Uşaq bağçalarının
problemlərinin həlli üçün biz əlavə tədbirlər görməliyik
İyunun 20-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət proqramı"nın icrasının birinci
ilinin yekunlarına həsr olunmuş konfransda ölkə
başçısı çıxış edərək
ötən ilin may ayında təsdiq edilmiş və
proqramı əhatə edən işlər barədə fikirlərini
söylədi. O, 2005-ci ildə tərtib edilmiş birinci
proqramın qısamüddətli olsa da, həmin dövrdə
müəyyən işlər görülməsini, amma bu
prosesin daimi olması üçün ötən il yeni
proqramın qəbul edilməsi məsələsinin
qarşıya qoyulduğunu və 2009-cu ildə təsdiq
edilmiş Azərbaycanın bütün bölgələrinin
inkişafına dair Dövlət Proqramının 2013-cü
ilə qədər hesablandığını bildirdi.
Cənab Prezident işlərin icrası zamanı ortaya çıxan, amma əvvəllər aktual olmayan məsələlər barədə söz açarkən qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması, tikilməsi, uşaq bağçalarının təmir-tikinti məsələsində rast gəlinən problemlər barədə söz açdı. O dedi:"Uşaq bağçalarının təmir- tikinti məsələləri həllini tapmaqdadır. Ancaq mən bu müddətdə dəfələrlə uşaq bağçalarında olmuşam və görürəm ki, artıq uşaqların müəyyən edilmiş indiki say tərkibi bizi qane etmir. Çünki bu bağçalar 30-40 il bundan qabaq tikilmişdir. Şəhərin əhalisi artır, təlabat artır, ailələr var ki, növbəyə dayanıb. Xüsusilə, valideynlər öz uşaqlarını yeni təmir edilmiş uşaq bağçalarına yerləşdirmək istəyirlər. Beləliklə, yeni bağçaların tikintisi məsələləri ortaya çıxır. O bağçaların tikintisi üçün ya yeni yerlər ayrılmalıdır, ya mövcud olan yerlərdə əlavə korpuslar tikilməlidir. Yəni belə məsələlər çoxdur və Proqrama əlavə ediləcəkdir."
Həqiqətən də Bakı şəhəri və ətraf qəsəbələrdə olan bağçaların bəziləri təzə tikilsə, də bir çoxları sovet dövründən qalan, istismar müddəti başa çatmış binalarda yerləşir. Həmin müəssisələrin yenidən qurulması, bərpası və təmiri planlı şəkildə ardıcıl aparılır. Prezident də çıxışında məhz bu məsələlərə diqqət yetirildiyini, sakinlərin çox yaşadığı ərazilərdə yeni bağçaların tikilməsinin xüsusi diqqətdə saxlanıldığını və bu məsələnin həllinin Dölət Proqramında öz əksini tapmalı olduğunu qeyd etdi. Çünki insanların yaşayış səviyyəsi artdıqca onlar öz övladlarının daha yaxşı şəraiti olan bağçalarda tərbiyə almalarına, dünyagörüşlərinin artmasına imkan verən, intellektual səviyyəli tərbiyəçilərin əhatələrində olmalarını istəyirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 2011-ci ildə 51 uşaq bağçası-körpələr evində tam əsaslı təmir və bərpa işləri aparıldığını, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlərin isə sökülərək yenidən inşa edildiyini, 2012-ci ildə 61 uşaq bağçası- körpələr evində əsaslı təmir və yenidənqurma işləri getdiyini, gələn il isə 43 tərbiyə müəssisəsində təmir-bərpa işlərinin aparılacağını konfrans iştirakçılarının nəzərinə çatdırdı. Konfransda bütövlükdə Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası-körpələr evinin fəaliyyət göstərdiyi bildirildi. Çıxışlarda həmçinin o da qeyd edildi ki, bunlardan 198 məktəb və 161 uşaq bağçası-körpələr evinin təmir və bərpası 2011-2013-cü illər Dövlət Proqramına daxil edilmişdir.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nı təsdiq etmiş və bu sahədə uğurlu irəliləyişə start verilmişdir.
Amma danılmaz faktdır ki, uşaq bağçalarında hələ görüləsi işlər çoxdur. Bəzi bağçalar var ki, orada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait var, uşaq sayı kifayət qədərdir. Amma onu da inkar etmək olmaz ki, yarısı uçuq-sökük, suvağı tökülmüş otaqları olan tərbiyə müəssisələrimiz də var ki, baxmayaraq ki, orada böyük çətinliklə də olsa tərbiyəçi-müəllimlər uşaqların fiziki və mənəvi cəhətdən yetkin, hazırlıqlı vətəndaş kimi inkişaf etmələri üçün bütün bacarıqlarından istifadə edirlər, amma valideynlər normal şəraitin olmaması səbəbindən həmin bağçalara uşaq etibar etmirlər. Cənab Prezident ona verilən məlumatlara əsaslanaraq konfransdakı çıxışında bu məsələyə də toxundu: "İndiki uşaq bağçalarının, burada olan uşaqların sayı bizi qane etmir. Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyildir. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər."
İnkar etmək olmaz ki, elə tərbiyə müəssisələri də var ki, uşaqlar üçün nəzərdə tutulmuş otaqlarda məcburi köçkünlərimiz yaşayırlar. Bu da istər-istəməz bağçada məşğələlərin istənilən səviyyədə keçirilməsinə mane olur. Dövlət başçımız konfransdakı çıxışında bağçalardakı belə şəraitsizliyin ləğvi ilə bağlı digər bir versiyadan, bu işin həlli üçün fərqli bir yoldan da söz açdı: "Bildiyiniz kimi, çadır şəhərcikləri artıq ləğv edilib. İndi yataqxanalarda məskunlaşmış soydaşlarımızın evlərə köçürülməsi prosesi gedir. Fin evlərində, o cümlədən uşaq bağçalarında yaşayan köçkünləri də biz normal şəraitlə təmin etməliyik. Bu vəzifə də qarşıya qoyulub və hesab edirəm ki, bu konfransdan sonra bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Həm Qaçqınkom, həm Bakı Şəhər İcra Hakimiyyəti birgə baxsınlar, bir cədvəl tutsunlar ki, biz soydaşlarımızı o uşaq bağçalarından yeni evlərə köçürək, bu bağçaları isə uşaqların sərəncamına verək."
Prezidentin nitqində ona verilən məlumatlara uyğun olaraq bağçalardakı digər problemlərə də yer ayrılmışdı. Çünki sirr deyil ki, hazırda elə məktəbəqədər tərbiyə müəssisələrimiz var ki, orada uşaqlara nəinki normal şərait yaradılmayıb, hətta kifayət qədər yemək belə verilmir və valideynlərə bağçaya gələrkən övladları üçün yemək gətirmək tapşırılır. Heç şübhəsiz ki, ölkə başçısı yekun nitqində müəyən məsələlərə münasibət bildirəndə bu cür neqativ hallardan da xəbərdar olduğunu və bu məsələyə görə xüsusi narahatlığını diqqətə çatdırdı. "Burada həm bağçaların vəziyyəti, təmiri, eyni zamanda, yemək məsələləri nəzərdə tutulmalıdır. Çünki məktəbdən fərqli olaraq, uşaq bağçalarında körpələr hələ öz hüquqlarını müdafiə edə bilmirlər, onlara verilən yeməyi yeyir, verilən suyu içirlər. Ona görə burada bu işlərə rəhbərlik edənlərdən çox şey asılıdır.
Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır..."
Konfransda bu məsələlərin son vaxtlar Bakı Şəhər icra Hakimiyyətinə həvalə edildiyi, bununla bağlı çox ciddi göstərişlər verildiyi, ölkə başçısına görülən işlərlə bağlı mütəmadi məlumat verildiyi və bu sahədə dönüş yarandığı bildirildi. Azərbaycan Prezidenti İlham Əliyev bunlarla bağlı valideynlərə müraciət edərək bağçalarda yeməklə bağlı və yaranan digər problemlər barədə lazımi qurumlara müraciət etmələrini tapşırdı. Cənab Prezident dedi: "...Yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranmışdır. Əlbəttə ki, bu məlumat inandırıcıdır. Ancaq mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər".
Ölkə başçısının konfransdakı çıxışında toxunduğu bu fikir özü isə gələcəyimiz olan fidan balaların sağlam, vətənpərvər ruhda, intellektual böyüyüb boy atmaları üçün bizi əhatə edən, bağçalarda olan və yaxud yaranacaq problemlərin vaxtında və operativ həllinə hər bir Azərbaycan vətəndaşında böyük inam yaradır.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 26 iyun.- S. 8.