Sağlam gələcək
naminə
Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi
nə cür tərbiyə edəcəyiksə, ölkəmizin,
millətimizin, dövlətimizin sabahı bundan asılı
olacaqdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Hər bir insan
yaşadığı dövr ərzində ömrünün
fəsillərini daha rəngarəng və yaddaqalan formada
keçirməyə çalışır.
Ömrünün hansı çağını
yaşamasından asılı olmayaraq, insan daim
reallaşdırmağa can atdığı arzularının
qanadında gələcəyə doğru hərəkət
edir, bu yolda öz həyat məqsədlərini gerçəkləşdirmək
həvəsi və iradəsi aramsız olaraq artır. Amma hər
birimiz razılaşarıq ki, insan ömrünün ən
qayğısız, hər zaman xoş xatirələrlə
yada salındığı, arzu və istəklərin sərhədinin
olmadığı dövrü məhz uşaqlıq illəridir.
Bir sıra hallarda uşaqlıq illəri çətinlik və
məhrumiyyətlərlə dolu keçdiyinə baxmayaraq,
insan yenə də həmin yaş dövrünü xüsusi
bir nostalgiya ilə xatırlayır. Bu dövr hər bir
insanın sonrakı həyat tərzinin, düşüncəsinin,
xarakterinin formalaşmasında önəmli rol oynamaqla
yanaşı,həm də onun kamil bir şəxsiyyət kimi
yetişməsində körpü funksiyasını
daşıyır.
Bu
zaman kəsiyində düzgün tərbiyələndirmə,
ən mühüm tədris və təlim üsulları ilə
məntiqi və yaradıcı düşüncə qabiliyyətinin
formalaşmasına şərait yaradılması, maddi və
mənəvi ehtiyacların vaxtında və yetərincə
ödənilməsi, şübhəsiz, insanın daha möhkəm
əsaslar üzərində, mənəvi-əxlaqi keyfiyyətlər
əsasında öz həyat yolunu seçməsinə əhəmiyyətli
şəkildə təsir göstərir. Xüsusilə, bu
dövrdə uşaqların milli-mənəvi dəyərlərə
sevgi ruhunda tərbiyə edilməsi onların layiqli vətəndaş
olmaqla ictimai-siyasi həyatın aktiv
iştirakçılarına çevrilmələrinə zəmin
yaradır. Bu baxımdan, hər zaman olduğu kimi, müasir
dövrümüzdə də uşaqların
qarşılaşdıqları problemlərin vaxtında həlli
üçün adekvat addımların atılması,
onların hüquqlarının hərtərəfli şəkildə
təmin edilməsi, təlim-tərbiyə işinin
düzgün şəkildə həyata keçirilməsi
böyük aktuallıq kəsb edən məsələdir.
Bəşəriyyəti
yarandığı gündən başlayaraq müşayiət
edən konfliktlər, maddi və mənəvi ehtiyacların
qarşılanmasındakı qeyri-bərabərliklər,
sözsüz, uşaqların da həyatına birbaşa təsir
göstərən başlıca amillərdəndir. Dünya əhalisinin
sosial-iqtisadi durumunun əvvəlki dövrlərə nisbətən
daha yaxşı səviyyədə olmasına, yüksək məhsuldarlığı
təmin edən texnoloji nailiyyətlərə, insan və vətəndaş
hüquqlarının qorunması üçün zəruri
olan beynəlxalq hüquqi və milli qanunvericilik
bazalarının formalaşmasına baxmayaraq, təəssüf
ki, bu gün dünyanın bir çox ölkələrində
uşaqlar üçün lazımi həyat şəraitinin
və onların əsas hüquq və
azadlıqlarının, ən zəruri maddi
ehtiyaclarının tam təmin edildiyini söyləmək
olmaz. Bəzi rəqəmlərə diqqət yetirdikdə bu
sahədə mövcud olan problemlərin qlobal miqyasda nə qədər
ciddi xarakter daşıdığı ortaya çıxır.
Belə ki, UNİCEF-in hesablamalarına görə dünyada hər
3,6 saniyədə aclıq səbəbindən 5 yaşadək
olan bir uşaq ölür, bir milyarddan çox uşaq (bəşəriyyətin
altıda biri!) yoxsulluq səviyyəsində yaşayır, 50
milyona yaxın uşaq real aclıq çəkir, 270 milyondan
çox uşaq normal səhiyyə xidmətlərindən
istifadə edə bilmir və s. Əlbəttə, bu sahədə
mövcud olan problemlərin nə qədər ciddi və təəssüf
doğuran səviyyədə olmasına rəğmən,
onlar heç də həlli mümkün olmayan problemlər
deyildir. Dövlətlərin birgə səyi ilə, insani-əxlaqi
dəyərlərin hər şeydən üstün
sayılması prinsipini rəhbər tutmaqla, beynəlxalq səviyyədə
uşaqlar üçün layiq olduqları həyat şəraitini
təmin etmək mümkündür. Bu baxımdan, dövlətlər,
beynəlxalq təşkilatlar, ictimai birliklər tərəfindən
uşaqların problemlərinin kompleks şəkildə həll
edilməsinə yönəlmiş təşəbbüslərin
bütün subyektlər tərəfindən qeyd-şərtsiz
dəstəklənməsi və bu sahə üzrə əməkdaşlıq
imkanlarının inkişaf etdirilməsi, uşaqların
qarşılaşdıqları problemlərin ayrı-ayrı
dövlətlərin deyil, ümumdünya problemi kimi qəbul
edilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın
müstəqilliyini bərpa etdikdən sonra
qarşılaşdığı problemlər, sözsüz,
uşaqların həyat şəraitinə birbaşa təsir
göstərmişdir. Yeni siyasi-iqtisadi sistemə
transformasiyanın doğurduğu çətinliklər,
müəyyən müddət ərzində ölkədə
hökm sürən qeyri-sabitlik mühiti, Ermənistanın
işğalçı siyasətinin nəticəsi olaraq
torpaqlarımızın 20 faizinin zəbt edilməsi nəticəsində
yüz minlərlə soydaşımızın qaçqın
və məcburi köçkünə çevrilməsi
uşaqların da həyatına sağalmaz
ağrı-acılar gətirmişdir. Bu təsir
özünü geniş spektrdə - sosial, maddi, psixoloji
aspektlərdə göstərmişdir. Bu gün bir milyona qədər
öz yurd-yuvasından kənarda yaşamağa məcbur
olmuş qaçqın və məcburi
köçkünün üç yüz mini uşaqdır.
Lazımi qayğı və təminatlarla əhatə
olunmanın ən zəruri bir vaxtında öz
torpaqlarından didərgin düşmək,
sıxıntılı bir mühitdə ağır şərtlər
altında yaşamağa məcbur olmaq uşaqlarda ağır
psixoloji travma yaratmaqla onların ən zəruri
hüquqlarının ən kobud formada pozulması kimi acı
reallığı ortaya çıxarmışdı. Erməni
canilərinin öz çirkin niyyətlərini məqsədli
şəkildə nə ahıla, nə də uşağa
ayrı-seçkilik qoymadan həyata keçirmələri
onların iç üzünü bir daha bütün
çılpaqlığı ilə nümayiş etdirdi. Təkcə
Azərbaycanın deyil, bütün bəşəriyyət
tarixinin ən qanlı və faciəli olaylarından olan
Xocalıda soyqırımının törədilməsi erməni
vəhşiliyinin əyani nümunəsi olmuşdur. Xocalı
faciəsi zamanı öldürülənlərdən 63 nəfəri
azyaşlı uşaq idi. O zaman 1275 nəfər əsir
götürülmüşdür ki, onların da böyük
bir hissəsi qocalar, qadınlar və uşaqlar olmuşdur. Azərbaycanlıların
fiziki cəhətdən məhv edilməsi ilə kifayətlənməyərək,
işğal olunmuş ərazilərdə sənaye,
yaşayış və sosial obyektlərin də kütləvi
şəkildə darmadağın edilməsi Azərbaycan
üçün ağır sosial, iqtisadi nəticələrə
səbəb olmuşdur. Həmin münaqişə nəticəsində
600-dən çox məktəb və uşaq
bağçası məhv edilmişdir ki, bu da çoxlu sayda
azərbaycanlı uşaqların təhsil almaq
hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.
Dağlıq Qarabağ münaqişəsinin aktiv
fazasının yekunlaşması öz torpaqlarından didərgin
düşmüş uşaqları ağır bir mənzərə
ilə üz-üzə qoydu. Öz ata yurdlarından
qovulmuş, bütün hüquqları amansızcasına
tapdalanmış Azərbaycan uşaqları bəşəri
humanist dəyərlərin necə laqeydliklə bir küncə
atılmasının, fiziki və mənəvi işgəncənin
necə qəddar bir formada həyata keçirilməsinin
şahidi oldu. Qarabağ müharibəsində atəşkəsin
elan edildiyi zaman anadan olan, qaçqın və məcburi
köçkün həyatı yaşayan uşaqlar artıq
öz gənclik dövrlərini yaşayırlar.
Münaqişənin doğurduğu çətin
sosial-iqtisadi durum, yüksək səviyyədə təhsil
almaq imkanlarının məhdudluğu və məruz
qaldıqları mənəvi terror bu gənclərin
ictimai-siyasi həyata fəal inteqrasiya edilməsinə, peşəkar
mütəxəssis kimi yetişməsinə əngəl
törədən başlıca amillərdəndir. Dövlət
tərəfindən bu çərçivədə mövcud
olan problemlərin aradan qaldırılması istiqamətində
əhəmiyyətli addımların atılması
işğal faktorunun doğurduğu acı nəticələri
obyektiv səbəblərdən tamamilə aradan qaldırmaq
imkanına malik olmasa da, qaçqın və məcburi
köçkün uşaqların həyat şəraitinin
yaxşılaşdırılması, təhsil almaq
hüquqlarının təmin edilməsinə əvəzsiz
töhfəsini verməkdədir. Təkcə bir faktı qeyd
etmək olar ki, 2001-2011-ci illər ərzində
qaçqın və məcburi köçkün
uşaqları üçün 128 məktəb və 42
uşaq bağçası tikilərək istifadəyə
verilmişdir.
Azərbaycanda
uşaqların sağlam sosial-mənəvi mühitdə
böyüyüb-yetkinləşməsi, zəruri
qayğı ilə əhatə olunması və
hüquqlarının təmin edilməsi istiqamətində
son onillikdə olduqca önəmli addımlar
atılmışdır. Xüsusilə, uşaqların
hüquqlarının qorunması məqsədilə zəruri
qanunvericilik bazasının formalaşdırılmasını
və ölkəmizin bu sahədə mövcud olan əsas beynəlxalq
hüquqi aktlara qoşulmanı qeyd etmək lazımdır.
İlk öncə, ən ali qanunvericilik aktı olan Azərbaycan
Respublikasının Konstitusiyasında uşaqların
hüquqlarının qorunmasına dair ümumi çərçivəni
müəyyən edən müddəalara nəzər salmaq
vacibdir. Belə ki, Konstitusiyanın 17-ci maddəsinə
müvafiq olaraq - uşaqların qayğısına qalmaq və
onları tərbiyə etmək valideynlərin borcudur; bu borcun
yerinə yetirilməsi dövlətin nəzarəti
altındadır; valideynləri və ya qəyyumları
olmayan, valideyn himayəsindən məhrum olan uşaqlar
dövlətin himayəsindədirlər; uşaqları
onların həyatına, sağlamlığına və ya mənəviyyatına
təhlükə törədə bilən fəaliyyətə
cəlb etmək qadağandır; uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir.
Göründüyü
kimi, uşaqların hüquqlarının qorunması və bu
hüquqların pozulmasının qarşısının
alınmasına dair ümumi müddəalar ölkənin əsas
qanunvericilik sənədində əks olunmuşdur. Bununla,
dövlətin uşaqlara münasibətdə həyata keçirdiyi
humanist siyasətin prinsipial istiqaməti və hüquqi əsası
müəyyənləşdirilmişdir.
Həmçinin,
"Uşaq hüquqları haqqında", "Yetkinlik
yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında",
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" qanunların, "Xüsusi istedada malik olan
uşaqların (gənclərin ) yaradıcılıq
potensialının inkişafı üzrə" Dövlət
Proqramının, "Ana və uşaqların
sağlamlığının qorunması üzrə Tədbirlər
Proqramı"nın, "Uşaqların təlim-tərbiyəsinin
yaxşılaşdırılması və
hüquqlarının qorunması haqqında" Dövlət
Proqramının qəbul edilməsi uşaq
hüquqlarının səmərəli şəkildə
müdafiəsi üçün normativ hüquqi bazanın
yaradılması və bu hüquqların təmin edilməsi
baxımından önəmli addımlar olmuşdur. Bununla
yanaşı, Azərbaycan Respublikasının uşaq
hüquqlarının qorunması üzrə dövlətlər
üçün öhdəliklər müəyyən edən,
uşaq əməyinin, onların hər hansı formada istismar
olunmasının qarşısının alınması məqsədilə
dövlətlər arasında əlverişli əməkdaşlıq
mühitinin formalaşdırılması üçün
müvafiq addımların atılmasını özündə
ehtiva edən Uşaq hüquqları haqqında Konvensiyaya, bu
Konvensiyanın "Uşaqların silahlı münaqişəyə
cəlb olunması" və "Uşaq alveri, uşaq
fahişəliyi və uşaq pornoqrafiyası" üzrə
fakültativ protokollarına, "Uşaqların
yaşaması, müdafiəsi və inkişafının təmin
edilməsi haqqında" Ümumdünya Bəyannaməsinə,
Beynəlxalq Əmək Təşkilatının "Uşaq
əməyinin ən pis formalarının ləğv edilməsi"
haqqında Konvensiyasına qoşulması ölkəmizin
uşaq hüquqlarının hərtərəfli şəkildə
təmin edilməsi üçün beynəlxalq hüququn
müstəqil subyekti olaraq öhdəliklər götürməyə
və bu istiqamətdə beynəlxalq arenada istənilən
formada əməkdaşlığa hazır olduğunu
nümayiş etdirir.
Uşaq
hüquqlarının həyata keçirilməsi
üçün zəruri şəraitin yaradılması və
bu çərçivədə dövlət tərəfindən
təmin edilməli olan tədbirlərin prioritet istiqamətləri
1998-ci ildə qəbul edilmiş "Uşaq hüquqları
haqqında" Qanunda əks olunmuşdur. Belə ki, qanunun
3-cü maddəsinə müvafiq olaraq, uşaqlar barəsində
dövlət siyasəti - hər bir uşağın zəruri
maddi və məişət şəraitində
böyüyüb tərbiyə olunmasının, mütərəqqi
tələblər əsasında təhsil almasının,
layiqli vətəndaş kimi formalaşmasının təmin
edilməsinə yönəldilir. Dövlət siyasəti milli
və yerli xüsusiyyətlər nəzərə alınmaqla
yaradılmış məqsədli uşaq sosial proqramları əsasında
həyata keçirilir .
Göründüyü
kimi, bu istiqamətdə həyata keçirilən dövlət
siyasətinin üç əsas hədəfi müəyyən
edilmişdir. Uşaqlar üçün zəruri maddi və məişət
şəraitinin təmin edilməsi ilə onların əqli,
fiziki, psixoloji baxımdan inkişafı və adekvat tərbiyə
edilməsi bu hədəflərdən biridir. İnsan həm də
sosial varlıq olduğu üçün onun cəmiyyətdə
tutduğu yer və gördüyü işlərin qiymətləndirilmə
meyarlarından biri də onun hansı səviyyədə təlim
və tərbiyə alması və mövcud dəyərlərə
hansı münasibət göstərməsi ilə müəyyən
edilir. Bu baxımdan, hələ erkən yaşlarından
uşaqların milli və ümumbəşəri dəyərlər,
humanizm və əxlaqi prinsiplər əsasında tərbiyəsinin
təşkilində, dövlətin və ailənin
ayrılıqda və birgə rolu xüsusi önəm kəsb
edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin
vurğuladığı kimi: "Uşaqlar bizim gələcəyimizdir,
gələcəyimizi nə cür tərbiyə edəcəyiksə,
ölkəmizin, millətimizin, dövlətimizin sabahı
bundan asılı olacaqdır" . Bu yanaşmanı özündə
əks etdirən milli humanitar siyasət əsas prinsipial məqsədləri
ilə Azərbaycan Respublikasında həyata keçirilməkdədir.
Uşaqlar
üzrə dövlət siyasətinin ikinci istiqaməti olan
mütərəqqi tələblər əsasında təhsil
alma uşaqların şəxsiyyət olaraq formalaşması,
yüksək səviyyəli tədris imkanları ilə
lazımi bilik və bacarıqları əldə etmələri
və bununla peşəkar mütəxəssislər qismində
ictimai-siyasi həyatın fəal iştirakçıları
kimi ölkənin çoxşaxəli inkişafına öz
töhfələrini verməsi baxımından vacibdir. Və
nəhayət, bu sahə üzrə dövlət siyasətinin
üçüncü istiqaməti uşaqların layiqli vətəndaş
kimi formalaşmasının təmin edilməsini nəzərdə
tutur. Hər bir şəxs həm də vətəndaş
olaraq dövlətə münasibətdə müvafiq vəzifələri
daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasında
qeyd olunan vətənə sədaqət, vətəni
müdafiə, qanuna zidd hərəkətlərin icrasına
yol verməmək, vergilər və başqa dövlət
ödənişlərini ödəmək, başqa şəxslərin
hüquq və azadlıqlarına hörmət bəsləmək
kimi vəzifələrin hər bir vətəndaş tərəfindən
vicdanla və şərtsiz şəkildə təmin edilməsi
ləyaqətli vətəndaş keyfiyyətlərini
formalaşdırır. Belə bir vətəndaşa sahib
olmaq üçün erkən yaşlardan uşaqların
dövlətə və millətə sevgi, vətənpərvərlik
ruhunda, mili əxlaqi dəyərlər əsasında tərbiyələndirilməsi,
onlara gələcəyin tamhüquqlu vətəndaşları
kimi əsas vəzifələrinin nədən ibarət
olmasının aşılanması dövlətin ictimai
dayaqlarının möhkəmlənməsi və
bütövlükdə vətəndaş cəmiyyətinin
formalaşdırılması nöqteyi-nəzərindən
çox önəmlidir.
2009-cu
ilin 9 avqustunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
fərmanı ilə əsas fəaliyyət hədəflərindən
biri kimi uşaq problemləri üzrə iş sahəsində
dövlət siyasətini və onun tənzimlənməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanının
- Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması dövlət tərəfindən bu
sferanı əhatə edən dövlət siyasətini
formalaşdırmaq, eləcə də uşaq
hüquqlarının həyata keçirilməsini təmin
etmək və pozulmasının qarşısını almaq
istiqamətində vacib hadisə oldu.
Həmçinin,
Azərbaycan Respublikasında uşaqlara dövlət
qayğısının gücləndirilməsi, uşaq
problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması və
ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin
müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli sərəncamı
ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi və
bununla əlaqədar Tədbirlər Planının təsdiq
edilməsi uşaqlara dövlət qayğısının hər
zaman diqqət mərkəzində olduğunu göstərən
faktlardan biridir. Bu çərçivədə, uşaq
hüquqlarının qorunmasına yönəlmiş tədbirlərin
daha səmərəli şəkildə və vaxtında həyata
keçirilməsi, sağlamlıq imkanları məhdud olan
uşaqların təhsili üçün tələb olunan dərslik,
metodiki-əyani vəsaitlərin, proqramların işlənməsi,
uşaq əməyinin istismarının
qarşısının alınması, milli-mənəvi dəyərlərin,
ailə dəyərlərinin qorunub saxlanılması məqsədilə
məktəblərdə maarifləndirmə işinin
aparılması və digər istiqamətlər üzrə tədbirlərin
həyata keçirilməsi məqsədilə müvafiq
dövlət qurumlarına konkret tapşırıq və vəzifələr
müəyyən edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 10 may 2012-ci il tarixli fərmanı ilə
təsdiq edilmiş, uşaq hüquqlarının
qorunmasına dövlət nəzarətinin həyata
keçirilməsini, dövlət qurumlarının bu sahə
üzrə səlahiyyət bölgüsünün müəyyənləşdirilməsini
nəzərdə tutan "Uşaq hüquqlarına nəzarətin
həyata keçirilməsinə dövlət nəzarəti
Qaydası" uşaq hüquqlarının təmin edilməsinə
əlverişli mühitin formalaşmasına xidmət etməklə,
bu hüquqların pozulmasının qarşısını
almaqda dövlət qurumlarının daha səmərəli fəaliyyət
göstərməsinə şərait yaradacaqdır. Həmçinin,
sözügedən Qaydada uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarətinin səmərəliliyi,
nəzarətin mərkəzləşdirilməsi və nəzarətedici
dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların
İşləri və Hüquqlarının Müdafiəsi
üzrə Komissiyanın əsas fəaliyyət istiqamətləri
və bu fəaliyyətin həyata keçirilməsi
yolları göstərilmişdir ki, bu da insan və vətəndaş
hüquq və azadlıqlarının təmin edilməsini ali
məqsəd kimi müəyyənləşdirmiş dövlətimizin
uşaqların hüquq və mənafelərinin
qorunmasında və onlar üçün yüksək həyat
səviyyəsinin təmin edilməsində maraqlı
olduğunu bir daha sübut edir.
Ölkəmizdə
valideyn himayəsindən məhrum olmuş, əqli və
fiziki qüsuru olan uşaqların xüsusilə diqqət mərkəzində
olması, bu həssas qrupların zəruri qayğı ilə
əhatə olunması həyata keçirilən praktiki
addımlarda özünü göstərməkdədir. Bu
addımların məqsədi həmin uşaqların
hüquqlarının qorunmasından ötrü mühüm
olan qanunvericilik bazasının
formalaşdırılmasına, onlar üçün zəruri
həyat şəraitinin, sosial müdafiəsinin təşkili,
güzəştli əsaslarla təhsil almalarına,
onların sosial uyğunlaşma və reabilitasiyası
üçün əlverişli şərait
yaradılmasına yönəlmişdir. "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında" Qanunun qəbul
olunması ilə bu qrupdan olan uşaqların sosial müdafiəsi
üzrə dövlət təminatının hüquqi əsasları
müəyyən edilmişdir. Sözügedən qanuna
müvafiq olaraq valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə
tədbirlərin əsas istiqamətləri və bu tədbirlərin
maliyyələşdirilmə mənbələri, təhsil,
tibbi xidmət, əmlak və yaşayış sahəsi
üzrə təminatların məzmunu aydın şəkildə
ifadə edilmişdir.
Dövlət
himayəsində yaşayan, valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş, eləcə də
xüsusi qayğıya ehtiyacı olan uşaqların alternativ
vasitələrlə himayəyə alınması və ailə
mühitində inkişafının təmin edilməsi
onların cəmiyyətə inteqrasiyası və
bütöv şəxsiyyət kimi formalaşmasında həlledici
rol oynayır. Bu çərçivədə, Azərbaycan
Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı"nın (2006-2015-ci illər) təsdiq
edilməsi əhəmiyyətli addım hesab edilməlidir. Sərəncamda
qeyd olunduğu kimi, həmin Dövlət Proqramının əsas
məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların ailə mühitində
sağlam inkişafı və cəmiyyətə
inteqrasiyası üçün dövlət təlim-tərbiyə
müəssisələrindən ailələrə verilməsi
və alternativ qayğının təşkili mexanizmlərinin
yaradılması və tətbiqini təmin etməkdən ibarətdir.
Dövlət Proqramının Tədbirlər Planında aidiyyəti
dövlət qurumları tərəfindən həyata
keçirilməli olan konkret tədbirlər müəyyən
edilmişdir. Bu tədbirlərin səmərəli şəkildə
icrası Proqramın məqsədlərinin həyata
keçirilməsi üçün zəruri qanunvericilik
bazasının formalaşmasına, dövlət uşaq
müəssisələrinə uşaqların düşməsi
hallarının azaldılmasına, uşaq evləri və
internat tipli təlim-tərbiyə müəssisələri
bazasında uşaqlar üçün ailə əsaslı
sosial xidmət mərkəzlərinin və alternativ xidmətlər
sisteminin yaradılmasına təkan verəcəkdir.
Valideyn
himayəsindən məhrum olmuş, həmçinin xüsusi
qayğıya ehtiyacı olan uşaqların həyat şəraitinin
yaxşılaşdırılması sahəsində Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərin
olduqca böyük əhəmiyyəti vardır. Fondun
Prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən
məhrum olmuş, kimsəsiz, məcburi köçkün və
qaçqın ailələrindən olan, sağlamlıq
imkanları məhdud olan uşaqlarla mütəmadi surətdə
keçirdiyi görüşlər, onların problemləri ilə
yerində tanış olması, onlara maddi və mənəvi
dəstəyin göstərilməsi bu uşaqların gələcəyə
daha nikbin baxmalarına şərait yaradır. Heydər Əliyev
Fondu tərəfindən həyata keçirilən "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
Azərbaycanın bütün bölgələrində tikilən
və əsaslı şəkildə təmir edilən məktəblərdə,
uşaq bağçalarında xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsil almaları
üçün də zəruri şərait
yaradılmışdır.
Güclü
dövlətə və yetkin cəmiyyətə malik
olmağın ən başlıca yollarından biri mükəmməl
təhsil sisteminin bərqərar edilməsindən ibarətdir.
Yüksək səviyyəli, peşəkar kadrların
yetişdirilməsinə nail olan, ictimai-siyasi təşəbbüskarlığın,
milli düşüncənin formalaşmasını təşviq
edən təhsil sistemi dövlətin milli maraqlarına cavab
verməklə onun bütün sahələrində
dayaqlarını möhkəmləndirir və nüfuzunu
yüksəldir. Bu baxımdan, keyfiyyət əsaslı təhsil
prinsipinin rəhbər tutulması ilə uşaqların
düzgün istiqamətdə peşəkar mütəxəssislər
kimi formalaşmasına hədəflənmiş tədrisin təşkilinin
önəmi böyükdür. Burada ölkə Prezidenti
İlham Əliyevin uşaqların təhsili ilə
bağlı fikirlərini yada salmaq yerinə düşər:
"Təhsilin keyfiyyətinin artırılması çox
vacib məsələdir. Uşaqlar bizim gələcəyimizdir.
Onlar gərək bilikli, savadlı olsunlar, yaxşı oxusunlar
ki, gələcəkdə həm özləri
üçün həyatda layiqli yer tuta bilsinlər, eyni
zamanda, ölkəmizin inkişafı üçün də fəal
çalışsınlar. Çünki ölkəmiz
çox sürətlə inkişaf edir və peşəkar
kadrların hazırlanması bu gün bizim üçün ən
başlıca məsələlərdən biridir". Azərbaycan
Respublikasının Konstitusiyasında da təsbit olunduğu
kimi dövlət tərəfindən pulsuz icbari ümumi orta təhsil
almaq hüququ təmin edilir. Bütövlükdə, təhsil
sisteminə dövlət tərəfindən nəzarət
edilir. Təhsil sisteminə nəzarətin həyata
keçirilməsində əsas məqsəd təhsilin
bütün pillələrində tədrisin yüksək səviyyədə
aparılmasını, bu sahə üzrə idarəetmə və
əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsini
təmin etməkdən ibarətdir. Bütün bu prosesin
ümdə məqsədi isə, dövlət
başçısının da qeyd etdiyi kimi, gələcəyimiz
olan uşaqların müasir dünya biliklərinə yiyələnmiş,
geniş dünyagörüşlü nəsil kimi
yetişdirilməsidir.
Xüsusilə,
unikal istedada malik olan uşaqların aşkarlanması, malik
olduqları potensial qiymətləndirilməklə onların
yaradıcılığı üçün müvafiq şəraitin
yaradılması, yüksək səviyyəli təhsil almaq
imkanlarının təmin olunması dövlətimizin
uşaqlar barəsində həyata keçirdiyi siyasətin tərkib
hissəsidir. Bu çərçivədə, Azərbaycan
Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı
ilə "Xüsusi istedada malik olan uşaqların (gənclərin
) yaradıcılıq potensialının inkişafı
üzrə Dövlət Proqramı"nın (2006-2010-cu illər)
təsdiq olunması əhəmiyyətli addım hesab
olunmalıdır. Qeyd olunan Dövlət Proqramının səmərəli
şəkildə icrasının təmin edilməsi xüsusi
istedada malik olan uşaqların potensialının vaxtında
aşkar edilməsinə, bu sahədə dövlət tərəfindən
həyata keçirilməsi zəruri olan tədbirlərin
sistemli və əlaqələndirilmiş şəkildə
aparılmasına, onların xüsusi tədris proqramları
vasitəsilə yüksək səviyyəli təhsil almasına
şərait yaratmaqla bu sahəyə dövlət
qayğısının daha da artmasına imkan
yaratmalıdır.
Uşaqların
sağlamlığının təmin edilməsi həm də
sağlam gələcəyin təmin edilməsi deməkdir.
Respublikamızda səhiyyə sistemində həyata
keçirilən islahatlar tibbi xidmətin keyfiyyətinin
yüksək səviyyəyə çatdırılmasına
xidmət etməklə, uşaqların
sağlamlığının tam təmin edilməsinə və
uşaq ölümü hallarının əhəmiyyətli
dərəcədə azalmasına səbəb
olmalıdır. Bəzi statistik rəqəmlər bu istiqamətdə
də müəyyən nailiyyətlərin əldə edildiyini
göstərir. Belə ki, əgər 1992-ci ildə ölkədə
5 yaşadək ölən uşaqların sayı 7563
olmuşdursa, 2010-cu ildə bu rəqəm 2307-yə
enmişdir və ya 1992-ci ildə hər min nəfər diri
doğulana 41,7 ölü uşaq düşürdüsə,
2010-cu ildə bu rəqəm 14,2-yə
düşmüşdür.
Kütləvi
informasiya vasitələrindən, internet resurslarından, sosial
şəbəkələrdən əhalinin bütün
yaş təbəqələri kimi uşaqlar da artıq
geniş şəkildə istifadə edirlər.
Uşaqların dünyagörüşünün
formalaşmasında, onların bərabərhüquqlu üzvlər
olaraq cəmiyyətə inteqrasiya edilməklə ictimai-siyasi
həyatın fəal subyektləri kimi buradakı dialoq və əməkdaşlıq
prosesində iştirak səviyyəsinin getdikcə
artmasında bu vasitələr də əhəmiyyətli rol
oynayır. Uşaqların kütləvi informasiya vasitələrindən
məlumat əldə etmək hüququ Azərbaycan
Respublikasının da qoşulduğu BMT-nin Uşaq
Hüquqları Konvensiyasında təsbit olunmuşdur. Belə
ki, Konvensiyanın 17-ci maddəsinə müvafiq olaraq,
iştirakçı dövlətlər kütləvi
informasiya vasitələrinin mühüm rol
oynadığını qəbul edir və təmin edirlər
ki, uşaq müxtəlif milli və ya beynəlxalq mənbələrdən
informasiya və materiallar, xüsusən uşağın
sosial, mənəvi və əxlaqi rifahına, habelə
sağlam fiziki və psixi inkişafına köməyə
yönəldilmiş informasiya və materialları ala bilsin.
Diqqət etməyə dəyər ki, Konvensiyanın ruhundan irəli
gələrək məlumat əldə etmək hüququnun və
uşaqların məlumatlılıq səviyyəsinin
artırılmasının təmin edilməsində əsas
öhdəlik daşıyan subyektlər kimi dövlətlər
göstərilmişdir. Lakin bir inkaredilməz faktı da qeyd
etmək lazımdır ki, uşaqların məlumatlandırılma
işinin düzgün aparılmasında, zəruri olan
informasiya ehtiyaclarının qarşılanmasında valideynlərin,
müəllimlərin, ictimai-siyasi həyatda aktiv iştirak edən
subyektlərin də üzərinə böyük məsuliyyət
düşür. İnformasiya-kommunikasiya texnologiyalarının
sürətlə inkişaf etdiyi dövrümüzdə
geniş məlumat mənbələrinə
çıxış imkanlarının mövcudluğu qeyd
olunan müsbət əlamətləri özündə əks
etdirməklə yanaşı, bəzi hallarda uşaqlarda mənəvi-əxlaqi
keyfiyyətlərin formalaşmasına, gələcək
pozitiv həyat istiqamətlərini motivləşdirəcək
sağlam məqsədlərin müəyyənləşdirilməsinə
maneə törədən, radikal qrupların təsir dairəsinə
düşməyə fürsət yaradan təhlükələri
də özü ilə gətirməkdədir. Bu baxımdan,
uşaqların zəruri məlumatları əldə etmək
hüquqlarını məhdudlaşdırmadan, bu kimi təhlükələrin
qarşısının alınmasına yönəlmiş
dövlət, ictimai, valideyn nəzarətinin gücləndirilməsində,
əlbəttə, fayda vardır.
Uşaqların
yetkin şəxsiyyət olaraq formalaşmasında, dövlət
və cəmiyyət üçün yararlı insanlar kimi
yetişməsində, şübhəsiz, onların ailə
mühitində böyüməsinin, öz doğmaları
arasında lazımi qayğı ilə əhatə
olunmasının təsiri böyükdür. Ailədə
qarşılıqlı anlaşma mühitinin
mövcudluğu, uşaqların problemlərinin vaxtında
aradan qaldırılması, onların özlərini ifadə
etmək üçün zəruri şəraitin
yaradılması uşaqların hərtərəfli
inkişafına stimul verən başlıca amillərdir. Təəssüflər
olsun ki, bir çox hallarda, hətta doğma ailə
mühitində belə, məişət
zorakılığı zəminində uşaqların
hüquqlarının kobud surətdə pozulması
faktları ilə rastlaşırıq. Ailədə gərginlik
mühitinin davamlı olaraq hökm sürməsi, ziddiyyətlərin
kükrəməsi və nəticədə,
boşanmaların baş verməsi ilk öncə
uşaqların psixikasına dağıdıcı təsir
göstərməklə, bəzi hallarda sonradan bərpa edilməsi
qeyri-mümkün olan psixoloji travmaların yaranmasına,
onların tale yollarının kökündən dəyişməsinə
gətirib çıxarır. Bu baxımdan, ailə
münaqişələrinin minimuma endirilməsi və məişət
zorakılığından zərər çəkmiş
uşaqların sosial qayğı ilə təmin edilməsinə
yönələn tədbirlərin görülməsi xüsusilə
vacibdir. Bu da bir faktdır ki, "ənənədir" - deyə,
xüsusilə kənd yerlərində azyaşlı
qızları onların iradəsinin ziddinə olaraq, valideynləri
tələsik evləndirməyə çalışırlar.
Övladlarına erkən yaşlarında ailə həyatı
qurmaq istəyi əksər hallarda qeyri-sağlam körpələrin
doğulmasına və erkən boşanmalara gətirib
çıxarır. Ümumiyyətlə, cəhalətin və
köhnəliyin ətaləti ilə hələ də davam edən
ailədaxili mühafizəkarlıq yetkinlik yaşına
çatmamış uşaqların həyatında onları gələcəkdə
acınacaqlı vəziyyətlərə sala biləcək,
müstəqil iradənin seçimini sarsıdacaq
çapıqlar qoya bilir ki, öz sabahını
düşünən cəmiyyət bu cür hallara
qarşı barışmaz mübarizə ruhunda köklənməlidir.
1950-ci
ilin 1 iyun tarixində BMT Baş Assambleyası tərəfindən
qeyd olunması qərara alınmış Uşaqların Beynəlxalq
Müdafiəsi Günü bütün dünyada
uşaqların qarşılaşdıqları problemlərin,
onların hüquqlarının pozulması hallarının
dünya ictimaiyyətinin diqqətinə
çatdırılması baxımından xüsusi əhəmiyyət
daşımaqla, bütün dövlətlərin və irqindən,
dinindən, milliyyətindən asılı olmayaraq, hər bir
bəşər övladının bu sahədə mövcud
olan çətinlikləri aradan qaldırmaq səylərinin
birləşdirilməsinə təkan verən bir aktdır.
Ölkəmizdə də hər il qeyd olunan Uşaqların
Beynəlxalq Müdafiəsi Günü çərçivəsində
çoxsaylı xeyriyyə tədbirləri, uşaq
hüquqlarının təmin edilməsi sahəsində
mövcud duruma həsr olunmuş konfranslar, dəyirmi masalar
keçirilməkdədir. Lakin bu heç də cəmiyyətimizin
sabahı olan uşaqların təkcə bu gündə yada
salınması anlamına gəlməməlidir. Göstərdiyimiz
bütün faktlar bir daha sübut edir ki, Azərbaycan
Respublikasında uşaqların mənəvi, psixoloji, sosial,
fiziki inkişafına yönəlmiş rasional meyar və
prinsiplərə əsaslanan, xeyirxah məqsədlərə
bağlanan dövlət siyasəti müntəzəm şəkildə
həyata keçirilməkdə və nəticədə, bu
sahədə mövcud olan problemlər ildən-ilə
azalmaqdadır. Müvafiq dövlət qurumları ilə
yanaşı, vətəndaş cəmiyyətinin,
qeyri-hökumət təşkilatlarının və hər
bir vətəndaşın belə nəcib bir fəaliyyət
yolunda öz səylərini artırması
bütövlükdə hər birimizin cəmiyyətə,
dövlətə və millətimizin gələcəyinə
verə biləcəyi ən faydalı töhfədir.
Xalq qəzeti.- 2012.- 1 iyun.- S. 7.