Bünövrə
möhkəm olanda
Niyazi adına Uşaq
musiqi məktəbində gələcəyin
musiqiçiləri hazırlanır
Dahi musiqi xadimlərinin çoxunun
bioqrafiyası ilə tanış olarkən onların əksəriyyətində
bu sənətə marağın orta musiqi məktəblərindən
formalaşdığının şahidi oluruq. Bu gün
Bakıda və regionlarımızda fəaliyyət göstərən
yüzlərlə uşaq musiqi məktəblərində
güclü istedad sahibi olan şagirdlər təhsil
alırlar. Onların əksəriyyəti bu məktəblərdən
sonra ali musiqi məktəblərinə daxil olub, gələcəyin
tanınmış musiqiçiləri kimi yetişirlər. Elə
Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində
də belə yüksək istedada malik musiqi xadimləri az
yetişməmişdir.
Məktəb
1970-ci ildən fəaliyyət göstərir. Durğunluq
dövründə baş verən hadisələr bu məktəbin
fəaliyyətinə də ciddi təsir göstərmişdir.
Ulu
öndər Heydər Əliyevin ikinci dəfə
respublikamıza rəhbər kimi qayıdışından
sonra vətənimizin dirçəlmə dövrü
başlanmış, ictimai həyatımızın
bütün sahələrində həyata keçirilən
islahatlar müsbət nəticəsini vermişdir.
Bu
dövrdə mədəniyyət və incəsənət sahəsi
də tədricən inkişaf etmişdir. Musiqi təhsili verən
bu məktəb də öz inkişaf dövrünə qədəm
qoymuşdur. Məktəbin binası səliqəyə
salınmış, kosmetik təmir işləri
aparılmış, müəllimlərin səmərəli
işləmələri üçün şərait
yaradılmışdır. 1995-ci ildə məktəbə
yüksək pedoqoji təcrübəyə malik Natiq Vəliyevin
direktor təyin edilməsindən sonra vəziyyət tamamilə
dəyişmişdir. Natiq müəllim deyir ki, son illər
ulu öndərin təməlini qoyduğu islahatlar elm, təhsil,
səhiyyə və mədəniyyət sahəsin də
uğurla həyata keçirilir. Ulu öndərin bu siyasətini
davam etdirən, möhtərəm Prezidentimiz İlham Əliyevin
və Azərbaycanın birinci xanımı YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın tükənməz səyi
nəticəsində paytaxt Bakıda, eləcə də
regionlarda bütün sahələrlə yanaşı yeni
musiqi məktəblərinin inşası, digərlərinin bərpası
və yenidən qurulması yetişməkdə olan gənc nəslin
mənəvi tərbiyəsinin, estetik zövqünün,
dünyagörüşünün və intellektual səviyyəsinin
inkişafında əhəmiyyətli rol oynadı.
Bakıdakı Q. Qarayev adına 8 nömrəli onbirillik musiqi
məktəbinin inşası, 4, 10, 24,37, 38 nömrəli
musiqi məktəblərinin, 4 nömrəli incəsənət
məktəbinin əsaslı təmir edilməsi müəllim
kollektivinə, şagird kontingentinə göstərilən
qayğının nəticəsi kimi qiymətləndirilməlidir.
Bu baxımdan bizim məktəbimizin də 2011-ci ildə əsaslı
təmiri, yüksək zövqlə hazırlanmış
avadanlıqlarla, xaricdən gətirilmiş yeni 5 royal və 19
fortepiano aləti ilə təchiz olunması müəllim heyətinin
daha böyük səylə çalışmasına zəmin
yaratmışdır. İndi məktəbin sinifləri
qış mövsümündə yeni qurulmuş istilik sistemi
vasitəsilə qızdırılır, kabinet və akt
zalında quraşdırılan kondinsionerlərlə
havanın hərarəti lazımi səviyyədə
saxlanılır.
Dünya
şöhrətli dahi bəstəkar və dirijor, beynəlxalq
və dövlət mükafatları laureatı, SSRİ xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı böyük
ictimai xadim maestro Niyazinin adını daşıyan məktəb,
bu adın məsuliyyətini daim hiss edir. Məktəbdə
112 nəfər müəllimdən ibarət kollektiv
çalışır. Onların sırasında respublikanın
ali təhsil ocaqları olan Bakı Musiqi Akademiyasının,
Azərbaycan Milli Konservatoriyasının professor və dosentləri
də vardır.
Məktəbdə
470 nəfər şagird 16 müxtəlif ixtisas üzrə təhsil
alır. Burada dünya klassik musiqi alətləri olan fortepiano,
skripka, violonçel, klarnet, fleyta və s. alətlərlə
yanaşı milli musiqi alətləri də tədris edilir.
Bunlarla yanaşı məktəbdə xanəndəlik və
vokal dərsləri də keçirilir. Tədrisin
aparılması kollektivdə böyük təcrübəyə
malik, öz sənətinin vurğunu olan müəllimlərə
həvalə edilmişdir.
Şagirdlərimiz
respublika və şəhər miqyaslı tədbirlərdə
müsabiqə, baxış, festival və olimpiadalarda
uğurla çıxış edərək müxtəlif dərəcəli
diplom və fərmanlarla təltif olunur, laureat adını
qazanır və bununla da məktəbin nüfuzunu istənilən
səviyyədə saxlayırlar.
Natiq
müəllim qeyd etdi ki, şagirdlərimiz son illər ərzində
dəfələrlə dünyanın Nyu-York, Vaşinqton,
Paris, Seul, Ankara, İstanbul, Tehran, Təbriz, Astana, Moskva,
Yekaterinburq kimi böyük şəhərlərində
uğurla çıxış edərək doğma respublikamızı
yüksək səviyyədə təmsil etmişlər. Məktəbimizin
ən istedadlı məzunları öz təhsillərini davam
etdirmək məqsədilə müvəffəqiyyətlə
imtahan verərək müxtəlif ali və orta ixtisas müəssisələrinə
qəbul olunurlar. Onların bir çoxu indi nəinki respublikamızda,
hətta onun hüdudlarından çox - çox uzaqlarda
müxtəlif musiqi kollektivlərində
çalışır və ya müxtəlif tədris müəssisələrində
müəllim kimi fəaliyyət göstərirlər.
Müəllimlərimiz
tədrisin yeni formalarından istifadə etməyə
çalışır, təlimin texniki vasitələrindən,
əyani vəsaitlərdən istifadə etməklə
şagirdlərin biliyinin artırılmasına
çalışırlar.
Vaxtilə
xalq artisti, xanəndə Mənsum İbrahimovla birgə
yaradılmış xanəndəlik sinifinin şagirdləri
Astara şəhərində keçirilən V Respublika
müsabiqəsinin " Qran-Pri" mükafatını
almışlar. İndi onlardan Arzu Əliyeva Azərbaycan
Dövlət Opera və Balet Teatrının, Ülviyyə Rəhimova
isə Muğam Teatrının solisti kimi fəaliyyət
göstərirlər. Sonuncu laureatımız Səma Sultanova
isə bu günlərdə Türkiyədə keçirilən
beynəlxalq olimpiadanın qalibləri sırasında
olmuş, ikinci yeri qazanmışdır.
Natiq
müəllim məktəbdə yaradılan saz sinifi
haqqında da danışdı. Dedi ki, Azərbaycan
muğamının YUNESKO-nun qeyri- maddi mədəni irs
siyahısına salınmasından sonra Azərbaycanın ən
möhtəşəm bayramı olan Novruz və Azərbaycan
aşıq sənəti də həmin siyahıya daxil
edilmişdir.
Məktəbimizdə
şagirdlərin istedadının üzə
çıxarılmasına xüsusi diqqət yetirilir.
Keçirdiyimiz tədbirlərdə görkəmli sənət
adamlarının həyat və fəaliyyətləri ilə
bağlı maraqlı söhbətlər aparılır.
Müxtəlif vaxtlarda " Füzulinin musiqi
dünyası", dahi bəstəkar Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığına həsr
olunmuş " Üzeyir dahilər dahisidir" adlı musiqili
tamaşalarda, Bülbül, Xan Şuşinski, Səid Rüstəmov,
Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Oqtay
Zülfüqarov və Musa Mirzəyevin yubileylərinə həsr
olunmuş böyük və təntənəli tədbirlərdə
respublikamızın tanınmış incəsənət
ustaları iştirak etmişlər.
Direktor
son olaraq bildirdi ki, bu il görkəmli bəstəkar , dirijor
maestro Niyazinin anadan olmasının 100 illiyi qeyd olunacaq. Biz bu
yubileyə ciddi hazırlaşırıq. Artıq yubileylə
bağlı 16 tədbir keçirmişik. Bu tədbirlərdə
Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər
Mədəniyyət və Turizm İdarəsinin, Azərbaycan
Bəstəkarlar İttifaqının səlahiyyətli
nümayəndələri, Musiqi Akademiyası və Milli
Konservatoriyasının müəllimləri, görkəmli bəstəkarlar,
musiqişünaslar iştirak emişlər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 29 iyun.- S. 11.