıq doğurur. Bu da biomüxtəlifliyi ilə zəngin olan respublikamızın meşə təsərrüfatına erməni vandalları tərəfindən böyük zərbə vurulması ilə bağlıdır. İşğal altındakı torpaqlarımızda hektarlarla meşə sahələri yandırılmış, uzunömürlü ağaclar qırılaraq Ermənistana daşınmışdır. Zəngilanın, Cəbrayılın, Xocavəndin yaşı yüzillərlə ölçülən nəhəng çinar ağacları doğranaraq mebel üçün xammal kimi xarici ölkələrə satılmışdır. Ərazilərimizin yandırılması nəticəsində hektarlarla sahədə bir çox nadir bitki növünün kökü kəsilmişdir. Təəssüf ki, Ümumdünya Mədəni və Təbii İrsin mühafizəsi haqqında Konvesiyaya üzv olan Ermənistanın bu hərəkəti cavabsız qalmış, dünya belə vəhşiliyə münasibət bildirməmişdir. Aydın məsələdir ki, erməni vandallarının meşələrə, yaşıllıqlara belə divan tutması həm də qiymətli fauna növlərinin-heyvanların və quşların kökünün kəsilməsinə gətirib çıxarmışdır.

 

Nadir və nəsli kəsilmək təhlükəsində olan faunaflora növlərinin mühafizəsində meşə sahələrinə qayğı mühüm rol oynayır

 

Kənd təsərrüfatı elmləri namizədi Musa Hacıyev söhbət zamanı dedi ki, ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın hər yerində, hər qarışında meşə təsərrüfatının inkişafına diqqəti artırmış, yeni yaşıllıq massivlərinin salınmasına böyük əhəmiyyət vermişdir. Dahi rəhbər tərəfindən 22 may 2003-cü il tarixli sərəncamla meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqramın təsdiq olunması bunun bariz ifadəsidir. Bu mühüm sənədə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il hektarlarla sahədə yeni meşələr salınmış və meşə-bərpa tədbirləri reallaşdırılmışdır. Sonrakı illərdə dövlət başçımız İlham Əliyev meşə massivlərinin salınmasını, meşə- bərpa tədbirlərinin genişləndirilməsini prioritet vəzifə kimi qarşıya qoymuşdur. Hazırda da bu istiqamətdə işlər uğurla davam etdirilir.

Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan artır. Həyata keçirilmiş tədbirlər nəticəsində hazırda meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmişümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatmışdır. Təkcə son iki ildə ümumilikdə 22 min hektar ərazidə meşəbərpa işləri aparılmış, o cümlədən 7 471 hektar ərazidə yeni meşəliklər salınmışdır. Yalnız cari ilin ilk rübündə 801 hektar sahədə 1,6 milyon ağac əkilmişdir. 60,7 hektar ərazidə tinglik sahəsi yaradılmış, 4 ton çox toxum tədarük olunmuşdur.

 

Uğurlu ekoloji siyasətin müsbət nəticələri

 

Son illərdə uğurlu ekoloji siyasət nəticəsində biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra müsbət göstəricilər əldə edilmişdir. Hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 1 132,5 min hektaradək artırılır. Bunun nəticəsində 10 milli park, 1 biosfer rezervat, 11 qoruq və 24 yasaqlıqdan ibarət şəbəkə ölkə ərazisinin 13,1 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən 11-12 faiz artıqdır. Samur-Yalama Milli Parkı, Qızılağac Dənizkənarı Milli Parkı və Zaqatala-Balakən Biosfer Rezervatının formalaşdırılması prosesi isə artıq yekun mərhələsindədir. Bununla da Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində hüquqi-təşkilati tədbirlər uğurla başa çatacaqdır.

O da qeyd edilməlidir ki, hazırda sahəsi 130 min hektar olan Şahdağ Milli Parkının ərazisində nümunəvi milli park yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Artıq parkın inzibati kompleksinin tikintisi sona çatmaq üzrədir, altı inzibati rayonda ekoturizm-məlumat və milli parkın giriş-çıxış mərkəzləri tikilir. Eyni zamanda Azərbaycanda 1975-ci ildə nəsli kəsilmiş vəhşi bizonun ölkəmizdə tarixən məskunlaşdığı Şahdağ Milli Parkının ərazisinə reintroduksiyası imkanları araşdırılır.

Cənubi Qafqazda İlk dəfə olaraq müasir avadanlıqla təchiz olunmuş Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinin və Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyasının yaradılması da biomüxtəlifliyin qorunmasında mühüm addım kimi qiymətləndirilməlidir.

 

Heydər Əliyev Fondunun nadir və nəsli kəsilmək təhlükəsində olan faunaflora növlərinin mühafizəsində mühüm rolu

 

Nəsli kəsilmək təhlükəsi qarşısında olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması və həmin ərazilərdə onların davamlı populyasiyalarının yaradılması istiqamətində işlər aparılaraq 2009-cu ildən etibarən adı çəkilən Fondun dəstəyi ilə ceyranların tarixən məskunlaşdıqları areallara reintroduksiya layihəsi həyata keçirilir. Ötən müddət ərzində 4 tarixi areala 110 başadək ceyran köçürülmüşdür. Ceyranların peykvizual müşahidəsi nəticəsində onların yeni ərazilərə normal adaptasiya olunduqları və təbii artımı müşahidə olunmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə yeni qlobal gənclər ekoloji kampaniyasının - "Ətraf mühitin müdafiəsi fəaliyyətində beynəlxalq dialoq"un (International Dialogue on Environmental Action - İDEA) reallaşdırılması da biomüxtəlifliyin qorunmasında mühüm əhəmiyyətə malikdir.

İDEA çərçivəsində keçirilən "Quşlar üçün ev dizaynı" layihəsi isə xüsusi önəm daşıyır. Layihəyə-müsabiqəyə əsasən, yerlixarici dizaynerlərə, ekoloqlara Bakıda və Azərbaycanın müxtəlif regionlarında quraşdırılacaq "quş evi" dizaynı təqdim etmək təklif olunmuşdur. Başqa sözlə, layihədə quşları təhlükəsiz sığınacaqlarla təmin etmək nəzərdə tutulmuşdur. Həmin "ev"də quşlar yumurta çıxarıb, sonradan balalarını kəskin hava şəraitindən qoruya biləcəklər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla xanım Əliyeva Xəzər dənizində nərəkimilərin reproduksiyasını, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqramın həyata keçirilməsini də diqqət mərkəzində saxlayır.

Burada diqqəti maraqlı bir fakta da yönəltmək istərdik. Bir müddət bundan əvvəl IDEA ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün Azərbaycana 20-dən çox ölkədən rəssamlar dəvət etmişdir. Bu, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvana cəmiyyətdə diqqətin güclənməsi məqsədi daşıyır.

 

 

Vaqif BAYRAMOV

 

Yazı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Xalq qəzeti.- 2012.- 24 iyun.- S. 6.