Avropanın istənilən
ölkəsi ilə müqayisədə Azərbaycanda insan
hüquqları daha yaxşı qorunur
Müsahibimiz Yeni Azərbaycan
Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı
Siyavuş Novruzovdur
-
Siyavuş müəllim, bugünlərdə NATO Parlament
Assambleyasının yaz sessiyası keçirildi. Azərbaycan
nümayəndə heyətinin üzvü kimi bu sessiyada
iştirak etmisiniz. İstərdik, tədbir haqqında ətraflı
məlumat verəsiniz...
- Bildiyiniz kimi, NATO PA-nn yaz sessiyası Estoniyanın paytaxtı Tallin şəhərində keçirildi. Sessiya zamanı qurumun komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələlərinə diqqət yetirilib. Çikaqo sammitindən sonra NATO-da siyasi aspektlər, müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub. İclaslarda "Ərəb baharı: Avro-atlantik təhlükəsizlik üçün gələcək təsirlər", "Şimali Afrikada inqilabların möhkəmləndirilməsi", "Əfqanıstan: 2014-cü ilə doğru və ondan sonra", "Avro böhranının mənbələri və gələcək təsirləri" və digər mövzulara həsr olunmuş məruzə layihələri dinlənilib. Yaz sessiyasında Fars körfəzində təhlükəsizlik, Rusiyada gedən proseslərin daxili və xarici siyasətə təsirləri, Aralıq dənizi hövzəsində miqrasiya məsələləri, Əfqanıstanda narkotiklə mübarizə, kiber təhlükəsizliyin tənzimlənməsi, nüvə enerjisi, dəniz quldurluğu problemi və pilotsuz hava nəqliyyatı barədə məsələlərə də baxılıb. O cümlədən, sessiyada atom enerjisi, ümimi təhlükəsizlik sistemi, NATO-ya daxil olan ölkələrin daha yeni müdafiə sisteminin yaradılması və digər məsələlər gündəmdə idi. Bu məsələlər həm komitələrdə, həm də plenar iclasda geniş müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri də müzakirə olunan məsələrlə bağlı çıxış edərək fikirlərini bildirdilər. Millət vəkillərimiz həm Ermənistanın Metsamor AES-nin region və Avropa üçün yaratdığı təhlükə, həm də İranın regionda sabitliyin pozulmasına təsiri barədə fikirlərini ifadə etdilər. Çıxışlarda qeyd olundu ki, terrorçu təşkilatlar, Hizbullah və Əl-Qaidə kimi təşkilatlar İrandan böyük dəstək alır, İran Suriyanı silahla təchiz edir. Eyni zamanda, İran rejiminin ölkədə yaşayan xalqlara qarşı fəaliyyəti kəskin şəkildə pislənildi. Hesab olundu ki, terrroru dəstəkləyən ölkə kimi İranla bağlı xüsusi addımlar atılmalıdır, qərarlar qəbul olunmalıdır. Çıxışlarda qeyd olundu ki, ən kəskin rejim İrandadır və rejim insanların hüquqlarını ciddi şəkildə pozulmasına bilavasitə xidmət edir. Biz İran-Ermənistan münasibətləri ilə bağlı məsələ qaldırdıq ki, bu gün İran nüvə silahı əldə etmək üçün Ermənistandan müəyyən ləvazimatlar alır, o cümlədən Ermənistanı narkotiklər, silahla təmin edir.
- Nümayəndə heyəti səfər çərçivəsində hansı ikitərəfli görüşlərdə iştirak etdi? Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hansısa müzakirələr keçirildimi?
- Əlbəttə ki, sessiya çərçivəsində bir sıra görüşlər keçirdik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Hər bir görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair məlumatları diqqətə çatdırdıq və bu işğalçı siyasətə son qoyulması üçün beynəlxalq birliyin səylərinin gücləndirilməsinin zəruriliyini vurğuladıq. Eyni zamanda, qurumun komitələrinin iclaslarında müxtəlif məsələlərin müzakirəsi zamanı Qarabağ problemini önə çəkdik. Həmçinin, Ermənsitanda AES-in böyük təhlükələr yaratdığını diqqətə çatdırdıq. Eləcə də, işğal olunmuş ərazilərdə narkotiklərin becərilərək Avropaya ixrac olunması, qanunsuz silahlı qüvvələrin yerləşdirilməsi və digər məsələlər haqda mövqeyimizi ortaya qoyduq.
Onu da qeyd edim ki, biz səfərdə olanda Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilirdi. Biz PA-nın iclasına qatılanda bütün nümayəndə heyətləri ayrı-ayrılıqda yaxınlaşıb Azərbaycanın belə yüksək tədbir təşkil etdiyinə görə təbrik etdilər. Onlar ölkəmizə gəlmək istədiklərini deyirdilər və biz onları məmnuniyyətlə Azərbaycana dəvət etdik. Bu, bir daha onun göstəricisi idi ki, insanlar nüfuzlu musiqi yarışması nəticəsində ölkəmiz haqqında geniş məlumatlar əldə etdilər.
- NATO-nun Çikaqo sammitinin yekun qərarında Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır və münaqişələrin həllinə dair təşkilatın mövqeyi ifadə edilir. Bu kontekstdə sammitdə qəbul olunmuş sənədi necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Ermənistan NATO-nun Çikaqo sammitində qəbul olunmuş sənəddən çox narahatdır. Hətta Ermənistan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasında da iştirak etmədi. Çünki Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi və bu barədə sənəd qəbul olundu. Doğrudur, belə sənədlər digər beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib. Amma bu sənədin NATO-nun ən ali tədbirində qəbul olunması bir tərəfdən, haqqı, ədaləti dəstəkləməkdir, digər tərəfdən isə Ermənistana böyük zərbədir. Ermənistan heç vaxt NATO-nun ali sammitlərinə qatılmayıb. Çünki bunun üçün Ermənistana icazə verməyən dövlət onun üzərində ciddi nəzarət edir. Sessiyanın əsas istiqamətlərindən biri Çikaqo sammitinin nəticələrini əhatə edirdi. Belə ki, sessiyada qurumun sədri, baş katibi, baş katibin müavini, o cümlədən, Estoniyanın prezidenti və parlamentin spikeri çıxışlarında əsas diqqəti Çikaqo sammitinə yönəltdilər.
- Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində bu müsabiqə tarixində ilk dəfə bu qədər siyasiləşdirildi, onun ətrafında çox geniş siyasi disskusiyalar aparıldı. Bu da ondan irəli gəlirdi ki, bu musiqi yarışmasından istifadə edərək müəyyən daxili və xarici qüvvələr Azərbaycana qarşı təzyiq etməyə çalışırdılar. Sizcə, həmin dairələr öz məqsədlərinə çata bildimi?
- Ölkəmizə müəyyən təzyiqlər oldu. Bütün bunlar həm "Eurovision" mahnı müsabiqəsi, həm də ölkəmizin inkişafı, uğurları ilə bağlı idi. Bir çox qüvvələr Azərbaycanı güclü dövlət kimi görmək istəmirlər. İstəyirlər ki, Azərbaycan kiçik və zəif dövlət olsun və onların istənilən şərtlərini qəbul etsin. Azərbaycanda qısa müddət ərzində böyük işlər görülüb, ciddi nailiyyətlər qazanılıb. Ölkəmizin bütün guşələrində quruculuq işləri həyata keçirilir. Nümunə üçün Naxçıvan Muxtar Respublikasında quruculuq işlərini vurğulamaq yerinə düşər. Cənab Prezident bugünlərdə Naxçıvanda səfərdə oldu və bir sıra obyektlərin açılışında iştirak etdi. Ümumiyyətlə, dövlət başçısı ildə bir neçə dəfə Naxçıvana səfər edir və bu səfərlər zamanı xeyli sayda obyektlərin açılışı olur. Blokada şəraitində olan bir bölgədə bu qədər inkişaf gedir. Təbii ki, bütün bunları Avropa da, İran da, Ermənistan da görür. Azərbaycana qarşı təzyiqlər ona görə edilir ki, ölkəmizin neft gəlirləri xalqımızın maraqlarına, əhalinin sosial rifahına sərf olunur, insan kapitalına çevrilir. Bir sıra qüvvələr isə bunu istəmir.
"Eurovision" mahnı müsabiqəsini biz
yüksək səviyədə keçirdik. Amma burada bir vacib məsələ
ortaya çıxdı. Keçmişdə satqınlar olurdu ki,
müdafiə qalasının zəif yerini düşmənə
göstərirdilər və yaxud gecə vaxtları
qapını açıb düşməni içəri
buraxırdılar. Məsələn, Dədə Qorqud
dastanında olan yalıncıqlar, Babəki düşmənə
satan səhl ibn sumbatlar kimi xarakteri olan
insanların hamısı bu ərəfədə üzə
çıxdı. Bu prosesin gözəl nəticələrindən
biri də odur ki, xalqımız bu tipli adamların kim olduğunu gördü. Bu
adamlar Azərbaycan siyasətində özlərini tamamilə
biabır etdilər. Əgər onların
arasında əsil ziyalı var idisə, müxalifətə
müraciət etməli idi ki, "Eurovision" ərəfəsində
bu prosesləri dayandırmalıyıq. Azərbaycan
xalqı da onların ziyalı olduğunu qəbul edib
alqışlayardı. Amma əksinə, bu
ərəfədə ilana ağı verən kərtənkələlər
üzə çıxaraq bütün imkanlarını ortaya
qoydular ki, ölkəmizin nüfuzuna zərbə vursunlar.
Yəni belə bir şəraitdə biz
"Eurovision"u yüksək səviyyədə
keçirdik.
Əsas odur ki, xalqımız bu prosesə böyük dəstək
verdi və mahnı müsabiqəsi
yüksək səviyyədə baş tutdu. Yəni
bizim üçün hansısa dövlətin yox,
xalqımızın dəstəyi əsasdır. Bu gün Azərbaycan xalqı çox böyük fəxarət
hissi keçirir ki, belə möhtəşəm tədbir
baş tutdu. Xüsusilə müsabiqənin
gedişi zamanı Azərbaycan haqqında, Qarabağ,
Naxçıvan və digər bölgələr haqqında təqdimatlar
oldu və bu, çox önəmli idi. Ölkəmiz
haqqında on illiklər boyu aparılacaq tədbliğat məhz
bir tədbir çərçivəsində reallaşdı.
Dünyanın 50-dək ölkəsində
birbaşa yayımla insanlar televiziyalarda, meydanlarda bu müsabiqəni,
eləcə də Azərbaycanın təbliğatını
izlədilər. Bu təbliğatı istəməyənlər
hansı qüvvələrdir? Təbii ki, Ermənistan,
İran, müəyyən xarici qüvvələr və Azərbaycanda
onların quyruğu olan "beşinci kalon", yəni
yalıncıqlar, səhl ibn sumbatlar.
- Bayaq
qeyd etdiyimiz proseslərin bu gün də davam etdiyini
müşahidə edirik. Avropa Parlamentinin
mayın 24-də qəbul etdiyi qərəzli qətnaməni də
bu kontekstdə dəyərləndirə bilərikmi?
- Azərbaycan
xalqı demokratik dövlət quranda çoxlarının
dövləti yox idi. İndi onlar bizə
demokratiya dərsi keçməyə
çalışırlar. Avropanın bəzi
deputatları xəritədə ölkəmizin harda yerləşdiyini
bilmir, sadəcə olaraq müəyyən maraqlara görə
belə bir sənəd qəbul ediblər. Bu qətnamə tamamilə
biabırçılıqdır. Sənəd
mahiyyət etibarilə bizim üçün heç bir əhəmiyyət
daşımır. Sanki elə təsəvvür
yaratmağa çalışırlar ki, guya bu xalqı Azərbaycan
dövlətindən çox istəyirlər. Qətnamədə belə bir müddəa var ki,
guya Azərbaycanda abadlıq-quruculuq işləri zamanı bəzi
insanların hüquqları pozulur. Sual
olunur ki, siz bunu hardan bilirsiniz? Bir qəzetin
qeyri-obyektiv yazısı əsasında belə qərar qəbul
edilirsə, bu nə təşkilatdır? Sizin ürəyiniz
Azərbaycan hökumətindən çox yanır
insanların vəziyyətinə? Əgər elədirsə,
torpaqlarımızın Ermənistan tərəfindən
işğalı nəticəsində bir milyon insan
qaçqın-köçkün vəziyyətinə düşüb,
onların evləri, bütün əmlakları
dağıdılıb, xalqımızın tarixi-mədəni
abidələri məhv edilib, məzarlıqlar
dağıdılıb, müharibə qanunlarına zidd olaraq əsir
düşmüş dinc insanlara olmazın işgəncələri
verilib. Bəs bunlar sizi niyə narahat etmir?
Eyni zamanda, jurnalistlərlə bağlı
müddəalar tamamilə yanlışdır. Hansısa jurnalistin şəxsi həyatı ilə
bağlı videogörüntülərin internetdə
yayılmasını hökumətin üstünə atmaq nə
qədər düzgündür? Bunu yəqin
həmin təşkilatlar edib ki, gələcəkdə həmin
jurnalistə hansısa status alsın. Mən
qətiyyən insanların şəxsi həyatına
qarışmağın tərəfdarı deyiləm. 20 ildir ki, siyasətlə məşğul olan şəxs
kimi həmişə bu mövqeyimdə qalıram. İndiyə qədər opponentlərimizin siyasi fəaliyyəti
ilə bağlı mövqeyimi bildirmişəm. Kimsə şəxsi həyatında nə ilə məşğul
olubsa və bunu ictimailəşdirərək dövlətin
boynuna yıxıb sonradan Avropadan hansısa qərar almaq və
sığınacaq almaq istəyirsə, bunun Azərbaycan
hökumətinə heç bir aidiyyatı yoxdur. Sual olunur ki, niyə bir şəhid anası,
qaçqın və ya milli qəhrəman anası haqqında
bir söz deyilmir? Amma kiminsə şəxsi həyatı
il bağlı məsələ Avropa
Parlamentinin qətnaməsinə düşür. Avropa Parlamentinin nə marağı var burada? Çünki özləri belə işləri təşkil
edir. Azərbaycan dövləti tərəfindən
internetdə belə məsələlərin qoyulması
qadağan olunub. Amma Avropa tərəfindən
bu hadisə internetə ötürüldü və
yayıldı. Bunu nəyə əsasən
deyirsən ki, hökumət edib. Belə
qeyri-ciddi yanaşma tərzi olmamalıdır. Nə üçün bir müəllim, həkim
haqqında Avropa Məhkəməsi qərar qəbul etməyib.
O adamlar haqqında qərar verilib ki, erməni dəyirmanına
su tökür, erməni lobbisinə xidmət edir və Azərbaycanın
əleyhinə işləyir. Belə adamlar
Avropa Məhkəməsinin sevimlilərinə çevriliblər.
Bütün bunları Azərbaycanda hamı
bilir. Cəmiyyətin özünün dəyərləri
var və ağı qaradan çox yaxşı seçir.
- Sənəddə
əksini tapan demək olar ki, bütün məsələlər
qərəzli və obyektivlikdən uzaqdır. O cümlədən,
guya ölkəmizdə sərbəst toplaşmaq hüququnun
pozulduğu və söz azadlığının
olmadığı şəklində ifadələr əslində,
bu sənədin nə qədər lobyektiv" olduğunu
göstərmirmi?
- Azərbaycanda
kütləvi aksiyalar keçirmək üçün müəyyən
yerlər ayrılıb. Bəs nə
üçün həmin yerlərdə aksiyalar
keçirilmir? Məgər Almaniyada, Böyük
Britaniyada, Fransada və başqa ölkələrdə kim harda istəsə nümayiş, mitinq
keçirə bilər? Qəti şəkildə
yox.
Amma biz heç nədən narahat deyilik. Biz
görürük ki, Avropanın özündə də
qanunsuz mitinqlərin qarşısını necə alırlar.
Almaniyada, İngiltərədə və digər
ölkələrdə belə aksiyaları atlarla, itlərlə,
su şırnaqları ilə, gözyaşardıcı qazla
dağıdırlar. Azərbaycanda isə
qanunsuz mitinq iştirakçıları zorla özlərini
polislərə sürtürdülər ki, fiziki güc tətbiq
edilsin. Polis də insandır axı, onun da
psixoloji durumu var. Amma bizim polislər çox sağ olsunlar ki,
təmkinli olaraq heç kimə xətər toxundurmadan
qanunsuz aksiyaların qarşısını alır. "Azadlıq" radiosunun saytında da
açıq görünür ki, bəzi aksiya
iştirakçıları zorla özünü yerə
yıxır. Keçən il
Böyük Britaniyada bir hadisə baş vermişdi və bir
nəfər öldürülmüşdü. Bununla
bağlı mitinqllər keçirilirdi. O zaman həmin
dövlətin baş naziri çıxış edərək
dedi ki, demokratiyanı məhdudlaşdırmaq və təhlkəsizliyi
təmin etmək lazımdır. Maraqlıdır
ki, onlar özlərinə rəva görmədiyini niyə bizə
məsləhət bilirlər? Bütün
bunlar göstərir ki, Azərbaycana müəyyən xarici
dairələr qərəzli yanışırlar. Bu qətnamənin qəbul olunması ölkəmizin
inkişafına, ictimai-siyasi sabitliyə
dözümsüzlük göstərən dövlətlərin
mövqeyidir. - Söz azadlığına gəlincə,
ölkəmizdə belə bir probblem yoxdur. Bütün
KİV-lər, o cümlədən müxalifət qəzetləri
istədiklərini yazırlar. Avropa parlamentariləri
nümunə kimi yaxşı olar ki, "Azadlıq" və
"Yeni Müsavat" qəzetlərinə baxsınlar.
Bu qəzetlərdə hakimiyyət nəinki tənqid
olunur, hətta təhqir, böhtan baş alıb gedir. Həmin təşkilat "Azadlıq" qəzetinin
bir aylıq nəşrlərinin monitorinqini aparıb
görsün ki, hakimiyyət haqqında nə qədər
şər-böhtan yazır, amma buna qarşı
dözümlülük nümayiş etdirilir. Əgər söz, mətbuat azadlığı
olmasaydı, bu yazılar yazıla bilərdimi?
- Məlum
olduğu kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində
vacib rol oynayır. Belə olan halda, Avropa
Parlamentinin belə sənəd qəbul etməsini necə
başa düşmək olar? Bəzi millət vəkilləri
bu sahədə Avropa dövlətləri ilə əməkdaşlığa
yenidən baxmağı təklif edirlər...
- Avropada
maraqlı qruplar var ki, müxtəlif məqsədlərinə
çatmaq istəyirlər. Məsələn, bir qrup " NABUCCO" layihəsinin əleyhinədir,
digər qrup isə lehinədiir. Onların hərəsinin
şəxsi maraqları var. Azərbaycan xalqının
maraqlarını düşünmürlər ki?! Əgər düşünsəydilər, Qarabağ
məsələsi ilə bağlı qəti mövqe ortaya
qoyardılar. Amma əksinə
Qarabağdakı separatçı rejimə milyonlara dollar
maliyyə yardımı edirlər. Yəni
bu qüvvələr erməni lobbisinin təsirində
olanlardır. Təsəvvür edin,
"Eurovision" mahnı müsabiqəsinin başa
çatmasına bir neçə gün qalmış Avropa
Parlamenti belə bir qətnamə qəbul etdi. Bu qərarı verənlər
düşünürdü ki, ya onların agentlərini, həmin
yalıncıqları azadlığa buraxdıraq, ya da tədbirin
keçiriməsinə mane olaq. Amma Azərbaycan
sübut etdi ki, hər kəs kimliyindən asılı
olmayaraq qanun qarşısında bərabərdir və qanunu
pozanlar cəzalandırılmalıdır. Bunun başqa variantı yoxdur. Avropanın bəzi
dövlətləri beynəlxalq tədbirləri keçirməkdən
imtina etdiyi halda, Azərbaycan bir çox beynəlxalq səviyyəli
tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bunu isə kimlərinsə
gözü götürmür.
Azərbaycan yeganə tolerant ölkədir ki, burada
bütün dinlərə bərabər yanaşılır. Almaniyadan fərqli
olaraq bizdə imkan verilmir ki, məscidlər
yandırılsın. Ölkəmizdə
irqi ayrıseçkiliyə yol verilmir, dini
dözümsüzlük yoxdur. Mən
parlamentdə səslənən həmin təkliflərin tərəfdarı
deyiləm. Ölkəmiz bütün beynəlxalq
təşkilatlarda təmsil olunur və öz
sözünü deyir. Biz bütün
müstəvilərdə öz sözümüzü deyirik və
mövqeyimizi müdafiə edirik. Bununla da,
haqlı olduğumuzu sübut edirik. Əgər
onların faktları varsa, fikirlərini əsaslandırsınlar.
İstənilən Avropa ölkəsi ilə
müqayisədə Azərbaycanda insan hüquqları daha
yaxşı qorunur, sərbəst toplaşmaq, söz
azadlığı daha yüksəkdir.
-
Siyavuş müəllim, sizcə, bu proseslərdə
İranla Avropadakı dairələrin eyni mövqedən
çıxış etməsi hansı amillərlə
bağlıdır?
- Burada İranın Ermənistanla əlaqələri, erməni lobbisinin təsiri öz rolunu oynayır. İran vətəndaşları Azərbaycana gəlir və ölkəmizin inkişafını, yaşayış tərzini görür. Həmin vətəndaşlar sual edir ki, İranın nefti də, qazı da Azərbaycandan çox olduğu halda, nə üçün yaşayış səviyyəsi xeyli dərəcədə bu ölkədən aşağıdır? Bu gün İranda insan hüquqları ciddi şəkildə pozulur. Bu baxımdan, Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır. İran vətəndaşları sərhədi bu tərəfə keçəndə yerlə göy qədər fərq görür və elə təsəvvür edirlər ki, cənnətə düşüblər. Bu insanlar da öz dövlətindən yaxşı yaşamasını tələb edir və təbii ki, bu da rejimi qıcıqlandırır. Digər məsələ ondan ibarətdir ki, İranın güclü dövlətlərə gücü çatmır. Məsələn, ABŞ-a, İsrailə, Avropanın inkişaf etmiş dövlətlərinə güc gələ bilmir. Ona görə də, müəyyən fikirlərini Azərbaycana qarşı hərəkətləri vasitəsilə onlara çatdırmağa çalışır. Baxmayaraq ki, Azərbaycan İrana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Ölkə Prezidenti bəyan edib ki, Azərbaycan ərazisindən İrana hərbi müdaxilə edilməsinə imkan verilməyəcək. Amma bunun müqabilində İranın hərəkətləri çox ədalətsizdir, nə Allaha, nə dinə, nə imana uyğun olan hərəkətlərdir.
İran problemlərin qarşısını almaq, Azərbaycan kimi qonşusu ilə yaxşı münasibətlər yaratmaq əvəzinə, hadisələrdən nəticə çıxarmaq əvəzinə özü üçün çətinlikləri daha da dərinləşdirir. Oradakı ağıllı adamlar bu yanaşma tərzinin dəyişməsinə çalışmalıdırlar.
Xalq qəzeti.- 2012.- 1 iyun.- S. 6.