Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrilmişdir

 

Bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

İstənilən dövrdə ordu dövlətin varlığının qorunmasında, ərazi bütövlüyünün təmin edilməsində, regionda və dünyada söz sahibi olmasında müstəsna rol oynayıb. Azərbaycanın tarixi də bu həqiqəti təsdiq edən faktlarla zəngindir. 1918-ci ildə yaradılan Xalq Cümhuriyyəti ilk günlər silahlı qüvvələrə malik olmadığına görə ciddi təhlükələrlə üz-üzə qalmışdı. Cümhuriyyətin müdafiəsində dayanan 600 nəfərdən ibarət könüllü fədai dəstəsi isə torpaqlarımıza göz dikmiş erməni quldurlarının hücumlarının qarşısını ala bilmirdi.

 

Nizami və güclü ordu yaradılmasaydı ölkədə soyqırımı törədən daşnakların qarşısı alına bilməzdi. Məhz belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlandırılan keçmiş süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.

Həmin il iyulun 11-də hərbi səfərbərlik elan edildi. Azərbaycanda 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi xidmətə çağrıldılar.1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan Ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi.

Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. Dövlətçilikdə varislik anlayışına önəm verən ümummilli liderimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edildi. Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğu reallığını təsdiq edir.

Tarixdən də görürük ki, güclü dövlətlərin hər biri, adətən müstəqilliyinin ilk illərində müəyyən sınaqlarla qarşı-qarşıya qalırlar. Maraqlıdır ki, bu sınaqlar həm də həmin dövlətlərin güclənməsi yolunda yeni mərhələnin başlanmasına rəvac verir. Bu gün regionun ən qüdrətli dövləti olan Azərbaycan da müstəqilliyinin ilk illərində çox ciddi çətinliklərlə qarşılaşdı. Həmin illərdə anarxiya, siyasi hərc-mərclik və özbaşınalıq hökm sürürdü. 1918-ci ildə olduğu kimi bu dəfə də himayədarlarının köməyinə arxalanan ermənilər cəbhə boyu hücuma keçmişdilər. Yaranmış xaotik vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər daha da fəallaşmışdılar. Ermənilər cəbhə boyu sürətlə irəliləyir, ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları qüvvələrin konyunktur maraqlarına xidmət edirdilər. Vahid komandanlığın olmaması isə vəziyyəti daha da çətinləşdirirdi. Çıxılmaz vəziyyətdə qalan AXC-Müsavat hakimiyyəti xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Böyük siyasi xadim hakimiyyət sükanının arxasına keçdikdən sonra mövcud olan bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi. Ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasını təmin etdi. Bununla ordu quruculuğunda yeni mərhələnin əsasını qoydu.

1993-cü il noyabrın 2-də ulu öndərimiz Heydər Əliyevin xalqa müraciəti ölkə ictimaiyyətində gələcəyə olan inamı və hərbi vətənpərvərlik hisslərini ikiqat artırdı. Onun bir çağırışı ilə minlərlə insan könüllü olaraq döyüşən orduya yollandı. Fərarilik etmiş əsgərlər hərbi hissələrə geri döndülər. Ulu öndərin orduya diqqəti əsgərlərin döyüş əzmini artırırdı. 1994-cü il yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən Azərbaycan Ordusu bir gün ərzində 20-dən çox yaşayış məntəqəsini düşməndən azad etdi. Çoxsaylı yaşayış məntəqələri ilə yanaşı, strateji yüksəkliklər də ələ keçirildi.

Ordu quruculuğunun daha da sistemli və ardıcıl şəkildə davam etdirilməsi üçün atəşkəsin təmin edilməsi vacib idi. 1993-94-cü illərdə düşməni atəşkəsə məcbur etmək o qədər də asan deyildi. Düşməni yalnız bütün cəbhə boyu məğlubiyyətə uğratmaqla buna sövq etmək olardı. Bu məqsəd naminə Azərbaycan Ordusunun ilk nizami hərbi birləşmələrinin 1994-cü ilin yanvarından başlayaraq əks-hücuma keçməsi düşmən tərəfdə vahimə yaratmışdı. Silahlı Qüvvələrimizin daha böyük qələbələr qazanacağından qorxan Ermənistan rəhbərliyi 1994-cü il mayın 12-də atəşkəsə razılıq verməyə məcbur oldu. Atəşkəsin əldə olunması ordu quruculuğunda mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların silahlı qüvvələrin formalaşmasında iştirakı təmin olundu, döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərlik hisslərinin aşılanması işi gücləndirildi, maddi-texniki təminat xeyli yaxşılaşdırıldı. Ümummilli liderin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və məktəbdə hərb elminin bilicilərinin yetişdirilməsi işinə xüsusi diqqət yetirildi.

Bunu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan xalqının dahi lideri, ulu öndərimiz Heydər Əliyev hələ Sovet İttifaqı dönəmində yüksək hərbi təhsil almış milli zabit kadrlarının yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz onun ciddi səyləri nəticəsində 1971-ci ildə gəncləri ali hərbi məktəblərə hazırlayan ilk təhsil ocağı olan ixtisaslaşdırılmış hərbi internat məktəbi açıldı. Bir müddət sonra bura Cəmşid Naxçıvanskinin adı verildi. Bundan başqa, həmin dövrdə Bakıda iki ali hərbi məktəb - Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri olsa da, burada təhsil alan 300 nəfərdən yalnız 3-5 nəfəri azərbaycanlı idi. Bu ali məktəblərdə təhsil alanlar əsasən Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və digər ölkələrdən gəlmiş gənclər idi. Maraqlıdır ki, burada azərbaycanlıların təhsil almaları müxtəlif yollarla əngəllənirdi. O vaxt Heydər Əliyevin nüfuzu, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bu ədalətsizlik ortadan qaldırıldı. Azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənləri tədris olundu. Hər il 800-900 nəfər azərbaycanlı gənc Rusiyanın və digər postsovet ölkələrinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərildi. Bu gün Sovet dövründə yetişmiş yüksək biliyə və təcrübəyə malik həmin kadrlar, eyni zamanda Azərbaycan Ali Hərbi Məktəbinin yetişdirdiyi komandir heyəti ordumuzun daha da güclənməsində öz səylərini əsirgəmirlər.

Azərbaycan Silahlı Qüvvələrinin formalaşma prosesinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılması da zəruri idi. 1991-ci il oktyabrın 9-da Ali Sovet "Azərbaycan Silahlı Qüvvələri haqqında" Qanun qəbul etsə də, bu sahədə heç bir əməli iş görülməmişdi. 1993-cü il noyabrın 18-də Milli Məclisin tarixi iclasında müdafiə və təhlükəsizlik məsələləri ətraflı müzakirə edildi. Ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək müəyyən qanunlar qəbul olundu. "Silahlı Qüvvələr haqqında", "Müdafiə haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu" haqqında qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynadı. Bu baxımdan Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hərbi doktrinası" xüsusi qeyd olunmalıdır. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.

Ordumuzun gündən-günə daha da güclənməsi üçün bu gün də lazımi addımlar atılır. Təsadüfi deyil ki, 2003-cü ildən bu tərəfə ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə daha da güclənmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi onun fəaliyyətinin prioritet məsələsidir. Bu bir faktdır ki, ölkəmizin iqtisadi potensialı artdıqca Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılır. Ötən müddətdə bu sahədə xeyli işlər görülmüş, hərbi xərclər hər il daha da artırılmışdır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard, 2011-ci ildə 3 milyard 413 milyon, 2012-ci ildə isə 3 milyard 474 milyon dollar olmuşdur. Bu gün qürurla deyə bilərik ki, ölkəmizin hərbi xərcləri təcavüzkar Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur.

Bu gün ölkəmiz hərbi potensialını daha da gücləndirmək üçün Azərbaycan Prezidentinin, Ali Baş Komandanın müəyyənləşdirdiyi bütün hədəflərə doğru inamla irəliləyir. Artıq Azərbaycanda müxtəlif hərbi texnika, döyüş sursatları istehsal edən çox güclü hərbi sənaye kompleksi yaradılıb. Ən əsası isə Azərbaycanın hərbi potensialı ilk növbədə daxili imkanlar hesabına gücləndirilir. Müdafiə Sənayesi Nazirliyi də məhz bu məqsədlə yaradılmışdır. Hazırda Azərbaycanda 600 adda məhsul istehsal edilir. Bu sahədəki işlərin müasir texnologiyalar əsasında qurulması da Azərbaycana uğur gətirəcək. Tarixdə ilk dəfə olaraq ölkəmizdə pilotsuz təyyarələrin istehsalına başlanılması böyük əhəmiyyət daşıyır. Çünki bu, ən inkişaf etmiş ölkələrə xas olan istehsal sahəsidir. Cənubi Qafqaz regionunda özünün iqtisadi inkişafı, nüfuzu, geostrateji əhəmiyyəti və diplomatik çevikliyi ilə xüsusi seçilən ölkə olan Azərbaycan öz imkanları ilə pilotsuz təyyarələri istehsal etməklə bir daha sübut etdi ki, artıq o, dünya gücləri sırasına da yüksəlməyə qadirdir.

Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrin Silahlı Qüvvələri ilə yanaşı nəhəng hərbi təşkilatlarla əlaqlərinin güclənməsi də ölkəmizin dünyadakı nüfuzundan xəbər verir. Bu mənada ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olmuş, daha sonra 1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulmuşdur. Beləliklə, Azərbaycan bu proqrama qoşulan 16-cı ölkə olmuşdur. Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir.

Ordumuz sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirak və təcrübə mübadiləsini davam etdirir. Bu və digər əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr - tibbi, mühəndis və təminat üzrə bölmələr yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları təşkil edilir və Silahlı Qüvvələrimizin dünya standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir.

Azərbaycan Ordusu beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında da yaxından iştirak edir. 1999-cu ildən 2008-ci ilin martınadək bir sülhməramlı tağımımız Kosovoda uğurla xidmət edib. Bundan başqa, 2002-ci ildən Əfqanıstanda, 2003-cü ildən İraqda bir sülhməramlı bölüyümüz sülhayaratma prosesinə öz töhfəsini verir. Azərbaycan hərbçilərinin nizam-intizamı, yüksək döyüş hazırlığı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri dünyanın qabaqcıl ölkələrinin yüksək rütbəli hərbçilərinin diqqətindən yayınmır. Məsələn, sülhməramlılarımız Kosovoda xidmət keçərkən alman generalı əsgərlərimizin öz vəzifə borclarına necə hünər və məsuliyyətlə yanaşdığını gördükdən sonra demişdir: "Azərbaycan əsgəri olan yerdə quş da səkə bilməz". Və yaxud Azərbaycan Milli Ordusunun ilk yarandığı günlərdə təlimləri izləyən türk generalının "Azərbaycan əsgəri çox hünərpərvərdir" qənaəti bizim də dediklərimizin sübutudur. Məhz buna görə də sülhməramlılarımızın xidməti Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, ölkəmizə minnətdarlıq bildirilmişdir.

Bəzi hərbi ekspertlərin fikrincə, hər hansı bir ordunun döyüş qabiliyyətini qiymətləndirmək üçün ya onu hərbi təlimlərə, ya da müharibəyə cəlb etmək lazımdır. 1994-cü ilin əvvəlindən atəşkəsə qədərki dövrədək Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirib. Ötən zaman ərzində ordumuz daha da güclənib. Bunu anlamaq üçün son illərdə keçirilən hərbi təlimləri izləmək kifayətdir. Bu mənada, 2010-cu il iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü ərəfəsində Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Daxili Qoşunları birləşmə və hissələrinin keçirdikləri növbəti irimiqyaslı birgə əməliyyat-taktiki təlimi daha çox diqqəti cəlb edir. Birgə əməliyyat-taktiki təlimə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdir. Təlimdə bütün şəxsi heyyət yüksək döyüş hazırlığı nümayiş etdirmişdir, qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini qiymətləndirmək və yeni tapşırıqlar vermək üçün təlimin əsas mərhələsini izləmişdir.

Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə keçən il iyunun 26-da Bakının "Azadlıq" meydanında keçirilən təntənəli hərbi parad da müasir silahlarla təchiz olunmuş ordumuzun maddi-texniki təminatının və döyüş qabiliyyətinin yüksək olmasından xəbər verirdi. Dünyada yaşayan bütün azərbaycanlıların fəxrlə izlədiyi hərbi paradda Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin nümayiş etdirdiyi nizam-intizam, Azərbaycan hərbi sənayesinin istehsalı olan hərbi texnika və müasir silah-sursatlar daha çox diqqəti cəlb edirdi. "Tütək" raket kompleksləri, "Qırğı" tank əleyhinə raket kompleksləri quraşdırılmış "Əqrəb" markalı xüsusi zirehli avtomobillər, Daxili Qoşunların "SOFA", Dövlət Sərhəd Xidmətinin "Kobra" zirehli maşınları, xüsusi təyinatlı bölmələrin "Land Rover" və "Mercedes" maşınları, Daxili Qoşunların "Cardom" tipli minaatanlarını görən hər kəs sonsuz qürur hissi keçirirdi. Hərbi birləşmələrimizin malik olduğu silah və texnika bununla bitmirdi. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri bir-birinin ardınca meydanda boy göstərirdilər. Onlar arasında olan "Dolu-1" 20,4 kilometr, "Leysan" 45, "Şimşək" 150, "Qasırğa" isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın hər sahədə, o cümlədən ordu quruculuğu sahəsində qazandığı uğurlarla müqayisədə təcavüzkar Ermənistan gündən-günə zəifləyir. Keçən il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə İrəvanda keçirilən və Azərbaycanda keçirilmiş hərbi parada cavab kimi düşünülən şou isə erməni cəmiyyətinin və silahlı qüvvələrinin acınacaqlı vəziyyətini bir daha açıq şəkildə ortaya qoyurdu. Məlumdur ki, həmin şouda nümayiş etdirilən hərbi texnikalar köhnə, SSRİ-dən qalmış və artıq heç nəyə yaramayan tanklar, təyyarələr, artilleriya qurğularından ibarət idi. Azərbaycanda isə hərbi sənayemizin istehsalı olan hərbi texnika və müasir silah-sursatlar daha çox diqqəti cəlb edirdi. Aradakı fərq bir daha göstərdi ki, ölkəmiz lazım gələrsə, torpaqlarımızı hərbi yolla da azad etmək imkanlarına malikdir. Buna ordumuzda hökm sürən yüksək döyüş əhval-ruhiyyəsi də imkan verir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu il yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki "N" saylı hərbi hissədə olarkən əsgər və zabitlərin ruh yüksəkliyinin şahidi olmuşdur. Həmin ayın 23-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü ərəfəsində dövlət başçımızın düşmənlə üz-üzə dayanan hərbi birləşmələrə səfəri sanki Ermənistan dövlətinə bir mesaj idi. Ali Baş Komandana məlumat verildi ki, cəbhə xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Milli ordumuzun yeni silah və sursatla təchiz olunması nəticəsində düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olunur. Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrların hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Ali Baş Komandanın təmas xəttinə mütəmadi səfərləri və əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımızı azad etmək üçün hər zaman döyüşə hazır olmağa ruhlandırır.

Azərbaycan Prezidenti çay süfrəsi arxasında hərbçilərlə görüşən zaman demişdir ki, ermənilər xüsusilə, xaricdən alınan dəstəyə görə, muzdluların, xarici dövlətlərin dəstəyi hesabına torpaqlarımızı zəbt etmişlər. Bu gün isə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər silah-sursat və maddi-texniki təchizatına görə Ermənistan ordusundan bir neçə dəfə üstündür. Bu mənada ordumuz hər an torpaqlarımızı düşmən işğalından azad etməyə qadirdir. O gün isə uzaqda deyil.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 26 iyun.- S. 5.