Uğurlu siyasi kurs Azərbaycanı regionun
lider ölkəsinə çevirmişdir
Bu
gün Azərbaycan müstəqil ölkə kimi inkişaf
edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan
vətəndaşları, dostlarımız bəhrələnir.
Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi
olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız
inkişaf yolu ilə gedəcəkdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Ulu öndər Heydər Əliyevin
işləyib hazırladığı siyasi
kurs gənc müstəqil Azərbaycan
Respublikasının sürətli inkişafını təmin
etməklə yanaşı, bütövlükdə region üçün sülh və sabitlik gətirmişdir.
Dünyanın aparıcı politoloqları və
ekspertləri müxtəlif tribunalardan
çıxış edərkən dönə-dönə etiraf edirlər ki, Azərbaycan
rəhbərliyinin 1993-cü ilin
yayından etibarən götürdüyü
siyasi kurs artıq region ölkələri üçün
nümunə kimi qəbul edilir.
Bu siyasət ona
görə maraqlı və cəzbedicidir ki,
müstəqilliyin ilk illərində
ağlagəlməz dərəcədə məhrumiyyət və
problemlərlə üz-üzə qalan
ölkənin bəlalardan qurtulmasını təmin etmişdir.
Danılmaz
faktdır ki,əgər ulu öndər ölkədə siyasi
hakimiyyətə qayıtmasaydı və indi haqqında
söhbət açdığımız siyasi kursu işləyib
hazırlamasaydı, onda nəinki Azərbaycanın
bugünkü uğurlarından danışmaq mümkün
olmazdı, üstəlik bu gün bizim dövlət müstəqilliyimiz
də mövcud ola bilməzdi. Məhz ona görə də
Prezident İlham Əliyev məxsusi olaraq vurğulayır ki,
Azərbaycan xalqı bugünkü nailiyyətlərin
hamısına görə ulu öndər Heydər Əliyevin
siyasi müdrikliyinə və dövlətçilik təcrübəsinə
minnətdar olacaqdır.
Prezident
İlham Əliyev bu il may ayının 25-də "Buta"
sarayında 28 May-Respublika Günü münasibətilə
keçirilən rəsmi qəbuldakı nitqində geridə
qalan illəri xarakterizə edərkən ulu öndər Heydər
Əliyevin milli tariximizdəki rolunu yada salmışdır:
"Əgər xalqın iradəsi ilə 1993-cü ildə
Heydər Əliyev yenidən artıq müstəqil Azərbaycanın
Prezidenti kimi hakimiyyətə gəlməsəydi, ölkəmizin
gələcək taleyi çox böyük fəlakətlərlə
üzləşə bilərdi. 1993-cü ildə bütün
xoşagəlməz halların qarşısı
alındı, ölkədə sabitlik yarandı, inkişaf
başlandı".
Azərbaycan
xalqı böyük qədirbilənliklə qeyd edir ki, ulu
öndərin ölkəyə rəhbərlik etdiyi
1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları
qoyulmuş və möhkəmlənmişdir. O illərdə
ölkədə hərtərəfli islahatlara
başlanılmış, cəmiyyətin demokratikləşdirilməsi
istiqamətində çox mühüm addımlar
atılmışdı. Xüsusən, yeni neft strategiyası
işlənilib hazırlanmış, Xəzərin Azərbaycan
sektorunun karbohidrogen ehtiyatlarının müştərək
işlənməsi üçün dünyanın
aparıcı neft şirkətləri ilə "Əsrin
müqaviləsi" adlı möhtəşəm saziş
imzalanmışdır. Bu saziş iqtisadi cəhətdən əhəmiyyətli
olmaqla yanaşı, həm də dünyanın ən
güclü ölkələrinin maraqlarının Azərbaycana
cəlb edilməsı baxımından böyük siyasi əhəmiyyət
kəsb edirdi.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrından etibarən həyata keçirdiyi irimiqyaslı tədbirlər və çoxsaylı Dövlət Proqramları nəticəsində Azərbaycan dünyanın aparıcı ölkələrinin sırasına çıxmış, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan ölkəyə çevrilmiş, demokratik dəyərlərin geniş surətdə tətbiq olunduğu ünvan, insan hüquq və azadlıqlarının Avropa səviyyəsində qorunduğu məkan kimi bütün dünyanın diqqətini cəlb etməyə başlamışdır. Aparılan köklü islahatlar nəticəsində dünyanın bütün qütblərində Azərbaycana olan münasibət əsaslı surətdə dəyişmişdir. Yeri gəlmişkən, bəzi qüvvələrin Azərbaycanın dövlət siyasətini olduğu kimi qiymətləndirə bilməməsini yada salan Prezident İlham Əliyev xatırladır ki, həmin adamların sonradan Azərbaycan həqiqətlərini məhz həqiqət kimi qəbul etməsinin şahidi olmuşuq: "Bəzi hallarda bəzi yerli və xarici təhlilçilər əvvəlki dövrdə Azərbaycanın xarici siyasəti ilə bağlı qeyri-real fikirlər səsləndirirdilər. Ancaq həyat onu göstərdi ki, bizim xarici siyasətimiz yeganə düzgün siyasətdir. Əgər belə olmasaydı, bizim gənc dövlətimiz 155 ölkənin etimadını qazanmazdı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilməyimiz xarici siyasətimizin nə qədər düzgün olduğunun bariz nümunəsidir".
Azərbaycan Respublikası özünün mükəmməl daxili siyasəti olan, bu istiqamətdə konkret proqramları, qərarları icra edilən azsaylı ölkələrdən biridir. Regionda heç bir ölkə daxili siyasətdə Azərbaycan qədər incə məqamlara önəm verə bilmir. Bunun üçün gah vəsait çatışmır, gah da ölkə rəhbərliyinin iradəsi. Azərbaycan isə həm iqtisadi, həm də siyasi cəhətdən gündən-günə inkişaf etdiyinə görə həm dövlətin istənilən layihəni icra etmək üçün vəsaiti çatır, həm də dövlət başçısının iradəsi. Ona görə də ölkəmiz demokratik inkişafa sadiq ölkə imicini gündən-günə daha da möhkəmləndirir.Azərbaycanda dövlət idarəçiliyi və xalqın maraqlarını təmin edəcək bütün institutlar bir çox hallarda əksər Avropa ölkələrində olduğundan da yüksək səviyyədə fəaliyyət göstərir. Məhz bu məqamları əsas kimi götürən əcnəbi ekspertlər çəkinmədən etiraf edirlər ki, Azərbaycan bu gün Qafqazın lider ölkəsidir.
Gənc müstəqil dövlətimizi regionun lider ölkəsinə çevirən əsas məqamlardan biri də bütün qonşu ölkələr üçün əlçatmaz sayıla bilən iqtisadi inkişafımızdır. Belə ki, son illər ərzində Azərbaycanda müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. Ölkəmizdə ümumi daxili məhsul istehsalı 3 dəfə artıb, yoxsulluq həddində yaşayanlar 5 dəfə azalıb, 1 milyondan artıq yeni iş yerləri yaradılıb. Bütün bunlar dünya siyasətçilərinin gözü qarşısında baş verir. Ona görə də ölkəmizin yeritdiyi siyasət nümunə kimi qəbul edilir.
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, ordu quruculuğunun sürətləndirilməsi, elm və təhsilin inkişafına vəsait ayrılması, regionların bərabərşəkilli inkişafının təmin edilməsi, bütün bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin, olimpiya-idman komplekslərinin tikilməsi, çoxsaylı körpü və yol qovşaqlarının inşa olunması baxımından da regional liderə çevrilib. Ölkəmiz Avropa Şurası Parlament Assambleyasının rəhbərliyində təmsil olunanda, BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə, "Böyük İyirmilər"in sammitinə dəvət alanda, nəhayət, Avropanın ən nüfuzlu mahnı müsabiqəsinin regionda ilk olaraq Bakıda keçirilməsi zamanı həm soydaşlarımız, həm də bütün dünyadakı dostlarımız cəsarətlə söyləmişlər: Azərbaycan regionun lider ölkəsidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 24 iyun.- S. 1.