Böyük Qayıdışdan qaynaqlanan möhtəşəm yüksəliş
Ümummilli lider Heydər Əliyevin
1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlməsi
ilə tariximizin yeni bir mərhələsi başlandı.
İyunun 15-də ulu öndərin parlament sədri kimi bir
çağırışı ilə xalq onun ətrafında
birləşdi, tarixi qurtuluş yoluna çıxdı.
Dörd il sonra - 1997 -ci ilin iyun ayında Azərbaycan Milli Məclisi
iyunun 15-ni Azərbaycanın Qurtuluş Günü kimi bayram
elan etdi. Bir il sonra isə bu bayrama dövlət statusu verildi.
Burada
iki məsələyə aydınlıq gətirək: Niyə
həmin gün Qurtuluş günü adlandırılır?
Necə oldu ki, həmin gündən etibarən 1969-cu ildən
1982-ci ilə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi, sonra 1987-ci ilədək Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri, 1993-cü ilin 15
iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçilən Heydər Əliyev Azərbaycan xalqının
ümummilli lideri ola bildi? Diqqət yetirək, liderlik
anlayışının əsasını təşkil edir:
şəraiti dəqiq qiymətləndirmək, qarşıda
duran vəzifələrin həlli yollarını
düzgün müəyyənləşdirmək, hansısa qərarın
yerinə yetirilməsi üçün insanların
şüuruna müsbət təsir göstərmək,
insanları dəqiq fikir, ideya, məqsəd ətrafında səfərbər
etmək, tabeliyində olanların onun göstərişlərini,
qərarlarını öyrənməsinə və müdafiə
etməsinə nail olmaq!
Müstəqilliyin
ilk illərində iqtisadiyyatının tamamilə
çökməsi, ərzaq çatışmazlığı,
işləyən adamların əmək haqqı, işləməyənlərin
pensiya ala bilməməsi, təhsil, elm, mədəniyyət və
ədəbiyyatın sürətlə geriləməsi,
silahlı birləşmələrin
özbaşınalığı, himayədarlarının dəstəyindən
ruhlanan düşmənin getdikcə daha çox
torpaqlarımızı işğal etməsi, ordudakı
nizamsızlıq ölkəni məhvə doğru
aparırdı. Bütün bunlar yolverilməz idi, həm də
reallıq idi. İnsanları daha çox narahat edən vətəndaş
müharibəsi və dövlət müstəqilliyimizin yenidən
süqut etmə təhlükəsi idi.
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev, sözün həqiqi mənasında, əsl lider kimi xalqının qarşısına çıxdı və milli səfərbərlik elan etdi. Ulu öndər müstəqilliyimizə təhlükə yarandığından dövləti kənar təziqlərdən və daxili hücumlardan qorumaq üçün şəraiti dəqiq qiymətləndirdi, qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirdi. Hansısa qərarın yerinə yetrilməsi üçün insanların şüuruna həlledici təsir göstərmək Heydər Əliyev üçün idarəetmə fenomenliyi idi. Əsl lider mövqeyi ortaya qoyan bu qüdrətli insan Gəncədə baş verən hadisələrə qətiyyətli münasibət bildirərək dedi: "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar".
Beləliklə, Gəncədə özbaşınalıq edən, Müdafiə Nazirliyinə tabe olmayan, yaranmış vəziyyətlə əlaqədar parlament sədrini, baş naziri və üç güc nazirliyinin rəhbərini istehfaya məcbur edən qüvvələr Heydər Əliyevin dəmir iradəsi, eyni zamanda, böyük dövlətçilik təcrübəsi ilə zərərsizləşdirildi. Vətəndaş müharibəsi təhlükəsinin qarşısını müdrikliklə alan, Əliyev insanların şüuruna əfsanəvi bir qəhərəman kimi təsir göstərə bildi. İnsanları aydın fikir, ideya, məqsəd ətrafında səfərbər etmək də Heydər Əliyevin liderlik istedadı idi. Ulu öndər paytaxta qayıdışından sonra qısa müddət ərzində xalqla birlikdə ölkədə siyasi sabitlik yaratdı, bir neçə uğurlu əməliyyatdan sonra ermənilərin irəliləyişini dayandırıb cəbhədə atəşkəs əldə etdi.
1993-cü ilin 15 iyunundan sonra Azərbaycanın qarşısında dövrün tələblərinə müvafiq olan inkişaf siyasətinin hazırlanması və icra edilməsi vəzifəsi dururdu. Bunun üçün daxili və xarici siyasəti milli mənafeyin təmin olunmasına uyğun həyata keçirmək lazım idi. Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində müəyyənləşdirdiyi və həyata keçirdiyi ümummilli inkişaf strategiyası ilə bütün sahələrdə uğuru təmin etdi. Tabeliyində olanların onun göstərişlərini, qərarlarını dəqiq və ardıcıl icra etmələrinə nail oldu. İqtisadi, siyasi, sosial, mədəni, humanitar və hərbi sahələrdə uzunmüddətli inkişafın əsası qoyuldu. Azərbaycan beynəlxalq münasibətlər sisteminin müstəqil və tamhüquqlu üzvünə çevrildi. Bundan sonra həyata keçirilən hüquqi islahatlar və görülən əhəmiyyətli işlər qanunun aliliyini təmin etdi.
Heydər Əliyevin müstəqil, cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqında sabaha inam yaratdı. "Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" şüarı xalqı gələcəyə ruhlandırdı. Beləliklə, bu proseslərin başlanğıcı - iyunun 15-i Azərbaycanın Qurtuluş Günü kimi qəbul edildi. Heydər Əliyev isə ümummilli lider olduğunu sübuta yetirdi. Lider tarixən, cəlbedici ideyalar irəli sürür, insanlara fəal və ciddi təsir göstərə bilir, xalqı idarə edə bilir, ətrafdakıları özünə inandırır, tabeliyində olanları onun qəbul etdiyi qərarları icra etməyə hazırlayır. Heydər Əliyev bütün bunları müstəsna bir məharətlə bacarırdı.
Onun liderliyi ilə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə milli dövlətçilik sahəsində mühüm nailiyyətlər əldə etdi. Ölkə hüquqi-siyasi və sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək beynəlxalq aləmdə tutduğu mövqeyə görə bölgənin lider dövlətinə çevrildi. Əldə edilən nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb oldu. Bu isə öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq, onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratdı.
Həqiqətən də, bu gün Azərbaycan olduqca yüksək inkişaf göstəriciləri əldə edib və ölkəmiz inkişaf sürətinə görə dünyada öncül yerlərdən birini tutmaqdadır. İqtisadi, siyasi, sosial sahələrdə əldə edilən göstəricilər bunun parlaq təsdiqidir. Azərbaycan digər ölkələrin bir çoxundan fərqli olaraq özünəməxsus milli inkişaf quruluşuna malikdir. İqtisadi yöndə atılan addımlar olduqca səmərəli nəticələr verməkdə və bütün sahələrin inkişafını təmin etməkdədir. Valyuta ehtiyatlarının və sərmayə qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl bölmənin inkişafına geniş şərait yaradılması, sənaye istehsalına və qeyri-neft bölməsinə xüsusi diqqət göstərilməsi iqtisadi inkişaf konsepsiyasının təməlini təşkil edir.
Əsası ümummilli liderimiz tərəfindən qoyulan sosial-iqtisadi, siyasi-hüquqi inkişaf siyasətini 2003-cü ildən bəri Prezidentİlham Əliyev uğurla davam etdirir. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin, sürətli tərəqqinin əsaslarını uğurla davam etdirilən islahatlar və tətbiq edilən yeniləşmə xətti təşkil edir. İnsan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına geniş şərait yaradılması cəmiyyəti irəli aparır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün mühüm tələblərinə, çağırışlarına uyğun surətdə davam etdirilməsi Azərbaycanı inkişaf edən müasir məmləkətə çevirib.
Azərbaycanı belə bir tarixi yüksəlişə Prezident İlham Əliyevin dediyi kimi 1993-cü ilin y5 iyunu yönəldib: "Qurtuluş Gününün Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Məhz bu gündən etibarən Azərbaycan öz inkişaf dövrünü yaşamağa başlamışdır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasətə qayıtması, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir".
Natəvan DƏMİRÇİOĞLU,
Azərbaycan Beynəlxalq Radiosunun
şöbə müdiri, BDU-nun
müəllimi,
yazıçı-publisist
Xalq qəzeti.- 2012.- 24 iyun.- S. 4.