Ağsuda qədim
dəfinə aşkar olunmuşdur
Ağsuda arxeoloji
qazıntılar zamanı aşkar olunmuş dəfinədə
tapılmış Hollandiya dukatları dövrümüzə
qədər yaxşı vəziyyətdə
qalmışdır
Azərbaycan Milli Elmlər
Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji
ekspedisiyasının rəisi Qafar Cəbiyevin APA-ya verdiyi məlumata
görə, iyunun 22-də şərti olaraq VII qazıntı
sahəsi adlandırılan ərazidə qazıntı işləri
aparılarkən bir-birinin yaxınlığında səpələnmiş
vəziyyətdə olan qızıl sikkə nümunələrindən
ibarət dəfinə aşkara çıxıb.
Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülüb. Sikkələrin ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir.
Sikkələr
Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin
əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm,
leqal çəkisi 3,49 qr., forması dairəvi, kənarı
döyülmüş, üzəri zərb olunub. Sikkələrin
aversində latın dilində yazısı olan ornamentli kvadrat
lövhə var. Üzərində qısa olaraq
"MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP." yazılıb.
Yazının latın dilində açılışı
belədir: "MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD
LEGem IMPerii". Yazı belə tərcümə olunur:
"İmperiya qanununa uyğun olaraq Belçika Əyalət
Federasiyası hökümətinin sikkəsidir".
Sikkələrin
reversində mərkəzdə zirehli cəngavər təsvir
olunub. Cəngavərin sağ əlində çiyninə
qaldırdığı qılınc, sol əlində ox dəstəsi
var. Cəngavərin sağ tərəfində dördrəqəmli
miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə
son iki rəqəmi zərb olunub. Üzərində qısa
olaraq latın dilində "CONCORDIA.RES.PAR.CRES.HOL."
yazılıb. Yazının latın dilində tam
açılışı belədir: "CONCORDIA RES PARvae
CREScunt HOLlandiae". Yazı hərfi mənada belə tərcümə
olunur: "Uzlaşmış kiçik əşyaların
çoxalması ilə - Hollandiya". Yəni "Güc
birlikdədir".
Analoji
sikkə nümunələri XVIII əsrdə dünyanın ən
müxtəlif ölkələrində geniş
yayılıb. Mütəxəssislərin fikrincə, o
dönəmdə holland qızıl dukatları öz əhəmiyyəti
etibarilə bugünkü ABŞ dolları mahiyyətində
idi.
Ekspedisiya
rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat
işlərini başa çatdıraraq iyunun 25-də dəfinəni
Arxeolgiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin
tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil
verib.
Ağsu
Arxeoloji Ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları
davam etdirir.
Xalq qəzeti.- 2012.- 28 iyun.- S. 6.