Qəhrəmanın xatirəsi yad edildi

 

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Sumqayıtda silsilə tədbirlər keçirilmişdir. Bu sıradan Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsinə həsr olunmuş mərasim xüsusilə yaddaqalan olmuşdur.

 

Bəhruz Mansurov 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində Qəhrəman müəllimin ailəsində dünyaya gəlmişdir. Sərhəd bölgəsində yaşamaları onu sərhədçi olmağa həvəsləndirmiş və Ali Ümumqoşun Komandirləri Məktəbinin sərhəd xidməti fakültəsinə gətirib çıxarmışdır. Ürəyi müstəqil Azərbaycanın dövlət sərhədlərini qorumaq arzusu ilə döyünürdü. Lakin Bəhruz 1995-ci ilin mart hadisələri zamanı namərd gülləsinə tuş gəldi. Gənc kursant dövlətçiliyimizin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Ölümündən sonra Bəhruz Mansurova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Doğma kəndlərindəki orta məktəb, Yardımlı şəhərindəki küçələrdən biri və sərhəd zastavası Bəhruz Mansurovun adını daşıyır. Hər il onun xatirəsinə rayonda idman yarışı keçirilir. Hazırda qardaşı Bəhram Mansurov Bəhruzun arzu yolunu davam etdirir: Dövlət Sərhəd Xidmətində qulluq edir, polkovnik-leytenantdır. Bu günlərdə Telavar kənd orta məktəbinin həyətində onun büstünün qoyulması isə qəhrəmanın heç zaman unudulmadığına daha bir sübutdur.

Onu da qeyd edək ki, gələcək sərhədçi zabit təhsil aldığı illərdə Sumqayıtda əmisigildə qalırdı. Ölümündən sonra gənclik şəhərinin 16-cı mikrorayonunda onun xatirəsinə bulaq kompleksi yaradılmışdır. Bulağın üstündəki mərmər lövhədə şəkli və qısa, lakin örnək ömür yolu barədə məlumat həkk edilmişdir. Sumqayıtlılar da qəhrəmanın xatirəsinə dərin hörmətlə yanaşırlar.

Azərbaycanın Silahlı Qüvvələri Günündə "Azərikimya" İstehsalat Birliyinin rəhbərliyi, qəhrəmanın dostları və qohumları kompleksin önünə gələrək Bəhruzun ölməz ruhuna sonsuz ehtiram duyğularını ifadə etdilər. Lövhə önünə əklil və gül dəstələri qoyuldu. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər bölməsinin sədri, şair-publisist Rafiq Oday qəhrəmanın ömür tarixçəsini xatırlatdı. "Azərikimya" İB Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ölkə Prezidentinin şəhid ailələrinin qayğılarının həllinə xüsusi önəm verdiyini vurğuladı, Bəhruz Mansurov kimi vətən yolunda canını qurban vermiş igidlərin ürəklərdə əbədi yaşayacağını bildirdi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 28 iyun.- S. 7.