Masallı: ürəklərdən xəbər verən görüşlər

 

Hər görüş bir xatirədir. Hər görüş bir tanışlıq, bir körpü, bir başlanğıcdır. İmkan və səlahiyyət sahiblərinin onlardan diqqət umanların görüşünə getməsi isə ümid artırır, inam yaradır. Hansısa problemin həllinə, çətinliyin yenilməsinə, uğur təməlinin qoyulmasına səbəb olur. Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi yerlərdə səyyar qəbullar, görüşlər keçirməyə böyük önəm verir. Canlı ünsiyyətin ümumi işin xeyrinə olacağına, deyilən sözün əməli işə çevriləcəyinə ümid edən rayon sakinləri bu görüşlərə həvəslə gəlir, hakimiyyət orqanlarının onlara yaxınlıq göstərməsindən məmnun qalır, açıq söhbət etməkdən çəkinmirlər.

 

Rafil Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən ötən iki-üç ayda dəfələrlə kənd və qəsəbələrə gedərək camaatla görüşüb, mövcud vəziyyətlə tanış olub, problemləri öyrənib və onların həlli ilə bağlı qənaətlərini bölüşüb. Rayonun ağsaqqalları və dindarları ilə, Masallı şəhərinin fəalları ilə keçirilən görüşlər, Kolatan, Kalinovka, Yeyənkənd, Xırmandalı, Qarğalıq, Xıl kəndlərində, Boradigah qəsəbəsində təşkil olunan səyyar qəbullar bu baxımdan yaddaqalan olub. Hər kəsə sözünü sərbəst şəkildə demək, fikirlərini istədiyi kimi ifadə etmək imkanının verildiyi bu kimi tədbirlərin nəticəsi olaraq rayonda 2012-2013-cü illər üçün iqtisadi inkişaf proqramının hazırlanmasına başlanılıb. Bununla əlaqədar keçirilən müşavirədə regional inkişaf Dövlət Proqramında Masallı üzrə müəyyən edilmiş tədbirlərin icrasına uyğun olaraq daha təfərrüatlı və konkret planların müəyyənləşdirilməsinin vacibliyi önə çəkilib. Müvafiq komissiya yaradılıb və icra hakimiyyəti şöbələrinin, idarə və müəssisələrin mütəxəssisləri, sahibkarlar, ziyalılar həmin komissiyanın işinə cəlb olunublar. İndi həm görüləsi işlərin konturları cızılır, həm də artıq müəyyən əməli tədbirlər həyata keçirilir.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrin və o cümlədən də Masallı rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət hərtərəfli təqdir olunub. Xüsusi vurğulanıb ki, dövlətimizin başçısı bir ildə üç dəfə Masallının inkişafına vəsait ayrılması barədə sərəncam imzalayıb. Ümumilikdə bu məqsədlər üçün 7,5 milyon manat ayrılıb. Bu isə rayonun sosialiqtisadi inkişafı, ideal şəkildə abadlaşdırılması, yeni yerlərinin yaradılması, əhalinin rifahının daha da yaxşılaşdırılması deməkdir. Adamlar fərəh hissi ilə qeyd ediblər ki, rayonun əksər yaşayış məntəqələrinə qaz və içməli su xətlərinin çəkilməsi, yolların asfaltlaşdırılması, şəhərin hüsnünə yeni naxışlar vurulması, həyat və məişət şəraitinin yaxşılaşması cənab İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olmaq amalının konkret əməli təsdiqidir.

Masallını gəzdikcə geniş abadlıq-quruculuq tədbirlərinin şahidi olursan. Şəhərin Dadva, Füzuli, Qarabağ və digər küçələrində yenidənqurma işləri vüsət alıb. Həyətlərdə qanunsuz zəbt olunan yerlər, hinlər, qarajlar sökülür, tör-töküntülər yığışdırılır, səkiləri basmış kol-kos təmizlənir. Yerində istirahət guşələri, kölgəliklər düzəldilir, uşaq əyləncə guşələri yaradılır. Küçələr genişləndirilir, piyadalar üçün enli səkilər yaradılır, yerə tamet plitələr döşənir və sair abadlıq işləri reallaşdırılır. Bir küçədə yekunlaşan abadlıq işləri digər küçədə davam etdirilir.

Görüşüb söhbətləşdiyimiz sakinlər bütün abadlıq yürüşündən razılıqlarını bildirərək onu da əlavə etdilər ki, illər boyu xeyir-şər məclisləri üçün çadır qurmağa məcbur idilər, bunu nəzərə alan rayon rəhbərliyi yerlərdə xeyir-şər evlərinin tikilməsini tövsiyə edib. Bütün bunlar səyyar qəbulların, əhali ilə canlı dialoqların, məsləhət-məşvərətin nəticələridir.

Rayon rəhbərliyi kəndlərdə görüşlərə bir qayda olaraq hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri ilə yollanır. Yerlərdəki təhsil, səhiyyə, mədəniyyət obyektlərini gəzir, onların fəaliyyəti ilə maraqlanır. Uğurları görür, qüsurlardan hali olur. Bir də görürsən ki, adi bir vətəndaş öz problemi ilə əlaqədar icra başçısını yaşadığı həyətə dəvət edir. Oraya gedən Rafil müəllim məsələ ilə yerindəcə tanış olurproblemin həlli üçün konkret göstəriş verir. Operativ tədbir görülməsi, məsələnin dərhal çözülməsi sakinlərdə hədsiz razılıq doğurur. Onlar rəhbərliyi özlərinə daha yaxın hiss etməyə başlayırlar. Yerlərdə olmaq, cəmiyyətə nüfuz eləmək, real vəziyyəti dərindən öyrəndikdən sonra nəticə çıxarıb qərar vermək idarəetmənin başlıca şərtidir.

Hacıtəpə kəndinin sakini Nəriman Kərimovun dedikləri:

-Yol çəkmək, körpü salmaq savab işdir, xeyirxahlıqdır. Kəndimizdə Ağqobu adlanan çayın üstündə salınmış körpü bərbad gündə idi. Adamlar məcbur olub dolama yolla gedir, kiolometrlərlə məsafə qət edirdilər. Mən camaatımızın adından rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynova müraciət etdim. Söhbət zamanı o, vəziyyəti ətraflı öyrəndi. Lazımi göstərişlər verdi və təmir üçün material ayrılmasını tapşırdı. Çox keçmədi ki, tikinti materialları gətirildi, yerli ustalar, bacaranlar əl-ələ verdilər və körpü yenidən qurulmağa başladı. Eni 3, uzunluğu 10 metr olan körpü beləcə, birgə səylərlə başa gəldi. Əhalimizin bu sarıdan rahatlığı təmin olundu. Rəhbərliyə minnətdarıq. Qoy, rayonda başlanan işlər eyni uğurla davam etsin!

Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev:

-Məhəmməd Füzuli deyib ki, artıran söz qədrini sidq ilə qədrin artırar. Dahi şairin adını daşıyan küçədə son iki ayda aparılan geniş abadlıq-quruculuq işləri sanki həmin kəlamın təsdiqidir. Yeni icra başçımızın sözümüzü dinləməsi, təmirlə bağlı göstəriş verməsi elə onun da "söz qədrini artırması" deməkdir. Küçədə hasarlar düz xətt boyunca yenilənib, paralel şəkildə uzadılıb. Daş hasarlara nəfis formada mozaik üzlük lövhələr çəkilib, milli ornamentli bəzək vurulub. Bəzi yerlərdə dövlət rəmzləri çəkmək üçün yer ayrılıb. Küçənin ünvan tapdığı dahi şairin adına layiq tərzdə abadlaşdırılmasına görə rəhbərliyə minnətdarıq.

Hazırda Masallının Heydər Əliyev Parkında böyük işlər görülür. Parkın qarşı tərəfində əzəmətli giriş qapısı yüksəldilir. Ətraf hasarlara üzlük daşlar vurulur. Uşaqların əylənməsi, böyüklərin mənalı istirahəti üçün parkda müvafiq şərait yaradılır. Yaxın vaxtlarda burada yay kinoteatrı tikmək nəzərdə tutulub. Parkda bundan sonra daha çox mədəni-kütləvi tədbirlər keçiriləcək.

Şəhərdə müasir memarlıq üslubunda binalar, xidmət sahələri, super-marketlər, mebel evləri tikilir. İş yerləri artır. Heydər Əliyev prospekti indi tamamilə yeni görkəmdə gözlər önündə sərgilənməkdədir. Buradakı primitiv tikililər sökülüb, yerində müasir memarlıq üslubunda obyektlət ucaldılır. Təhsil şöbəsinin binası əsaslı təmir olunub, fasadı zövqlə yenilənib, qarşısında yaradılmış fəvvarələrin suyu ətrafa sərinlik yayır, gözəllik cilvəsi yaradır. "Masallı" hotelinin önündəki yaşıllıq sahəsi əsl nəbatat bağını xatırladır. Enli, hündür səkilər piyadaların rahatlığını təmin edir.

Biz rayonda olarkən icra hakimiyyəti başçısının Xıl kəndində sakinlərlə görüşü keçirilirdi. Orada beş minədək əhali yaşayır. Tam orta məktəb, tibb məntəqəsi, kitabxana, poçt, elektron ATS fəaliyyət göstərir.

Görüş məktəbdə təşkil olunmuşdu. R.Hüseynov iştirakçıları salamlayaraq son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verdi, regionlara göstərilən diqqəti nəzərə çatdırdı və Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etdi. Kənd ağsaqqalları Əlifariq Ağayev, Səadət Əliyev, ziyalı Aybəniz Qafarova və başqaları quruculuq işlərindən razılıqlarını çatdırdılar. Məktəb üçün bina tikildiyini, icra nümayəndəliyinin inzibati binasının təmir olunduğunu, kəndarası yollara çınqıl səpildiyini, işıq dirəklərinin dəyişdirildiyini qeyd etdilər. Çıxış edənlər kənddə bankomat qoyulmasını, internetə sürətli çıxışın təmin olunmasını xahiş etdilər. İcra hakimiyyətinin başçısı hər kəsi səbrlə dinləyib söylənənlərə münasibətini bildirdi, qaldırılan məsələlərin həllini tapması üçün tədbirlər görüləcəyini açıqladı. Torpaq adamlarına tövsiyələr verən rayon rəhbəri tərəvəz, çiyələk, kartofçuluq kimi rentabelli sahələri genişləndirməyin daha xeyirli olduğunu vurğuladı.

Hər yerdə olduğu kimi, Xılda da əhali ilə görüş işgüzar şəraitdə keçdi, adamların ürəyindən xəbər verdi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 26 iyun.- S. 7.